• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Əfsanəvi bakılının gözü qarşısında prezidentin başını kəsdilər – VİDEO

  • İdman
  • 27 Sentyabr 2014 14:40
  • 3 079 Baxış
Əfsanəvi bakılının gözü qarşısında prezidentin başını kəsdilər – VİDEO

O, Azərbaycan futbolunun ən parlaq nümayəndəsidir.

Bu iddiada heç bir mübaliğə yoxdur. Hətta onun oyununu görməyənlər də bu yöndə mübahisə etməyi yersiz sayırlar. Ona münasibət birmənalıdır: “O, fenomen olub. O, Azərbaycanı heç nəyə - pula, şöhrətə dəyişmədi. Onun kimisi 100 ildə bir dəfə doğulur”.

Publika.az “II taym” layihəsində bu dəfə Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevski haqqında məlumat verəcək.

Anatoli Banişevski - bu ad nəinki Azərbaycanda, həm də dünyanın bir çox yerlərində hörmətlə çəkilir. Milyonlarla həmvətənimə 60-70-ci illərdə qürur, bol sevinc, zövq, ləzzət, xoş həyəcan bağışlamış bu insan hər kəsin kumiri olub. Banişevski kimi dahi futbolçular yüz ildən, min ildən bir doğulur. Anatoli Banişevski SSRİ səviyyəsində ad qoya bildi. Yeganə bakılıdır ki, SSRİ millisinin aparıcı futbolçusuna çevrilib, dünya və Avropa çempionatlarının final mərhələlərində iştirak edib.

Azərbaycana əsla xəyanət etmədi

Anatoli Banişevski 1946-cı il fevralın 23-də Bakıda anadan olub. Bakıda doğulan, ömrü boyu Azərbaycana, böyüyüb boya-başa çatdığı doğma Bakıya sədaqətli olan bu əfsanəvi finsanın futbolumuz üçün etdikləri illər keçsə də, unudulmur. O, peşəkar karyerası ərzində – 1963-cü ildən 1978-ci ilədək yalnız “Neftçi" klubunda çıxış edib.

Əvvəlcə “Neftçi”nin əvəzedici heyətdə oynayırdı. Vaxt keçdikcə əsas heyətin üzvü oldu və onu SSRİ yığma komandasının heyətinə dəvət etdilər.

Bakılı futbolçu tezliklə məşqçilərin ümidlərini doğruldub və yığmada keçirdiyi 3-cü oyunda het-trikə imza atıb.

“Onun qiyməti yoxdur…”

O, Azərbaycanın Pelesi idi. 1965-ci ildə Moskvada keçirilən SSRİ – Braziliya oyununda Banişevski oyunun qurtarmasına 15 dəqiqə qalmış Valentin İvanovu əvəz edib. Bu, onun yığmada ilk debütü olub. O vaxt 19 yaşı vardı. Bir neçə ay sonra SSRİ yığma komandasının tərkibində Braziliyaya cavab görüşünə gedib. Orda ilk qolu o vaxt bütün dünyanın tanıdığı Jilmarın qapısına Banişevski vurub. Bu qol çox böyük əks-səda doğurub.

1966-cı ildə SSRİ yığmasının heyətində İngiltərədə keçirilən dünya çempionatında bürünc medal qazandı. Elə həmin il “Neftçi” ilə də SSRİ çempionatının bürünc medalına sahib çıxdı.

1968 - 1972-ci illərdə təşkil olunan Avropa çempionatlarına da qatılan həmyerlimiz 1972-ci il çempionatında gümüş mükafata layiq görülüb. Ümumiyyətlə, Banişevski SSRİ çempionatının güclülər dəstəsində 212 matçda (81 qol), birinci liqada isə 76 qarşılaşmada (40 qol) forma geyinib. SSRİ yığmasının heyətində 50 oyun keçirmiş hücumçu 19 dəfə fərqlənib.

Emosianal, ər və qayğıkeş adam

İnna Qalitina ilə ailə qurub. O zaman İnna xanım 9-cü sinifdə oxuyurmuş. Onların idman dərsi zamanı təsadüfən bütün Azərbaycanın fəxri də orada olub. Bu zaman gözəl İnna Tolikin diqqətini çəkib. İnna xanımın Banişevski ilə bağlı xatirələrindən:

“Bizim kəbinimiz sanki Allahın bir qisməti idi. Bəlkə də kənardan baxanda bu, təəccüblü görünə bilər, amma mən bunu həyatımda yaşadım. İndiki kimi yadımdadır, 1965-ci il idi, 9-cu sinifdə oxuyurdum. İdmana marağım vardı. Bir gün Banişevski məktəbimizə bədən tərbiyəsi dərsinə gəldi. Sarışın, kürən oğlan idi. O zaman onun familiyası hər yerdə məşhur idi.

Gördüm ki, mənə çox diqqətlə baxır. Halbuki orada məndən də gözəl qızlar vardı. Amma o, təkcə mənə baxır, dostuna da deyirmiş ki, bu qız mənim həyat yoldaşım olacaq. Sonradan bunu eşitdim. Münasibətlərimiz getdikcə ciddiləşməyə başladı.

Artıq bir ildən sonra evimizə gəlib-gedirdi. O, ürəyimə çox yatırdı. O illər dünya çempionatı dövrü idi. Dediyim kimi, onun familiyası dillər əzbəri idi. Atam keçmiş idmançı olduğundan Banişevskiyə çox böyük hörməti vardı, onunla maraqlanırdı.

Həm də, bacımla Banişevskinin bacısı bir-birlərini tanıyırdı. O zaman Tolik tək yaşayırdı. Çünki bacı-qardaşını itirmişdi. Özü də Anatoli çox emosional adam idi. Əvvəl hərəkət edir, sonra fikirləşirdi. Ona görə də birdən elçi göndərmək qərarına gəlir. Və beləliklə 1966-cı ildə evləndik.

O vaxt mənim 17, onun isə 20 yaşı vardı. Biz bir-birimizi sevirdik. Yaşım kəbinə çatmırdı. Bu da bir az problem yaradırdı. Anatoli o zaman bununla bağlı nazirliyə müraciət etdi. Və məsələ həll olundu. Dekabra qədər kəbin kəsdirmək lazım idi. Bu onun idman fəaliyyəti ilə bağlı idi. Mənim isə 18 yaşım hələ yazda tamam olacaqdı. Buna baxmayaraq biz evləndik.

Həmişə onu özümə arxa, dayaq bilmişəm, onunla özümü güvənli hesab etmişəm. Hər ikimiz köklü bakılıyıq. Neçə dəfə Moskvada yaşamaq təklifləri olsa da, mən də, Tolik də hər zaman buranı-Bakını üstün tutmuşuq”.

İnna xanım deyir ki, Banişevski həmişə oğlunun olmasını da istəyib. Ancaq onların 2 qız övladı olub:

“Böyük qızımız ailə qurmuşdu. Onda biz Afrikada idik, Anatolini ora məşqçi kimi dəvət etmişdilər. Bizə teleqram gəldi ki, qız nəvəmiz olub. Sevincimdən ağladım. O isə mənə baxıb dedi: “Nəyə sevinirsən? Növbəti qız gəldi…”. Amma belə deməsinə baxmayaraq, nəvəsini çox istəyirdi. Nəvə həyatımıza bir gözəllik gətirdi. Banişevski hirslənəndə uşaq deyirdi: “Nu, Tolik!”. O da deyərdi: “Yaxşı, yaxşı, susdum””.

SSRİ onu günahlandırdı

1972-ci ildə Almaniyada keçirilən Avropa birinciliyində SSRİ yığması ikinci yerə çıxdı. Finalda SSRİ AFR-a məğlub oldu – 0:3. Təbii ki, SSRİ-nin almanlara məğlub olması bağışlanılmaz idi və buna görə kimlərsə cəzalanmalıydı. Moskvaya qayıdandan sonra Banişevskini və bir neçə futbolçunu cəzalandırdılar. Onları bütün fəxri adlardan məhrum etdilər. Bu hadisə ona çox pis təsir etdi. Bundan sonra o, futboldan küsür.

Möhtəşəm qayıdış – 100-cü qol

Bir müddət meydandan uzaq qalan futbolçu bir il sonra yenidən futbola qayıdır. 1978-ci ildə “Dnepr”ə qarşı oyunda (4:2) Anatoli Banişevski SSRİ çempionatında 99-cu və 100-cü qolunu vurur və “Qriqori Fedotov klubu”nun üzvü olur.

Məşqçilik karyerası

A.Banişevski 1981-ci ildə məşqçi fəaliyyətinə başlayıb. Onun ilk klubu “Neftçi” olub. Keçmiş komandasında iki mövsüm çalışmış Banişevski 1983-cü ildə “Neftçi”dən ayrılmaq qərarına gəlib.

Moskvada Ali Məşqçilər məktəbini də bitirmişdi və maddi vəziyyətini nizama salmaq üçün çox arzulayırdı ki, bir – iki il xaricdə işləməyə getsin. Nəhayət 1987 – ci ilin mayında istəyinə nail oldu. Xanımı İnna ilə Afrikaya –Burkina – Fasoya yola düşürlər. O, Burkina-Fasonun gənclərdən ibarət yığmasına rəhbərlik edib. Qısa zamanda dillərini bilməyə-bilməyə oyunçularla dil tapmışdı, yaxşı komanda formalaşdıra bilmişdi. Gedəndə azı 2 -3 il işləmək barədə düşünürdü. Ancaq ölkədə baş verən siyasi proseslər üzündən Afrikanı erkən tərk etməli olub. Onun gözünün qabağında ölkə prezidentinin başını kəsiblər. Bu hadisə onun sağlamlığına ciddi təsir edib. Banişevski ağır xəstəliyə məhz "Qara qitə”də tutulub.

****

Banişevski mədəaltı vəz xəstəliyindən əziyyət çəkib. Sonra isə şəkər xəstəliyinə də mübtəla olub. Təəssüf ki, özü idmançı olsa da, səhhətində ciddi problemləri olub. Xəstəliyi 1979-cu ildə başlamışdı, 1988-ci ildə daha da kəskinləşib. İnna xanımın dediyinə görə iynədən dəhşətli dərəcədə qorxurmuş.

51 yaşında o, 70-i haqlamış taqətsiz qocaya bənzəyirdi. Şəkər dişlərini tökmüşdü.

9 nömrə ayın 9-da da rəhmətə getdi

Azərbaycan dövləti onu “Şərəf” ordeni ilə təltif etmişdi. Fərman elan edilmişdi. Amma ordenlər hazır deyildi.

Ələkbər Məmmədovun mətbuata dediyinə görə, o təqdimat mərasimini səbirsizliklə gözləyirdi: “Tez-tez soruşurdu ki, Amiriç, nə oldu, xəbər yoxdu hələ ordenimizdən? Yəqin ordenin üstündə konfert-filan da verəcəklər”.

Əfsanəvi futbolçu uzun sürən xəstəlikdən sonra 1997-ci ilin dekabrında vəfat edib.

Banişevskinin ordenini qızına təqdim etdilər. Orden hazır olanda artıq onun sahibi həyatda yox idi.

Uzun illər Bakının “Neftçi” komandasının şərəfini qorumuş Yaşar Babayevin dediyinə görə, Azərbaycanın əfsanəsi onun əllərində keçinib:

“Səhərəcən çarpayısının başında oldum. Dekabrın 8-i gecəsi idi. Ürəyimdə Allaha yalvarırdım ki, ilahi, onsuz da gedir, barı macal ver, bir neçə saat artıq yaşasın, ayın 9-na çatsın. Həmişə 9 nömrə olmuşdu, Allahdan arzulayırdım ki, heç olmazsa ölümü də ayın 9-na düşsün. Dekabrın 9-da səhər çağı ürəyi dayandı”.

Xəyanət, yoxsa son ümid yeri?

İddialara görə, ömrünün son günlərində əfsanənin yanında azərbaycanlı xanım olub. Həmin xanımın adı Səidə idi. O Banişevskinin qız fanatlarından idi.

Ancaq İnna bununla bağlı tamam fərqli danışıb:

“Banişevskiyə yalnız içki lazım olanda onun yanına gedərdi. Mən Toliki atmamışam. 30 il bir yerdə olmuşuq. Dediyim kimi, şəkər xəstəliyi ona çox əziyyət verirdi. Axır vaxtlar çox ağırlaşmışdı. Hətta komaya da düşdüyü vaxtlar olurdu. Artıq mənə həyat yoldaşından çox, ağrılarını sakitləşdirən tibb bacısı kimi baxırdı.

Son vaxtlar ancaq təqaüd alırdı. Ailənin ehtiyaclarını ödəmək çətinləşmişdi. Şəkər xəstəsi olduğu üçün tez-tez yemək istəyirdi… Ancaq mən ona içməyə imkan vermirdim. Dostlarından xahiş edirdim ki, ona içki verməsinlər. Düzdür, son dəqiqələrində mən onun yanında olmamışam. Amma qızları yanında olub.

Səidə də ona baxmırdı. Tolikin yenə də mənim qayğıma ehtiyacı vardı. Məndən ayrıla bilmirdi. Həmişə zəng edirdi, mənə ümid yeri kimi baxırdı. Ölümündən bir ay əvvəl bizimlə əlaqəsi kəsildi. Ondan zəng gəlmədi. Sonradan eşitdik ki, o qadın telefonu onun yanından götürüb o biri otağa aparıb ki, zəng edə bilməsin.

Dostları dedilər ki, onun vəziyyəti çox ağırdır. Uşaqları bunu eşidəndə dayana bilmədilər, getdilər atalarını görməyə. Tez-tez gedirdilər yanına, qayğısına qalırdılar”.

İnna xanımın dediklərinə görə, heç boşanmağı da özü istəmirmiş:

“Məhkəmədə hakim özü dedi ki, Anatoli Andreyeviç, mənim ixtiyarım var ki, 30 illik ailənin boşanmasına imkan verməyim. Bilirsiniz, həmişə özgə ailələrə, başqalarına yaxşılıq edən adam onda da başqa bir ailəyə aid idi və onun diktəsi ilə hərəkət etməyə məcbur idi”.

Son dəqiqlərində Banişevskinin yanında olan Yaşar Babayev də onun ailə probləri haqqında fikirlərini bildirib:

“ İkinci həyat yoldaşı Səidənin yanına gedəndə 5-10 dənə butulka götürərdi. İnna heç vaxt onu atmamışdı. Sadəcə, istəyirdi ki, Banişevski əvvəlki vəziyyətinə qayıtsın. Səidə onun qarşısını saxlamırdı, nə qədər lazım idi, ona içki verirdi. Tolik ölüm ayağında komada olanda mən 2 gün onun yanında oldum. Komadan ayılan kimi Səidə onu maşına oturdub, ZAQS-a apardı. Yəni rəsmi kəbin olsun ki, onun familiyasını daşısın. Onun üzündən Banişevski kimi məşhur biri adam neçə illik ailəsini itirdi”

Hər iki qızı-Milena və Marina azərbaycanlı oğlanla ailə qurub. Nəvəsinin birinin adı Əlidir. Futbolçudur.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR