Kasıb ailədə doğuldu, dünyanı fəth etdi - İslam qanunlarına tabe olan adam
Bizi izləyin

İdman

Kasıb ailədə doğuldu, dünyanı fəth etdi - İslam qanunlarına tabe olan adam

O, Fransa futbolunun əfsanəsi olub. Həyatını futbola bağlayıb. İslamı qəbul edərək hər kəsi islama dəvət edən insandır.

Publika.az II taym layihəsi çərçivəsində Tyerri Anri haqqında məlumat verəcək.

“Titi” ləqəbi ilə tanınan qəhrəmanımız qol vurduqdan sonra sol qolunu öpür. Bunun da səbəbi qızının körpəlik şəklini sol qolunun iç tərəfinə tatu etdirib.

188 sm boya, 83 kq çəkiyə malik Anri klub karyerası ərzində 440 oyuna çıxıb. Cəmi 225 qol vurub. Yığmada isə oyun sayı 110-dur. Yığmadakı qol sayı ilə Fransa tarixində rekord qırıb. Belə ki, o, millidə 50 qola imza atıb.

Çətin uşaqlıq - Valideynlər boşanır

Tyerri Daniel Anri 17 avqust 1977-ci ildə Fransanın Les Ulir şəhərində anadan olub. O, Parisdə çox kasıb ailədə doğulub. Atası Antuan, anası Marizdir.

Anrinin uşaqlığı çox çətin şəraitdə keçib. Amma onun valideynləri övladlarının gələcəyi üçün əllərindən gələni ediblər.

Ailəsinə qatqısı olsun deyə Anrinin qardaşı Villi Paris metrosunda sürücü işinə düzəlib. Amma valideynləri Tyerrinin gələcəyini planlaya bilmirlər - anası onun ali təhsil almasını, atası isə onun idmançı olmasını istəyir. Tyerri bir az böyüdükdən sonra isə ata-anası boşanıb. Bundan sonra Titi anasıyla Orsey şəhərinə köçüb və orada kollecə yazılıb.

Tyerri nə qədər anasının xətrinə oxumağa çalışsa da, futbol onu “yoldan çıxarır”.

6 qol və diqqət çəkən yeniyetmə

Beləliklə, Fransada istedadlı bir uşağın futbol həyatı başlayıb. Atası Antuan Tyerrini doğma şəhərinin futbol komandasına yazdırıb. O, karyerasına yarımmüdafiənin sol cinahında başlayıb. Amma sonradan bombardirlik istedadı üzə çıxıb. Bundan sonra ata oğlu üçün daha güclü məktəb axtarmağa başlayıb. Nəticədə onlar "Viri-Şatilyon"a (1990-1992) gəlib. Atasının hədsiz qayğısı bəzən “Titi”nin oyununa pis təsir edirdi. Amma Anri hər dəfə "atam olmasa, indiki Tyerri ola bilməzdim" deyir.

Tyerri çox həssas uşaq olub. Belə ki, uşaqlıqda onu futboldan çox, oyundan sonra atasının üzündə gördüyü xoş təbəssüm sevindirirdi. Atası da oğlunun üzərində son dərəcə tələbkar idi. Antuan oğlunu sonadək mübarizə aparmağa və maksimuma nail olmağa məcbur edirdi.

Atasının basqısı, Tyerrinin də mübarizliyi onun yolunda yaşıl işıqlar yandırırdı. Bundan az müddət sonra yeniyetmə Anri "Monako"nun diqqətini çəkməyə başladı. "Viri-Şatilyon"un “Monako”ya 6-0 qalib gəldiyi oyunda qolların hamısını Anri vurdu. Bu da onların diqqətini çəkdi. Bundan sonra “Titi” Fransa Futbol Akademiyasına qoşuldu. O, burada da texnikası, sürəti və qollarıyla seçilirdi. Halbuki onunla bərabər akademiyada Anelka, Qallas, Trezege, Saha kimi gələcəyin ulduzları çıxış edirdi.

Parlaq gələcəyə sahib Tyerri

Tyerri özünə kumir də seçmişdi. Belə ki, onda holland Van Bastenə simpatiya var idi. Anri iki il akademiyada oynayarkən çox qollar vurdu. Amma o, həmin illərdə Nikolya Anelkanın kölgəsində qalırdı.

1993-cü ildə Arsen Venger onu “Monako”ya gətirdi. İlk mövsümü gənclər komandasında keçirən Anri 1994-cü ildə 17 yaşında əsas komandada debüt etdi.

İlk iki mövsümdə az oynadı. Ancaq hamının etimadını qazandı. Çünki hər kəs onun parlaq gələcəyini görürdü.

Məhz həmin illərdə nəhəng klublar Anri uğrunda mübarizəyə başlayır. O, “Real”ın gözlənilməz təklifini qəbul edir. Amma lisenziyasız agentlə işləyən Anri tezliklə “Monako”ya dönməli olur və həm Madrid klubu, həm də özü təzminat ödəyir. Burada isə Anri Trezeqe ilə Fransa çempionluğunu yaşayır. Mövsümün sonunda Anri Fransa gənclər yığmasıyla Malayziyada keçirilən dünya çempionatına yollanır. Səfər uğursuz olsa da, bundan sonra “Titi” əsas yığmaya çağırılır (1997-ci il).

Komandasının rekordunu qırır

1997-ci ildə Anri CAR-la oyunda əsas yığmada debüt edir. ÇL-də isə 7 qol vurmaqla fransız futbolçuların rekordunu qırır.

Bundan sonra ona gələn təkliflər daha da artmağa başladı. Anri isə o an sadəcə bir şey haqda düşünürdü: DÇ 1998. Arzusunu reallaşdıran “Titi” dünya çempionu oldu.

“Yuve”ni tərk edib “Arsenal”a gedir

Çempionat başa çatan kimi - 1999-cu ildə “Yuventus” 10,7 milyon avro qarşılığında Anrini heyətinə qatır. Ancaq həmin vaxt “Yuve”də dəyişikliklər dövrü olur. Baş məşqçi Anrini yarımmüdafiənin solunda oynadır və müdafiəyə kömək etməsini tələb edir. Bunun öhdəsindən gələ bilməyən Anri isə 1 mövsüm sonra “Arsenal”a - Arsen Vengerin yanına gedir. O bu klubda 1999-2007-ci illərdə oynayıb. Onun karyerasının əsas hissəsi də elə bu klubla bağlıdı. Tyerri “Arsenal”da 254 oyunda 174 qola imza atıb.

Karyerasına təsir göstərən şəxsi həyatı, depressiya

Şəxsi həyatında problemlər olmasaydı, Anri bəlkə də indi “Arsenal”da qollarını sıralayırdı. Həyat yoldaşı Nikol Meridən boşanan Anri depressiyadan qurtulmaq üçün Londonu tərk edir.

İllər keçəndən sonra hələ gəncliyindən “Titi”ni heyətində görmək istəyən “Barselona” onu Kataloniyaya gətirir. Anri 2007-2010-cu illərdə bu klubda forma geyinib. 80 matçda 35 qol vurub.

Nədənsə o, “Barsa”da əvvəlki günlərinə qayıda bilmir... Buna baxmayaraq, Anrinin bu 2 mövsüm ərzində “Barsa”ya çox köməyi dəyir...

Maraqlı fakt:

Anrinin qoldan sonra niyə çox sevinmədiyini özündən soruşanda belə cavab verib:

“Atam həmişə mənə deyirdi ki, hətta qol vurandan sonra da oyun ərzində etdiyin səhvlərini xatırla... Mən də belə edirəm və sevincim yox olur...”

Hətta Anrinin atası onun oyununa baxıb işə gecikdiyi ucun işdən qovulmuşdu. Oyunlarin birində isə Tyerriyə qarşı kobud qayda pozuntusuna görə meydana qaçan atası rəqibin hərəkətinə göz yuman hakimlə əlbəyaxa da olub.

Komanda uğurları:

Monako

Fransa çempionu (1996-1997), Fransa superkuboku (1997).

Arsenal

İngiltərə çempionu (2001/02, 2003/04), İngiltərə kuboku (2002, 2003, 2005), İngiltərə superkuboku (2002, 2004)

Milli komanda: Dünya çempionu (1998), Avropa çempionu (2000).

Şəxsi uğurları

Qızıl Buts – 2003/04 , 2004/05;

İngiltərə çempionatının bombardiri (2001/02, 2003/04 ,2004/05, 2005/06);

İngiltərə Futbolçular Birliyinin versiyasına görə 2 dəfə mövsümün oyunçusu (2002/03, 2003/04;

5 dəfə Fransada ilin futbolçusu (2000,2003 ,2004, 2005, 2006);

Avropanın rəmzi yığması (2003, 2006);

Dünyanın rəmzi yığması (2006);

Uşaqlara namaz öyrədir

Fransız futbolçu Anrinin namaz vaxtı çəkilən şəkli sosial şəbəkələrdə baxılma reytinqinə görə rekord qırıb. Belə ki, fotoda çoxsaylı mükafat və titulların sahibi olan dünya şöhrətli futbolçu idman məktəbində şagirdlərinə namaz öyrədərkən təsvir olunub.

Şəriət qanununa əsasən həyat yoldaşına “mehriyyə” ödəyir

Anri, 2003-cü il iyulun 5-də ingilis model olan Nikol Merri ilə evlənib. 2005-ci il mayın 27-də cütlüyün ilk uşaqları Tea anadan olub. Anri Teanın anadan olmasından sonra ilk qolunu "Nyukasl"la oyunda vurub. Qoldan sonra o, barmaqlarını "T" şəklinə gətirib öpərək, bu qolu qızına hədiyyə etdiyini bildirib. 2007-ci ildə ayrılmağa qərar verən cütlük 2009-cu ildə nəhayət, rəsmən boşanırlar.

Qeyd edək ki, Tyerri Anri islam dinini 2006-cı ildə qəbul edib. Buna görə o, həyat yoldaşından boşanarkən islam dininə uyğun olaraq mehriyyə ödəyir. Məvacibinin böyük bir qismini həyat yoldaşına verir.

Boşanması ilə bağlı iddia

Futbolçunun aktrisa Pez Veqayla olan bərabərliyindən sonra həyat yoldaşı boşanmaya qərar verib. Qadın məhkəməyə baş vuraraq boşanmaq istədiyini deyib.

Mətbuatda bu məlumat “gizli sevgi evliliyini bitirdi” deyə qeyd edilmişdi.

İslama gətirən “qardaşlar”

Anri “Al Jazeera” kanalına verdiyi müsahibədə bildirib ki, onda dostları Erik Abidal və Frank Riberi bu dinə maraq oyadıblar:

“Onlarla söhbət edərkən mən özümü İslama yaxın hiss etdim və bütün qəlbimlə bu dinə bağlandım. İslam mənim üçün hər şeydən üstün oldu”.
İslama üz tutandan sonra Anri hər dəfə qol vurandan sonra səcdə edir.

Tatularının mənası

Futbol həyatını MLS-də davam etdirən Tyerri Anri tatuları ilə hər kəsi təəccübləndirə bilib.

8 il ərzində Londonda "Arsenal"ın formasını geyən 35 yaşlı veteran ulduz, tatularının çoxunu Amerikaya həsr edib.

8 yaşlı qızı Teanın körpəlik şəklini qoluna döydürən Anri, azadlıq heykəli, Bruklin körpüsü, Empire State binası kimi Nyu Yorkla bağlı xatirələrini də bədənində əks etdirib.

Klub karyerası

1994-1999 Monako 105 (20)

1994-1996 Monako B 31 (7)

1999 Yuventus 16 (3)

1999-2007 Arsenal 254 (174)

2007-2010 Barselona 80 (35)

2010-2014 N-Y Red Bullz 93 (40)

2012 Arsenal (icarə) 4 (1)

Milli karyerası

1992-1993 Fransa (15 yaşlılar) 4 (3)

1993-1994 Fransa (16 yaşlılar) 8 (4)

1994-1995 Fransa (17 yaşlılar) 11 (10)

1995-1996 Fransa (18 yaşlılar) 13 (6)

1996-1997 Fransa (19 yaşlılar) 9 (5)

1997-1998 Fransa (20 yaşlılar) 11 (7)

1997-1999 Fransa (21 yaşlılar) 6 (1)

1997-2010 Fransa 123 (51)

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm