Pula pul deməyən futbolçular: 170 minlik “gözəlçə”ylə fırlanan kimdir?
Bizi izləyin

İdman

Pula pul deməyən futbolçular: 170 minlik “gözəlçə”ylə fırlanan kimdir?

Əvəllər futbolçuya futbolçu kimi baxırdılar. İndi isə futbolçu həm də milyonçu kimi tanınır.

Bu idman növündə dünyaca məşhur isimlər var ki, pulunun sayını-hesabını bilmir. Onların arasında zaman-zaman xeyriyyəçiliyə pul xərcləyənlər də var. Bu, xüsusilə Avropa, Cənubi Amerika və Afrikada daha geniş yayılıb. Azərbaycandakı vəziyyətlə maraqlanırsızsa, bizdə hansısa futbolçunun və ya futbol adamının kasıba əl tutduğunu görən olmayıb. Tutanlar varsa da, özünü reklam etmək istəmir. Nə isə... Mətləbdən uzaqlaşmayaq. Mövzumuzun canı var.

Yəqin ki, çoxunuz bu sualı öz-özünüzə vermisiz: məsələn, Bekhem və ya İbrahimoviç bu qədər pulu necə xərcləyir?

Publika.az məhz bu suala qismən aydınlıq gətirmək üçün maraqlı faktlar tapıb. Oxuyun, görün futbolçular böyük pulları necə “əridir”.

34 min avroluq televizor

“Verder”də 2 milyon avro qazanan Elerio Elia bu yaxınlarda “ev kinoteatrı” alıb. Dünyada ən böyükekranlı televizor sayılan 85 dyumlu Samsung S9 yeni Ultra HD TV nəslini tərənnüm edir. Çəkisi 85 kq, qiyməti isə nə az, nə çox, 34 min avrodur. Çox güman, holland futbolçu pulunu xərcləməyə yer tapmadığı üçün cənubi koreyalılara xeyir verib.

Bu ayaqqabıları geyinməyə adamın heyfi gələr

Dortmund “Borussiya”sının hücumçusu Pyer-Emerik Obameyanq da “buts xəstəsidir”. Gör işin harasıdır ki, o, özünə Svorovski qaşlarıyla bəzədilmiş buts sifariş verib.

Birinci dəfə Qabon millisinin rəngləriylə bəzədilən butsları Obameyanq 2012-ci ildəki Afrika Millətlər Kubokunda geyinmişdi. Butsun arxasında adının baş hərfləri və təmsil etdiyi ölkənin bayrağı əks olunmuşdu.

O, “Sent-Etyen”də oynayanda da başqa üslubda ayaqqabı sifariş etmişdi.

Hər belə butsun hazırlanmasına 50 iş saatı, məşhur firmadan 4000 kristal və Obameyanqın bank hesabından hər cüt ayaqqabıya 3700 avro lazım gəlir.

Pyerdən sonra Droqba, Kalu və başqa futbolçular da xüsusi sifariş olunmuş butslarla oynamağa başladı. Amma bunu dəbə mindirən Obameyanq olub.

Qumar xəstələri də var

“Bavariya”, “Liverpul” və “Mançester Siti” kimi böyük klublarda top qovan sabiq alman futbolçu Ditmar Hamann əvvəllər qumar oyunlarının aludəçisi idi. Bir dəfə onun kazinoda bir gecəyə 200 min funt uduzduğu deyilir. Bir ara Didinin 600 min funt borca düşdüyü haqda söz-söhbət də dolaşırdı.

Bahalı maşınlara meyilli Özil

Hamanndan fərqli olaraq, Özilin borcu yoxdur. Alman futbolçunun pulu çoxdur, hətta 170 min funtluq “Ferrari 458” markalı avtomobili almağa da çatar. Bu marka ən bahalı maşınların reytinqində birincidir. “Ferrari 458” avtomobilini daha çox İngiltərə Premyer Liqasında top qovanlar sürür. Bu “gözəlçə”dən Cek Uilşirdə, Matye Flaminidə, Teo Uolkotda, Frenk Lempardda, Con Terridə, Mayk Riçardsda və Nanidə də var.

Bekhem yenə hamıdan seçilir

İngiltərə futbolunun əfsanəsi sayılan Devid Bekhem Londonun qərbində 79 milyon avroluq malikanə alıb. Adi otaqlardan başqa, bu tikilidə onun xanımı Viktoriya Bekhemin paltarlarını və ayaqqabı kolleksiyasını saxlamaq üçün xüsusi yer var. Hələ bu harasıdır?

Malikanənin ən böyük özəlliyinə hamınız heyran qalacaqsız. Deməli, səskeçirməyən divarlarla təchiz olunmuş “Panic Room” deyilən bir otaq var. Bu otaqda bütün problemlərdən uzaqlaşıb ağır günün yorğunluğunu çıxara bilərsiz. Səssiz-səmirsiz...

Yeri gəlmişkən, evə basqın olarsa, bu otağa sığınaraq təhlükədən 100 faiz uzaq ola bilərsiz.

Ovdan ötrü adanı hansı futbolçu ala bilər?

Müasir futbolda ən təhlükəli hücumçulardan sayılan Zlatan İbrahimoviç uşaqlıqda mənimsədiyi karate fəndlərinin hesabına, əliylə, ayağıyla, dabanıyla, az qala bədəninin bütün əzalarıyla qol vurmağı xoşlayır, həm də bacarır. Bəzən topun üstündə jonqlyorluq edən isveçli birdən saatda 150 km sürət yığır. Yəni bu adam qeyri-adidir. Həm meydanda, həm də meydandan kənarda.

Zlatan həm də ov xəstəsidir. O dərəcədə xəstədir ki, soyuqda uzaqlara getməmək üçün İsveçin sahəsinə görə ən böyük üçüncü adasını alıb. Sahəsi 500 hektar olan Davenso adasında İbra hobbisiylə rahat məşğul ola bilər.

İbrahimoviç ötən ilin dekabrında PSJ-dəki komanda yoldaşlarına orijinal hədiyyələr bağışlamışdı. O, üzərində futbolçuların adları və nömrələri həkk olunan XBOX One oyun aparatlarının eksklüziv nümunələrini sifarış vermişdi.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm