Azərbaycan üçün böyük uğur - 27 qızıl, 22 gümüş
Bizi izləyin

İdman

Azərbaycan üçün böyük uğur - 27 qızıl, 22 gümüş

2014-cü il Azərbaycan Güləş Federasiyası üçün uğurlu illərdən biri olub. Yığma komandalarımız iştirak etdikləri beynəlxalq turnir və çempionatlarda yüksək nailiyyətlər qazanıblar.

Bütün bu nailiyyətlər ölkə prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmana və idmançılara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

AGF-nin Prezidenti cənab Fazil Məmmədovun göstərişi ilə yaradılan şərait, maddi-texniki bazanın gücləndirilməsi, mütəmadi olaraq, yüksək səviyyədə təlim-məşq toplanışlarının keçirilməsi beynəlxalq arenada güləşçilərimizin uğurlu çıxışına birbaşa təsir göstərir.

Publika.az il ərzində güləş federasiyasında qazanılan uğurların statistik göstəricilərini diqqətinizə çatdırır:

Yığma komandalarımızın üzvləri 2014-cü ildə iştirak etdikləri rəsmi beynəlxalq yarışlarda 27 qızıl, 22 gümüş, 16 bürünc - toplam 65 medal qazanıb.
Bunların 28-i yeniyetmə güləşçilərin payına düşür. Yeniyetmə güləşçilərimiz Avropa və dünya çempionatlarında, II Olimpiya Oyunlarında 13 qızıl, 9 gümüş, 6 bürünc medal qazanaraq güləşimizin gələcəyinin etibarlı əllərdə olduğunu nümayiş etdiriblər. Bu nəticə medalların həm kəmiyyətinə, həm də keyfiyyətinə görə ötənilki nəticədən üstündür.

Gənc güləşçilərimizin də rəsmi yarışlarda iştirakı onların uğurlu çıxışı ilə yadda qalıb. Belə ki, gənclərimiz Avropa və dünya çempionatında 10 qızıl, 5 gümüş, 5 bürünc medal qazanmaqla ötən ildəki uğurlu nəticələrini davam etdiriblər. Gənc güləşçilərin nailiyyətində builki qızıl medalların sayında müşahidə edilən ikiqat artım xüsusilə diqqəti cəlb edir.

Böyüklərdən ibarət yığma komandalarımız isə 4-ü qızıl, 8-i gümüş, 5-i bürünc olmaqla 17 medal qazanıb.

Bundan başqa, yığma komandalarımız ənənəyə çevrilən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə Qızıl Qran-Pri beynəlxalq turnirinin final mərhələsi də daxil olmaqla iştirak etdikləri digər beynəlxalq turnirlərdə 229 medal qazanıb. Bu medalların 75-nin əyarı qızıl, 59-u gümüş və 95-nin əyarı isə bürünc olub.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm