• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Mirça Rednik: Onlar futbol yox, tanqo oynadılar

  • İdman
  • 14 Fevral 2011 09:58
  • 208 Baxış
Mirça Rednik: Onlar futbol yox, tanqo oynadılar

- Qış “transfer pəncərəsi” başa çatdı. Bu müddət ərzində istədiyiniz futbolçuların keçidini həll edə bildinizmi?

- Bəli, bu müddətdən maksimum istifadə etdik. İstədiyim futbolçuları transfer etdiyimizi söyləyə bilərəm.

- Maraqlıdır ki, legioner seçimində Rumıniya bazarına üz tutdunuz. Təbii ki, bu da Azərbaycanda birmənalı qarşılanmadı. Bəyəm güclü və komandanıza faydalı ola biləcək futbolçuların hamısı vətəninizdə top qovur?
- Onu deyə bilərəm ki, həmin futbolçuların nəyə qadir olduqlarına yaxşı bələdəm. Həm də son klublarına diqqət yetirsəniz, heç də zəif komandalardan transfer edilməyiblər. Düzdür, Braziliyadan, Argentinada oyunçular gətirə bilərdik. Ancaq nəzər almaq lazımdır ki, çempionatın başa çatmasına 3 ay qalıb. Həmin ölkələrdən gətiriləcək futbolçuların uyğunlaşmasına isə zaman lazım idi. Düşünürəm ki, Avropadan, eləcə də Gürcüstan, Ukrayna kimi ölkələrdən gələn futbolçular yerli mühitə daha tez uyğunlaşır. Adlı-sanlı oyunçular almaq olardı. Lakin onları tanımıramsa, komandama necə götürə bilərəm?

- Cəmi 2 yerli futbolçu transfer etməyiniz nə ilə bağlıdır?
- Əslində, rəhbərlikdən daha çox yerli oyunçu transfer etmələrini xahiş etmişdim. Keçidini nəzərdə tutduğumuz futbolçular var idi. Ancaq onların bəzilərinin klubları ilə müqaviləsi olduğu üçün sərəncamımda görə bilmədim. Elə futbolçular da oldu ki, maliyyə məsələsində anlaşa bilmədik. Əsas sərəncamımda görmək istədiyim yerli oyunçu Elnur Abdullayev idi. Onun da keçidinə nail olduq. O, Azərbaycanda ən yaxşılardandır.

- Bu gün “Neftçi” ilə çətin oyuna çıxacaqsınız. Yeni futbolçuların adaptasiya olub-olmamasını nəzər alsaq, komandanız oyuna hazırdırmı?
- Əlbəttə, onlar peşəkar futbolçulardırlar. Əsas heyətdə köklü dəyişiklik etmək haqda düşünmürəm. Meydana 5 yerli oyunçu ilə çıxacağıq. 12 yeni futbolçumuzdan 5-6-na da şans verəcəyik.

- “Neftçi” də təlim-məşq toplanışını Antalyada keçirib. Rəqibinizi iş başında izləmisiniz?
- Rəqibi analiz eləmişik. Köməkçim onların bir oyununu izləyib. Sözün düzü, “Neftçi” heyətdə çox dəyişiklik etməyib. Onlar oyun sistemini qoruyub saxlayıblar.

- AZAL – “Gəncə” oyununu izlədiniz. Bu qarşılaşma haqda nə deyə bilərsiniz?
- AZAL-ın oyununu daha çox bəyənirəm. Onlar I dövrədə olduğu kimi, yenə təşkilatlanmış komanda təsiri bağışlayırlar. Heyətində də yaxşı futbolçular var. Ancaq nəzərə almaq lazımdır ki, biz oyunlarımızı fərqli ab-havada keçiririk. Həmin atmosfer “Şəfa”da yoxdur. Həm də “Gəncə” futbol yox, sanki tanqo oynayırdı. Meydanda sərtlik, gərginlik yox idi. Amma bizimlə görüşdə gəncəlilər bizim futbolçuların ayaqlarını qırmağa belə hazır idilər.

- “Neftçi” ilə matçdan sonra AZAL-la üz-üzə gələcəksiniz. Hansısa təhlükə hiss edirsinizmi?
- Bu haqda düşünmürəm. Bizim üçün “Neftçi” ilə qarşılaşma daha vacibdir. Həmin görüşdən sonra AZAL haqda düşünəcəm. Öz komandama güvənirəm. Heç bir rəqibdən çəkinmirik. Ancaq onlara saymazyana münasibət də bəsləmirik.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR