İdman
"Avropa Oyunları bizə Azərbaycanı olduğu kimi dünyaya təqdim etməyə imkan verəcək"
Dekabrın 22-də Milli Olimpiya Komitəsində 2014-cü ilə
yekun vurulub, idmançılara və idman mütəxəssislərinə mükafatlar
təqdim olunub.
Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev
mərasimdə iştirak edib. Mərasim iştirakçıları Prezident İlham
Əliyevi hərarətlə qarşıladılar.
Dövlətimizin başçısı tədbirdə çıxış etdi: “Əziz dostlar, hər il
olduğu kimi, ilin sonunda biz ilin idman yekunlarını müzakirə
edirik. Artıq bu gözəl ənənə neçə ildir ki, yaşayır və əminəm ki,
bundan sonra da yaşayacaqdır. Yadımdadır, 1997-ci ildə Milli
Olimpiya Komitəsinə prezident vəzifəsinə seçiləndə mən demişdim ki,
Azərbaycan dövləti və Milli Olimpiya Komitəsi idmançılara qayğı
göstərəcək, idmançılardan isə biz qələbələr gözləyirik”.
Prezident bildirib ki, bu siyasət uğurlu siyasət olmuşdur: “Bu
siyasət nəticəsində Azərbaycan bu gün dünyada idman dövləti kimi
tanınır. İdmana rəhbərlik edən bütün qurumlar fəal işləyirlər.
Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar,
cəmiyyətlər, klublar, bir sözlə, idman Azərbaycanda uğurla inkişaf
edir, yüksək səviyyədə dövlət siyasəti aparılır. Bu siyasət
nəticəsində bu gün həm idmançılarımız bizi qələbələrlə
sevindirirlər, həm də Azərbaycanda idman infrastrukturu yaradılır.
Bir daha demək istəyirəm ki, Azərbaycanın idman nailiyyətləri artıq
dünyada yüksək qiymətləndirilir”.
İlham Əliyevin sözlərinə görə, bütövlükdə, 2014-cü il ölkə
iqtisadiyyatı üçün uğurlu il olmuşdur: “Eyni zamanda, bizim
beynəlxalq mövqelərimiz daha da möhkəmlənmişdir. Bütün
çətinliklərə, dünyada və bölgədə yaşanan böhranlı vəziyyətə
baxmayaraq, Azərbaycan inamla inkişaf edir. İlin əvvəlində
qarşımıza qoyduğumuz bütün vəzifələr icra edilmişdir və biz 2014-cü
ili yaxşı nəticələrlə başa vururuq. O cümlədən bu il də idman
sahəsində gözəl nəticələr olmuşdur. Bizim idmançılar ildən-ilə daha
da çox medal qazanırlar. Bu il də istisna il olmamışdır. Beynəlxalq
yarışlarda, dünya və Avropa çempionatlarında 805 medal
qazanılmışdır və onlardan 275-i qızıl medaldır. Keçən ilə nisbətən
yenə də medalların sayı artıb. Bu, həm onu göstərir ki,
idmançılarımız daha da gözəl nəticələr qazanırlar, eyni zamanda,
daha geniş mənada beynəlxalq yarışlarda iştirak edirlər. Medalların
sayı, əlbəttə ki, bizi sevindirir. Çünki bu, idmanın inkişafının
əsas göstəricisidir”.
Dövlət başçısı xatırladıb ki, il ərzində Azərbaycanda bir neçə
mötəbər beynəlxalq yarış keçirilmişdir: “Onlardan ikisi Avropa
çempionatıdır - bədii gimnastika və taekvondo üzrə. Hər il
Azərbaycanda beynəlxalq yarışlar keçirilir. Beləliklə, Azərbaycan
bu sahədə də öz imkanlarını ortaya qoyur. Hər bir beynəlxalq
yarışın keçirilməsi həm böyük məsuliyyətdir, eyni zamanda, gözəl
imkandır ki, qonaqlar, idmançılar ölkəmizlə tanış olsunlar,
Azərbaycan reallıqlarını görsünlər və bilsinlər ki, dünyada güclü,
qüdrətli, müasir Azərbaycan dövləti vardır.
Uğurlarımızın davamı, əlbəttə ki, təmin ediləcək. Buna əyani sübut
olaraq, bu il Çində keçirilmiş yeniyetmələrin Yay Olimpiya
Oyunlarını misal göstərmək olar. Bu Oyunlar bizim üçün tarixi
oyunlardır. Çünki bizim idmançılarımız bu Oyunlarda ən böyük və
deyə bilərəm ki, tarixi qələbə qazanmışlar. Bu Oyunlarda 204 ölkə
iştirak edirdi və Azərbaycan yeniyetmələri komanda hesabında 10-cu
yerə layiq görülmüşlər. Bu, böyük tarixi nailiyyətdir. Dünya
miqyasında 10-cu yerə nail olmaq böyük uğurdur. Bu uğuru gələcəkdə
təkrarlamaq çətin olacaq. Ancaq biz buna çalışmalıyıq.
Bu, bir daha onu göstərir ki, Azərbaycanda çox gözəl gənc nəsil
yetişir. Bizim əsas uğurlarımızın mahiyyəti ondan ibarətdir ki,
ardıcıllıq təmin edilir. Peşəkar idmançılar bizi sevindirirlər,
dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında idman
şöhrətimizi yüksəklərə qaldırırlar və gənc nəsil də yetişir”.
Prezident qeyd edib ki, idmançılarımızın uğurları xalqımızı
sevindirir: “Bu uğurları müstəqillik dövründə böyümüş idmançılar
əldə ediblər. Bu, bir daha onu göstərir ki, görün,
müstəqilliyimizin nə qədər böyük mənası, nə qədər böyük
üstünlükləri var. Azərbaycan idmançıları tarixdə heç vaxt bu qədər
qələbələr qazanmamışlar. Ancaq müstəqillik dövründə, Azərbaycan
xalqının öz taleyini öz əlində saxladığı dövrdə biz buna nail ola
bilmişik. Əminəm ki, biz bundan sonra da ardıcıllıqla bu uğurlara
imza atacağıq. Gənc idmançılarımızın uğurları tarixi nailiyyətdir.
Əminəm ki, onlar böyüdükcə bu uğurları təkrarlayacaqlar.
Bu il idman qurğularının tikintisi davam etdirilmişdir. Göygöl
şəhərində Olimpiya Mərkəzi açılmışdır. Hazırda 9 rayonda Olimpiya
komplekslərinin tikintisi aparılır, yaxud da ki, ona hazırlıq
işləri gedir. Bütövlükdə bölgələrdə 41 Olimpiya Mərkəzimiz var.
Ümumiyyətlə isə son illərdə 50-dən çox böyük Olimpiya Mərkəzi
yaradılmışdır. Beləliklə, idmanla məşğul olmaq üçün hər bir bölgədə
yaxşı imkanlar - üzgüçülük hovuzları, açıq, qapalı zallar və bütün
infrastruktur var. Ona görə tam əminəm ki, bizim beynəlxalq
yarışlardakı nailiyyətlərimiz uğurla davam edəcək.
Gənc, peşəkar idmançılar bizim fəxrimizdir. Onlar Azərbaycanı
dünyada ləyaqətlə təmsil edirlər. Azərbaycan idman dövləti kimi
artıq özünü təsdiq edib. Bunu beynəlxalq idman qurumları da qeyd
edirlər. Noyabr ayında Bakıda Avropa Olimpiya Komitəsinin Baş
Assambleyasında Azərbaycanın uğurlu inkişafı, o cümlədən idmanın
inkişafı ilə bağlı çox dəyərli fikirlər səsləndirilmişdir. Bu
Assambleyada 300-dən çox qonaq iştirak etmişdir. Avropanın bütün
yerlərindən gələn qonaqlar şəhərimizlə, idman nailiyyətlərimizlə
tanış oldular. Həm Avropa Olimpiya Komitəsinin prezidenti, eyni
zamanda, bu tədbirdə iştirak edən Beynəlxalq Olimpiya Komitəsinin
prezidenti Azərbaycanın bu sahədəki uğurlarını qeyd etmişlər.
Bizim bütövlükdə beynəlxalq idman qurumları ilə əməkdaşlığımız
uğurla davam etdirilir”.
Dövlət başçısının fikrincə, təsadüfi deyil ki, Bakıda birinci
Avropa Oyunları keçiriləcək: “Bu Oyunların keçirilməsi tarixi
hadisədir. Çünki bildiyiniz kimi, ilk dəfə olaraq Avropada belə
oyunlar keçiriləcək və bu məsuliyyət bizim üzərimizə düşür. Biz bu
məsuliyyəti öz üzərimizə götürmüşük, buna hazır idik. Görülən
bugünkü işlər onu göstərir ki, Avropa Olimpiya Komitəsi düzgün
qərar qəbul etmişdir.
Hazırlıq işləri son mərhələdədir. Bildiyiniz kimi, hazırlıq üçün
bizim cəmi iki il yarım vaxtımız var idi. Biz bu hazırlıq işlərini
çox məhdud bir vaxt, zaman çərçivəsində görürük. Ancaq bütün işlər
yüksək keyfiyyətlə, qrafik üzrə aparılır və bütün idman qurğuları
vaxtında hazır olacaq. Bu, o qədər də asan məsələ deyil. Çünki
bizim bəzi idman qurğularımız var idi, bəziləri isə tikilir,
olanlar da əsaslı təmir edilir. Ona görə hazırda çox böyük
quruculuq işləri aparılır. Bütün idman obyektlərində gərgin iş
gedir. Bu Oyunların keçirilməsi nəticəsində Azərbaycanda yenilənmiş
və yeni gözəl idman infrastrukturu yaradılacaqdır ki, gələcəkdə Yay
Olimpiya Oyunlarını da keçirmək mümkün olacaq.
Əslində, Avropa Oyunları idmançıların, idman növlərinin sayına görə
Yay Olimpiya Oyunlarına çox yaxındır, altı mindən çox idmançı
iştirak edəcək və 20 idman növündə yarışacaqdır. Müqayisə üçün deyə
bilərəm ki, 1980-ci illərə qədər Yay Olimpiya Oyunlarında təxminən
6 min idmançı iştirak edirdi. Ondan sonra idman növlərinin
artırılması nəticəsində Yay Olimpiya Oyunlarında təqribən 9-10 min
idmançı iştirak edib. Yəni, bizim Oyunlarımız Yay Olimpiya
Oyunlarından o qədər də çox fərqlənməyəcək. Eyni zamanda, bizim
Oyunlarımızın bir neçə üstünlüyü olacaqdır. Çünki bir neçə idman
klasteri yaradılıbdır, idmançılar və mətbuat nümayəndələri üçün
Olimpiya şəhərciyi və media şəhərciyi yaradılır. Bu da ən yüksək
səviyyədə olan binalardır, orada ən gözəl şərait yaradılacaqdır,
özü də şəhərin mərkəzində yaradılır. Yay Olimpiya Oyunlarında
Olimpiya şəhərciyi şəhərlərin kənarında yerləşir. Oraya gedib
çatmaq üçün ən azı bir saat vaxt lazımdır. Bu isə şəhərin
mərkəzindədir.
Bizim mövcud olan bütün idman obyektlərimiz təmir olunur – Heydər
Əliyev adına İdman Kompleksi, Bakı İdman Sarayı və bizim digər
obyektlərimiz “Crystal Hall” - indi orada da bir neçə idman növü
üzrə yarışlar keçiriləcəkdir. Bakı Gimnastika Arenası bu yaxınlarda
istifadəyə verilmişdir. Stend Atıcılığı Mərkəzi uğurla inşa edilir.
Su İdmanı Sarayı, indi onun tikintisi son mərhələdədir. Böyük
Olimpiya Stadionu tikilməkdədir. Eyni zamanda, Baku Sport City
adlanan mərkəz də inşa edilir və bu, nadir bir idman mərkəzi
olacaqdır. Eyni zamanda, bu Oyunların keçirilməsi nəticəsində
şəhərimizin infrastrukturuna böyük dəstək verilir, nəqliyyat
məsələləri öz həllini tapır, yeni nəqliyyat istiqamətləri açılır,
yollar, körpülər, estakadalar salınır və şəhər nəqliyyatının
təkmilləşdirilməsi üçün yeni avtobuslar alınır. Yəni, bu Oyunlardan
sonra əlbəttə ki, Bakı şəhərində yeni imkanlar yaranacaq”.
İlham Əliyev bildirib ki, indi böyük ekoloji layihələr icra edilir:
“Göllərin təmizlənməsi prosesi gedir, o cümlədən Böyükşor gölünün
təmizlənməsi indi uğurla davam etdirilir. Böyükşor gölü ikiyə
bölünür. Göl üzərində bənd artıq tikilibdir. Bəndin üzərində geniş
avtomobil yolu çəkilir, yəni, nəqliyyat üçün çox gözəl imkanlar
açılır, eyni zamanda, Böyükşor gölünün təmizlənməsinin birinci
mərhələsi nəticəsində, - o da Oyunlara qədər hazır olacaq, şəhərin
mərkəzində 300 hektar sahədə təmiz, gözəl, abad bir göl olacaq ki,
onun ətrafında bulvar, meşə, gəzinti, idman, velosiped zolaqları -
hər şey nəzərdə tutulubdur. Artıq təmizləmə prosesi getdiyi bir
vaxtda - mən bunu böyük sevinclə qeyd etmişəm – artıq köçəri quşlar
da o gölə qonur. Bu da onu göstərir ki, artıq orada su
təmizlənir.
Eyni zamanda, Sport City yerləşən ərazidə, köhnə buruqların yerində
gözəl bir idman mərkəzi salınır. Bibiheybət neft yataqları dünyanın
ən qədim neft yataqlarından biridir. Vaxtilə neft hasilatının
fəsadları orada özünü büruzə vermişdir, o yer tamamilə ekoloji
fəlakət mənzərəsini əks etdirirdi. Orada olan buruqlar bəzi
filmlərdə də öz əksini tapmışdır. İndi o ərazi tamamilə təmizlənir,
böyük - 20 hektarlıq bir park salınır. Su İdmanı Sarayının ətrafı
gözəl Bakının bəlkə də ən gözəl park zonasına çevriləcəkdir.
Beləliklə, bulvarın uzunluğu da artacaqdır. Ənənəvi bulvarın
uzunluğu 3 kilometr yarım idi. İndi isə yeni layihələr nəticəsində
bulvarın uzunluğu 16 kilometrə çatacaqdır. Bu, dünyanın bəlkə də ən
uzun bulvarı olacaq. Hər bir insan “Ağ şəhər”dən başlayaraq ta
Bibiheybət buruqlarına qədər piyada gedə bilər. Ancaq əlbəttə ki,
bu, çox uzun bir məsafədir. Ona görə, bulvara əlavə xüsusi kiçik
avtobuslar gətiriləcək ki, onlar da insanlara rahatlıq verəcək.
Yəni, demək istəyirəm ki, görün bu Oyunların keçirilməsi bizim üçün
nə qədər böyük imkanlar açır. Düzdür, onsuz da biz bu layihələri
icra edəcəkdik. Həm Böyükşor gölünün təmizlənməsi, bulvarın
tikintisi, yəni, bu, bu günün məsələləri deyil. Biz, eyni zamanda,
böyük Olimpiya Stadionunun da təməl daşını qoyanda hələ Oyunların
keçirilməsi haqqında qərar verilməmişdi. Biz onsuz da bunları
edəcəkdik. Sadəcə olaraq, Oyunlar bizi məcbur edir ki, bunu daha da
qısa müddət ərzində həyata keçirək. Altı aydan sonra bütün bu
gözəl, yeni yerlər ictimaiyyət üçün açıq olacaq və Oyunlardan sonra
Bakı sakinləri, onun qonaqları bu gözəl imkanlardan istifadə
edəcəklər. Bizim gözəl şəhərimiz Bakı daha da gözəl olacaq və
əminəm ki, qonaqlar, idmançılar, şəhərimizə gələn bütün turistlər
bunu bir daha görəcəklər”.
Dövlət başçısı bildirib ki, bu Oyunların keçirilməsi, eyni zamanda,
ölkəmizin gücünü göstərir: “Çünki ancaq güclü dövlətlər belə böyük
tədbirləri, idman tədbirlərini keçirə bilərlər. Azərbaycan da güclü
dövlətdir. Son illərdə aparılan islahatlar, görülən işlər
nəticəsində ölkəmiz gücləndi, güclü iqtisadiyyata malikdir, siyasi
proseslər müsbət istiqamətdə gedir. Beynəlxalq aləmdə Azərbaycan
çox böyük hörmətə malik olan bir ölkədir. İdman aləmində isə qeyd
etdiyim kimi, idmana rəhbərlik edən bütün vəzifəli şəxslər
Azərbaycanın uğurlarından danışırlar. Ona görə bu Oyunlar bizə
imkan verəcək ki, Azərbaycanı olduğu kimi dünyaya təqdim edək və
bir daha göstərək ki, gənc müstəqil Azərbaycan böyük uğurlara imza
atır, dünyaya açıqdır, ölkəmiz müasirdir, eyni zamanda, öz
tarixinə, mədəni köklərinə bağlıdır, ölkəmizdə təhlükəsizlik
tədbirləri yüksək səviyyədə təmin edilir. Bakı və Azərbaycan
dünyanın ən təhlükəsiz şəhərlərindən, ölkələrindən biridir.
Beləliklə, Azərbaycan dünyaya öz imkanlarını bir daha
göstərəcək.
O ki qaldı bizim idman uğurlarımıza əminəm ki, gələn il də bu
uğurlar təmin ediləcək. Artıq gözəl bir ənənə vardır.
İdmançılarımız həm peşəkardırlar, həm vətənpərvərdirlər, Vətənə
bağlıdırlar və Azərbaycan bundan sonra da beynəlxalq arenalarda öz
sözünü deyəcək.
Bu gün biz idmançıları, idman mütəxəssislərini ənənəvi olaraq
təltif edəcəyik. Dövlət, xalq üçün görülən hər bir iş əlbəttə ki,
dövlət tərəfindən layiqli qiymətini alacaqdır. Biz idmançıları hər
il təltif edirik, müxtəlif mükafatlar verilir. Bu gün də bu
mükafatlar veriləcəkdir. Əminəm ki, biz gələn il Avropa Oyunlarının
qaliblərini təltif edəcəyik.
Mən fürsətdən istifadə edərək, sizi və bütün Azərbaycan
idmançılarını, bütün Azərbaycan xalqını qarşıdan gələn Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə
ürəkdən təbrik edirəm, sizə gələn ildə yeni uğurlar arzulayıram.
Sağ olun”.
Sonra 2014-cü ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman
mütəxəssislərinə mükafatlar təqdim olundu.
Prezident İlham Əliyev müxtəlif beynəlxalq yarışlarda fərqlənən,
ölkəmizdə idmanın inkişafına töhfə verən bir qrup idmançı və idman
mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim etdi.
İdmanda yüksək nailiyyətlər göstərən Elsevər Quliyev, Elvin
Əhmədli, Əkbər Fərəcov və Cəsarət Əhmədov Milli Olimpiya
Komitəsinin prezidentinin fəxri fərmanları ilə təltif
edildilər.
Respublikamızda idmanın inkişafında xidmətləri olan Rafiq Həsənova
və Məmməd Useynova Azərbaycan Respublikası Prezidentinin fərdi
təqaüdlərinin verilməsi haqqında sənədlər təqdim olundu.
Azərbaycan Prezidenti ölkəmizdə bədən tərbiyəsi və idmanın
inkişafında xidmətlərinə görə Maqomed Aliomarova, Vaqif Cəfərova,
Musa Həsənova və Çingiz İsmayılova “Əməkdar Bədən Tərbiyəsi və
İdman Xadimi”, Akif Atakişiyevə və Şəmsəddin Şahbazova isə “Əməkdar
Müəllim” fəxri adlarının döş nişanlarını təqdim etdi.
Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov
federasiya üzvləri adından dövlətimizin başçısına minnətdarlığını
ifadə etdi. Bildirdi ki, bu il qol güləşi üzrə 24-cü Avropa
çempionatı Azərbaycanda keçirilib. 33 ölkədən 600-dən çox
idmançının iştirak etdiyi yarışda Azərbaycan pəhləvanları 41 medal
qazanıblar. Qeyd edildi ki, bu il həm də federasiyanın yeni
mərkəzinin açılışı olub.
Ağır Atletika Federasiyasının nümayəndəsi, veteran Məmməd Useynov
fərdi təqaüd aldığına və idman veteranlarına göstərdiyi diqqətə
görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Bakı Dövlət Universitetinin idman kafedrasının müdiri Akif
Atakişiyev dövlətimizin başçısına idmanın inkişafına göstərdiyi
qayğıya, həmçinin idman mütəxəssislərinə və idmançılara ayrılan
diqqətə görə minnətdarlığını ifadə etdi.
Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Miniatür
Kitab Muzeyinin təsisçisi və rəhbəri, Əməkdar İncəsənət Xadimi
Zərifə Salahova Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim
etdi, dövlətimizin başçısına doğum günü münasibətilə təbriklərini
çatdırdı, fəaliyyətində uğurlar arzuladı.
-
Magazin123:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi