• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Limit kabusundan necə qurtulaq: Çıxış yolu - “11+”

  • İdman
  • 8 Yanvar 2015 15:35
  • 1 012 Baxış
Limit kabusundan necə qurtulaq: Çıxış yolu - “11+”

Berti Foqtsun gedişindən sonra müəyyən islahatlara başlayan AFFA Azərbaycan Premeyer Liqasına tətbiq edilən limiti də dəyişmək niyyətindədir. Artıq bununla bağlı müzakirələr aparılır.

Niyə belə alındı?

Əslində, ötən il limit tətbiq edilərkən bunun fəsadlı olacağı barədə yazmışdıq. Ancaq çox təəssüf ki, həmin vaxt nə AFFA rəhbərliyi, nə də futbol mütəxəssisləri bu fəsadları görmək istəmədi. Limit tətbiqindən əziyyət çəkən ölkələr səhvlərini düzəltməkdədir. Artıq Türkiyə bununla bağlı konkret addım atıb. Türklər limiti tamamilə ləğv ediblər. Rusiya da analoji addımı atmaq niyyətindədir. Bu ölkələrdə limitin tətbiqi tamamilə əks effekt verdi. Türkiyədə də, Rusiyada da həm klub, həm də milli komanda səviyyəsində tənəzzül yaşandı. Elə Azərbaycanda da belə oldu. AFFA 6+5 sistemini tətbiq edərkən “yerli futbolçuların inkişafını nəzərdə tuturuq” tezisindən çıxış etdi. AFFA-ya yarınan futbol mütəxəssisləri də bunu dəstəklədiklərini bildirdilər. Təkcə mətbuat bu addımın heç bir uğur gətirməyəcəyini vurğuladı. Üstündən bir il keçməmiş mətbuat haqlı çıxdı.

Niyə belə alındı? Elə Rusiyada, Türkiyədə olduğu kimi, Azərbaycanda da limitin tətbiqi sağlam rəqabət mühitini tamamilə pozdu. Yerli futbolçuların məcburi şəkildə oynadılması onların qiymətini qaldırmaqla yanaşı, məsuliyyət hissini də öldürdü. Maddi cəhətdən tamamilə təmin olunmuş bu şəxslər üçün futbol ikinci plana keçdi.

Avropada bu problemi çoxdan həll ediblər

Limit tətbiqindən sonra daim əsas heyətdə oynamaq şansı qazanan bircə futbolçu da göstərmək olmaz ki, o, inkişaf etdi. Əksinə, az-çox istedadı olanlar da tam təminatdan sonra öz istedadlarını pulun əsirinə çevirdilər. Elə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində keçirdiyi dörd oyunda göstərdiyi nəticə hər şeydən xəbər verir. Heç kim deyə bilməz ki, millinin futbolçularının oyun təcrübəsi yoxdu. Onlar oynadıqları klublarda daim əsas heyətdə meydana çıxıblar. Amma oyun keyfiyyətləri artmaq əvəzinə azalıb. Bunun da “niyə”si klubda rəqabət amilinin pozulmasına bağlıdır. Alternativi olmayan, hansı formada olmasından asılı olmayaraq, meydana çıxacağına əmin olan futbolçu heç vaxt inkişaf edə bilməz. İstər Azərbaycanda olsun, istərsə də Türkiyədə, Rusiyada və ya Avropada. Avropada bu problemi çoxdan həll ediblər. Türkiyə və Rusiyanın başı daşdan-daşa dəydikdən sonra əməli addım atmağa vadar oldular. Qalır Azərbaycan.

“11+” və 2-3 super klub

Limit mütləq dəyişməlidi. Ancaq necə? Necə edək ki, həm yerli futbolçuların inkişafına nail olaq, həm də klub və milli komandaların güclənməsinə şərait yaradaq? Türkiyə limiti iştirak ərizəsinə tətbiq edib. Elə Rusiya da bu yolu tutacaq. Avropanın əksər ölkələrində də bu metoddan yararlanırlar. Deməli, biz də bu yolla getməliyik. Türkiyədə 14 legionerin adının iştirak ərizəsinə salınmasına icazə verilib. Bunu Azərbaycanda tətbiq etmək olmaz. Çünki bu amil “moşennik” klub rəsmilərinə manipulyasiya imkanı verəcək. 14 legionerin alınmasına icazə vermək onlar üçün “çirkli vəsait”in yuyulması üçün münbit şərait yaradacaq. Üstəlik, heyətdə 14 legionerin olması həmin komandada olan yerlilərin meydana çıxmaq şansını da azaldacaq. Azərbaycan üçün ən uyğun variant “11+” sistemidir. Yəni hər bir klub 11 legioner sifariş edə və onların hamısını da meydana buraxa bilər. Amma 11-lə 14 arasında müəyyən fərq var. Belə ki, 11 legionerin hamısından start heyətində yararlanan klub da yerliləri oynatmaq məcburiyyətində qalacaq. Bu futbolçuların zədəlisi və cəzalısı mütləq olacaq. Belə olan halda 2-3 yerli futbolçu daimi oynamaq şansı qazanacaq. Bu sistemin əsas üstünlüyü onda deyil. Əsas odur ki, “11+” Azərbaycanda 2-3 super klubun yaranmasına rəvac verəcək. Bu da normal haldı. Onsuz da Avropanın bütün ölkələrində varlı və kasıb klublar mövcuddu. Götürək elə İngiltərəni. İndi bu ölkənin çempionatında hər kəs kasıb “Sautqempton”dan danışır. “Sautqempton” heç vaxt böyük iddialarla yaşamayacaq. Bu gün o klubun rəhbərliyinin də, futbolçularının da, məşqçilərinin də bir məqsədi var: varlıların diqqətini cəlb etmək. Güman ki, növbəti mövsümdə “Sautqempton”un indiki heyətindən kimsə qalmayacaq. Futbolçular daha sərfəli təkliflə varlı komandalara keçəcəklər. Elə baş məşqçi Ronald Kuman da hansısa iddialı kluba üz tutacaq. Rəhbərlik də bu transferlərdən qazanacaq, futbolçular da.

Bizdə də “Sautqempton” peyda olacaq

Qoy Azərbaycanda da belə olsun. Bu gün ölkədə 11 legioner transfer etmək gücündə olan 2-3 komanda var. Ona görə də limitin ləğvindən qorxmağa dəyməz. Deyək ki, “Qarabağ” və “Neftçi” bu imkandan yararlanıb 11 legioner transfer edəcəklər. Olsun. Bu klublar ən azı daimi olaraq Avroliqanın qrup mərhələsində oynaya biləcək komanda formalaşdıracaqlarsa, bunun nəyi pisdir? “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə düşə bilməməsi üçün əsas maneə məhz limit oldu. “Zalsburq”la Bakıdakı oyunda zədələnən Cumbinyonun, cəzalı duruma düşən Reynaldonun yerini Avstriyadakı oyunda meydana çıxan yerlilər doldura bilmədi. Bu, birmənalıdır. Üstəlik, nə “Qarabağ”, nə də “Neftçi” səviyyəli yerli futbolçunun əvəzində heç vaxt səviyyəsiz legioner gətirməyəcək. Bu komandaların - varlıların güclənməsi fonunda yerli futbolçuların əksəriyyəti digər klublarımıza üz tutacaqlar. Onsuz da əksər klubların maddi imkanı 11 legioner almağa imkan vermədiyindən, əsasən yerlilərdən yararlanmalı olacaqlar. Buyurun, kimin səviyyəsi yüksəkdisə, AZAL-da, “Sumqayıt”da, “Bakı”da, “Xəzər Lənkəran”da oynasın. Bu amil futbolçuların motivasiyasını, inkişaf etmək istəyini artıracaq. Hansı yerli futbolçu istəməz ki, super kluba çevrilmiş “Qarabağ” və ya “Neftçi”nin heyətində olmasın? Bunun üçün onlar kasıb klublarda qan-tər axıdacaqlar. Beləcə, bizdə də “Sautqempton” kimi klublar peyda olacaq. Bu da həm klub futbolunun, həm də milli komandanın inkişafına təkan verəcək.

Millinin heyətinə cəlb olunan futbolçuların AZAL-da, “Sumqayıt”da, “Bakı”da oynamasından qorxmağa dəyməz. Qoy bu futbolçular “Qarabağ”ın, “Neftçi”nin heyətində meydana çıxacaq 11 legionerlə mübarizə aparsın və həqiqətən də güclü olduqlarını sübut etsinlər. Bu məsələdə AFFA-nın da əməli addımlar atması məqsədəuyğun olardı. Qurum milli komandaya futbolçu verən klublar üçün müəyyən güzəşt mexanizmləri hazırlamalıdı. Elə güzəşt mexanizmləri ki, kasıb klublar üçün milli komandaya futbolçu vermək baxımından stimul rolunu oynaya bilsin.

“Yerli mal”ın bahalaşması problemi nizamlanacaq

Azərbaycan futbolunda 6+5-in tətbiqi daha bir fəsada yol açmışdı. Yerli futbolçuların qiyməti fantastik həddə yüksəlmişdi. Limitdən yararlanan futbolçular klublardan layiq olmadıqları məvacibi tələb edirdilər və buna da nail olurdular. Çünki klub rəhbərlərinin başqa yolu qalmamışdı, limit onları buna məcbur edirdi. Ölkədə futbolçu qıtlığı olduğu bir vaxtda, limitin tətbiqi istər-istəməz “yerli mal”ı bahalaşdırmalıydı. Limitin ləğvindən sonra yerli futbolçulara ödənilən fantastik məvacib məsələsi də nizamlanacaq. Yaxşı pul iddialı və varlı klubda olacaq. Çox qazanmağı arzulayan futbolçu inkişaf etmək istəyəcək ki, o klubların heyətinə düşə bilsin.

Rüsum qərarın əhəmiyyətini itirməməlidi

Legionerlərə tətbiq olunacaq rüsum da vacib məqamdı. Türkiyədə bu rəqəm olduqca böyük görünür. Bizdə türklərin təcrübəsindən yararlanmaq olmaz. Öncə nəzərə almaq lazımdır ki, Türkiyədə böyük klubların büdcəsi 100 milyon dolları aşır. Orda kasıbların büdcəsi belə, bizim varlı klubların varidatından çoxdu. Rüsum tətbiq edərkən, bu məqamı mütləq nəzərə almaq lazımdır ki, qərarın əhəmiyyəti itməsin.

Klubun mütləq 3 yetirməsi olsun

Ancaq “11+” sistemində başqa bir bənd mütləq olmalıdı. Türklər bu amili nəzərə alıblar. Klubun yetirməsinin iştirak ərizəsində olmasını deyirik. Bu metod almanlara məxsusdur. Gözəl də metoddur. Klubların uşaq futbolunun inkişafı ilə bağlı məsuliyyətini istər-istəməz artıracaq bu bənd. Bu bənddə qeyd olunmalıdır ki, hər bir klubun iştirak ərizəsində mütləq 3 yetirməsi olsun. Niyə çox yox, məhz üç? Çünki bizdə əksər klubların uşaq futbolu bərbad durumdadır. Onlar iştirak ərizəsinə salmağa futbolçu tapmaqda çətinlik çəkəcəklər. İlk ildə 3 futbolçu ilə kifayətlənmək olar. Amma növbəti illərdə bu rəqəmi artırmaqla klubları uşaq futboluna yatırım qoymağa da məcbur etmək olar.

Düzəlməyənlər özlərini “yandıracaqlar”

Bilirik, bununla bağlı xeyli müzakirələr aparmaq mümkündür. Hər bir qərarın mənfi məqamlarını üzə çıxarmaq da olar. Elə bizim təklif etdiyimiz layihə də mənfi məqamlardan xali deyil. Özünü yerli futbolçuların “qayğıkeş”i kimi göstərməyə çalışan xeyli “mütəxəssis” təbii ki, saxta canıyananlıq edəcək. Hətta limitin ləğvindən iddialı, varlı klubların - “Qarabağ”ın, “Neftçi”nin, “Qəbələ”nin sui-istifadə edəcəyi də proqnozlaşdırıla bilər. Bunlar istisna olunmur. Ancaq onu nəzərə alaq ki, Azərbaycan futbolu hazırda dəyişiklik ərəfəsindədir. Bu ərəfədə islahatlar mütləq vacibdir. Bu islahatlardan sonra da düzəlməyən klublar yalnız və yalnız özlərini “yandıracaqlar”. Onda kimin kim olduğu üzə çıxacaq.

Natiq Muxtarlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR