İdman
Mehriban Əliyeva: "İlk Avropa Oyunları möhtəşəm idman bayramına çevriləcək" - FOTOLAR
Martın 4-də Roma şəhərində “Bakı-2015” ilk Avropa
Oyunlarının təqdimat mərasimi keçirilib.
Publika.az AzərTAc-a istinadən xəbər verir ki,
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,
Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva
mərasimdə iştirak edib.
Heydər Əliyev Fondunun və Azərbaycanın İtaliyadakı səfirliyinin
birgə təşkilatçılığı ilə keçirilmiş tədbirə bu ölkənin
ictimai-siyasi, mədəni dairələrinin, beynəlxalq idman
ictimaiyyətinin nümayəndələri və digər nüfuzlu qonaqlar
qatılıblar.
Azərbaycanın birinci xanımı, Avropa Oyunlarının Təşkilat
Komitəsinin sədri Mehriban Əliyeva, Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva İtaliyanın Müasir
İncəsənət üzrə Milli Qalereyasına gəldilər.
Əvvəlcə Azərbaycan heykəltəraşlarının əl işlərindən ibarət sərgi
ilə tanışlıq oldu. “Bakı-2015” ilk Avropa Oyunlarına həsr olunan
bürünc heykəllərdən ibarət sərgi maraqla qarşılandı. “Biz birlikdə”
adlanan bu sərgidə 20-dən çox heykəltəraşımızın idmanın müxtəlif
növlərini təsvir edən əsərləri nümayiş olunurdu. Sərginin
özünəməxsus cəhəti buradakı əsərlərin hər birinin müxtəlif
cərəyanları nümayiş etdirməklə ilk Avropa Oyunlarının həyəcanını
sənətin dili ilə tamaşaçılara dolğun çatdırmasından ibarət
idi.
Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan haqqında müxtəlif
nəşrləri, o cümlədən birinci Avropa Oyunlarına həsr olunmuş
bukletləri təqdim edildi. Ölkəmizin tarixi, mədəniyyəti,
incəsənəti, mətbəxi barədə nəşrlər, disklər və digər əyani
vəsaitlər maraqla qarşılandı.
Tədbirin aparıcısı “Bakı-2015” ilk Avropa Oyunları haqqında
ətraflı məlumat verdi. Bildirdi ki, bu Oyunların qədim tarixə,
zəngin mədəniyyətə və adət-ənənələrə, yüksək tolerantlıq mühitinə
və qonaqpərvərliyə malik Azərbaycanda keçirilməsi mühüm əhəmiyyət
daşıyır.
Azərbaycanın birinci xanımı, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə çıxış etdi: “Qədim və gözəl Roma şəhərinə yenidən qayıtmaq və bu axşam sizinlə birlikdə olmaq mənim üçün çox xoşdur. Mən sizin hər birinizi səmimi qəlbdən salamlayıram və Azərbaycana göstərdiyiniz xoş münasibət, diqqət və marağa görə dərin minnətdarlığımı bildirirəm”.
Mehriban Əliyeva deyib ki, Roma şəhərində ilk Avropa Oyunlarının
təqdimat mərasiminin keçirilməsi Azərbaycan üçün xüsusi əhəmiyyət
daşıyır: “Çünki məhz bu şəhərdə 2012-ci ilin dekabr ayında Avropa
Olimpiya Komitəsinin Baş Assambleyasında bu Oyunların Azərbaycanın
paytaxtında - Bakıda keçirilməsi haqqında qərar qəbul olunmuşdur.
Mən çox şadam ki, bu axşam Avropa Olimpiya Komitəsinin prezidenti
Patrik Hikki və “Bakı-2015” Koordinasiya Komitəsinin sədri Spiros
Kapralos bizimlədir. Mən demək istəyirəm ki, Oyunlara hazırlıq
zamanı biz hər zaman sizin dəstəyinizi, köməyinizi hiss etmişik.
Mən sizə və Avropa Olimpiya Komitəsinin bütün üzvlərinə təşəkkürümü
bildirirəm”.
Birinci xanım qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa
etdikdən sonra İtaliya dövləti ilə əməkdaşlıq qurub və onu uğurla
inkişaf etdirir: “Bu əməkdaşlıq bir çox sahələri əhatə edir, o
cümlədən siyasi, iqtisadi, humanitar sahələri. Parlamentlərarası
dostluq qrupları, hökumətlərarası komissiyalar fəaliyyət göstərir.
İtaliya bu gün Azərbaycanın ən böyük tərəfdaşlarından biridir.
İtaliyanın böyük şirkətləri Azərbaycanda fəaliyyət göstərir. Ötən
il təməli qoyulan “Cənub” qaz dəhlizi layihəsinin icrası ilə
Azərbaycan qazı yaxın gələcəkdə Avropaya, o cümlədən İtaliyaya nəql
ediləcək. Bu, həm Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə
verdiyi yeni töhfə olacaq, eyni zamanda, İtaliya-Azərbaycan
əməkdaşlığını yeni səviyyəyə qaldıracaq.
Humanitar sahədə əməkdaşlığımız çox uğurla inkişaf edir və Romanın məşhur "Villa Borghese" parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin ucaldılması Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilib”.
Mehriban Əliyeva vurğulayıb ki, Azərbaycanın qədim tarixini və
mədəniyyətini İtaliyada tanıdan tədbirlər, Azərbaycanın mədəniyyət
günləri, sərgilər, konsertlər təkcə Romada deyil, İtaliyanın digər
şəhərlərində də keçirilir: “Heydər Əliyev Fondunun dəstəyi ilə
Romanın Kapitolini Muzeyinin “Filosoflar zalı”nda təmir aparılır.
Azərbaycan dövləti İtaliyanın, Romanın çoxsaylı tarixi abidələrinin
qorunmasına da öz töhfəsini verib və bu barədə ötən il Azərbaycanın
Mədəniyyət və Turizm Nazirliyi ilə Roma şəhər meriyası arasında
saziş imzalanıb. Əminəm ki, idman sahəsində də əməkdaşlıq çox
möhkəmdir və qarşıdan gələn ilk Avropa Oyunları bu əməkdaşlığı daha
da gücləndirməyə yeni imkanlar yaradacaq”.
Birinci xanım çıxışında bildirib ki, baxmayaraq ki Olimpiya
Hərəkatı Avropada doğulub və sonradan bərpa olunub, bu vaxta qədər
Avropa Oyunları keçirilməyib: “Belə bir Oyunları ilk dəfə təşkil
etmək, qəbul etmək və keçirmək, əlbəttə, ölkəmiz üçün həm böyük
şərəfdir, həm də böyük məsuliyyətdir. Əlbəttə, bu qərarı qəbul
edərkən Avropa Olimpiya Komitəsi bir çox faktlara əsaslanırdı:
Azərbaycanda idmana dövlət tərəfindən göstərilən dəstək,
idmançılarımızın uğurları, mövcud idman infrastrukturu və əlbəttə,
ölkənin ümumi inkişafı. Azərbaycanda idmana, Olimpiya Hərəkatına
dəstək dövlət siyasətinin prioritetlərindən biridir. Son 10 ildə
ölkəmizdə 50-dən çox müasir Olimpiya mərkəzləri inşa olunub. Biz
müstəqil ölkə kimi Olimpiya Oyunlarında 1996-cı ildən iştirak
edirik və oyunlardan-oyunlara atletlərimizin uğurları artmaqdadır.
Son Yay Olimpiya Oyunlarında Azərbaycanın yığma komandası ikisi
qızıl olmaqla 10 medal qazanaraq Avropa ölkələri arasında 15-ci
yeri, ümumi iştirakçılar arasında isə 30-cu yeri tutmuşdur. Ötən il
Çində keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında bizim gənc
atletlərimiz beşi qızıl olmaqla 12 medal qazanaraq 200-ə yaxın
iştirakçı arasında 10-cu yeri tutmuşdur”.
Mehriban Əliyevanın sözlərinə görə, Azərbaycan yaxşı anlayır ki,
ilk Oyunlar, onların təşkilatı gələcək Oyunların standartlarını,
səviyyəsini təmin edəcək: “Baxmayaraq ki, hazırlıq üçün bizim cəmi
iki il yarım vaxtımız olub, Azərbaycan bu oyunları ən yüksək
səviyyədə, Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir.
Bunun üçün bütün lazımi tədbirlər həyata keçirilir, Təşkilat
Komitəsi çalışır. Biz beynəlxalq idman qurumları ilə, Avropa
Olimpiya Komitəsi ilə sıx əlaqədə çalışırıq. Ümidvaram ki, ilk
Avropa Oyunları Azərbaycanın paytaxtı Bakıda ədalət, sağlam
rəqabət, dostluq və həmrəylik şəraitində keçəcək və ölkələri,
xalqları, insanları bir araya gətirərək möhtəşəm idman bayramına
çevriləcək.
Sonda bir daha sizin təkrarolunmaz şəhərinizdə olmağımdan
məmnunluğumu bildirmək, qonaqpərvərliyinizə görə sizə dərin
minnətdarlığımı bildirmək istəyirəm. Fürsətdən istifadə edərək sizi
bu il ilk Avropa Oyunlarını seyr etmək üçün ölkəmizə - Azərbaycana
dəvət edirəm”.
Daha sonra mərasim iştirakçıları “Bakı-2015”ə həsr olunmuş filmə
baxdılar. Filmdə ilk Avropa Oyunlarına hazırlıq işləri,
paytaxtımızda yarışlarla bağlı həyata keçirilən mühüm layihələr öz
əksini tapıb.
Tədbirdə çıxış edən İtaliyanın təhsil naziri xanım Stefaniya Ciannini Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın yalnız idmanın deyil, digər sahələrin inkişafına da verdiyi töhfələrdən danışdı.
Bakıya səfərini xatırladan S.Ciannini bu tədbirin Romada
keçirilməsini yüksək səviyyəli Azərbaycan-İtaliya əlaqələrinin
göstəricisi kimi dəyərləndirdi. Diqqətə çatdırdı ki, ilk Avropa
Oyunlarının uğurla keçirilməsinə İtaliya da öz töhfəsini verəcək.
Nazir bu mötəbər idman tədbirinə hazırlığın sürətlə aparılmasını
yüksək qiymətləndirdi.
Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti, Beynəlxalq
Olimpiya Komitəsinin Direktorlar Şurasının üzvü və İrlandiyanın
Olimpiya Şurasının prezidenti Patrik Hikki “Bakı-2015” ilk Avropa
Oyunlarına həsr olunmuş növbəti tədbirdə iştirakından məmnunluğunu
ifadə etdi. Bildirdi ki, Azərbaycanın birinci xanımı Mehriban
Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsinin yarışlara böyük
diqqətlə yanaşması və ciddi hazırlaşması təqdirəlayiqdir. Bu amil
ilk Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında AOK tərəfindən
qəbul edilmiş qərarın nə dərəcədə düzgün olduğunu göstərir.
“İlk Avropa Oyunları hər kəsə - idmançılara, federasiyalara,
Milli Olimpiya komitələrinə və bütünlükdə Avropa gənclərinə faydalı
olacaq”, – deyən P.Hikki vurğuladı ki, Azərbaycanın tezliklə ev
sahibliyi edəcəyi bu mötəbər idman tədbiri bütün dünya gənclərini
ruhlandıracaq.
İtaliya Milli Olimpiya Komitəsinin (İMOK) prezidenti Covanni
Malaqo “Bakı-2015” ilk Avropa Oyunlarının 2016-cı ildə
Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunları üçün seçmə
yarışlara imkan yaratması baxımından önəmini qeyd etdi. O diqqətə
çatdırdı ki, belə yarışların təşkili Avropa qitəsində idmanın
tərəqqisi üçün yeni perspektivlər açır.
İMOK-un prezidenti dedi ki, Azərbaycan bu cür möhtəşəm bir
tədbirə ev sahibliyi etmək öhdəliyini uğurla yerinə yetirir.
“Əminəm ki, bu ölkə öz qonaqpərvərliyi ilə avropalı idmansevərlərin
diqqətini cəlb etməyi bacaracaq. Azərbaycanda Avropa Oyunlarına
hazırlıq işlərinin sürətlə və yüksək səviyyədə aparılması bu
ölkənin yarışa ciddi yanaşdığını və Avropa idman dünyasına
hörmətini nümayiş etdirir. “Bakı-2015” ilk Avropa Oyunları önəmli
bir idman tədbiri kimi uzun müddət yaddaşlarda qalacaq”, – deyə
C.Malaqo bildirdi.
Roma şəhərinin meri İqnatsio Marino ölkələrimiz arasında
mədəniyyət, idman və digər sahələrdə əlaqələrin inkişafından
danışdı. O dedi ki, müvafiq istiqamətlərdə imzalanmış sənədlər
əməkdaşlığımızın genişlənməsinə töhfə verməkdədir. Mer ilk Avropa
Oyunlarının yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə
etdi.
Daha sonra AOK-un prezidenti Patrik Hikki “Bakı-2015” ilk Avropa
Oyunlarının başlanmasına 100 gün qalması münasibətilə Azərbaycanın
birinci xanımına xatirə hədiyyəsi təqdim etdi.
Xatırladaq ki, cari il iyunun 12-dən 28-dək keçiriləcək ilk Avropa Oyunlarında 49 ölkədən 6000-dən artıq atlet idmanın 20 növündə mübarizə aparacaq. Yarışlar Bakıda 21 idman obyektində keçiriləcək.
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək