• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Daha bir həmvətənimiz FİFA-dan cavab gözləyir - Azərbaycan yığmasında oynamaq üçün

  • İdman
  • 13 Mart 2015 15:13
  • 467 Baxış
Daha bir həmvətənimiz FİFA-dan cavab gözləyir - Azərbaycan yığmasında oynamaq üçün

Son illərdə millimizin başına gələn uğursuzluqların səbəbkarı Berti Foqts göstərilirdi. Onun dövründə mənasız “milliləşdirmə kampaniyası” aparan AFFA siyasətini bir balaca dəyişib. Baş məşqçi postuna xorvat mütəxəssis Robert Prosineçkinin gəlişindən sonra artıq Azərbaycanla bağlılığı olan futbolçuların axtarışına başlanıldı. “Siftə” Eddi İsrafilov oldu. İndi isə Pavel Paşayev adlı futbolçunun milliləşdirilməsi gündəmdədir.

Publika.az xəbər verir ki, əvvəlki süni milliləşdirmədən fərqli olaraq, artıq daha çox ölkəmizlə qan bağlılığı olan oyunçular izlənilir. AFFA-nın Prosineçkiyə ilk "hədiyyə"si ana tərəfdən Azərbaycana bağlılığı olan İspaniya "Qranada"sının üzvü Eddi İsrafilov oldu. Bundan sonra axtarışları davam etdirən AFFA daha bir həmyerlimizi Ukraynada tapdı.

Ukraynanın "Metallurq" (Zaporojye) klubunun müdafiəçisi Pavel Paşayev azerisport.az saytına müsahibə verib və gələcək planlarından danışıb.

- "Metallurq"dakı işləriniz necə gedir?

- Yüksək yerlər uğrunda mübarizə aparırıq. Mövsümü mümkün qədər yaxşı pillədə bitirmək istəyirik. Çox yaxşı komandamız var. Bu üzdən indi qərarlaşdığımızdan daha yaxşı yerə layiq olduğumuzu düşünürəm. Fikrimcə, tezliklə istədiyimiz nəticələrə də nail olacağıq.

- Son turda Donetsk "Metallurq"u ilə qarşılaşdınız və 90 dəqiqə meydanda olduğunuz görüşdən məğlub ayrıldınız...

- Bəli, bütün oyunu meydanda keçirdim. Birinci hissədə rəqibə topla oynamağa daha çox imkan verdik. Biz rəqabətdə uduzurduq. Amma fasilədən sonra daha yaxşı oynamağa başladıq və qol vurmağa layiq idik. Sadəcə, alınmadı.

- Hazırda 11-ci pillədəsiniz. Buna görə yəqin ki, klub rəhbərliyi narazıdır...

- Biz hamımız bundan narazıyıq. Hər şey özümüzdən asılıdır. Fikrimcə, biz hələ turnir cədvəlində yüksələ biləcəyik.

- Bu mövsüm çıxdığınız 14 oyundan hansı sizin üçün daha çətin keçib?

- Hər bir oyun özünə görə ağırdır. Amma daha çətin və maraqlı görüşlərimiz liderlər qrupunda qərarlaşan "Dnepr", "Şaxtyor" və "Dinamo" ilə olub.

- Yeri gəlmişkən, baş məşqçiniz də sizə güvənir...

- Münasibətimiz yaxşıdır. Bir-birimizə hörmətlə yanaşırıq.

- AFFA-dan sizə dəvət gəlib. Bu məsələ nə yerdədir?

- Düzünü deyim ki, bütün bu işlərlə menecerim məşğul olur. Amma mən özüm şəxsən Azərbaycan yığmasında oynamağı çox istəyirəm.

- Ukrayna mətbuatı yazır ki, siz bu ölkənin yığmasında iki qeyri-rəsmi oyunda da olsa, iştirak etdiyinizə görə, Azərbaycan millisində oynaya bilməzsiniz...

- Mən U-21-in heyətində rəsmi oyunlarda iştirak etmişəm. Azərbaycan yığmasında iştirakıma razılıq verilib-verilməyəcəyi bilinmir. Buna FİFA qərar verəcək. Yaşayıb, görəcəyik.

- Millimizlə bağlı hədəfiniz nədir?

- Əsas heyətdə oynamaq, komandanın uğurlu nəticələr qazanmasına kömək etmək.

- Zəif komandada oynamaq sizin üçün çətinlik yaratmayacaq?

- Azərbaycan yığmasının zəif olduğunu düşünmürəm. İndi bu komandaya çox yaxşı mütəxəssis rəhbərlik edir. Həm də komandanın güclü futbolçuları var. Sadəcə, bir az vaxta ehtiyac var ki, yaxşı komanda formalaşdırılsın.

- "Metallurq"da bununla bağlı sizə nə deyirlər? Çünki millimizdə oynamağa başlasanız, Ukraynada legioner sayılacaqsınız...

- Düzü, klubda bununla bağlı heç bir söhbət olmayıb. Amma Azərbaycan yığmasında oynamaqla legioner futbolçuya çevrilməklə "Metallurq"da problem yaşayacağımı demək olmaz.

- Azərbaycan klublarından təklif almamısınız?

- Xeyr. Amma hər şey ola bilər.

- FİFA-nın cavabı nə vaxt bilinəcək?

- Bilmirəm. Gözləmək lazımdır.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR