Azərkosmos I Avropa Oyunlarının peyk yayımını həyata keçirəcək
Bizi izləyin

İdman

Azərkosmos I Avropa Oyunlarının peyk yayımını həyata keçirəcək

Bu gün Birinci Avropa Oyunlarının Əməliyyat Komitəsi Qafqazın ilk və yeganə peyk operatoru olan Azərkosmosu Bakı 2015-in Rəsmi Dəstəkçisi və Rəsmi Peyk Xidmətləri Təchizatçısı elan edib.

Publika.az-a daxil olan məlumata görə, Azərkosmos Birinci Avropa Oyunlarının 11-ci rəsmi dəstəkçisi oldu və tədbirin ən maraqlı anlarının Avropa, eləcə də dünyanın digər qitələrindəki milyardlarla televiziya tamaşaçısına çatdırılmasında mühüm rol oynayacaq.

Eyni zamanda, şirkət avarçəkmə yarışlarına ev sahibliyi edəcək Mingəçevirdən informasiyanı Bakıda yerləşən Beynəlxalq Yayım Mərkəzinə ötürmək üçün, Avropa Oyunlarını peyk rabitəsi olan xüsusi avtomobillə təmin edəcək.

Azərbaycan Respublikasının gənclər və idman naziri, Bakı 2015-in baş icraçı direktoru cənab Azad Rəhimov bu əməkdaşlıq haqqında aşağıdakıları bildirib: “Azərkosmos Azərbaycanda böyük əhəmiyyəti olan, rəğbətlə qarşılanan şirkətdir və Avropa Oyunları yarışlarının 74 beynəlxalq yayım tərəfdaşımıza ötürülməsində çox önəmli yer tutacaq. Biz çox şadıq ki, Azərkosmos beynəlxalq idman aləmində böyük nüfuz qazanacaq Avropa Oyunlarının dəyərli, güclü tərəfdaş və dəstəkçilərinin sırasına qoşulur”.

Azərkosmos Qafqaz regionunda yeganə olmaqla Azərbaycanın ilk milli peyk operatorudur və dövlət, eləcə də, özəl sektordan olan müştərilərini birbaşa peyk yayımı, səs, video, məlumat, mobil rabitə xidmətləri ilə təmin edir.

Azərkosmos ASC-nin sədri cənab Rəşad Nəbiyev əməkdaşlıqla bağlı bunları bildirib: “Birinci Avropa Oyunlarına ev sahibliyi etmək Azərbaycan üçün tarixi hadisədir və biz bu cür mötəbər tədbirin rəsmi dəstəkçisi olduğumuz üçün məmnunuq. Azərkosmos ən son texnologiyadan istifadə etməklə cəmiyyətin inkişafına dəyər qatdığı üçün qürur hissi duyur və Bakı 2015 Oyunlara hazırlıq prosesi zamanı öz yeniliklərini təqdim etdi. Bizim vəzifələrimiz bir-birini mükəmməl şəkildə tamamlayır və biz birlikdə qalib komanda formalaşdıracağıq.”

Azərkosmos Bakı 2015 Avropa Oyunlarının rəsmi dəstəkçiləri Azərsun Holdinq, Bazarstore, McDonald’s Azərbaycan, Milla, Motorola Solutions, NAZ, Nestle, Red Bull, Sitecore və Tickethourun arasında yer alır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm