• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Xüsusi azərbaycanlı”nın iziylə uzaq Qafqaza səfər

  • İdman
  • 26 May 2015 21:12
  • 1 130 Baxış
“Xüsusi azərbaycanlı”nın iziylə uzaq Qafqaza səfər

Səhər-səhər "Vladiqafqaz" otelinin qarşısında, azərbaycanlı milyonçu Musa Nağıyevin tikdirdiyi məscidin yanında, Terek çayının sahilində gəzən xanımlar körpünün üstündə dayanan adamı görüncə təəccübləndilər. Əvvəlcə duruxdular: bu odur? O olduğuna əmin olunca əhatəyə aldılar onu. Sanki doğmaları ilə görüşürdülər. Təbii ki, belə fürsəti əldən buraxmaq olmazdı: onunla şəkil çəkdirmək istəyənlərin növbəsi yarandı. Kənardan bu mənzərəni müşahidə etdikcə, əmin oldum. Əmin oldum ki, o, bu şəhərdə xüsusi adamdır, xüsusi azərbaycanlıdır. Bizim üçün o, Nazim Süleymanovdur, Vladiqafqazda isə sadəcə, Sulyadır.

Sərhəddən göndərilən salam

Nazim Süleymanovun "Xüsusi azərbaycanlı" olduğunu hələ sərhəd-buraxılış məntəqəsini keçərkən hiss etmişdik. Yalama sərhəd-buraxılış məntəqəsinə çatanda növbənin olduğunu gördük. Uzun illərdir bu yolu gedib-gələn peşəkar sürücümüz Çingiz Primetov "axşama qədər burdayıq" deyincə, hamının - Fanat.az-ın baş redaktoru Əli Sahibin, ATV telekanalının əməkdaşı İlkin Fikrətoğlunun, "Futbol+" qəzetinin yazarı Amal Abuşovun siması "dilxor görüntü"yə təslim oldu. Buraxılış məntəqəsində dayanmış zabitə yaxınlaşıb "Vladiqafqaza gedirik, Nazim Süleymanovun tədbirinə, amma deyəsən, gecikəcəyik" deyincə, hər şey dəyişdi. Zabit dərhal kiminləsə əlaqə saxladı, qapılar açıldı, jurnalistləri aparan avtomobil içəri buraxıldı. Cəmi beş dəqiqəyə sənədlərimizi, əşyalarımızı yoxlayan sərhədçilər və gömrükçülər "yaxşı yol, bizdən Nazimə salam çatdırın" deyib, bu dəfə Rusiyaya baxan qapını taybatay açdılar. Sərhədçilərimizin və gömrükçülərimizin "Xüsusi adam"a - Nazim Süleymanova göndərdikləri salamı götürüb üz tutduq uzaq Qafqaza tərəf.

Osetin polislə azərbaycanlı polisin oxşar münasibəti

Vladiqafqazın girişində bizi saxlayan, şəhərə hansı məqsədlə gəldiyimizi soruşan polisə "futbol matçına gəlmişik, "Alaniya" - "Neftçi"ylə oynayacaq" dedik. Osetiya polisinin də futbola münasibəti elə azərbaycanlı polisin münasibəti kimiymiş: "Necə, yenə də bu "Alaniya"? Yenə də stadiona getməli, ayaq üstə dayanmalıyıq?". "Narahat olmayın, bu dəfə veteranlar oynayacaq, bu, şou xarakterli oyundur, Sulyanın 50 illiyi şərəfinə" dedik. Polisin reaksiyasını isə görməyə dəyərdi: "Sulya gəlir? Onun üçün stadionda böyük məmnuniyyətlə ayaq üstə duraram".

Gedək stadiona

Nazim Süleymanovu yerlipərəstlik edərək "Xüsusi adam" adlandırdığımı düşünməyin ha. Onu "Xüsusi adam" kimi Osetiyanın "Xüsusi ağsaqqal"ı da təqdim etdi. Ancaq bu barədə bir az sonra. Hələ gedək stadiona...

"Alaniya" ilə "Neftçi"nin veteranları yerli vaxtla saat 16:00-da qarşılaşacaqdı. "Spartak" stadionuna təxminən saat yarım əvvəl gəldik. Stadionun ətrafını polislər mühasirəyə almışdı. Giriş qapısında xanım nəzarətçiləri görüncə, təəccübləndim. Azarkeşlərin üst-başını bunlarmı yoxlayacaq? Amma 30 dəqiqədən sonra arenanın qarşısındakı qələbəliyə nəzər yetirərkən hər şey aydın oldu. Stadiona gələnlərin arasında xeyli xanım azarkeş də vardı. Xanım nəzarətçilər də onları yoxlayırdı.

Tam fərqli bir publika

Vladiqafqazda futbol publikası tamamilə fərqlidir. Burda stadiona uşaq da, cavan da, qoca da, qadın da gəlir. Anaların azyaşlı övladlarının əlindən tutaraq axın-axın stadiona gəlməsini görməyə dəyərdi. Vladiqafqazlılar üçün futbol təkcə emosiya oyunu deyil. Onlar üçün futbol həm də incəsənətdir, arena teatr səhnəsidir. Onlar stadiona istirahət etməyə, zövq almağa, onlara zövq verənləri alqışlamağa gəlirlər. Kimsə artıq hərəkətə yol vermir, kimsə ağzından artıq-əskik söz çıxarmır. Publika barədə yenə də danışacam. Amma "Xüsusi adam"ın izini buraxmayaq.

Stadiona daxil olan 7-dən 77-yə hər kəs öncə "Neftçi"nin veteranlarını gətirən avtobusun yanına tələsirdi. Tərtibatçı-rəssam Əziz Əliyev Sulyanın şəkillərini xüsusi zövqlə avtobusun üzərinə vurmuşdu. Hamı avtobusun yanına tələsərək şəkil çəkdirməyə can atırdı. Bir azdan isə kitab almaq üçün növbə yarandı. Nazim Süleymanovun 50 illik yubileyi ilə bağlı buraxılmış kitabı əldə etmək üçün əsl mübarizə gedirdi. Azarkeşlərdən biri növbəyə yaxınlaşaraq, kitabın qiymətini soruşdu. Kənardan müşahidə aparan şəxslərdən biri "2 min rubl" dedi. Azarkeş dərhal əlini cibinə saldı. Ancaq kitabı paylayan şəxs onun satılmadığını, vladiqafqazlılara hədiyyə verildiyini dedi. Hədiyyəsini alan azarkeş nə desə yaxşıdır? Kitabı hədiyyə etdikləri üçün təşəkkürunu bildirdi və "2 min rubl nədi ki, Sulyanın qiyməti yoxdu" dedi. Uzaq Qafqazda bu mənzərəni seyr edən, həmyerlisi haqqında bu sözləri eşidən azərbaycanlı necə qürurlanmaya bilər?

Vladiqafqazlılar Sulyanı özəlləşdirə bilməz

Və "Azərbaycan, Azərbaycan" şüarları eşidilir. Barabanlarla, bayraqlarla "silahlanmış" bir dəstə azarkeş stadiona daxil olur. Axı bunlar "Alaniya"nın azarkeşlərinə oxşamırlar... Hardan gəliblər? Nalçikli fanatların Azərbaycandan gələn avtobusun yanında hansı "oyunlar"dan çıxdığını görməyə dəyərdi. Onlar barabanı döyəcləyir, dayanmadan "Sulya, Azərbaycan" qışqırırdılar.

Təbii ki, onlarla söhbətləşdik. Nalçik "Spartak"ının azarkeşləri elə belə də dedilər: "Valdiqafqazlılar Sulyanı özəlləşdirə bilməz. O, bütün Qafqazındır". Kabardin-balkar fanatlar Vladiqafqaza xüsusi olaraq Süleymanov üçün gəldiklərini bildirdilər.

İnsanı riqqətə gətirən mənzərə

Bu da oyun. "Spartak" stadionunun mərkəzi tribunası tamamilə dolub. Hər iki komandanın futbolçularını böyük coşqu ilə alqışladılar. Nazim Süleymanov stadiona daxil olarkən, tribunada yaşananları görmək üçün iki göz azlıq edirdi. Sulya öncə əlil arabasında olan azarkeşə yaxınlaşdı. Onlar bir-birlərinə sarmaşdılar. Əlil arabasına məhkum olan azarkeşin uzun müddətdən sonra elə bu stadionda Nazim Süleymanovu növbəti dəfə qucaqlaya bilməsinin sevincini sözlə ifadə etmək mümkün deyil. Sulya Bakıdan gətirdiyi xüsusi hədiyyəni pərəstişkarına təqdim edir. Stadion insanı riqqətə gətirən bu mənzərəni ayaq üstə alqışlayır. Sulya üçün bütün Osetiya səfərbər olmuşdu. Respublikanın rəhbər şəxsləri, adlı-sanlı idmançılar, dünya və olimpiya çempionları stadionda idi. Osetiyanın idman naziri, əfsanəvi güləşçi, olimpiya çempionu Hasan Baroyev (bu şəxs haqqında hələ danışacağıq) hətta meydana da çıxdı. Süleymanovla top da qovdu, qol da vurdu.

Vladiqafqazlılar Musa Qurbanova görə necə təəssüfləndilər?

Publika yenə də möhtəşəm idi. Hər iki komandanın futbolçuları alqışlanırdı. Sulyanın özünəməxsus daban ötürmələri, Musa Qurbanovun (oyundan sonra vladiqafqazlılar zarafatla "biz Musanı o vaxt niyə tapıb bura gətirə bilməmişik?" deyirdilər) sürətli reydləri, texniki fəndləri, Oqtay Abdullayevin yaşına uyğun olmayan fiziki "performans"ı azarkeşlər tərəfindən dəfələrlə alqışlandı. Süleymanov həm "Alaniya"nın, həm də "Neftçi"nin heyətində qol vurdu. Sulya ilk hissədə "Alaniya"nın şərəfini qorudu. Hissənin sonunda isə məşqçi onu əvəzlədi. O, meydanı tərk edir. Bütün azarkeşlər onu alqışlayır.

Qarşılaşma bu tip oyunların ssenarisinə uyğun başa çatdı. Qapılara 14 qol vuruldu. Təbii ki, hər iki komanda bərabər sayda - 7 dəfə fərqləndi. Futbolçular meydanda zarafat etdilər, "kobud" oyuna əl atdılar, hətta sarı vərəqə alanı da oldu. Amma hamı zövq aldı. Oyun bitdi. Yenə də publikanı tərifləməli olacam. Hakimin fitindən sonra bircə nəfər də stadionu tərk etmədi. Hamı ayaq üstə idi. Qoca da, cavan da, qadınlar da, uşaqlar da. Hamı Sulyanı alqışlayırdı. "Spartak" stadionunda növbəti dəfə "Sulya, Sulya" qışqırtısından qulaq tutulurdu.

Azərbaycanlı futbol veteranları - Ağasəlim Mircavadov da, Novruz Əzimov da, Əsgər Abdullayev də, Yaşar Vahabzadə də, Təbriz Həsənov da baş verənlərdən heyrətlənmişdilər. Azarkeşlərin davranışından, futbola, futbolçulara sayğısından heyrətlənmişdilər. Bir azərbaycanlı futbolçunun ölkədən kənarda sahib olduğu nüfuzun verdiyi qüruru heç nə ilə müqayisə etmək mümkün deyil. Hər kəsin simasında bu qürür sezilirdi.

Rusiyalı jurnalistlərin 6-cı cəhdi

Nazim Suleymanov osetin dilində nitq söylədi. Mərasim yekunlaşdı, futbolçular paltardəyişmə otağına getdilər. Amma azarkeşlər stadionu tərk etmədilər. Stadionun qarşısı, dəhliz fanatlar tərəfindən işğal olunmuşdu. "Rossiya-1" telekanalının əməkdaşları reportajın son kadrını elə dəhlizdə lentə almaq istəyirdilər. Müxbir kütlənin arasından keçib, "əfsanənin oyunu qurtarıb, amma azarkeşlər stadionu tərk etmirlər" deyərək, kameraya tərəf yaxınlaşır. Onlar bu kadrı 6-cı cəhddə çəkə bildilər. Azarkeşlər belə asanlıqla əl çəkməzdilər ki, Sulyadan. Bir müddət əlində kitab, forma tutmuş uşaqlara avtoqraf yazmalı oldu.

"Buna bizim haqqımız çatmır" deyən vladiqafqazlı

Lənət şeytana, axı 10-12 yaş arasında olan bu uşaqlar heç vaxt Sulyanın oyununu görməyiblər. Bəs nədən onlar Nazim Süleymanovdan avtoqraf almaq üçün az qala bir-birlərini tapdalayırlar? Valideynlərdən biri bunu belə izah etdi: "İndi Osetiya futbolu yaxşı günlərini yaşamır. Bütün Osetiya üçün çempion olmuş "Alaniya" var. Nazim o əfsanəvi komandanın əsas üzvü idi. Biz o əfsanəvi komanda, o əfsanələr haqqında uşaqlarımıza danışırıq. Bundan sonra da danışacağıq. Bizə sevinc, qürur bəxş edən, şöhrət gətirən o əfsanələri unuda bilmərik. Buna bizim haqqımız çatmır. Uşaqlarımıza da onlar haqqında danışmalıyıq. Bu, bizim borcumuzdur".

"Xüsusi ağsaqqal"ın təqdimatı

Stadionu tərk edirik. Azarkeşlərin maşın karvanı da veteranları aparan avtobusu otelə qədər müşayiət edir. Təxminən 2 saatlıq istirahətdən sonra Nazim Süleymanovun şərəfinə təşkil olunmuş banket başlayır. Sulya otelin foyesində görünən kimi yenə də azarkeşlərin əhatəsinə düşür. Yenə də heç kimin sözünü yerə salmır, banketə tələsməsinə baxmayaraq, avtoqraf paylayır, şəkil çəkdirir. Nazim Süleymanovun banketini idarə etmək üçün Osetiyanın "Xüsusi ağsaqqal"ı Maxarbek Baroyev şəxsən təşrif buyurmuşdu. Əfsanəvi güləşçi, idman naziri Hasan Baroyevin atası. Nazimi də "Xüsusi adam" kimi o təqdim etdi: "Osetiyalıları istedadı olan idmançılarla təəccübləndirmək olmaz. Bu respublika istedadlı idmançı qıtlığı yaşamır. Osetiyadan saysız-hesabsız olimpiya, dünya və Avropa çempionları çıxıb. Amma istedadı ilə yanaşı, xarakteri, davranışı, xasiyyəti ilə osetiyalıların sevimlisi olmağı az-az idmançı haqq edib. Sulya o idmançılardandır".

Soçidən gəlmiş nümayəndə heyətinin üzvü Qleb Qutiyevin dediklərini də oxuyun: "Braziliya dünyaya xeyli istedadlı futbolçu bəxş edib. Amma braziliyalıların sevimlisi Qarrinça olub. "Alaniya"nın da heyətində xeyli istedadlı futbolçu oynayıb. Amma Osetiyanın sevimlisi Sulya olub".

Bu fikirlər Nazim Süleymanovla birlikdə "Alaniya"da top qovan, komandanın əfsanəvi çempionlarından sayılan İnal Cioyev, Baxva Tedeyev, Artur Paqayev, Alan Aqayev, Şamil İsayevin yanında deyilirdi. Amma onların simasında qətiyyən qısqanclıq hiss olunmurdu. Nazim Süleymanovun ünvanına səslənən hər tərifdən sonra qol-qola girib bir ağızdan "Sulya, Sulya" qışqırırdı bu əfsanələr.

Bir xalqın kumiri, üstəlik həm də naziri olasan...

Heç şübhəsiz ki, tədbirin təşkilində ən böyük əziyyəti Osetiyanın idman naziri Hasan Baroyev və müavini Lazo Kessayi çəkmişdi. Olimpiya və dünya çempionu olan bu əfsanəvi idmançının sadəliyindən danışmamaq mümkün deyil. Bir xalqın kumiri, üstəlik, həm də naziri olasan, amma sadəliyini də bu qədər qorumağı bacarasan. Hasan Baroyev tədbirdə hamı ilə ilgiləndi, hər kəsə qayğı göstərdi, oxudu, rəqs etdi. Hətta atasıyla - Osetiyanın "Xüsusi ağsaqqal"ı ilə də zarafatlaşdı, onunla qol güləşdirdi. Azərbaycanlı jurnalistlərin stoluna yaxınlaşdı, Sulyanın sağlığına badə qaldırdı. Fərid Mansurovu, Rövşən Bayramovu soruşdu və "Avropa oyunları zamanı Bakıya gələcəm" dedi.

Vladiqafqaz səfəri üçün nəticə: futbol təkcə oyun deyil. Futbol dəyərdir, futbol sevgidir, futbol bir millət haqqında bir ölkədə yaradılan imicdir, qazanılan hörmətdir, sevgidir. Nazim Süleymanov bundan artıq neynəyə bilər ki? O, Osetiyada xüsusi adamdır, xüsusi azərbaycanlıdır. Nazim Süleymanova görə Vladiqafqaza gedən hər bir həmyerlimiz "xüsusi adam" statusunda olacaq. Buna heç şübhəniz olmasın. Uzaq Qafqaza səfər etsəz, çətinliklə üzləşsəz, "Sulyanın həmyerlisiyəm" deməyiniz kifayətdir. Sizə kömək edib, qayğı göstərəcəklər. Süleymanov azərbaycanlılar üçün bu statusu oyunu, davranışı və xasiyyəti ilə qazanıb. Lütfən, Vladiqafqaza səfər etsəz, bu statusa xələl gətirəcək hərəkətə yol verməyin.

"Xüsusi azərbaycanlı"nın iziylə uzaq Qafqaza səfər etdi: Natiq Muxtarlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR