Elxan Məmmədov: “Məhz bu səbəbdən məcbur olub komandaların sayını azaltdıq”
Bizi izləyin

İdman

Elxan Məmmədov: “Məhz bu səbəbdən məcbur olub komandaların sayını azaltdıq”

AFFA-nın baş katibi Elxan Məmmədov bu gün “Bayıl Arena” stadionunda jurnalistlərin suallarını cavablandırıb.

Publika.az həmin müsahibəni təqdim edir.

- Gənclər və idman naziri Azad Rəhimov bu gün jurnalistlərə açıqlamasında isveçli futbolçu Zlatan İbrahimoviçin Azərbaycana gəlişinin “Bakı-2015”-lə bağlı olmadığını deyib. AFFA onun gəlişindən istifadə edib, futbolla əlaqəli İbrahimoviçlə görüş keçirə bilərmi?

- Sözün düzü, biz bundan dünən xəbər tutduq. Təbii ki, çoxlu sayda zənglər qəbul etdik. Zəng edənlər sual verirdilər ki, olarmı gələk AFFA-ya, Zlatanla şəkil çəkdirək... Bizim öncədən xəbərimiz olsaydı, təbii ki, bundan istifadə edib hansısa bir tədbir, layihə təşkil edərdik. Amma onu da nəzərə alaq ki, Bakı şəhəri hazırda Avropanın idman mərkəzinə çevrilib. Buna görə də, biz böyük futbol ulduzlarının Azərbaycana gəlişini gözləməliyik. Kimisi dincəlməyə, kimisi öz dostlarını görməyə, kimisi isə iş üçün gəlir. Bu o demək deyil ki, biz Bakıya gələn hər bir insanla hansısa layihə həyata keçirək. Artıq belə şeylərə normal baxmağın vaxtı gəlib. Yadımdadı, 17 yaşadək qadınlar arasında dünya çempionatı keçirəndə püşkatma vaxtı Fransadan nümayəndələr gəldi. Heç xəbərimiz yox idi, yanımızda Villi Sanyol oturmuşdu. Komandada texniki nümayəndə kimi təmsil olunmuşdu. İdmanda tanınmış adların Azərbaycana gəlməsi normaldı. Zlatan Azərbaycana 2-3 günlük dincəlməyə gəlib. Belə məqamda, onu təzyiq altında qoymaq, mütləq görüşmək istəyi düzgün olmaz.

- Avropa Oyunları proqramında olan çimərlik futboluna gələn qonaqlar arasında ulduzlardan kimlərin olacağı bilinirmi?

- Bir neçə ölkədən bizə müraciət gəlib. Bildiyiniz kimi, İspaniya və İtaliya kimi yığmalar oynayacaq. Ola bilər ki, bu komandalarla bir yerdə böyük futboldan da ulduzlar gəlsinlər Bakıya.

- Bu günlərdə FİFA prezidentliyinə seçkilər keçirildi və orda AFFA rəhbərliyi də iştirak etdi. Əvvəlki illərə baxanda bu dəfə seçkilər daha gərgin keçdi. Maraqlıdır, AFFA rəhbərliyi kimi dəstəklədi?

- Bəli, seçkilər gərgin keçdi. Çünki artıq FİFA prezidentliyinə namizədlərin sayı çox idi. 4 il əvvəllə müqayisədə bu dəfə 4 namizəd var idi. Gərginlik çox idi və artıq 1 həftə qalmış digərləri namizədliyini geri götürdülər. Seçkilərə 2 gün qalmış isə FİFA-nın bəzi nümayəndələri ilə bağlı mənfi hallar baş verdi. Lakin səsvermənin nəticələrinə baxsaq, cənab Blatter seçkilərdə qalib gəldi. Biz futbolun inkişafına səs vermişdik və kimə səs verdiyimizi açıqlamaq istəmirəm. Təbii ki, Avropanın futbol federasiyaları ilə eyni mövqelərimiz var, biz həm UEFA-nın, həm də FİFA-nın üzvüyük. Amma bizim öz fikrimiz, qərarımız var. Və buna uyğun səs verdik.

- Azərbaycan çempionatının aqibəti necə olacaq? Konkret olaraq, “İnter” Avropa Liqasında çıxış edəcəkmi?

- Bilirəm ki, “İnter”in vəziyyəti daha vacibdi. Çünki bu komanda avrokuboka vəsiqə qazanıb, orda oynamalı, Azərbaycanı təmsil etməlidi. Dünən “İnter”in prezidenti Georgi Nikolovla görüşümüz oldu. Təxminən 1 saat ərzində müzakirələr apardıq. Mənə əminliklə bildirdi ki, “İnter” avrokubok oyunlarında Azərbaycanı layiqincə təmsil edəcək. Təbii ki, burda söhbət nəticədən yox, iştirakdan gedir. Nikolov bildirdi ki, qısa müddətdə heç bir problem olmayacaq. Lakin uzun müddətdə təbii ki, problemlərin olacağını anlayırıq. Düşündük ki, danışıqları iki mərhələyə bölək. Qısa və uzun müddətli. Qısa müddətli mərhələ komandanın Avropa Liqasındakı iştirakı ilə bağlıdı. Bundan sonra isə iyulda oturub, uzunmüddətli müzakirə edəcəyik. Təbii ki, “İnter” klubu Premyer Liqada iştirak etməlidi. Bu komanda həmişə yaxşı nəticələr qazanıb. Bu cür komandanı itirmək yaxşı olmazdı. Onsuz da, keçən il komandalarımızı itirmişik. Növbəti illərdə çalışmalıyıq ki, belə hallar təkrarlanmasın. AFFA-nın prezidenti Rövnəq Abdullayev da deyib ki, bizim üçün əsas məsələ Azərbaycan futbolunda sabitlik yaratmaqdır. Bu cümlə elə-belə deyilməmişdi. Təhlil apardıq, gördük ki, Azərbaycanda peşəkar klubların sayı 1990-cı illərlə müqayisədə azalır. Bəzi komandalar çıxış edir, 3 ildən sonra isə yox olur. Biz təmin etməliyik ki, elitadakı klubların minimum 80 faizi Premyer Liqada stabil iştirak etsinlər. Bu problem təkcə bizdə deyil, müxtəlif ölkələrdə də mövcuddur. Suallar yaranır ki, nəyə görə komandaların sayı 10-a endirildi? Maliyyə durumunu nəzərə almaq lazımdır. Məhz bu səbəbdən məcbur olub, komandaların sayını azaltdıq. “İnter” və “Simurq”un maliyyə vəziyyətinin çətin olduğunu martın sonunda bildik. İlk aylarda bu klubların rəhbərliyi bizə bildirirdi ki, heç bir problem olmayacaq. Onda biz rahat idik. Lakin sonra başa düşdük ki, uzunmüddətli problemlər yarana bilər. Artıq hazırlıq işləri görürük, bəzi sponsorlarla, tərəfdaşlarla, İcra Hakimiyyətləri ilə danışıq aparmağa başlamışıq.

- “İnter” rəhbərliyinin verdiyi sözün üstündə durmamağı AFFA rəhbərliyini çətin vəziyyətdə qoymaz ki?

- Ümumi olaraq, Azərbaycan futbolunu çətin vəziyyətdə qoya bilər. Bu klublar həvəskar yox, peşəkar futbol klubları sayılır. “İnter” futbol klubunun rəhbərliyi deyirsə ki, bizim komandada müqavilələr bağlanılıb, Avropa Liqasında çıxış edəcəyik, deməli, biz buna inanmalıyıq. Bizim durub onlardan sübut istəməyimiz düzgün çıxmaz. Hal-hazırda “İnter” daha vacibdir. Təbii ki, bölgə klubu olduğu, infrastruktura malik olduğu üçün “Simurq” da vacibdir.

- Ölkə kubokunun finalında kimdən qələbə gözləyirsiz: “Neftçi”dən, yoxsa “Qarabağ”dan?

- “Neftçi”də hal-hazırda islahatlar gedir. Düşünürəm ki, “Neftçi”nin stimulu daha çoxdur. Çünki çempion ola bilmədi. Ancaq “Qarabağ” da son 2 ildə çox güclü futbol nümayiş etdirir. Demək olar ki, Azərbaycan müstəqilliyi dövründə ən güclü komanda yaradılıb. Konkret cavab vermək çox çətindir (gülür).

- I Divizionda yüksək yerləri tutan komandalar nə vaxt Premyer Liqaya vəsiqə qazanacaqlar?

- Xahiş edirəm ki, bu haqda çox yazasız. Bu gün bizdə belə bir fikir yaranıb ki, komanda I divizionda birinci yeri tutubsa, mütləq Premyer Liqada çıxış etməlidir. Belə deyil. Komanda və klub işinə daha peşəkar yanaşmalıdır. Neçə ildir ki, biz lisenziyalaşdırma prosesini tətbiq etmişik. Bu, 1 günlük iş deyil. 7-8 ay ərzində əməkdaşlarımız, UEFA nümayəndələri ilə birlikdə bu proseslərdə iştirak edirlər. Avropada da bəzən böyük klublara lisenziya verilmir. Biz peşəkarlıq, maliyyə stabilliyini yaratmaq istəyiriksə, klublarda peşəkarlığı artırmalıyıq. Onda belə problemlərlə üzləşmərik.

- Əsas milli kimi, U-21-in də təlim-məşq toplanışını Avstriyada keçirəcəyi deyilirdi, ancaq bu baş tutmadı. Səbəb nə oldu?

- Milli komanda Avstriyaya gedirsə, deməli, vəsait var. U-21-ə gəldikdə onları Farer adaları ilə oyun gözləyir. Həmin vaxt Farer adalarının əsas komandası da rəsmi görüş keçirəcək. Otellərdə böyük problem yarandı. Biz UEFA-ya müraciət etdik ki, onlar tarixi dəyişsinlər. Nəticədə matç ayın 17-nə salındı. Biz də düşündük ki, Avstriyaya getməkdənsə, Farer adalarına daha yaxın ölkəyə gedək. Buna görə də, Danimarkanı, Kopenhagen şəhərini seçdik. Dəyişiklik ancaq bundan ibarət oldu.

- Əsas yığmamızın Norveçlə səfər görüşündə hansı nəticəyə ümid edirsiz?

- Norveçdə 3 xal qazanmalıyıq. Çünki hazırda hesabımızda cəmi 3 xal var, bu isə çox azdır. Buna görə də, səfərdən qələbə ilə qayıtmalıyıq. Komandamız artıq məşqlərə başlayıb.

- Millimizin avqustda hansı yığma ilə yoxlama görüşü keçirəcəyini müəyyənləşdirmisizmi?

- Danışıqlar gedir. Hələ ki, ad çəkə bilmərəm. İyulda Sankt-Peterburq şəhərində dünya çempionatının püşkatması keçiriləcək. Əvvəlcə püşkatmanın nəticəsini gözləməliyik ki, bundan sonra komanda ilə danışıq aparaq. Bizim üçün yoldaşlıq oyunlarına rəqib tapmaq problem deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm