Azərbaycan Prezidenti rəqəmləri açıqladı
Bizi izləyin

Ekopublika.az

Azərbaycan Prezidenti rəqəmləri açıqladı

“Altı ay ərzində iqtisadiyyatımız inkişaf edib, baxmayaraq ki, neftin qiyməti aşağı səviyyədədir. Baxmayaraq ki, qonşuluqda iqtisadi vəziyyət hələ ki, o qədər də müsbətə doğru dəyişməyib, Azərbaycan iqtisadiyyatı inkişaf edir. Bax indi gətirəcəyim rəqəmlər bunu göstərəcək və sübut edəcək ki, bu, doğrudan da, tarixi nailiyyətdir. Beləliklə, 6 ayda iqtisadiyyat 5,7 faiz artmışdır”.

Publika.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında giriş nitqi zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, bu, çox gözəl göstəricidir, ölkəmizin dinamik inkişafını sübut edir: “Bundan da gözəl göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da biz 9,2 faiz artımı görürük. Yəni, bundan yuxarı nəticə ola bilməz. Sənaye istehsalı təxminən 4 faiz artmışdır. Qeyri-neft sənayesi 14 faizdən çox artmışdır. Bu da son illərdə sənayeləşmə, yeni sənaye zonalarının yaradılması ilə bağlı görülmüş işlərin, tədbirlərin nəticəsidir”.

Prezidentin sözlərinə görə, Azərbaycanda inflyasiya aşağı səviyyədədir - 3,5 faiz. Əhalinin pul gəlirləri ənənəvi olaraq inflyasiyanı üstələyir və 6,2 faiz artmışdır. Kənd təsərrüfatı 7 faizdən çox artmışdır, daha doğrusu, 7,3 faiz. Bu da son illər ərzində ən yüksək artım tempidir. Bu da görülən işlərin nəticəsində mümkün olmuşdur: “Ölkəmizə 6 ayda 12,7 milyard manat sərmayə qoyulmuşdur. Bu da çox böyük rəqəmdir və bu birinci 6 ayda xarici investisiyalar üstünlük təşkil edir. Son illərdə biz görürdük ki, daxili investisiyalar üstünlük təşkil edir. Bu ilin 6 ayında isə xarici sərmayə üstünlük təşkil edir. Bu da müsbət haldır, çünki yenə də göstərir ki, Azərbaycan investisiyalar üçün çox cəlbedici ölkədir və xarici sərmayə burada lazımi səviyyədə qorunur”.

İlham Əliyevin bildirdiyinə görə, birinci 6 ayda ölkəmizdə 60 minə yaxın yeni iş yeri açılmışdır ki, onlardan 48 mini daimi iş yeridir: “Ancaq biz bu statistikaya fikir verəndə mütləq bağlanan iş yerlərini də diqqətdən qaçırmamalıyıq. Bilirəm ki, bəzi yerlərdə iş yerləri bağlanıb. Ona görə, ilk növbədə, bunun səbəbləri araşdırılmalıdır. Digər tərəfdən, bu, statistika da açılan iş yerləri ilə bərabər verilməlidir ki, biz təhlili düzgün aparaq. Bu, əslində hər bir ölkədə olan bir vəziyyətdir. İş yerləri açılır, bağlanır. Burada əsas balans məsələsidir, nə qədər açılıb, nə qədər bağlanıb”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda, ümumiyyətlə, son 12 il ərzində 1 milyon 400 min iş yeri açılmışdır ki, onlardan 1 milyonu daimi iş yeridir: “Bunun hesabına Azərbaycanda işsizlik keçən ilin yekunlarına görə 5 faiz səviyyəsində olmuşdur. Bütün mötəbər beynəlxalq maliyyə qurumları Azərbaycanda işsizliklə, yoxsulluqla bağlı mübarizəni çox yüksək qiymətləndirir. Biz və Azərbaycan xalqı bunu gündəlik həyatda görürük. Hesab edirəm ki, iş yerlərinin açılması daimi proses olmalıdır, çünki əhali artır və potensial kifayət qədər böyükdür”.

Prezidentin sözlərinə görə, sosial sahədə bütün proqramlar icra edilir: “Baxmayaraq ki, bizim gəlirlərimiz azalıb, bu, təbiidir. Biz büdcəni qəbul edəndə neftin qiymətini 90 dollardan hesablamışıq, əslində indi 60 dollar səviyyəsindədir. Bir neçə ay bundan əvvəl daha da aşağı səviyyədə idi, əlli dollardan aşağı düşmüşdü. Ancaq bütün sosial proqramlar vaxtında icra edilir və bu da siyasətimizin əlamətidir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və heç bir sosial proqram heç vaxt ixtisar olunmayacaq, əksinə, biz yeni təşəbbüslər haqqında fikirləşirik.

Ünvanlı sosial yardım proqramında çox müsbət dəyişikliklər baş vermişdir. Şəffaflıq təmin olunur, normal qayda-qanun yaradılır, xoşagəlməz hallara son qoyulur, korrupsiya ilə mübarizə ciddi aparılır və bunun hesabına artıq bu sahədə daha da sağlam vəziyyət yaranmışdır. Yerlərdən gələn məlumat da məni çox sevindirir, insanlar da bu müsbət dəyişiklikləri görürlər.

Beləliklə, məndə olan məlumata görə, ünvanlı sosial yardım alan insanların sayı təxminən 20 faiz azalmışdır. Nəyin hesabına? Ona görə yox ki, kiminsə yardımı kəsilib. Ona görə ki, yardıma ehtiyacı olmayan artıq bunu almır. 112 min ailə, 490 min insan bu yardımı alır və hər ailəyə orta hesabla təxminən hər ay 150 manat pul verilir. Bax, budur bizim sosial siyasətimiz və yanaşmamız.

Sosial infrastruktur yaradılır. Məktəblər, xəstəxanalar tikilir. İndi təxminən 20-dən çox məktəb, 30-dan çox tibb müəssisəsi təmir olunur, tikilir. Yəni, bu proses də gedir. Demək olar ki, biz bu sahədə əsaslı dönüş yarada bildik. Növbəti illərdə çalışmalıyıq ki, bir dənə də təmirsiz məktəb olmasın və hər bir yerdə, hər bir kənddə insanlar normal tibbi xidmətə malik olsunlar.

Yəni, sosial və iqtisadi vəziyyət bundan ibarətdir. Bu, bir daha onu göstərir ki, hətta böhranlı illərdə Azərbaycan sürətlə inkişaf edə bilər. Çünki bizim düşünülmüş siyasətimiz var. Bizim proqramlarımız reallıq üzərində qurulubdur. Hər bir məsələ, hər bir sahə ilə bağlı çox konkret fəaliyyət planı var - regionların inkişafı, işsizliyin aradan qaldırılması, sənayeləşmə, kənd təsərrüfatının inkişafı. Deyə bilərəm ki, kənd təsərrüfatının inkişafı üçün bu il çox önəmli addımlar atılmışdır. Bir neçə fərman imzalanmışdır ki, bu da kənd təsərrüfatının inkişafına xidmət göstərir. Məsələn, taxılçılıqda məhsuldarlıq böyük dərəcədə - təxminən 20 faiz artmışdır. Əvvəllər hektardan 22 sentner götürürdüksə, mənə verilən məlumata görə indi 30 sentner götürmüşük. Dövlətin dəstəyi ilə iri fermer təsərrüfatları yaradılır, meliorasiya tədbirləri, bütün aqrotexniki tədbirlər görülür, strukturlaşma prosesi gedir və şəffaflıq təmin edilir. Əlbəttə, gələcəkdə daha da ciddi işlər aparılacaq ki, həm məhsuldarlıq artsın, həm də biz torpaq fondumuzdan maksimum dərəcədə istifadə edək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm