• USD 1,7001 -0,01% EUR 2,0000 -0,14%
    • GBP 2,2421 -0,52% RUB 0,0297 0,00%

Prezident: 2016-cı ildən sonra iqtisadi inkişaf daha da sürətli olmalıdır

Prezident: 2016-cı ildən sonra iqtisadi inkişaf daha da sürətli olmalıdır

"Son on il ərzində Azərbaycanda iqtisadi inkişaf çox sürətli idi. İndi isə biz yeni dövrdə yaşayırıq. Dünyada iqtisadi, maliyyə böhranı dərinləşir, neftin qiyməti aşağı səviyyədədir, gəlirlərimiz azalıb, təbii ki, xərclərimiz də azalır. Ancaq bununla bərabər, biz iqtisadiyyatı şaxələndirməklə, islahatlar aparmaqla bu çətinliyi aradan götürürük".

Bunu Prezident İlham Əliyev Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə təşkil edilən rəsmi qəbulda çıxışında deyib.

Dövlət başçısı bildirib ki, 2016-cı il sabitləşmə ili olmalıdır: "Düzdür, hələ ki, iqtisadi inkişafdan söhbət getmir. Milli iqtisadiyyat hələ ki, tənəzzülə uğrayır, bu, təbiidir, amma bunun insanların gündəlik həyatına heç bir təsiri olmamalıdır. Əminəm ki, sabitləşmə artıq yaxınlaşır, makroiqtisadi göstəricilər yaxşılaşacaq.

Əksər neft-qaz ölkələrinin bu il maaşları, pensiyaları kəsmələrinə, ödəmələri dayandırmalarına baxmayaraq, biz maaşları, pensiyaları 10 faiz artırmışıq. Bu, nəyi göstərir? İlk növbədə, bizim siyasətimizi, - həmişə demişəm ki, biz sosial siyasət aparırıq, - digər tərəfdən, bizim imkanlarımızı. Bizim kifayət qədər imkanlarımız var. Maliyyə vəziyyətimiz də yaxşıdır, sabitdir, valyuta ehtiyatlarımızı yığmışıq. Bu ilin əvvəlində hesab olunurdu ki, bizim Neft Fondunun gəlirləri, yəni, vəsaiti azalacaq, ancaq artır. Nəyə görə? Çünki islahatlar, şaxələndirmə siyasəti aparılır, xərclərə qənaət edilir, maliyyə nizam-intizamı güclənir. O resurslar ki, onlardan səmərəli istifadə olunmurdu, indi onlardan səmərəli istifadə olunur, bütün maliyyə sisteminə şəffaflıq gətirilibdir. Ancaq hələ ki, görüləsi işlər çoxdur.

İqtisadi inkişaf bizim müstəqilliyimizin, hərbi gücümüzün və müstəqil xarici siyasətimizin təməlidir. Əgər biz iqtisadi cəhətdən kimdənsə asılı olsaq, onda biz müstəqil siyasət apara bilməyəcəyik. Ona görə bütün səylərimizi indi bu istiqamətə yönəltmişik. Həm cəmiyyətdə, həm ekspert səviyyəsində ciddi diskussiyalar gedir. Mən bunu alqışlayıram. Mən ekspertlərlə dəfələrlə görüşmüşəm və yeni fikirlər, yeni təkliflər ortaya çıxır. Biz bütün bunları təhlil edirik və ən düzgün variantı seçirik".

Prezident vurğulayıb ki, ölkə iqtisadiyyatı dayanıqlı inkişaf etməlidir: "Neft amilindən asılılıq aradan götürülməlidir. Hesab edirəm, hələ bizə bir neçə il lazımdır ki, bu hədəfə çataq və çatacağıq. Bu il həm sənaye potensialının artırılması, həm də kənd təsərrüfatının inkişafı ilə bağlı çox önəmli qərarlar qəbul olunub və konkret addımlar atılıbdır ki, bunlar özünü statistik göstəricilərdə də büruzə verəcək.

Əlbəttə, bu ilin sonuna qədər "Cənub" qaz dəhlizinin icrası ilə bağlı bütün lazımi tədbirlər görülməlidir. Heç bir yubanma olmamalıdır. Bizim kifayət qədər maliyyə resurslarımız var. Eyni zamanda, biz xarici bazarlardan maliyyə resursları cəlb etmişik. Özü də qısa müddət ərzində. Heç bir həftə keçmədi. Azərbaycan "Cənub" qaz dəhlizinə dünya bazarlarından 1 milyard dollar vəsait cəlb edib. Bu, nəyi göstərir? Onu göstərir ki, xarici investorların bizə inamı kifayət qədər böyükdür, 2 milyard istəsəydik, 2 milyardı da götürəcəydik. Yəni, bizim xarici borcumuz aşağı səviyyədə, maliyyə vəziyyətimiz və valyuta ehtiyatlarımız isə yüksək səviyyədə olduğuna görə belə imkanlarımız var. Eyni zamanda, biz öz vəsaitimizi qoyuruq və qoymalıyıq. Kifayət qədər böyük vəsaitdir. Ancaq "Cənub" qaz dəhlizi strateji layihədir. Bu, imkan verəcək ki, uzun illər, on illiklər bundan sonra biz böyük həcmdə əlavə gəlirlər əldə edək və bu, yeni bir əməkdaşlıq formatıdır.

"Cənub" qaz dəhlizində iştirak edən ölkələr təbii müttəfiqlərə çevrilir. Bu müttəfiqlik regionumuzdan kənara çıxır. Bu, bizim maraqlarımıza xidmət göstərir. Azərbaycan Avropa üçün əvəzolunmaz tərəfdaşa çevrilir və biz də çox böyük bazar əldə etmiş oluruq. Ona görə "Cənub" qaz dəhlizinin qrafik üzrə icra edilməsi daim diqqət mərkəzindədir. Mənə mütəmadi qaydada məruzələr edilir. Əminəm ki, biz bu layihəni qrafik əsasında icra edəcəyik.

Bu ilin sonuna qədər Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi gözlənilir. Bildiyiniz kimi, Azərbaycan öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib. Məndə olan məlumata görə, bu yol bu ilin sonuna qədər açılacaq. Artıq yük göndərən müvafiq tərəflərlə danışıqlar aparılır. Əminəm ki, Asiyadan Avropaya gedən bu ən qısa yol qısa müddət ərzində istifadəyə veriləcək və Azərbaycana çox böyük fayda gətirəcək.

Bu ilin sonuna qədər digər önəmli dəhlizin yaradılması istiqamətində vacib addımlar atılacaq. Azərbaycan öz dəmir yolunu İran sərhədinə qədər çatdırmalıdır. Bu da qarşıya qoyulan bir vəzifədir. Astara çayı üzərində yeni dəmir yolu körpüsü tikilməlidir. Beləliklə, Şimal-Cənub dəhlizinin önəmli hissəsi həll edilmiş olur. Qalan hissənin yaradılması üçün Azərbaycan gələcək illərdə öz dəstəyini verəcək və o cümlədən maliyyə resurslarını cəlb etməyə hazırdır.

Ölkə qarşısında duran əsas vəzifələr bundan ibarətdir. Mən heç şübhə etmirəm ki, ilin sonuna qədər bütün bu vəzifələr icra olunacaq. Biz 2016-cı ili də uğurla başa vuracağıq. Hesab edirəm ki, ondan sonra iqtisadi inkişaf daha da sürətli olmalıdır.

Bütün bunlar, bütün bu nailiyyətlər ancaq müstəqillik dövründə mümkün olmuşdur. Müstəqilliyin əhəmiyyəti bu gün göz qabağındadır. Heç vaxt Azərbaycan indiki qədər güclü olmamışdır. Biz öz taleyimizin sahibiyik. Biz müstəqil ölkəyik. Biz azad xalqıq. Biz dünya miqyasında öz yerimizi, layiqli yerimizi tutmuşuq. Bundan sonra da müstəqillik, inkişaf yolu ilə gedəcəyik".

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>