Sığorta-pensiya sistemində elektron xidmətlər şəffaflığı artırır
Bizi izləyin

Ekopublika.az

Sığorta-pensiya sistemində elektron xidmətlər şəffaflığı artırır

Pensiyaların məbləğinin daha asan hesablanması, şəffaflığın təmin edilməsi, korrupsiyanın qarşısının alınması üçün ən doğru seçim elektron üsulun tətbiqidir. Azərbaycanda sığorta-pensiya sisteminin ölkə əhalisinin 40 faizindən çoxunu əhatə etdiyini nəzərə alsaq, bu sahədə dayanıqlığın, dinamikliyin təmin edilməsi baxımından elektron xidmətlərin tətbiqi vacib idi.

Əbəs deyil ki, ölkə Prezidenti İlham Əliyev də “2009-2015-si illərdə ölkədə sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nı təsdiq edilib.

Bu qaçılmaz idi

Sığorta-pensiya sistemində elektron üsula keçid zamanın tələbi idi. Çünki əvvəllər pensiya yaşı çatmış biri halal pulunu almaq üçün kiminsə nazını çəkməli , “şirinlik” verməli olurdu. Pensiya məbləğini gətirib ünvanına çatdırana isə təqaüdçü bir neçə manat ödəməli olurdu. Ən acınacaqlısı isə odur ki, pensiyalar vaxtlı-vaxtında çatdırılmır, gecikdirilirdi. Bəzən təqaüdçü “hörmət” etməyəndə poçta bir neçə dəfə getməli olurdu. Poçtun qarşısındakı növbələrdən isə danışmağa dəyməz.

Xoş olmayan həmin mənzərələr yeni islahatları qaçılmaz edirdi. Bunun aradan qaldırılması üçün pensiyaların ödənişində kart sistemi tətbiq edildi. Hazırda pensiyaçı ayın hansı günü pensiya ala biləcəyini dəqiq bilir. Üstəlik heç bir bürokratik əngəl, “şirinlik” vermədən. Bu yenilik həm də pensiyanın gecikdirilməsinin qarşısını alıb.

Lakin bürokratik əngəllərin tam aradan qalxması üçün kart sistemi yetərli hesab edilə bilməz. Çünki həllini gözləyən başqa məqam pensiyanın hesablanması idi. Staj, pensiya məbləğinin dəqiq hesablanması üçün yenə də pensiyaçı əlini cibinə salmalı idi. Bəzən bunun üçün bir aylıq pensiya məbləğindən keçməli olurdu.

Xidmətlər artır

2013-cü ilin iyul ayından etibarən Azərbaycanda Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına başlanıldı. Bu proses sığorta-pensiya sistemində aparılan davamlı islahat tədbirlərinin məntiqi nəticəsidir. Bu sıraya pensiya qanunvericiliyinə edilən ardıcıl dəyişikliklərlə pensiya təyinatı alqoritminin tam sadələşdirilməsi, ödənilən sosial sığorta haqlarının fərdi uçotu, sığorta-pensiya sistemində Avropa standartlarına uyğun müasir avtomatlaşdırılmış infrastrukturun qurulması, Dövlət Sosial Müdafiə Fondunun serverlərində unikal elektron məlumat bazalarının yaradılması kimi kompleks tədbirlər daxildir.

Müasir avtomatlaşmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemi və informasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əhaliyə təqdim etdiyi elektron xidmətlərin sayı 19-a çatdırılıb. “Elektron hökumət” portalının statistikasına görə, Fondun göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasındadır.

700 minə yaxın vətəndaş yararlanıb

Fondun mərkəzi məlumat bazasında 1 milyon 277 min nəfər pensiyaçı və 2 milyon 691 min nəfər sığortaolunan barədə məlumatlar toplanıb. Ötən il ərzində DSMF-nin həm öz saytı (www.dsmf.gov.az), həm də “elektron hökumət portalı” (www.e-gov.az) vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 700 minə yaxın vətəndaş yararlanıb.

Hazırda bütün ölkə üzrə iri və orta sahibkarlardan hesabatların tam elektron qaydada qəbul edilməsi təmin olunub. “Məcburi dövlət sosial sığortası üzrə hesabatların (B1, B2) və məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatın (B3) elektron formada qəbulu” adlı elektron xidmət sığortaedənlərlə DSMF orqanları arasında münasibətlərin sadələşdirilməsinə imkan yaradır. Eləcə də, sığorta-pensiya sistemində şəffaflığın daha da artırılmasını təmin edir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarıq fəaliyyəti ilə məşğul olan şəxslər isə DSMF-nin yerli şöbələrində yaradılmış “Yardım masaları”nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim etmək imkanı qazanırlar. “Yardım masaları”nın fəaliyyətinin genişləndirilməsi ilə bağlı kiçik ödəniş edən sığorta edənlərin elektron hesabatlarının sayının daha da artacağı gözlənilir.

Fondun internet səhifəsində yaradılmış müştəri xidmətləri sisteminə istənilən vətəndaş daxil olaraq məlumat almaq, pensiya kalkulyatoru vasitəsilə öz pensiyasını hesablamaq imkanı əldə edir. Həmçinin pensiya yaşına çatmış hər bir vətəndaş hər hansı sənəd toplamadan və vaxt itirmədən DSMF-nin 190 nömrəli «Çağrı Mərkəzi» nə zəng etməklə real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdıra bilir. Bu da əvvəldə sadaladığımız problemlərin aradan qaldırılması deməkdir.

Gələcək pensiya təminatında, şəffaflığın təmin olmasında mühüm rola malik olan “Sığortaolunanlara məlumatların verilməsi” adlı müasir məlumatlandırma sistemi tam istifadəyə verilib. Bu xidmət vasitəsilə istənilən sığortaolunan onun üçün sığortaedən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və öz pensiya kapitalına, həm də işəgötürənin onun üçün əməkhaqqına uyğun sosial sığorta haqqı köçürdüyünə nəzarət etmək imkanı qazana bilər.

“Maarifləndirilmə üçün təlimlərin keçilməsinə ehtiyac var”

İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, pensiyaların elektron formada həyata keçirilməsinin əsas xüsusiyyətlərindən biri sosial ödənişlər barədə məlumat əldə etmək şəraitinin olmasıdır. Ekspertin fikrincə, pensiya sistemində elektron ödəniş sistemi sadəcə pensiyalar üçün müraciətlərin elektronlaşması və sosial ödənişlərlə bağlı məlumatları əldə etməsi demək deyil. Bu sistem həm də pensiyaların elektron hesablanmasına imkan yaratmalıdır:

“Bu zaman pensiya üçün müraciət elektronlaşdırılmaqla yanaşı, onun sorğusuna da elektron formada baxılır və ödəniş də bu formada həyata keçirilir. Pensiyaya çıxan şəxs heç bir dövlət qurumuna müraciət etmir, internet üzərindən müraciət edir. Bu zaman korrupsiya faktları da aradan qalxır, pensiya məbləği düzgün hesablanır. Bu üsul həm də hesabatların elektron formada hazırlanmasına imkan yaradır. Fiziki şəxslərin Dövlət Sosial Müdafiə Fonduna ödədiyi hesabatların elektronlaşdırılması müsbət dəyərləndirilir. Bu həm də vergi orqanlara təqdim edilən hesabatlarda da şəffaflığa xidmət edir”.

V.Bayramov xidmətin təşkilində maneə yarada bilən məqamlara da toxundu. Onun sözlərinə görə, fiziki şəxslər hüquqi şəxslərdən fərqli olaraq hesabatların elektron həyata keçirilməsi bacarıqlarına sahib deyil. Bu qrup təbəqənin maarifləndirilməsi üçün təlimlərin keçirilməsinə ehtiyac var:

“Bu gün sahibkarlıq fəaliyyəti ilə məşğul olanların əksəriyyəti fiziki şəxslərdir, onların hesabatların elektron təqdim edə bilmələri üçün məlumatlandırılmalarına ehtiyac var. Bundan sonra sistemin tam tətbiq edilməsi mümkündür”.

Fondun elektron ünvanına 591 müraciət daxil olub

DSMF-nin şöbə müdiri Famil Qədimov ölkədə “elektron hökumət”in formalaşdırılmasının məmur-vətəndaş münasibətlərinin informasiya texnologiyaları vasitələrindən istifadə etməklə sadələşdirilməsinə, şəffaflaşdırılmasına xidmət etdiyini bildirib:

“Dövlət Sosial Müdafiə Fondu müasir informasiya texnologiyalarından istifadə etməklə interaktiv və informativ elektron xidmətlər vasitəsilə əhalini maraqlandıran sığorta-pensiya sisteminə aid bütün məsələlərə aydınlıq gətirir. Vətəndaşların müraciətlərinə elektron qaydada baxılması üç istiqamət üzrə – Fondun rəsmi sspf.gov.az saytında yerləşdirilmiş sual-cavab bölməsi, vətəndaşlar tərəfindən Fondun saytına birbaşa ünvanlanan məktub və 190 nömrəli “Çağrı Mərkəzi” vasitəsi ilə həyata keçirilir. Fondun saytında olan sual-cavab bölməsi əmək pensiyaları, məcburi dövlət sosial sığorta haqları və məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər, hərbi qulluqçulara dair pensiya və müavinət, fərdi uçot və diğər mövzuları əhatə etməklə vətəndaşlar tərəfindən ünvanlanmış elektron müraciətləri cavablandırır. 2014-cü ilin I rübü ərzində Fondun saytının sual-cavab bölməsinə 424 sual daxil olub və onlar müvafiq qaydada cavablandırılıb”.

Şöbə müdirinin sözlərinə görə, elektron Müraciət (Məktub yazmaq) bölməsi vasitəsi ilə istənilən vətəndaş sığorta-pensiya sisteminə dair onu maraqlandıran məsələ ilə bağlı elektron məktub göndərə bilər. Bu məktublar Fondun elektron karğüzarlıq sistemində qeydiyyata alınır və müvafiq şöbələr tərəfindən cavablandırıldıqdan sonra vətəndaşa göndərilir. Bu ilin I rübü ərzində Fondun elektron ünvanına 591 müraciət daxil olub.

F.Qədimov bildirib ki, «Elektron xidmətlər şəffaflığın əsas vasitəsidir» adı altında Fondun keçirdiyi tədbirlər əhalinin maarifləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir.

Beynəlxalq mükafat

Elektron pensiya sisteminin tətbiq edilməsində ən uğurlu model Estoniya təcrübəsidir. Burada müraciətlərdən başlamış onların hesablanması, ödənişlər– hamısı elektron formada tətbiq olunur. Ekspertlərin fikrincə, bizim üçün də ən yaxşı model keçmiş SSRİ-də ən nümunəvi model hesab edilən bu təcrübədir. Bundan başqa, istifadəçilərin də elektron xidmətlər barədə məlumatlandırılmasına ehtiyac var. DSMF-nin rəsmiləri mütəmadi olaraq bölgələrdə keçirdikləri görüşlər zamanı vətəndaşlara xidmətin üstünlükləri və istifadə qaydaları barədə məlumat verirlər.

Ölkəmizdə həyata keçirilən sığorta-pensiya islahatlarının nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsinin nəticəsi kimi 2013-cü ildə növbəti dəfə inkişaf etmiş Avropa ölkələri ilə bir sırada Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilib. Hələ 2010-cu ilin martında Polşa Respublikasının Varşava şəhərində keçirilən Avropa Sosial Təminat Forumunda Azərbaycanın Dövlət Sosial Müdafiə Fondu “Avropanın uğurlu təcrübəsi” müsabiqəsinin “İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə effektiv idarəetmə” nominasiyası üzrə Avropa qalibi elan edilib. 2012-ci ilin sonunda isə Dünya Bankı Azərbaycan Hökuməti ilə əməkdaşlığının 20 illiyi münasibətilə Fondu “Müasir kompüter texnologiyalarının imkanlarından istifadə etməklə köhnəlmiş iş metodlarından yeni iş metodlarına keçid” nominasiyası üzrə xüsusi sertifikata layiq görüb.

Sonluq

Ölkədə pensiya sistemini MDB ölkələri ilə müqayisə edən ekspertlərin fikrincə, bu sahədə təkmilləşdirmə işlərinin aparılmasına ehtiyac var. Belə ki, vergi sistemində elektron xidmətin tətbiq yaşı çox olduğuna görə bir çox ölkələri geridə qoymuşuq. Lakin pensiya sistemində elektron xidmətin yeni-yeni tətbiq edilməsi çatışmazlıqların olmasını qaçılmaz edir.

Gülxar Şərif

Yazı Dövlət Sosial Müdafiə Fondunun “Sığorta-pensiya sistemində elektron xidmətlər şəffaflığın əsas vasitəsidir” mövzusunda keçirdiyi müsabiqəyə təqdim edilir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm