• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Əhalinin gəlirləri artdıqca ərzaq istehlakı niyə çoxalır?

Əhalinin gəlirləri artdıqca ərzaq  istehlakı niyə çoxalır?

Azərbaycanda real iqtisadi vəziyyətin yaxşı olduğunu göstərən amillərdən biri də əhalinin gəlirlərinin artım səviyyəsinin istehlak qiymətləri indeksini – mövcud inflyasiya səviyyəsini üstələməsidir. Bu vəziyyət artıq neçə ildir, müşahidə olunur. Bunun iki səbəbi var. Birincisi, ölkəmiz inflyasiyanın aşağı səviyyədə olmasına görə dünyada liderdir, ikincisi isə ölkə vətəndaşlarının pul gəlirləri zəif templə də olsa, hər il artmaqdadır. Ötən il dünya üzrə inflyasiya göstəricisi 3,6 faizə bərabər oldusa, bizdə bu, 2,4 faiz təşkil etdi. Bunun müqabilində əhalinin gəlirləri nominal ifadədə artırılmasa belə, real olaraq yüksəlməlidir.

Üstəlik, əhalinin rifahını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə büdcədən maliyyələşən təşkilatlarda çalışanların, dövlət qulluqçularının, başqa sözlə desək, 700 min nəfərin aylıq əməkhaqqlarının səviyyəsi keçən il artırıldı. Bundan əvvəl də maaş və pensiya məbləğləri 2011-ci ilin ikinci yarısında əmək pensiyalarından başlanmaqla, həmin ilin noyabr və dekabr aylarından bir sıra sosial ödənişlər də daxil, büdcə təşkilatlarında çalışanların Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə maaşları orta hesabla 10 faiz yüksəldilmişdi. Demək istədiyimiz budur ki, bu addım 2009-cu il istisna olmaqla hər il atılıb.

Sözümüz bunda deyil.

Sonuncu statistikaya əsasən, 2014-cü ilin yanvar-avqust ayları ərzində əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz artaraq 24,0 milyard manata çatıb ki, onun hər nəfərə düşən həcmi 2559,9 manat təşkil edib. Əhalinin hər nəfərinə düşən gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 2,4 faiz üstələyərək 3,8 faizə çatıb.

Yeri gəlmişkən, bu ilin avqustunda ölkədə son bir il ərzində ərzaq 0,8, qeyri-ərzaq malları 3,6, pullu xidmətlər 0,4 faiz bahalaşsa da, illik inflyasiya 1,4 faizə qədər düşüb. Ərzaq məhsulları isə iyula nisbətən 0,1 faiz ucuzlaşıb.

Diqqəti cəlb edən mənfi cəhət odur ki, qeyd olunan statistikaya əsasən, gəlirlərin 70,2 faizi son istehlaka - ərzaq məhsullarının alınmasına sərf olunub ki, yerdə qalan 9,1 faiz vergilərə, sosial sığorta və könüllü üzvlük haqlarına, 2,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 18,0 faizi isə əmanətlər ilə kapitalın artırılmasına yönəldilib.

Əhalinin sərəncamında qalan gəlir 21,8 milyard manat təşkil edərək əvvəlki ildəkinə nisbətən 5,6 faiz artıb. Müqayisə üçün qeyd edək ki, 2013-cü ilin nəticəsinə görə, ölkə vətəndaşlarımızın gəlirlərin 64,3 faizi son istehlaka - ərzaq məhsullarının alınmasına sərf olunub.

Deməli, 8 ayda sözügedən rəqəm təqribən, 6 faiz artıb.

Sual yaranır ki, əhalinin gəlirləri artdıca ərzaq istehlakı niyə çoxalır? Bayaq qeyd etdik ki, ölkədə inflyasiya aşağı səviyyədədir və bu sahədə biz dünyada liderik. Əhalinin gəlirlərinin getdikcə daha çox hissəsinin ərzağa xərclənməsi qiymət artımı ilə əlaqədar deyilsə, o zaman natural və yaxud həcm etibarilə artım nəylə bağlıdır?

Məsələ bundadır ki, bu, əhalinin gəlirləri ilə bağlı məsələ deyil. Misal üçün, ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin statistika xidmətinin dünya üzrə qida məhsulları, alkoqol və tütün məmulatları üzrə istehlak həcmi ilə bağlı apardığı nəzarət bu mənada olduqca ciddi maraq doğurur. Belə ki, son müşahidə nəticəsində aparılan hesablamaya əsasən müəyyən edilmişdir ki, nə qədər qəribə olsa da, Birləşmiş Ştatlar kimi bir ölkənin vətəndaşları Kanada və bir çox Avropa ölkələrindən fərqli olaraq ailə büdcələrindən ərzağa çox az pul xərcləyirlər.

Ötən yazıda da qeyd etdik ki, keçən qışın sərt keçdiyi ABŞ-ın özündə bu il quraqlıq və digər əlverişsiz təbii şərait ucbatından məhsuldarlıq az əldə olunub. Başqa sözlə desək, kənd təsərrüfatı məhsullarının istehsal qiymətləri bu ölkədə də yüksəlib. Amma amerikalıların böyük əksəriyyəti bu bahalığı demək olar, hiss etməyiblər. Çünki orta statistik amerikalı öz ailə büdcəsinin cəmi 7 faizə yaxın hissəsini ərzaq məhsullarına xərcləyir – buraya restoran və ictimai iaşə xidmətindən istifadə xərclərini də əlavə etsək, qeyd olunan rəqəm maksimum 11-12 faiz təşkil edir.

Amma məsələn, Pakistanda hər bir orta səviyyəli ailə ərzağa öz ailə büdcəsindən amerikalılardan fərqli olaraq, az qala 50 faiz pul xərcləyirlər. Ona görə də, təbii şərait üzündən ərzaq məhsulları bahalaşan kimi pakistanlılar amerikalılardan daha çox əziyyət çəkir.

Yeri gəlmişkən, pakistanlılar ərzağa ən çox pul xərcləyən xalq kimi tanınırlar. Müqayisə üçün qeyd edək ki, Böyük Britaniyada əhali ailə büdcələrinin 9,1 faizini qida məhsullarına xərcləyirsə, Kanada da bu rəqəm 9,6 faiz təşkil edir.

ABŞ-ın adı çəkilən qurumunun statistika xidmətinin təhlilinə əsasən, yuxarıda sadalananların ardınca 10 faiz olmaqla Almaniya, 12,2 faizlə Cənubi Koreya, 13,2 faizlə Fransa, 13,8 faizlə Yaponiya, 14,2 faizlə İtaliya, 16 faizlə Braziliya, 16,5 faizlə Yunanıstan, 22,2 faizlə Türkiyə, 42,7 faizlə Misir, 25 faizlə Meksika, 27 faizlə Çin, 31,6 faizlə Rusiya, 25,2 faizlə Hindistan, 37 faizlə Ukrayna, 26 faizlə Səudiyyə Ərəbistanı və s. gəlir.

Göründüyü kimi, ölkələrdə əhali tərəfindən ərzağa xərclənilən vəsait heç də onların real pul gəlirləri ilə bağlı deyil. ABŞ əhalisi gəlirləri baxımından əksər ölkələrin əhalisindən üstündür. Amma bu ölkədə ailə büdcəsindən evdən kənarda yemək də daxil olmaqla, qeyd etdiyimiz kimi, cəmi 11-12 faiz pul xərclənir.

Azərbaycana gəldikdə isə gəlirlərin 70,2 faizi son istehlaka sərf olunduğundan, belə aydın olur ki, yuxarıda adları çəkilən ölkələrə rəğmən, biz dünyada liderik. Bu isə o deməkdir ki, ölkəmizdə ərzaq məhsullarına tələb olduqca yüksəkdir. O zaman deməli, istehlak qiymətləri indeksi – inflyasiya bizdə əslində yüksəlməyə meyillidir. Və əhalinin gəlirlərinin onu üstələməsi həm də hökumətin bilavasitə sözügedən göstəricini “basqı” altında saxlamasının nəticəsidir. Bu isə idxala rəvac verən amillərdəndir.

Ona görə də kənd təsərrüfatında istehsal istənilən templə artmamaqdadır.

Gəlirlərin 30 faizdən az hissəsi istisna olmaqla qalanını son istehlaka - ərzaq məhsullarının alınmasına sərf edən ölkədə cari ilin yanvar-iyul ayları ərzində keçən illə müqayisədə ümumi kənd təsərrüfatı məhsulları istehsalında 4,2 faiz azalma qeydə alınıb.

Ümumi daxili məhsulda isə onun payı cəmi 5 faiz civarında – azlıq təşkil edir.

Pərviz Heydərov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR