“Ötən il iqtisadiyyata qoyulan investisiyaların həcmi Ermənistana yatırılan investisiyalarından 20,8 dəfə çox olub”
Bizi izləyin

Ekopublika.az

“Ötən il iqtisadiyyata qoyulan investisiyaların həcmi Ermənistana yatırılan investisiyalarından 20,8 dəfə çox olub”

“15 il əvvəl Azərbaycan iqtisadçıları arasında sənaye sözünü işlətmək bir növ qadağan idi”.

Bunu Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının (ASK) tərəfdaşlığı ilə keçirilən “İqtisadi artım və sənayeləşmə: Azərbaycanın imkanları və Türkiyənin təcrübələri” adlı regional sənaye konfransında Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib. O bildirib ki, bu gün Azərbaycanın müstəqil sənaye siyasəti var: “Türk dünyasının – Azərbaycan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Türkiyənin Türkmənistanın istehsal etdiyi ümumi daxili məhsul (ÜDM) 1,2 trilyon dollar təşkil edir. Alıcılıq paritetinə görə, 1,6 trilyon dollardır. Bu o deməkdir ki, bizim 15 il ərzində dünya üzrə ümumi daxili məhsulda payımız 0,6 bənd artıb.

Böyük nailiyyətdir. Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri zamanı bəyan etdi ki, Türkiyədə adambaşına düşən ümumi daxili məhsulun həcmi 10 min dollardır. Deməli, türk dünyasının qlobal iqtisadiyyatda payı artır. Buna görə də əməkdaşlığı genişləndirməliyik. Sənaye ölkənin iqtisadi, milli təhlükəsizliyini təmin edən birinci şərtlərdəndir. Müasir maşınqayırma zavodları, sənaye yoxdursa, ölkənin təhlükəsizliyindən danışmağa dəyməz”.

Z.Səmədzadə bildirib ki, neft faktoru olmasaydı, bu gün sənayenin inkişafından danışmaq mümkün olmayacaqdı: “Neft Allahın sərvətidir. Yaxşı istifadə edərik, xoşbəxtlik gətirər, pis istifadə edərik, bədbəxtlik. Necə ki, Afrika ölkələri neft siyasətlərinin olmamasının ağır cəzasını çəkirlər. Azərbaycanda iqtisadi islahatlar sistemli aparılıb. Neft məqsəd deyil, vasitədir. Harada neft məqsəd kimi istifadə edilir, orada bədbəxtlik var. Azərbaycan bu gün qeyri-neft sektoruna qoyulan investisiyaların həcminə görə MDB-də liderdir. Son 10 ildə ölkə iqtisadiyyatına 125 milyard dollar kapital qoyulub. Amma 90-cı illərin əvvəllərində bizə 100 milyon dollar belə kredit vermirdilər. Borc verdikdə belə ağır şərtlər – maaşların artırılması, iri müsəssisələrin dağıdılması, sosial layihələrin həyata keçirilməsi kimi şərtlər irəli sürürdülər. Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrilib. Bu, məhz neft faktorunun, qeyri-neft və neft sektorunun hesabına baş verib”.

İqtisadçı alim bildirib ki, 2013-cü ildə Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların həcmi Ermənistana yatırılan investisiyaların həcmindən 20,8 dəfə çox olub: “Dinamikaya nəzər salın. Bu o ölkədə baş verə bilər ki, orada iqtisadi, biznes mühiti yaxşıdır. Türk iş adamları ilə birgə əməkdaşlıq nəticəsində Azərbaycanda çoxlu iş yerləri yaradıldı. Türk menecmenti, idarəetmə mədəniyyəti öyrənildi. Hazırda biz real strukturumuzu təkmilləşdirməliyik. İndi 30 il üçün iqtisadi proqnoz vermək mümkündür. 2020-ci ilin konsepsiyasında Azərbaycanın əldə etdiyi ümumi daxili məhsulun artımı ancaq qeyri-neft sektoru hesabına baş verəcək. Orada hətta neft sektorunun payı azalmağa doğru gedir”.

Azərbaycanın aqrar sənaye potensialından söz açan iqtisadçı qeyd edib ki, zamanında yeyinti sənayesi ümumi daxili məhsulun 25 faizini təşkil edirdi: “Bu gün həmin yeyinti məhsullarının sənayedə çəkisi çox aşağıdır. Gələcəkdə sənayenin təsnifatına da baxılmalıdır. Statistikada verilən məlumatlar bölmələrə ayrılmalıdır”.

O, həmçinin Azərbaycan və Türkiyənin məşğulluq sahəsində eyni problem yaşadığını deyib: “Dünyanın hər yerində kənd təsərrüfatından sənayeyə axın var. Regionlarda xırda sənaye müəssisələri yaradılmalıdır. Kəndlinin öz məhsulunu 400 kilometr məsafə qət edib, şəhərə çatdırmasına imkan verilməməlidir”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm