Mixail Xodorkovski hakimiyyətə iddia etməyə başladı
Bizi izləyin

Ekopublika.az

Mixail Xodorkovski hakimiyyətə iddia etməyə başladı

YUKOS-un sabiq sahibi Mixail Xodorkovski “Bloomberg”ə müsahibə verib. Keçmiş iş adamı yaxın 10 ildə Vladimir Putinin hakimiyyətdə qalmaq şansının 50 faiz olduğunu bildirib. O, Rusiya liderinin yaxın ətrafının çevriliş edəcəyini bəyan edib. Xodorkovskinin fikrincə, seçkilər hakimiyyət dəyişikliyinə gətirib çıxarmayacaq: “Hesab edirəm, Putinə problemi elə öz yaxın ətrafı yaradacaq. Rusiya üçün də ən yaxşı çıxış yolu budur”. M.Xodorkovski bu halda Rusiyaya qayıdacağını istisna etmir. Hətta demokratik seçki keçirilənə qədər 2 il müddətində müvəqqəti hökümətə rəhbərlik edə biləcəyini istisna etmir.

Qeyd edək ki, M.Xodorkovski 11 il həbs cəzasından sonra Sürixdə yaşayır. Hazırda sərvətinin 100 milyon dollar olduğunu iddia edir. Xatırladaq ki, bu ilin avqustunda Beynəlxalq Arbitraj Məhkəməsi vaxtilə dünyanın ən böyük neft şirkətlərindən olan “Yukos”un köhnə səhmdarlarına Rusiyanın 50 milyard dollar təzminat ödəməsi barədə qərar çıxarıb. Məhkəmə iddia edir ki, “Yukos”un özəlləşdirilməsi zamanı səhmdarlar haqsızlığa uğrayıb, şirkət iflasa vadar edilib. Qərarda o da bildirilirdi ki, rus səlahiyyətliləri hüquq sistemində qanunsuzluğa gedərək şirkətin rəhbəri Mixail Xodorkovskinin həbsinə nail olublar. Onu da deyək ki, “Yukos”un iflasından sonra hissələrin çoxunu dövlətə aid “Rosneft” şirkəti almışdı.

Yeri gəlmişkən, Rusiya prezidenti 2013-cü ilin dekabrinda əfv imzalayaraq Xodorkovskini azadlığa buraxsa da ona qarşı münasibəti birmənalı deyil. Konkret olaraq Putin sabiq iş adamını sevmir. O ki qaldı Xodorkovskinin kimliyinə, o, 1963-cü il iyunun 26-da milliyyətcə qarışıq ailədə anadan olub. Anası Marina Xodorkovski, atası isə Boris Moiseeviç Xodorkovskidir. Mənbələrə görə, onun anası Rusiyanın əsil-nəcabətli ailələrinə məxsusdur, atası isə Polşa yəhudisidir. Xodorkovskilərin hər ikisi “Kalibr” zavodunda kimya mühəndisi işləyiblər. Ailəni zavoddan qazandıqları ilə dolandırıblar.

Mixail uşaq yaşlarından bacarığı, zəkası ilə yoldaşlarından fərqlənib. Buna görə də körpələr evində onu “müdir”, məktəbdə isə “nəzəriyyəçi” deyə çağırırlarmış. Orta məktəb illərində kimya, riyaziyyat, eləcə də texniki təcrübələrlə maraqlanıb. Bu sahədəki bilikləri o qədər dərinləşib ki, hətta üç kimya təmayüllü xüsusi məktəb belə dəyişib.

M.Xodorkovski pul qazanmağa kiçik yaşlarından başlayıb. İlk vaxtlar əsasən cib xərcliyinə və həyata keçirdiyi eksperimentlər üçün reaktivləri almağa kifayət edəcək qədər pul qazanırmış. 1980-ci ildə orta məktəbi bitirdikdən bir il sonra D.İ.Mendeleyev adına Moskva Kimya Texnologiyaları İnstitutuna qəbul olunub. Ali təhsil aldığı müddətdə də işi buraxmayıb. İnstitutda tikinti heyətinin rəhbəri olan Mixail Xodorkovski qış tətilində Sibirə gedərək öncədən yayda işləməklə bağlı razılaşma əldə edirmiş.

1985-ci ilədək institutla paralel “Etalon” mənzil-tikinti kooperativində dülgər işləyib. Yeri gəlmişkən, bütün bunlar onun yaxşı oxumasına maneə yaratmayıb. İnstitutda keçirdiyi 5 il ərzində ən yaxşı tələbə olub. 1986-cı ildə Moskva Kimya Texnologiyaları İnstitutunu əla göstəricilərlə bitirərək mühəndis-texnoloq ixtisası üzrə diplom alıb. Bir müddət komsomolda katibin köməkçisi işləyib.

1987-ci ildə Sovet İttifaqında özəl müəssisələrin bəzi formaları yaranmağa başladıqda o da fürsətdən yararlanıb. Bir neçə yoldaşı ilə komsomol əlaqələrindən istifadə edib Sahələr arası Gənclərin Elmi və Texniki Yaradıcılıq Mərkəzini (rusca-HTTM) yaradıb. Mərkəz idxal və kompüter, cins, alkoqollu içkilərin (o cümlədən saxta konyakın) satışı ilə məşğul olub. Bütün bunlar o zaman yüksək gəlir gətirən biznes sahələri sayılırdı.

Bundan əlavə, həmin illərdə Gənclərin Elmi və Texniki Yaradıcılıq Mərkəzindən fərqli olaraq, elmi tədqiqat institutlarının, zavodların özlərinin və ora dəvət olunmuş əməkdaşların kənar sifarişləri icra etməsi üçün birbaşa pul ödəmək hüquqları yox idi. Bu məhdudiyyəti aşmaq məqsədilə müəssisələr sifarişlərini Gənclərin Elmi və Texniki Yaradıcılıq Mərkəzi vasitəsilə verməyə başlayırlar. Bunun üçün əvvəlcə 90 faiz komisyon ödəsələr də, tədricən sifarişlərin artması nəticəsində endirimlər tətbiq olunur. Xodorkovskinin özünün dediyinə görə, ilk böyük pulu – 160 000 rublu məhz elə bu vaxt qazanır.

Artıq 1990-cı illərin əvvəlində SSRİ-də 600-dən çox Gənclərin Elmi-Texniki Mərkəzi fəaliyyət göstərməyə başlayır. Formalda onlar elmi-texniki məhsulların istehsalı və yeni texnoloji imkanların təbliği, elmi ədəbiyyatın yayılması ilə məşğul idilər.

Xodorkovski işgüzar fəaliyyətlə paralel Q.V.Plexanov adına Xalq Təsərrüfatı İnstitutunda təhsilini davam etdirib. Burada o, yaxın qohumu, SSRİ dövlət bankında işləyən Aleksem Qoluboviçlə tanış olub. 1988-ci ildə maliyyəçi ixtisası üzrə Xalq Təsərrüfatı İnstitutunun məzunu olan Xodorkovskinin Qoluboviçlə tanışlığı sayəsində Gənclərin Elmi və Texniki Yaradıcılıq Mərkəzi kooperativ bank yaratmaq hüququ qazanıb.

Digər dostu, Dövlət Dumasının hazırki üzvü Vladimir Dubovun yaxın qohumlarının Mixail Qorbaçovla əlaqələri sayəsində işlərini getdikcə böyüdürlər. Bankları - “Menatep Qosbank” SSRİ-dən ilk lisenziya alan kommersiya qurumu olur. “Menatep” in fəaliyyətinə gəlincə, bank valyutaların aktiv əməliyyatlarını apararaq, eləcə də öz istiqrazlarını fiziki şəxslərə satırmış. Düzdür, satışı “Menatep”ə 2.3 mln. rubl gətirsə də, istiqrazları alanlar hələ də layiqli divident əldə edə bilməyiblər.

Zaman ötdükcə “Menatep”in hökümətin geniş eşalonu ilə əlaqələri daha da artıb. Bunun sayəsində “Menatep” nazirliklərə - Dövlət Vergi Xidmətinə və silah idxal edən “Rosvoorujenie” dövlət şirkətinə maliyyə xidmətləri göstərmək hüququ qazanıb.Özəlləşdirmə zamanı “Menatep” digər kommersiya qurumları kimi özəlləşdirmədə aktivlik nümayiş etdirib. Nəticədə bank rəhbərliyi tekstil, ərzaq emalı, tikinti materialları, əlvan metallar (titan və maqnezium), mineral gübrə istehsalı kimi sərfəli sahələri ələ keçirə bilib. Bu imperiyanı idarə etmək üçün isə 1995-ci ildə “Rosprom” yaradılıb. “Rosprom” “YUKOS” neft şirkəti də daxil olmaqla 100-ə yaxın özəlləşdirilmiş müəssisəni özündə birləşdirirmiş.

1995-ci ildə “Menatep” hərracda ”YUKOS” dövlət şirkətinin səhmlərinin 45 faizini alıb. Xarici və rus iş adamlarının sıxışdırılmasından sonra Xodorkovski və 5 ortağı 309 milyon dollar ödəyərək şirkətin səhmlərinin 78 faizini də əldə edirbər. Artıq 1996-cı ildə onların payı 90 faizə çatıb. 2000-ci ildə Xodorkovski ”YUKOS”un prezidenti olub. Şirkətin səhmlərinin dəyəri 60 faiz bahalaşaraq 62.9 dollara yüksəlib. Bunun nəticəsində "YUKOS”un kapitalı 350 milyon dollardan 10,3 milyard dollara yüksəlib.

Xodorkovski də Boris Berezovski kimi, Rusiyanın dövlət başçısı Putinin qəzəbinə tuş gələn iş adamlarındandır. Burada təkcə yəhudi olması deyil, digər siyasi faktorlar da rol oynayıb. Bu barədə bir qədər sonra…

Uzun müddət davam edən soyuq müharibədən sonra Xodorkovski öz tərəfdaşları ilə birgə vergi cinayətində ittiham edilib. 2003-cü il oktyabrın 25-də hava limanında həbs olunub. Yeri gəlmişkən, bu zaman o, dünyanın və Rusiyanın ən zəngin insanlarından biri idi. Oktyabrın 30-da Rusiya Federasiyasının Baş Prokurorluğu iş adamının sahibi olduğu “Yukos Universal Limited və Hully Enterpirses”ə məxsus “YUKOS”un səhmlərinin 53 faizinə həbs qoyub.

2005-ci ildə məhkəmə Xodorkovski barəsində hökm çıxararaq onu dələduzluq və başqa cinayətlərin törədilməsində təqsirli bilib. "YUKOS" şirkəti müflis elan edilib. 2010-2011-ci illərdə Xodorkovski barəsində yeni hallara görə yenidən hökm verilir.

Onu da qeyd edək ki, iş adamının cinayət işinə Rusiya və beynəlxalq ictimaiyyət tərəfindən ziddiyyətli yanaşmalar var. Bir qisim Xodorkovskinin ədalətli şəkildə məhkum olunduğunu, digərləri siyasi motivlərlə təqib olunan vicdan məhbusu olduğunu deyirdilər.

"Beynəlxalq amnistiya" Xodorkovski və onun həmkarı Platon Lebedevə "vicdan məhbusu" statusunu vermişdi. Avropa İnsan Haqları Məhkəməsi 2011-ci ilin mayında çıxardığı qərarında həbs zamanı prosedur pozuntularının olduğunu, ibtidai istintaq və məhkəmə baxışı, həbsdə saxlanılmaya dair şikayətlərə baxılma zamanı insan ləyaqətini alçaldan faktların mövcudluğunu müəyyən etmişdi. Eyni zamanda AİHM hesab edirdi ki, Xodorkovskinin cinayət təqibinin siyasi motivlərinin təkzibedilməz sübutları təqdim olunmayıb. Bir sözlə, iş adamının həbsinin qərəzli olması ilə bağlı beynəlxalq təşkilatların tövsiyyələrinə, məhkəmə vəsatətlərinə baxmayaraq, o, 11 il ümumi rejimli təcridxanada həbs çəkdi. Qüvvədə olan qanunlara görə, cəzasının 2014-cü il oktyabrın 25-də bitməsi gözlənilsə də, 2013-cü ilin dekabrında azadlığa çıxdı. Əvvəlcə Almaniyaya, oradan isə İsveçrəyə getdi.

O ki qaldı Putinlə münasibətlərinin pozulma səbəbinə, söylənilənlərə inansaq, buna səbəb iş adamının müxalifət partiyalarına maliyyə ayırması olur. Rusiyanın millət vəkili Boris Nemtsovun açıqlamalarına görə, Vladimir Putinin şəxsən özü Xodorkovskidən müxalifətə pul ayırmamasını istəyib. Qarşı tərəf isə bu tələblərə baxmayaraq, 2003-cü ildə SPS və “Yabloko” partiyalarının Dövlət Dumasına seçkilərdə iştirakını maliyyələşdirməkdə davam edib. İş adamının həbsindən sonra hər iki partiya Dumaya daxil ola bilmədilər.

“Forbes”in 1997-ci ildə hazırladığı hesabatda Xodorkovskinin sərvətinin həcmi 2.4 milyard dollar göstərilib. Və o, Boris Berezovskidən sonra Rusiyanın 2-ci ən varlı adamı kimi dəyərləndirilib. 2002-ci ildə jurnal bu məbləği 3.7 milyard dollar qiymətləndirib. 2003-cü ildə dünya milyarderlərinin siyahısında onun adı 26-cı, 2004-də 16-cı, 2005-ci ildə 292-ci yerdə olub. 2004-cü ildə “YUKOS”un dağıdılması nəticəsində iş adamı 2006-cı ildən iflasa doğru addımlamağa başlayıb. Beləliklə də, milyarderlərin siyahısından çıxıb.

Xodorkovski ilə bağlı maraqlı məqam hazırda onun 100 milyon dollara sahib olmasını deməsidir. Halbuki iş adamının vəkili bu haqda dəfələrlə “Xodorkovski milyarder deyil. Nə real, nə də virtual olaraq” deyə bildirib. Amma bütün biznesinə əl qoyulsa da, Xodorkovskinin haralardasa hələ böyük pullarının gizlədildiyi Rusiyanın gündəminin əsas mövzusudur. Mətbuat İrlandiya banklarında onun dondurulmuş 65 milyon avrosunun olduğunu, “Forbes” isə ayrı-ayrı şirkətlərdə 2.2 milyard dollara yaxın səhm payına sahib olduğunu iddia edir.

Xodorkovski iki dəfə evlənib. İlk həyat yoldaşı öz tələbə yoldaşı Yelenadır. Cütlük institutdakı komsomol fəaliyyətləri dövründə yaxınlaşıblar. Münasibətlər evliliklə bitib. 1985-ci ildə onların oğulları Pavel dünyaya gəlib. Yazılanlara görə, iş adamının ilk evliliyi sülh şəraitində bitib. Hazırda oğlu Pavelin xarici ölkələrdən birində təhsil aldığı, keçmiş həyat yoldaşının isə turist firması işlətdiyi deyilir.

Xodorkovskinin ikinci həyat yoldaşı İnnadır. Onlar iş münasibətləri zamanı tanış olublar. Belə ki, İnna “Menatep”də işləyirmiş. Yeri gəlmişkən, İnna da D.İ. Mendeleyev adına Moskva Kimya Texnologiyaları İnstitutunda təhsil alıb. Bu evlilikdən onların Nastya adlı qızları, Qleba və İlyu adlı əkiz oğlanları var. İnna Xodorkovski evdar qadındır. Nastya özəl, elit məktəbdə oxuyur.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm