Manatın taleyi necə olacaq? - Ekspert
Bizi izləyin

Ekopublika.az

Manatın taleyi necə olacaq? - Ekspert

“Manatın məzənnəsi ilə bağlı təhlükə gözlənilmir. Ancaq yenə də çox şey Mərkəzi Bankın yeni iqtisadi və maliyyə rejimində valyuta bazarını tənzimləmək üçün hansı mexanizmlərdən istifadə etməsindən asılıdır”.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu deyib. Son günlər neftin ucuzlaşması və rus rublunun qiymətinin aşağı düşməsinin manata hansı formada təsir edəcəyini şərh edən ekspert çox şeyin Mərkəzi Bankdan asılı olduğunu bildirib:

“Dünya bazarında neftin qiymətinin ucuzlaşmasının neqativ təsirləri sırasında bəzi ölkələrdə milli valyutaların dəyərdən düşməsi müşahidə olunmaqdadır. Bunun bariz nümunəsini rus rublunun timsalında görmək olar. Azərbaycan manatının taleyi bu baxımdan bəzi dairələrdə narahatlıq yaratmaqdadır. Bunun başlıca səbəblərindən biri manatın məzənnəsinin təsbit edilmiş məzənnə rejimində idarə olunmasıdır. Təsbit edilmiş məzənnə rejimi dedikdə ölkənin milli valyutasının sərbəst dönərli xarici valyutaya qarşı inzibati müdaxilələrlə dəyişməz saxlanılması nəzərdə tutulur. Yəni, məzənnəni sabit saxlamaq üçün Mərkəzi Bank valyuta bazarında tələb və təklifi aktiv alış-satış əməliyyatları vasitəsilə tarazlaşdırır, bir sözlə, daimi olaraq valyuta bazarına müdaxilə edir. Mərkəzi Bank valyuta bazarında satışlar həyata keçirərkən özünün sərəncamında olan xarici valyuta ehtiyatlarından istifadə edir. Statistik məlumatlara görə, Mərkəzi Bank valyuta sterilizasiyası əməliyyatı üzrə müdaxilələr etməklə bazarda 2010-cu ildə 1.385, 2011-ci ildə 4.153, 2012-ci ildə 1.584, 2013-cü ildə 2.457, 2014-cü ilin 9 ayında isə 1.204 milyard dollarlıq alışlar həyata keçirib”.

Q.İbadoğlu hazırda və yaxın gələcəkdə baş verə biləcəklər barədə də şərh verib:

“Fikrimizcə, manatın məzənnəsinin ucuzlaşması ilə bağlı risklər ölkənin ixracatdan valyuta gəlirlərinin azaldığı, real effektiv valyuta məzənnəsinin özünün tarazlıq səviyyəsində olmadığı, tədiyə balansının kəsirinin mövcudluğu şəraitində fəallaşa bilər. Son statistik məlumatlara görə, xam neftin dünya bazarında qiymətinin ucuzlaşması müşahidə olunsa da, ölkənin tədiyə balansında profisit qeydə alınıb. Bu isə o deməkdir ki, hazırda valyuta bazarında təklif tələbi üstələyir. Bu şəraitdə Mərkəzi Bank məzənnənin möhkəmlənməsinin qarşısını almaq üçün bazarda, əksinə, xarici valyuta alışını həyata keçirir. Odur ki, yaxın gələcəkdə təzyiqlər artsa da, manatın məzənnəsi ilə bağlı təhlükələr gözlənilmir. Amma yenə də çox şey Mərkəzi Bankın yeni iqtisadi və maliyyə rejimində valyuta bazarını tənzimləmək üçün hansı mexanizmlərdən istifadə etməsindən asılıdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm