Kompüter biznesi çökür, bayramqabağı qiymət tonqalı - Hesabat
Bizi izləyin

Ekopublika.az

Kompüter biznesi çökür, bayramqabağı qiymət tonqalı - Hesabat

Yola saldığımız həftə dünya iqtisadiyyatı neftin qiymətinin yenidən enişə keçməsi ilə başladı. Beynəlxalq Enerji Agentliyinin son şərhindən sonra Brent tipi xam neftin qiyməti 57 dollara, Qərb Teksas tipli neftin bareli isə 47 dollara düşdü. Yunanıstanda işsizlərin sayının artdığı bəlli oldu. Avropa Birliyinin İqtisadiyyat və Maliyyə Nazirləri 315 milyard avroluq sərmayə fondu ilə bağlı razılaşma imzaladılar. Rusiya Mərkəzi Bankı əsas faiz nisbətini endirdi. TANAP-ın təməlqoyma mərasiminin zamanı açıqlandı.

Başlayaq Yunanıstandan. Maliyyə böhranından heç cür çıxa bilməyən Yunanıstanda işsizlik nisbəti yenə gözləri qamaşdırıb. Belə ki, 2014-cü ilin sonuna bu nisbət 26,1 faizə yüksəlib. Hökumət altı ildir davam edən resessiyanın izlərini silməyə çalışsa da, ölkədə faktiki 1 milyon 240 min nəfər işsiz var. Onların 73 faizini də azı bir ildir iş tapa bilməyənlər təşkil edir. Borc böhranı və tətbiq edilən kəmərsıxma siyasətləri işsizlərin sayını artırmaqla bərabər, ümumi daxili məhsulun 25 faiz azalmasına da gətirib çıxarıb.

Qiymətlərə gəlincə, qiymətlərdəki eniş fevral ayında səngiyib. Yunanıstanın Statistika Ofisindən verilən məlumata görə, yanvar ayında 2,8 faiz olan deflyasiya nisbəti keçən ay 2,2 faiz olub. Nəqliyyat və qidanın qiyməti artsa da, ayaqqabı, tekstil sektorunda 17 faiz ucuzlaşma baş verib. Onu da qeyd edək ki, iki ildir davam edən deflyasiya səbəbindən maaşların və dövlət yardımlarının məbləği azalıb.

Avropa Birliyinin İqtisadiyyat və Maliyyə Nazirləri 315 milyard avroluq sərmayə fondu ilə bağlı razılaşma imzaladılar. Sərmayə fondunun məqsədi AB iqtisadiyyatını canlandırmaq olacaq. Belə ki, bu proqramla 1 milyon insanın işlə təmin edilməsi hədəflənir. Xatırladaq ki, 2014-cü ildə Avro Bölgəsi 0.9 faiz iqtisadi artım nümayiş etdirib. Sərmayə Fondunun ilin ortasında fəaliyyətə keçməsi planlaşdırılır. Bu paket üzrə vəsaitlərdən enerji, xidmət, təhsil və digər sahələrin maliyyələşdirilməsində istifadə ediləcək. AB Komissiyasının proqnozlarına əsasən sərmayə fondunun faəliyyət göstərəcəyi 3 ildə AB ümumi daxili məhsul istehsalını 330-410 milyard avro artıracaq. 1,1-1,3 milyon yeni məşğulluq yaranacaq. Nəzərə çatdıraq ki, sərmayə fondunun qüvvəyə minməsi üçün Avropa Parlamentinin də təsdiqi gözlənilir. Fonda Almaniya, Fransa və İtaliyanın 8 milyard, İspaniyanın isə 1,5 milyard avro vəsait keçirməsi gözlənilir.

Avropa Parlamenti də bank müştərilərini sevindirdi. Belə ki, parlament bank və kredit kartı istifadəçilərinin xərcini azaldan qanun qəbul etdi. Yeni qanuna görə, banklar tərəfindən alınan komissiya ödənişi kredit kartıyla edilən əməliyyatlarda məbləğin 0,3 faizini, bank kartıyla edilənlərdə isə 0,2 faizini təşkil edəcək. Avropa Komissiyasının təsdiqindən sonra qüvvəyə minməsi planlaşdırılan qanun Avropa Birliyinə üzv bütün ölkələrində etibarlı olacaq.

Xatırladaq ki, banklar arasındakı mübadilə ödənişləri həm satıcılar həm də istehlakçılar üçün böyük yük idi. Belə ki, kartla edilən hər elektron ödəmədən bankların götürdüyü komissiya istehlakçı ilə satıcı arasında bölüşdürülürdü. Satıcı da bu ödənişi məhsulun qiymətində əks etdirdiyindən əslində istehlakçı bütün komissiya məbləğini öz cibindən ödəyirdi.

Rusiya Mərkəz Bankı da boş dayanmadı. Bank ötən il “dəvə belinə” qaldırdığı əsas faiz nisbətini 15 faizdən 14 faizə endirdi. Mərkəz Bankı bunun sayəsində inflyasiyanı tənzimləməyi, daha elastik pul siyasəti sayəsində iqtisadiyyatı canlandırmağı hədəfləyir. Bu arada bankın qarşıdakı aylarda da faiz nisbətini salması gözlənilir. Bankın özünün açıqlamasına görə, bunun nəticəsində illik inflyasiya nisbəti 2015-ci ildə 9 faizdə sabitləşəcək. 2017-ci ilə qədər isə 4 faiz təşkil edəcək: "Rubl həqiqətən də dəyərinin yarısını itirib. Neft və digər xammalların satışından ölkəyə daha az həcmdə dollar daxil olur. Əsas qida məhsullarının qiymətləri isə sürətlə bahalaşır”. Bildirək ki, fevralda inflyasiya 16,7 faizə çatıb. Bunda da rublun məzənnəsinin valyutalar qarşısında zəifləməsi böyük rol oynayıb. Digər faktor isə ölkəyə tətbiq olunan maliyyə sanksiyalarıdır - rus şirkətlərinin xarici bazarlara çıxışını məhdudlaşdırıb.

Yola saldığımız həftə həm də Krımın Rusiya tərəfindən ilhaqının bir ili tamam oldu. İqtisadi dəyərləndirmələr göstərir ki, bu birləşmə yarımadanın iqtisadiyyatını yerlə bir edib. Kırımda bu gün nə bir beynəlxalq şirkət, nə də açıq bank qalıb. Nəticədə, mövcud vəziyyət muxtar respublikanın iqtisadiyyatını dərindən sarsıdıb. İnflyasiya idarə olunmaz səviyyəyə çatıb. İqtisadiyyatı Rusiyaya bağlı olan Krım, demək olar ki, tarixinin ən çətin maliyyə dövrünü keçirir. Ukrayna böhranı səbəbindən Rusiyaya tətbiq olunan maliyyə sanksiyaları Rəsmi Moskvanın vəd etdiyi yardımların bölgəyə çatmasına maneə törədir.

İş dünyası

Bir zamanlar Rusiyada kiçik sahibkarları, elmi işçiləri milyarderə çevirən kompüter biznesi çökür. Belə ki, dünyada kompüterə olan rəğbət azalır. Beynəlxalq Məlumat Təşkilatının (IDC) apardığı son araşdırmalara görə, 2014-cü ildə dünya üzrə kompüter satışı 2,2 faiz azalıb. 2015-ci ildə də satılacaq kompüterlərin sayının 293 milyona düşəcəyi proqnozlaşdırılır.

İnkişaf etmiş iqtisadiyyatlarda satışların artacağını bildirən şirkət inkişaf etməkdə olan ölkələrdə eniş gözləndiyini açıqlayıb. Vəziyyətə səbəb kimi isə sərmayə və istehlaka əlverişli olmayan pis iqtisadi gedişatı göstərib.

“Apple”-in aprel ayında bazara təqdim edəcəyi lüks ağıllı saatların hazırlanmasında qızıldan istifadə edilib. Saatın ən lüks versiyasının 17 min dollar təşkil edəcəyi deyilir. İstehsalda təxminən 750 ton qızıldan istifadə edilməsi planlaşdırılır. Bu miqdar dünya illik qızıl istehsalının üçdə birinə bərabərdir. “Apple” Asiyadakı fabriklərində təxminən 6 milyon ədəd ağıllı telefon istehsal etməyi planlayır. Ağıllı saatın üç versiyasından ən ucuzu idman modeli olacaq. O da satışa 349 dollardan təqdim ediləcək.

Fransanın Rəqabət Təşkilatı isə ilin-günün bu vaxtında təzə süd və süd məmulatları istehsalçılarına cəza kəsib. Şirkətlər 2006 – 2012-ci illərdə qiymətləri bazardan kənar qanunlarla tənzimləməkdə günahlandırılırlar. Rəqabət Təşkilatı təxminən 11 istehsalçıya 190 milyon avro həcmində maliyyə sanksiyası tətbiq edib. Bu arada, istehsalçıların cəzanı istehlakçıya əks etdirib-əks etdirməyəcəkləri hələ bilinmir. Qiymətlər artsa belə, süpermarketlərin qiymətləri təyin etməkdə azad olması artım riskini azaldır.

Azərbaycan

Gəldik çatdıq güllük-gülüstanlıq olan ölkəmizə. Yola saldığımız həftə Dövlət Statistika Komitəsi 2015-ci ilin yanvar-fevralı ayları üzrə ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini açıqladı. Məlum oldu ki, istehlak mallarının qiymətləri və xidmət tarifləri fevral ayında yanvar ayı ilə müqayisədə 4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 6,6 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,1 faiz, xidmət tarifləri isə 1,2 faiz bahalaşıb. 2014-cü ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-fevral aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,7 faiz, xidmət tarifləri isə 1,4 faiz artıb. Ümumi Daxili Məhsul (UDM) istehsalı isə 4,2 faiz artaraq 7,1 milyard manat olub. İlin ilk iki ayı ərzində ölkə əhalisinin hər bir nəfərinin gəliri 3,7 faiz artaraq 618 manata çatıb. Gəlirlərin 75,4 faizi son istehlaka, 9,8 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 12,5 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilib. Göründüyü kimi, hesabat dövründə bütün iqtisadi-sosial göstəricilər üzrə yüksəliş qeydə alınsa da, xöşbəxtlikdən, banklardakı problemli kreditlərin həcmi 1 milyard manat olaraq qalıb.

Həftənin daha bir vacib hadisəsi Türkiyədə BP şirkəti və Trans-Anadolu boru kəməri (TANAP A.Ş.) konsorsiumu arasında sənədin imzalanması olub. Bununla da britaniya şirkəti TANAP-ın səhmdarlarının tərkibinə qoşulub. Razılaşmaya əsasən, BP layihədə 12 faizlik paya sahib olacaq. Qeyd edək ki, TANAP layihəsi Azərbaycanın "Şahdəniz" yatağından qazın Türkiyə-Gürcüstan sərhədindən Türkiyənin qərb sərhədlərinədək nəqlini nəzərdə tutur. TANAP-da 58% SOCAR-a məxsusdir. 30% səhmlər isə Türkiyənin dövlət boru şirkəti BOTAŞ-ın payındadır. Yeri gəlmişkən, martın 17-də Türkiyənin Kars şəhərində TANAP-ın təməlqoyma mərasimi keçiriləcək. Bu mərasimdə Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı planlaşdırılıb.

Mərkəzi Bank isə banklara növbəti dəstəyini verdi. Belə ki, “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”na dəyişikliklər etdi. Həmin dəyişikliklərə görə, 2015-ci il fevralın 23-dək restrukturizasiya olunmuş aktivlər standart aktivlər kimi, 2015-ci il fevralın 23-dən restrukturizasiya olunmuş aktivlər isə qənaətbəxş aktivlər kimi təsnifləşdirilə bilməz. Rəylərə əsasən, yeni dəyişiklik nəticəsində restrukturizasiya olunmuş aktivlər standart hesab olunacaq, ancaq nəzarət altında olan aktivlər kimi nəzərə alınacaq. Buna görə bank tərəfindən yaradılan ehtiyatın həcmi 6 dəfə az - 5% olacaq. Deməli, banklar fevralın 23-dən sonra restrukturizasiya olunmuş aktivlərə görə 30% yox, 5% ayıracaq. Bu isə banklara dəyən zərərin azaldılmasını təmin edəcək, bankların kapitalının “əriməsinin” qarşısını alacaq. Onu da bildirək ki, bank bundan əvvəl açıq valyuta mövqeyi üzrə limitin tətbiqini 1 yanvar 2016-cı il tarixinə qədər dondurmuşdu. Bu da banklara dəstək üçün atılmış addım idi. Belə ki, valyuta əməliyyatlarının bankın kapitalı ilə məhdudlaşdırılması bəzi bankların işini çətinə salırdı.

Dövlət Neft Şirkəti (SOCAR) cəlb etmə üçün nəzərdə tutulmuş həcmdən 25 faiz az məbləğdə dollar istiqrazlarının sayca üçüncü buraxılışını yerləşdirdi. Buraxılışın ümumi həcmində 1 milyard dollarda 15 illik istiqrazlar 6,95 faiz gəlirliklə 750 miyon dollar yerləşdirilib. Yerləşdirmədən əldə edilən vəsaitin yarısı Türkiyədə “Star” neft emalı zavodunun tikintisinə xərclənəcək, qalan hissəsi isə şirkətin qısamüddətli kreditlərinin yenidən maliyyələşdirilməsinə və ümumi korporativ məqsədlərə ayrılacaq. Daha əvvəl SOCAR-ın kapital bazarından gəlirliyi 7 faiz olan 1 milyard dollar cəlb edəcəyi gözlənilirdi. Buraxılışın menecerləri qismində “Deutsche Bank” və “JP Morgan” seçiliblər.

Məndən bu qədər. Hər birinizə uğurlu həftəsonu tətili…

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm