Təcili içimi kirləməliyəm...
Bizi izləyin

Köşə

Təcili içimi kirləməliyəm...

Kəramət Böyükçöl

Kəramət Böyükçöl

Nə qədər çalışıb-vuruşsam da, xeyri yoxdur, yaddaşım, xatirələrim babamla birlikdə qoyun otardığım illərdən o yana keçmir. Babam uzaqdan papağını çıxarıb əlində yelləyirdi. Bu isə o demək idi ki, sürünün ucunu bu yana döndər, çox uzağa getməsin. Həmin illərdə atam-anam İmişli rayonunda yaşayırdı. Valideynlərim kənddən, qoyun-quzudan nə qədər bezsələr də, canlarını götürüb nə qədər uzağa qaçmaq istəsələr də, mən bir o qədər kəndə, öz doğma fermamıza dartınırdım. Və təbii, uşaq vaxtı məni içimdən kəndə, qoyun-quzuya, yovşana, yulğuna dartan hissin adını bilmir, buna məntiqi izah verməyi bacarmırdım. Hamı elə bilirdi ki, bütün uşaqlar kimi mən itə, ata, eşşəyə həvəsiyir, ona görə kəndə getmək istəyirəm.

Təxminən, 10-12 yaşım vardı, amma atamı tanımırdım, o mənada ki, onunla ünsiyyətim olmamışdı. Günüm çöllərdə, babamın yanında keçirdi. Yaxşı yadımdadır, 4-cü sinifdə oxuyurdum. Könülsüz də olsa, rayona, atamın, anamın yanına getmişdim. Dayım bizə kənddən ərik gətirmişdi. Babamdan ötrü darıxa-darıxa əvvəl əriyi, sonra isə tumları bir-bir qırıb yeyirdim. Sən demə, olmazmış. Gecənin bir aləmində bərk sancılandım, yediklərimi qaytarmağa başladım. Tum zəhərli imiş. Təcili Yardıma zəng elədilər. Həkim gəldi. Mənə səhvən bir iynə vurdu. O iynənin adı indiyə kimi yadımdadır: atropin. Xanımotu adlı bitkidən hazırlanır. Sən demə, həkim sərxoş imiş və mənə dərmanın dozasını həddindən artıq vurubmuş.

Rəvayətə görə, Makedoniyalı İsgəndər döyüşə gedəndə ordusu ilə birlikdə yolda dincəlmək qərarına gəlir. Həmin vaxt ordu xanımotu bitkisindən yeməyə başlayır, bir az keçənbdən sonra isə hərəsi əlinə bir ağac alıb yaşıl rəngdə sıçanı qovalayırlar. Məndə də belə olmuşdu, gözümə yaşıl rəngdə sıçanlar görünürdü. Əlimə nəsə alıb sıçanları qovurammış. Sıçanların arxasınca o qədər düşürəmmiş ki, qan-tərə batıb çıxırammış. Sonra qəfil komaya düşmüşəm və bundan sonrasından xəbərim olmayıb. Atam deyir, düz bir həftə komada qalmısan. Heç bir həkim yaxın durmayıb ki, artıq iş-işdən keçib, gedin qəbir-zad hazırlayın.

Sonralar mənə elə gəldi ki, komada qaldığım günlər ərzində bircə atamı görürəmmiş və bir də onun diz çöküb mənim meyidimin qabağında necə yalvardığını, ağlaya-ağlaya deməyi ki, gözlərini aç, söz verirəm, sənə top alacam. Onun bu sözü, səsi hələ də qulaqlarımdadır. Mən ilk dəfə onda hiss elədim ki, atam var. Yəni ilk dəfə atamla 4-cü sinifdə oxuyanda tanış olmuşam. Amma sən demə, yalandan ağlayırmış, söz verdiyi topu almadı.

Sözümün canı odur ki, mənə elə gəlir, atropin iynəsindən sonra daha böyümədim, elə 10-12 yaşımdaca qaldım. Tez-tez mənə deyirlər ki, sən niyə böyümürsən? İldən ilə yaşının üstünə yaş gəlir, amma ağlın artmır. Doğrudan da, özümü o qədər balaca hiss edirəm ki, doğmalarım hərdən məni körpə deyə çağırır. Bu müraciət - “körpə” əvvəl mənə xoş gəlsə də, get-gedə hiss edirəm ki, daha narahat eləməyə başlayır. Çünki uşaq olmaq o deməkdir ki, sən hələ safsan, hələ təmizsən və bu qədər saflıqla və bu qədər təmizliklə böyük adam olmaq mümkün deyil. Mənsə böyük adam olmaq istəyirəm, bunun üçün isə təcili içimi kirləməliyəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm