Anar Heybətov: “Məni görmək istəyən xanımları ora çağırıram” - FOTOLAR
Bizi izləyin

Magazin1

Anar Heybətov: “Məni görmək istəyən xanımları ora çağırıram” - FOTOLAR

Çox şanslıdır, gənc olmasına baxmayaraq, fəaliyyət göstərdiyi Akademik Milli Dram Teatrına gəldiyi gündən məşhurlaşıb. Son vaxtlar isə hamı onu yerli serialların baş qəhrəmanı kimi tanıyır. Söhbət gənc aktyor Anar Heybətovdan gedir.

Publika.az-a müsahibə verən aktyor şəxsi həyatından da danışıb.

- Gənclər arasında həm sevilən, həm də tanınan aktyorlardansınız. İkisini bir arada saxlamaq çətin deyil ki?

- Bu gün tanınmaq və eyni zamanda sevilmək çox çətin məsələdir. Əvvəlki illərə nəzər salanda baxıb görürük ki, yaşlı nəslin tanınması üçün bir televiziya vardı. Bir gecənin içərisində hansısa aktyor tanına bilərdi. Bu gün telekanallarımız, eyni zamanda sənət adamları da çoxdur. Seçim imkanları məhdud deyil. Qısa vaxt ərzində tanınmaq mümkündür, amma insanlar tərəfindən qəbul olunmaq, sevilmək o qədər də asan deyil. Bu mənada, özümü bəxtigətirmiş aktyorlardan sayıram. İstər teatrda, istərsə də seriallarda oynadığım rolların tamaşaçılar tərəfindən sevildiyini hiss etmişəm.

- Sizcə, sevilməyinizdə şansınıza daha çox borclusunuz, yoxsa istedadınıza?

- Düşünürəm ki, bunların hamısı bir aktyorda cəm olmalıdır. Başlıcası istedaddır. Mən bu sənətdə uğurlarıma görə özümü müəllimim Azərpaşa Nemətova, Gülşad Baxşəliyevaya borclu sayıram.

- Bəzi aktyorlar var ki, özlərini onlara verilən rolları birmənalı şəkildə oynamağa borclu sayırlar. Sizin necə, hansısa roldan imtina etdiyiniz vaxtlar olur?

- 2013-cü ildə dəvət aldığım iki serialdan imtina etmişdim. “Pərvanələrin rəqsi” serialından sonra mən həmin ildə heç bir seriala çəkilmədim. Bilirsiniz ki, o serial ən çox reytinq toplayan serial olmuşdu. Həmin ildə serialın birindən maliyyə məni qane etmədiyinə, digərindən isə rol xoşuma gəlmədiyinə görə imtina etdim.

- Maliyyədən söz düşmüşkən, hərdən aldığınız qonorarı Hollivud aktyorlarının aldığı qonorarla müqayisə edib, təəssüfləndiyiniz vaxtlar olur?

- Nəinki Hollivud aktyorlarının yaşam tərzinə, aldıqları qonorara, elə çəkdikləri filmlərə də baxıb həsəd aparıram. O səviyyədə olmasa da, çox istərdim ki, Hollivud filmlərinin oxşarı bizdə də çəkilsin.

- Bir gənc olaraq necə düşünürsünüz, sizcə, bizim filmlərdə çatışmayan nədir ki, biz dünya bazarına çıxa bilmirik, elə öz qazanımızda bişiririk.

- Həmişə bizi dünya və türk aktyorları ilə müqayisə edəndə mən əsəbiləşirəm. Bizim aktyorlarımız heç də onların aktyorlarından zəif deyillər. Heç bir faiz də olsun. Hətta biz onlardan yüksəkdəyik ki, nəinki aşağıdayıq. Sadəcə olaraq, bizdə filmin satışı ilə məşğul olan işçi qrupu yoxdur. Maliyyə də əsas səbəbdir. Hollivud filmlərinə nə qədər pul xərclənir. Onların büdcəsi ilə bizim filmlərin büdcəsi müqayisə etmək belə mümkün deyil. Xarici filmlər var ki, yüz minlərlə dəyəri olan avtomobillər yandırılır, müəyyən xərclər olur. Amma bizdə bu, mümkün deyil.

- Darıxmayın, yəqin ki, bizdə də kino sənayesinin inkişaf edəcəyi gün gələr. Maliyyədən söz düşmüşkən, özünüzün pulla bağlı problemləriniz olur?

- Dəhşət dərəcədə.

- Bədxərcsiniz?

- İsrafçılıq eləmirəm, amma pul xərcləməyi xoşlayıram. Sözsüz ki, olan yerdən. Xərcləməli yerlərə xərcləyirəm.

- Məsələn?

- Birinci yerdə evimin bazarlığı gəlir. Daha sonra, benzinim-filan…

- Adətən, dükan-bazarda satıcılar sənət adamlarının varlı olduğunu düşünüb, onlardan pulu artıqlaması ilə alırlar. Hətta qalığı qaytarmırlar…

- Yox, mənim on qəpik qalığım olsa da belə, onu qaytarıblar.

- Çoxlu pulunuz olsaydı, neyləyərdiniz?

- Borclarımı qaytarardım.

- Yəqin ki, kreditlərinizi nəzərdə tutursunuz?

- Hə, banklara borcum var.

- Dollarla, yoxsa manatla?

- Elə də var, belə də. Maşınım kreditdədir.

- Sizin üçün avtomobilin markası önəmlidir, yoxsa elə ayağı yerdən götürsün, bəsdi.

- Təbii ki, bahalı maşın olsa, rahatçılıqdır. Kim istəməz, rahat maşında gedib-gəlsin?

- Pullu dostlarınız sarıdan yarımamısınız ki?

- Var dostlarım, amma onlarla puluna görə dostluq etmirəm.

- Elə sənət adamları var ki, varlı dostları onlara bahalı hədiyyələr bağışlayırlar…

- Elə bu maşının ilkin pulunu mənə hədiyyə ediblər.

- Maraqlıdır, indiyə qədər sizi çox təəccübləndirən fanatınız olub?

- Mən Azərbaycanda fanat məsələsinə normal baxmıram. Bizdə fanat yoxdur. Hansısı aktyoru sevən, ona rəğbət bəsləyən insanlar ola bilər. Fanat deyəndə gözümün qabağına ilk növbədə Maykl Ceksonun fanatları gəlir. Fanat elə olar. Bir-iki müğənninin fanatı ola bilər. O fanatlar da özlərini xarici fanatlara bənzədənlərdir. Bir də görürsən sosial şəbəkələrdə sənət adamları tez-tez yazırlar ki, şəhər kənarında fanatlarımla görüşdüm. Çalışıram belə statusları tez-tez oxuyum. Çünki son vaxtlar bir az çəkim artıb, istəyirəm, ət töküm (gülür). Mən heç vaxt özüm haqqında belə sözlər danışmamışam. Sözün açığı, belə tərifli sözlər danışmağa utanmışam. Lap fanatlarım olsa da belə, bu barədə danışmağı özümə ayıb saymışam.

- Maraqlıdır sosial şəbəkədə xanımlar sizə daha çox nə yazır?

- Bəyəndiklərini yazırlar, oynadığım rolları xoşladıqlarını bildirirlər.

- Haqqınızda yazılan sözlərdən hansı daha çox ürəyinizə yağ kimi yayılır?

- Hamısı. Xarici görünüşümü bəyəndikləri yazırlar, tamaşalarıma gəlib baxdıqlarını söyləyirlər.

- Heç olmasa, siz də onlara cavab yazıb xətirlərini xoş edirsiniz?

- Bəzilərinə cavab yazıram, bəzilərinə yox. Buna görə də hərdən məndən inciyirlər.

- Qadınların sevgisindən heç sui-istifadə etməmisiniz?

- Yəni?

- Məsələn, görüşə çağırıblar, getmisiniz?

- Yox. Məni görmək istəyən xanımları teatra dəvət edirəm. Onlar üçün dəvətnamələr ayırıb qoyuram. Gəlib tamaşalarıma baxırlar, ürək sözlərini sosial şəbəkədə yazırlar.

- Xanımınız sizi sosial şəbəkə dostlarınıza, yaxud da fanatlarınıza qısqanır?

- Təzə-təzə ailə qurduğum vaxtlarda belə şeylər olurdu, amma sonradan daha olmadı…

- Yəni açıq şəkildə üzünüzə vururdu?

- Yox, açıq demirdi, amma davranışından hiss edirdim. Məndən incik gəzirdi. O saat başa düşürdüm ki, qısqanır.

- Sözsüz ki, tamaşalarda, seriallarda qucaqlaşma səhnələri də olur. Heç buna görə xanımınızın sizə qadağa qoyduğu vaxtlar olub?

- Qətiyyən. Elə söhbət heç vaxt olmayıb. Xanımımın sənətimə böyük hörməti var və gəlib tamaşalarıma da baxır.

- Yolda harasa bərabər gedəndə, yəqin ki, saxlayıb avtoqraf alanlar da olub. Belə olanda xanımınızın üzü dönmür ki?

- Yaxınlaşanlar da olub, şəkil çəkdirənlər də. Amma xanımım mənə heç nə deməyib.

- Telefonunuzu qurdalamır ki?

- Telefonumda kod var, amma evdəkilər də bunu bilir.

- Sizcə, müdaxilə edir?

- Xanımım telefonuma müdaxilə etsə, bunu normal qəbul edirəm. Heç gizlin işim də yoxdur axı, nədənsə çəkinim.

- Qısqancsınız?

- Qısqancam. Amma manyak da deyiləm.

- Açıq-saçıq səhnələrə münasibətiniz necədir? Oynayardınız?

- Əslində münasibətim normaldır, sənətdən söhbət gedir və belə səhnələrin olması da normaldır. Azərbaycanda mentalitet, müsəlmançılıq baxımından belə şeyləri qəbul etməyənlər var. Belə səhnələri iki peşəkar oynayırsa, burda qəbahət bir iş yoxdur.

- Xoşlamadığınız aktrisa ilə belə səhnədə oynayardınız?

- Ola bilər aktrisa xoşuma gəlməsin, amma bunun səhnədəki oyuna heç bir aidiyyatı ola bilməz.

- Küsülü olduğunuz həmkarınız varmı?

- Heç bir nəfər də.

- Çəkinizə nəzarət edirsiniz?

- Edirəm, amma bəzən çəkim nəzarətdən çıxır. Bir-iki kilo kökəlirəm. Buna görə heç narahat da olmuram. Çünki istədiyim vaxt arıqlaya bilirəm. Yəni kökəlsəm də, iki-üç kilo artıram.

Cəvahir Səlimqızı

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm