• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Bağırov :”Kürdlər və azərbaycanlılar arasında böyük silahlı toqquşma baş verə bilər”

  • Maraqlı
  • 11 Mart 2014 10:43
  • 3 360 Baxış
Bağırov :”Kürdlər  və azərbaycanlılar arasında böyük silahlı toqquşma baş verə bilər”



İstedadlı tədqiqatçı Adıgözəl Məmmədovun Cənubi Azərbaycanda milli azadlıq hərəkatının məchullarına gün işığı tutan dəyərli araşdırmasının dərcini davam etdiririk. Tədqiaqtın mənbəşünaslar, iranşünaslar və ümumən Pişəvəri hərəkatı ilə maraqlanan hər kəs üçün maraqlı olacağını düşünürük.

(Yazının əvvəli ilə burda tanış olun: "Kürd separatçısı : "Azərbaycanlılar və kürdlər bir xalq, bir ailədir" - GİZLİ TARİX http://publika.az/p/9146)

Mayın 8-də Demokrat Partiyasının bütün özəklərində İranda cari vəziyyət haqqında məruzələr edilmişdir. Özəklərin birində məruzəçi Ədliyyə Naziri ƏZİMA idi. O, danışıqlarla bağlı Tehran tərəfindən irəli sürülmüş şərtlərin qəbul edilməsinin zəruriliyi məsələsinə toxunarkən, Demokrat Partiyasının üzvləri öz hiddətlərini bildirərək, ciddi etiraz etməyə başladılar.

Demokrat Partiyasının üzvləri bu cür narazılığı digər bir özəkdə eyni məzmunlu məruzə edən Milli Məclis sədri ŞƏBÜSTƏRİYƏ də bildirmişlər.

Çıxış edən partiya üzvləri qeyd etmişlər ki, Demokrat Partiyası QƏVAMIN çap olunmuş bəyannaməsi çərçivəsində bağlanacaq hər hansı sazişi tanımamalıdır

M. C. BAĞIROV

İ.İ.MASLENNİKOV

13 may 1946-cı il

24 aprel 1946-cı il tarixdə SSRİ ilə İran arasında neft sazişi bağlandıqdan sonra Azərbaycan Demokrat Partiyasının lideri S.C.Pişəvəriyə bildirirlər ki, o daha Tehran hökumətinə qarşı çıxış etməsin. Amma SSRİ-nin İrandakı diplomatik korpusunun nümayəndələri Kremlə xəbər verirlər ki, S.C.Pişəvəri bu göstərişi yerinə yetirmir.

M.C.Bağırov S.C.Pişəvərinin gələcək taleyinə biganə qalmayaraq, Demokrat Partiyasının liderini müdafiə məqsədi ilə Stalinə məktubla müraciət edir.

Sonradan, 1956-cı ildə, M.C.Bağırovun məhkəməsində bu məktub onu S.C.Pişəvərinin ölümündə ittiham edənlərə bir cavab oldu. Əgər M.C.Bağırov Pişəvərini fiziki olaraq aradan götürmək niyyətində olsaydı, hələ Təbrizdə ikən onun ölümünü istəyən Moskva emissarları ilə razılığa gələrdi. Moskvanının özündə Pişəvəriyə münasibət də buna imkan verirdi. Bu məktubda Bağırov Qəvamı da kəskin tənqid etmişdi.

F № 1, siy. № 89, iş №112

MOSKVA, ÜİK(b)P MK

STALİN YOLDAŞA

Sizin göstərişinizə müvafiq olaraq, biz İran Azərbaycanı Demokrat Partiyası ilə əlaqə saxlamağa çalışırıq. Təbriz radiosunu və qəzetlərini izləyirik. Mühüm məsələlərdə bizimlə məsləhətləşməkdə davam edən Demokrat Partiyasının lideri Pişəvərinin çıxış və bəyanatlarına xüsusi diqqət yetiririk. İran hökuməti ilə saziş imzalandıqdan sonra Pişəvərinin çıxış və bəyanatlarında mərkəzi hökumətin ünvanına heç bir kəskin ifadə və ya ikibaşlı eyhamlar tapmırıq.

Buna baxmayaraq, konsulluq işçiləri, görünür, Azərbaycan və fars dillərini pis bildikləri üçün Pişəvərinin çıxış və bəyanatlarındakı ayrı-ayrı ifadələrə tez-tez irad tutur və SSRİ Xarici İşlər Nazirliyini düzgün məlumatlandırmırdılar. Nəticədə Nazirlikdən Pişəvəriyə xəbərdarlıq olunması, ondan çıxış və ya nitqlərindəki bu və ya digər ifadənin mənası ilə bağlı izahat tələb olunması haqqında göstərişlər daxil olur. Bu da istər Pişəvərinin, istərsə də onun yaxın silahdaşlarının əhval-ruhiyyəsinə mənfi təsir göstərir.

Eyni zamanda ingilislər və amerikanlar son vaxtlar İran Azərbaycanında bizə qarşı öz həyasız təxribat fəaliyyətlərini gücləndirərək, Məclisə seçkilərə hazırlaşan bütün irticaçı qrup və təşkilatları açıq-aşkar dəstəkləməyə başlamışlar.

Azərbaycana münasibətdə Qəvamın davranışı da şübhəli görünür: bizim səfirimiz vasitəsilə Qəvam kürdlərin rəhbəri Qazi Məhəmmədi onunla görüşmək üçün Tehrana gəlməyə razı salmağı xahiş etmişdir. Qazi Məhəmməd bizim məsləhətimizlə Tehrana getmişdir. Daxil olan məlumatlara görə, Qəvam hər vasitə ilə kürdləri azərbaycanlılara qarşı çıxmağa təhrik edir. Qazi Məhəmmədə cürbəcür vədlər verməklə, Qəvam çılışır ki, kürdlər Təbrizə tabe olmasınlar. Bu şəraitdə Demokrat Partiyasının lideri kimi Pişəvəriyə İranın gələcək demokratikləşməsi uğrunda mübarizədə qarşıya çıxacaq çətinliklər haqqında danışmağı qadağan etmək lazım deyil.

M.C.Bağırov iyul, 1946-cı il

Təsadüfi deyil ki, hətta 1950-ci ildə S.C.Pişəvərinin ölümündən sonra M.İ.İvanov İran Kommunist Partiyası haqqında dissertasiya yazanda Pişəvərini öz xalqının düşməni kimi göstərmişdi. Nəzərə almaq lazımdır ki, bu dissertasiya ÜİK(b) P MK-nın nəzdindəki İctimai Elmlər Akademiyasında müdafiə olunmuşdu.

M.C.Bağırov Malenkova məktub göndərərək qeyd edirdi ki, S.C.Pişəvəriyə bu cür münasibət heç bir məntiqə sığmır və tamamilə əsassızdır (C.Həsənli. "Soyuq müharibənin başlanğıcı"). O yazırdı: "Pişəvəri İran xalqı tərəfindən sevilir və görkəmli bir şəxsiyyətdir. Bu iftira Tudə Partiyası (İran Kommunist Partiyasının sədri, erməni Artaşes Ovanesyan) tərəfindən yayılmışdır. Bu, Tudə Partiyasının əksinqilabi fəaliyyətindən və eyni zamanda Pişəvəri haqqında iftiraların yayılmasından başqa bir şey deyildir. Xalq kütlələri arasında parlaq partiya və hökumət xadimi kimi Pişəvərinin adı üzərinə heç bir kölgə salına bilməz".

M.C.Bağırov İ.Stalinə yazdığı növbəti məktubda ingilislərin şah rejimi ilə birlikdə "İntellijens-servis" kəşfiyyatçıları vasitəsilə Azərbaycan demokratik hərəkatının neytrallaşdırılması xəttini həyata keçirdiyini vurğulayaraq, onları zərərsizləşdirmək təklifini irəli sürmüşdü.

O yeni yaranan Tehran hökumətində İran Azərbaycanının təmsilçisi kimi Padeqanın namizədliyini təklif etmişdi.

F № 1, siy. № 89, iş № 112

MOSKVA, ÜİK(b)P MK

STALİN YOLDAŞA

Son zamanlar Şimali Kürdüstan rayonunda gərgin vəziyyət yaranır. İngilislər kürdlərin devrilməsi üzrə geniş işə başlayıblar, ayrı-ayrı kürd tayfaları arasında silahlı toqquşmalar və kürdlərin azərbaycanlılara hücumlarını təşkil edirlər.

İyulun sonunda tanınmış kürd başçısı Hama Rəşid Xan Benam şəhərində ingilis kəşfiyyatçısı polkovnik Kornellə görüşdən sonra 8 kürd kəndini talan etmişdir. Rezaiyyə şəhərində digər kürd başçısı Nuri Bəy azərbaycanlı kəndlilərdən öz xeyrinə vergi yığmağa başlamış, bunun da nəticəsində iyulun 20-də kürdlər və azərbaycanlılar arasında silahlı toqquşma baş vermişdi. Avqustun əvvəllərində Rezaiyyə şəhərində Nuri Bəylə Rəşid Bəyin kürd tayfaları arasında silahlı toqquşma olmuşdur.

Eyni zamanda ingilislər İran-İraq sərhədində Uşnu şəhəri ətrafında İran kürdlərindən ibarət silahlı dəstələr cəmləşdirmişlər ki, onlar da qarışıqlıq və iğtişaşlar törətmək üçün Şimali Kürdüstana hücum etməyə hazırlaşırlar.

Azərbaycanlılarla kürdlər arasında nifaq salınması istiqamətində Qəvam tərəfindən də iş aparılır. Qəvam Şimali Kürdüstan kürdlərinin rəhbəri Qazi Məhəmmədlə Tehranda görüşərkən, onun qarşısında Kürdüstanın Azərbaycandan ayrılması məsələsini qoymuşdur və bu zaman İran hökuməti ilə azərbaycanlılar arasında Şimali Kürdüstanın da daxil olduğu Azərbaycan əyaləti barədə imzalanmış sazişin mövcudluğunu nəzərə almamışdır.

Bu istiqamətdə İran ordusunun Baş Qərargahı da iş aparır.

İngilislər Bərzani tayfasından olan İraq kürdlərinin olduqca ağır maddi vəziyyətindən istifadə edərək, onların İranın Şimali Kürdüstanından İraqa qaytarılması üzrə işə başlamışlar. Bərzani tayfasından olan İraq kürdlərinin vəziyyəti həqiqətən də olduqca ağırdır, onlar böyük maddi ehtiyac keçirir, demək olar ki, aclıq çəkirlər. İndiyədək onların Şimali Kürdüstanda məskunlaşması məsələsi həll olunmayıb.

Ümimiyyətlə, biz təkcə onlara deyil, həm də İran kürdlərimizə az sayda silah və hərbi sursat verilməsi istisna olmaqla, maddi yardım göstərməmişik.

Azərbaycanlılar isə onlara böyük yardım göstərmək iqtidarında deyillər, buna görə də kürdlər hər çur təxribata asanlıqla uyurlar və azərbaycanlılarla böyük silahlı toqquşmaya gedə bilərlər. Biz azərbaycanlılar məsləhət görmüşük ki, kürdlərə qənd, taxıl və digər mallarla maddi yardım imkanları tapıb bu işi gücləndirsinlər.

İraq kürdlərinin irticaçı kürd dəstələri və İran qoşunlarının Şimali Kürdüstan və Azərbaycana hücum edəcəyi təqdirdə istifadə olunacaq real silahlı qüvvə kimi saxlanması məqsədilə azərbaycanlılar düzgün olaraq belə bir məsələ qaldırmışlar ki, ermənilərin Sovet Ermənistanına köçməsindən sonra boşalacaq bir sıra kəndlər Bərzani tayfasından olan İran kürdlərinə verilsin. Biz onlara bu məsələni kürd demokratlarının rəhbəri Qazi Məhəmmədlə razılaşdırmağı və ermənilərin boşaltdığı bəzi kəndləri İraq kürdlərinə verməyi tövsiyə etdik, amma Tehran hökumətinin etirazına səbəb olmamaq üçün bunu etmək mümkün deyil.

Bütün etdiklərimiz kifayət deyil. İraq kürdlərinə ilk növbədə ərzaqla kömək etmək lazımdır. Bunu yerindəcə etmək olar.

ÜİK (b) MK-nın qərarı ilə Azərbaycanla bağlı işlər üçün bizə ayrılmış fonddakı 660 min tüməndən bu günə qədər 240 min tümən xərclənməmiş qalıb, bu vəsaitin 100 min tümənini azərbaycanlılar vasitəsilə kürdlərə ayırmağa icazə vermənizi xahiş edirik.

Sonda bunu bildirməyi zəruri hesab edirəm ki, bizim əlbir işləmək barədə çoxsaylı xəbərdarlıqlarımıza baxmayaraq, Azərbaycan demokratlarının rəhbərliyində, xüsusən Pişəvəri ilə general-qubernator Cavid arasında gərgin münasibətlər müşahidə olunmaqdadır.

Daxil olmuş məlumatlara görə, Qəvam öz hökumətində azərbaycanlılara nazir-müşavir (portfelsiz nazir) vəzifəsini vermək niyyətindədir və Pişəvəri bu vəzifəyə Cavidi tövsiyə edir. Cavidin inkişaf və hazırlıq səviyyəsinə görə bu işə tam uyğun gəlməsinə baxmayaraq, biz qorxuruq ki, onun Qəvam və ingilislərin təsiri altına düşməmək üçün kifayət qədər səbatı çatmasın. Pişəvəri isə Cavidi, görünür, ondan canını qurtarmaq üçün tövsiyə edir. Buna görə də biz nazir-müşavir vəzifəsinə Peşəvərinin Demokrat Partiyası üzrə müavini – kifayət qədər səbatlı və bizə sadiq Padeqanı tövsiyə etmək, Cavidi isə Təbrizdə saxlamaq qərarına gəlmişik.

Sizin göstərişlərinizi gözləyirik.

M.C.Bağırov

15 avqust1946-cı il

Adıgözəl Məmmədov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR