• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

İlahi ədalət axtarışında - Tanrı evlərindən - FOTOSESSİYA

  • Maraqlı
  • 1 May 2014 16:59
  • 3 079 Baxış
İlahi ədalət axtarışında - Tanrı evlərindən - FOTOSESSİYA

Yaxşı və pis insanların pənah gətirdiyi yer

Bakı bəlkə də dünyada yeganə unikal şəhərlərdəndir ki, burada bütün dini konfessiyalardan olan insanlar birlikdə yaşayır, bütün səmavi dinlərin ibadət yerləri bir arada ucalır. İrqindən, cinsindən, dini əqidəsindən asılı olmayaraq, hər kəs özünü daxilən mənəvi rahat hiss etdiyi ibadət yerlərinə üz tutur; dini ayinlərin icrası üçün əhalinin əksəriyyətini təşkil edən müsəlmanlar məscidlərə, ölkəmizdə yaşayan yəhudi icması sinaqoqlara, xristian icması isə kilsələrə baş çəkir. Bakını dünyada tolernatlığın mərkəzi kimi təqdim edənlər həqiqətən də yanılmayıblar. Çünki bir-neçə gün ərzində olduğum müxtəlif dini ibadət yerlərindən təəssüratlarım bunu deməyə əsas verir.

İlk olaraq, fotoaparatımı da çiynimə alıb, yolumun üstündəki Məşədi Dadaş məscidinə yollandım. Namaz vaxtı idi. Həftəiçi olmasına baxmayaraq, içəri demək olar ki, dolu idi. Hər yaşda insan görmək olardı. Lakin döşəmədə oturub Quran oxuyan gənc isə hiss edilirdi ki, böyük maraq və ciddiyyətlə oxuduğu mövzunu anlamağa çalışırdı. Fürsətdən istifadə edib, mən də ibadət edənlərə qoşuldum. Namazdan sonra bir neçə nəfərlə söhbətləşdim. “Niyə bu məscidə Məşədi Dadaş adını veriblər?”—deyə soruşdum. Məlum oldu ki, məscid XIX əsrin sonlarında, daha dəqiqi 1880-ci ildə Hacı Məşədi Dadaş Məşədi Zülfüqar oğlu tərəfindən tikilib. O səbəbdən də onun adına adlandırılıb. İlk olaraq, təkiyyə (İmam Hüseyn məclislərinin təşkil olunduğu yer) məqsədilə tikilsə də, sonradan məscid kimi fəaliyyətə başlayıb. Məscidin dini icması dövlət qeydiyyatından keçib. Üstəlik burada eyni vaxtda 300 nəfərin ibadət etmə imkanı olduğunu bildirdilər.

Yanan şamlar, oxunan dualar, “yuyulan” günahlar...

İkinci baş çəkdiyim məkan xalq arasında “rus kilsəsi” kimi tanınan “Müqəddəs Məryəm—mövlud kilsəsi” oldu. Bu kilsənin də yaşını qədim saymaq olar; 1896-cı ildə ianələr hesabına inşa edilən kilsə 1917-ci il oktyabr inqilabından sonra bağlanıb hərbi kazarmaya çevrilsə də, 1944-cü ildə yenidən Rus Pravoslav kilsəsinə qaytarılıb. Bura məsciddə olduğu kimi, o qədər də qələbəlik deyildi. İçəridə bir neçə yerdə yandırılmış şamlar insanda qəribə ovqat yaradırdı; birdən-nirə içimdə sanki sakitlik çökdü. Şamların olduğu tərəfə yaxınlaşan yaşlı rus qadın şam yandırıb, bir neçə dəqiqə sakitcə dua etməyə başladı. Dodaqlarının tərpənişindən hiss edilirdi ki, hansısa qayğısı var. Daha sonra sarışın bir gənc şam yandırdı. Şəkil çəkərkən köynəyinin qolundakı üçrəngli bayraq diqqətimi cəlb etdi: Azərbaycan bayrağı idi. Bu, mənim üçün əslində elə tolerantlığın, Azərbaycan vətəndaşı olmanın bir qürur nümunəsi idi. Bir qədər kənarda yaşlı bir qadının başına yaylıq bağlayıb kiçik bir pəncərəsi olan küncə yaxınlaşmasını əvvəlcə anlamadım. Sonra baxdığım xarici kinoları bir anlıq xatırladım. Kilsəyə gələnlər ilk növbədə onları narahat edən günahları etiraf edir, mənən rahatlaşırdı. Deyəsən o qadın da elə o məqsədlə həmin kiçik pəncərəyə yaxınlaşmışdı.

Hərbi anbar olmuş ibadət yeri

Növbəti yollandığım məkan şəhərin Dilarə Əliyeva küçəsi, 171 ünvanda yerləşən Avropa və Gürcüstan yəhudilərinin sinaqoqu oldu. Bu məkanı tapmaq o qədər də çətin olmadı. Elə həyətin girişindəcə rastlaşdığım oğlandan “burda məsul şəxs kimdir?”—soruşanda əli ilə qapıda dur­muş yaşlı, ancaq gümrah kişini göstərdi. “ Buranın mühafizəçisidir”—deməklə kifayətləndi. Məqsədimi biləndən və məni diqqətlə dinləyəndən sonra başında özünəməxsus fəsi olan mühafizəçi mənə gözləməyi xahiş etdi. Bildirdi ki, zalda bir nəfər ibadət edir, xahiş edib ki, heç kim onu narahat etməsin. Bir neçə dəqiqə gözləməli olsam da, mühafizəçi darıxacağımı düşünüb məni ibadətgahın digər yerləri ilə tanış etdi. Girişdə qoyulmuş ağzı bağlı şkafın nə olduğunu soruşdum. “ Bu, sizin dillə desək, nəzir üçündür”—dedi. Məbədin girişindəki lövhədəki adlar diqqətimi çəkdi. Həmsöhbətim girişdə solda divardan asılmış lövhəni göstərərək danışmağa başladı: “ Bu lövhədə məbədin tikintisinə kömək etmiş şəxslərin adları yazılıb. On­lar­dan biri də hamının tanıdığı Telman İsmayılovdur.” Gürcüstan yəhudilərinin ictimai tədbirlərini və həyat tərzini əks etdirən lövhədə isə müxtəlif dini konfessiya nümayəndələri, din xadimləri və rəsmilərlə görüşlər, mətbuatda yer alan məqalələr öz əksini tapmışdı.

2003-cü ilin martında istifadəyə verilmiş məbəd Avropada ən böyük sinaqoqlardan biri hesab edilir. Məbədin yerində əvvəllər başqa məbəd olub. İndiki tikili isə onun yerində ucaldılıb. Belə ki, İkinci dünya müharibəsindən sonra sovet dövründə əvvəllər hərbi anbar olmuş birmərtəbəli bina Avropa və Gürcüstan yəhudilərinin ixtiyarına verilib. Avropa və Gürcüstan yəhudiləri icması eyni binada yerləşir.

Bir neçə dəqiqə sonra isə ibadət edən şəxs zalı tərk etdi. Zal boş idi. Görünür, ibadət vaxtı gəlməmişdim. Oturacaqların bəzilərində kitablar vardı. Yəqin ki, ibadət edənlər dua zamanı istifadə edir, daha sonra skamyada oturacaqlarda qoyurlar. Mühafizəçi dedi ki, həftə içi hər gün səhər saat 9-un yarısı axşam səkkizdə sinaqoq daha qələbəlik olur. Çünki məhz bu vaxtlarda insanlar ibadətə toplanır, ravvinin söhbətlərinə qulaq asıb, ibadət edirlər. İcma üzvləri dini və milli bayramlarını qeyd edir, eyni zamanda Azərbaycan cəmiyyətinə də inteqrasiya edirlər. Elə mühafizəçiylə bir az rus, bir az da Azərbaycan dilində danışıb söhbətləşməyimizi bunun kiçik nümunəsi saymaq olar. Sonda həmsöhbətim söyləyir: “ Azərbaycanda bizi kimi başqa xalqlar sülh içində yaşayır, biz də onlar kimi. Biz hamımız azər­bay­can­lı­yıq.” “Hər şeyə görə sağ olun”—deyib yaşlı mühafizəçiylə sağollaşıram.

Atəşpərəst axtarışında...

Bakının mərkəzindən 30 km aralıda, Suraxanı rayonunda yerləşən Atəşgah məbədi XVII-XVIII əsrlərdə Bakının hindu icması tərəfindən tikilib. Yolboyu fikirləşirdim ki, görəsən orada ibadət edən atəşpərəst tapa bilərəmmi? Elə bu ümidlə də üz tutdum Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna.

Atəşpərəstlərin ibadət yeri olan və təbii qazın yer səthinə çıxdığı alovların yerində inşa edilən mərkəzi məbəd səcdəgahı 1810-cu ildə tacir Kançanaqaranın vəsaiti ilə ucaldılıb. Belə ehtimal olunur ki, islamın bu bölgədə yayılması ilə əlaqədar yeni dini qəbul etməyən atəşpərəstlərin bir hissəsi bölgəni tərk etmiş, bir hissəsi Hindistana üz tutmuşdur. Ara-sıra bura hindlilərin gəldiyini öyrənsəm də, bu dəfə onlara rast gələ bilmədim.

Hər kəsin özünə doğma hesab etdiyi Bakıda müxtəlif dini konfessiyaların və icmaların bir qismi ilə tanışlıq,açığı, məndə bir fikir yaratdı. Əslində Allah bəşəriyyətin ən ağıllı və şüurlu varlığı insanı yaradarkən onu ən üstün və günahsız yaratmışdı. Bu gün onun yaratdığı bəndəsi irqlərə, millətlərə, dini icmalara bölünsə də, Yaradan onların dininə, irqinə və milliyyətinə fərq qoymur, bütün insanlara göndərdiyi səmavi kitablarıyla doğru yolu göstərir.

Məncə, insanlar Allahın qarşısında ilk növbədə yaxşı və pis əməllərinə görə fərqlənirlər. Allaha yaxın olmanın yolu nifrət və savaş yox, sevgidir. Unutmayaq ki, nifrətin bacara bilmədiyi şeyləri sevgi bacarır və insanları da bir araya gətirən sevgidir. Məncə ən önəmlisi, Allaha olan sevgini hər zaman içində yaşatmaq, o sevginin işığıyla həmişə xeyir və yaxşı işlər görməkdir. Həmişə xeyir əməllərdə!

Xəyal Hüseynov

Fotolar müəllifindir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR