Bilgi.az
İlkin Həsəni işindən və bəyəndiyi qızlardan danışır - BRİFİNQ
"ATV maqazin" verilişinin aparıcısı kimi tanınıb, "Şəmi müəllim" obrazı ilə tamaşaçıların rəğbətini qazanan İlkin Həsəni "Brifinq"in qonağıdır. Sosial şəbəkədə böyük izləyicisi olan İ.Həsəni "Bozbash pictures"in çəkilişləri çərçivəsində təzəlikcə Azərbaycan və dünya turnesindən qayıdıb. Tanınmış aparıcı şəxsi həyatı, aparıcıların dil qüsuru, sosial problemlərdən tutmuş "Bozbash pictures"in son çəkilişlərinə qədər "Gündəlik Teleqraf"ın əməkdaşlarının suallarını cavablandırıb. Toylarda aparıcılıq edən İ.Həsəni qonorarını da açıqlayıb.
Nərgiz Ehlamqızı: "Bozbash pictures" Azərbaycanın bir çox rayonlarında və dünya ölkələrində çəkilişlər apardı. Xaricdə çəkilişlər çətin olmadı?
- Xaricdə bizi elə də tanımırlar, orada çəkilişlər bizə daha rahat olur. Çəkiliş aparanda adam yığılmır, heç kəsə demirsən ki, "ay qardaş, xahiş edirik bir az sakit olun, səs yazılır, kameradan arxaya keçin". Elə bölgələrimiz var idi ki, çəkilişi dayandırıb, deyirdik ki, "bax sizə görə çəkiliş dayanıb", polislər də camaatla bacarmırdı. Camaatı birtəhər sakitləşdirirdik ki, bir də gördün çəkiliş vaxtı "KAMAZ" keçir, bizi görüb siqnalın üstünə basır. Təzədən çəkilişi dayandırırdıq. Məcbur olub yolları bağlayırdıq. Polisdən xahiş edirdik ki, yolu bağlasınlar, 5 dəqiqəlik çəkiliş edirdik. Amma xaricdə biz o problemlə qarşılaşmırdıq. Məsələn, Türkiyədə olanda orada oxuyan tələbələr vardı, Facebook-dan, İnstagram-dan bilirdilər ki, biz ora gəlirik, gəlib baxırdılar, şəkil çəkdirib gedirdilər. Xaricdə bir tərəfdən bizə rahat idi. Amma digər tərəfdən çətinliyimiz vardı. Azərbaycanda nəsə lazım olanda, hansısa qapını döyəndə deyirlər, problem deyil. Türkiyədə kiməsə nə isə deyirdin, adama qəribə baxırdı ki, bu gülməli geyimli adamlar kimdir? "Sportivni" ilə pencəyi istidə geyinib məndən nəsə istəyir. Amma ümumi yaxşı keçdi.
N.Ehlamqızı: Dil bilgiləriniz varmı? Xaricdə problem
yaşamadınız?
- Rusiyada, Gürcüstanda rus dilindən istifadə edirdik.
Nərmin Muradova: Hansı əlaqələrlə
gedirsiniz?
- Səfirə və konsula zəng edib getmək mümkündür. Amma biz sadəcə
həmin ölkələrdə yaşayan dost-tanışların hesabına gedirdik.
Tanışlara zəng edib soruşurduq ki, gəlmək istəyirik, şəhərin
mərkəzinə yaxın otel hansıdır?
"Başqası olsaydı, daha çox pul qazanardı"
Nemət Orucov: "Bozbash pictures"ə televiziya proqramı,
yoxsa biznes kimi baxmaq lazımdır?
- Vallah, gələn mövsümdən buna biznes kimi yanaşacağıq. Çünki bizim
kinoteatrlar üçün layihələrimiz var. Sırf film çəkilişləri olacaq.
"Bozbash pictures" ATV telekanalının layihəsidir. Hansısa
prodakşının layihəsi deyil ki, 4-5 sponsordan gələn gəliri cibimə
qoyum, yaxud kiminləsə paylaşıb, yüksək məbləğ qazanım və
tamaşaçıya nəsə təqdim edim.
N.Muradova: Amma ideya Sizin ideyanızdır...
- İdeya kimi mənim öz ideyamdır. Sadəcə olaraq, ATV mənim ilk iş
yerim olub, bu telekanal mənim üçün son illər ərzində çox böyük
şərait yaratdı deyə bu prinsiplə dostluq işimizi davam etdiririk.
Mənim yerimə başqa adam olsaydı, çoxdan ayrılmışdı, prodakşn kimi
fəaliyyət göstərirdi və daha çox pul qazanardı.
N.Muradova: Sadiqliyinizə görə ayrılmırsınız? İmkan var
ki, prodakşn kimi fəaliyyət göstərəsiniz...
- Bəli, sadiqliyimə görə. Təbii ki, prodakşn kimi fəaliyyət
göstərmək üçün imkan və şərait var. Hətta təkliflər də olunur.
N.Orucov: Xeyli sayda rayonda çəkilişlər etdiniz, yəqin
ki, 1-2 gün də orada qalırsınız, mənə maliyyə tərəfi maraqlıdır.
Bunu ATV ödəyir, yoxsa kimsə dəvət edib deyir ki, biz sizi
maliyyələşdirəcəyik?
- Hər çəkilişə gedəndə bizdə ezamiyyət vərəqələri olur. Orada otel
və gün ərzində üç dəfə yeməyimiz nəzərdə tutulub. Elə rayonlar var,
icra başçısı və ya onun müavini deyir ki, hər şey bizlikdir, gəlin,
biz maliyyə yardımı edəcəyik. Artıq işdə deyirik ki, biz o xətlə
gedirik, orada hər şey təşkil olunub. Məsələn, Bodrumda olduq,
təyyarə biletlərini sponsor qarşıladı, otel xərclərini isə ATV
ödədi. 8 nəfərlik heyətin 4-5 günlük oteldəki xərclərinin hamısını
telekanal ödədi.
"Bozbaş pictures"in lağ etdikləri müğənnilərin bəziləri bu gün ulduzdur"
N.Orucov: Siz şoumensiniz, yoxsa aktyor?
- Mənim diplomumda ixtisas bölməsinə televiziya rejissoru yazılıb.
Rejissorluqdan əvvəl özümü operator kimi sınamaq istədim. 1 il
kinooperatorluq fakültəsində oxudum, foto və operatorluğun
sirlərini öyrənəndən sonra ikinci il artıq rejissor kimi oxumağa
başladım. Televiziya rejissoru kimi Cəmil Quliyevin kursunu
bitirmişəm. Aparıcılığa başladım, sonra bu işlə məşğul oldum,
bugünkü gün mənə şoumen, aparıcı və aktyor demək olar.
N.Ehlamqızı: Sizin üçün hansı daha asandır? Özünüzü
hansında rahat ifadə edə bilirsiniz?
- Aparıcılıq daha asandır, doğmadır, çünki onunla başlamışam. Özümü
rejissor kimi rahat ifadə edirəm. Mənim oynadığım rol çəkilir,
çəkilişin qalan hissəsində operatorla bir yerdə oluram. Mənə orada
rahatdır, deyirəm, sən bu sözü düz demədin, işıqlanma burada
zəifdir və s. Mədəniyyət və İncəsənət Universitetində öyrənmişəm,
bilirəm ki, işıq haradan düşsə yaxşıdır və s.
N.Ehlamqızı: Bəs ssenarini kim yazır?
- 2 ssenaristimiz var, onlar yazır.
N.Muradova: Onlardan biri Ramil Babayevdir?
- Əvvəl özümüz yazırdıq, beş nəfər otururduq, hərə bir ideya
deyirdi. Bəlkə, otel işlədək, birimiz söyləyirdi, yox,
"plafaktoriya" işlədək, əhvalatlar da orada cərəyan etsin. Onu
deyə-deyə hamının beynində oynayacağı rol barədə fikir yaranırdı.
Birimiz qayıdırdı ki, mən orada filan rolda olaram, görürdük ki,
seriya alınır. Qələm kağız götürüb başlayırdım yazmağa, Şəmi, Şöşü
ustadır, köməkçiləri filankəsdir. Əhvalatları qeyd edirdim. Bir
seriyada yarım saat və ya 40 dəqiqə ərzində neçə əhvalat təqdim
etmək olar? Tutaq ki, 3 və ya 4 dənə, əlavə aktyor kim olacaq?
Tanınmışlardan kimi çəkmək olar? Biri qayıdırdı ki, əhvalata uyğun
Röyanı çəkmək olar. Onun rolu uyğundur. Eləcə ssenarini yazırdıq,
həmin ssenaridə olan əhvalatın 50 faizini tamaşaçıya kamera
qarşısında verirdiksə, 50 faizi də öz improvizasiyalarımız idi.
İkinci dəfə onu çəkəndə alınmırdı, çünki bədahətən gəlib demişəm,
onu ikinci dəfə oynaya bilmirdim.
""Bozbash pictures"in hədəfi müğənnilər idi"
N.Ehlamqızı: Ad niyə "Bozbash pictures"
oldu?
- Əvvəl Ramillə bir yerdə "ATV maqazin"in sonunda gedən kiçik
rubrika yaratdıq. 2002-2003-cü illərdə bayağı müğənnilər çıxmışdı.
Müğənnilər iki yerə bölünmüşdü, tanınmışlar vardı: Faiq, Aygün,
Zülfiyyə və başqaları. Bir də bayağı müğənnilər var idi. Onların
hər gün anonsları gedirdi, filan restoranda 15 müğənninin adı
səslənirdi, filankəslər sizin qarşınızda çıxış edəcək. Onlara artıq
həmin dövrdə "bozbaş" müğənnilər deməyə başladılar. Fikirləşdik
rubrikanın adını nə qoymaq olar? Əvvəl həftəbecər fikirləşdik, amma
o, hansısa kanalda oldu. Bozbaşı niyə seçdik? Çünki içində hər şeyi
var idi də. Noxudunu, kartofunu, suyunu, ətini, soğanını, hər
şeyini əlavə etmişdik, qarmaqarışıqlıq idi, dedik, qoy olsun
bozbaş. Hədəfimiz də birinci müğənnilər idi. Özünü bayağı aparan və
bayağı mahnılar ifa edən müğənnilər idi. Biz onlara sataşırdıq,
artıq onlardan bəziləri bu gün ulduzdur.
Bəxtiyar Məmmədli: "Ağsaqqal" niyə ölüb sonra
dirildi?
- Seriyaların birində "ağsaqqal" hansısa rayonda zavod işlədirdi,
dedik filankəs jurnalist olsun, hərəyə bir obraz fikirləşdik. Öz
aramızda da deyirik ki, tamaşaçı söyləyəcək ki, keçən seriyada
"ağsaqqal" hansısa zavod müdiri idi, necə oldu bu seriyada başqa
obrazdadır? Dedim, biz bunu elə relsə salmışıq ki, bunlar yeyilir.
Tamaşaçı artıq sual vermir. Hər şey beşliyin üzərində qurulur deyə,
o sual verilmir. Ki, bəs ağsaqqal ölmüşdü, necə oldu təzədən
dirildi? Əslində, biz ağsaqqalı ləğv etdik. Ağsaqqal obrazı
"kanister"i ilə tutdu. Hər dəfə özünü yandırmaq istəyirdi. Sonra
özünü yandırma söhbətləri çıxdı, dedik ki, bəlkə kimsə bizim
"kanister" məsələmizi başqa tərəfə yoza bilər.
N.Ehlamqızı: Siyasi tərəfə yozum ola
bilərdi?
- Jurnalistlərdir də, ürəyi hansı tərəfə istəsə o tərəfə yoza
bilər. Sonra "kanister"i ləğv etdik, dedik ki, ümumiyyətlə, bu
obrazı ləğv edək. Çünki kinolarda, istər "Kurtlar vadisi", istərsə
də başqa seriallarda istənilən obrazı ləğv eləmək üçün ya onu
öldürürlər, ya da xaricə göndərirlər. Biz də dedik ki, gəlin yas
edək, ölsün, yasını keçirək, hadisələr də orada baş versin. Elədik,
"Əzəmət" obrazı gördük ki, o deyil, "ağsaqqal" daha yaxşı alınırdı.
Özü də dedi ki, çox nahaq belə elədik. Belə qərara gəldik ki,
"ağsaqqal"ı dirildək (güldü). Diriltdik, indi davam edir.
N.Muradova: Yəqin, özünü yandırmayacaq da?
- Yox, daha yandırmaqla qurtardıq.
N.Ehlamqızı: Siyasətlə və ya sosial problemlərlə
maraqlanırsınız?
- İctimai həyatda baş verən prosesləri izləyirəm. Bəzən problemlərə
toxunuram. Yaxın ətrafım qınayır ki, niyə toxunursan, eləmə. Onları
başa sala bilmirəm ki, hansısa tanınmış bir simanın bu məsələyə
müdaxiləsi, tanınmayan insanın səsləndirdiyi fikirdən daha çox
xeyir gətirə bilər. Hansısa xırda məsələ ola bilər ki, qaldıraram,
mesaj ötürə bilərəm. Ardımca yüzlərlə, minlərlə adam qoşulub bu
məsələni həll edə bilər.
N.Ehlamqızı: İsveçdəki çəkilişləriniz, ironiyanız ciddi
rezonans doğurmuşdu. Hətta ATV-dən çıxarıldığınızla bağlı xəbərlər
də yayılmışdı. İşdə hər hansı problem yaşadınız?
- İşdə heç bir problem yaşamadım. Sadəcə olaraq, müdiriyyət dedi
ki, elə sahələr var ki, ona toxunmasan, daha yaxşıdır. Məsləhətdir
ki, bunu eləməyəsən. Həm sənin üçün, həm də kanalımızın
reputasiyası üçün yaxşıdır. Çünki sən nəyisə edəndə deyəcəklər ki,
ATV-nin əməkdaşı elədi. Ona görə də kanalımızın simasısan,
eləməsən, yaxşı olar. Ona görə də bir balaca həmin sahədə
aktivliyimi azaltmışam.
"Nazirlərin çoxu bizə baxır"
N.Muradova: Amma prodakşnınız olsaydı, istənilən mövzuya
toxunmaq öz seçiminiz olacaqdı...
- Elə mövzular olur ki, toxunuruq, öz aramızda fikirləşirik ki,
bəlkə, montajda bunu çıxaraq, birdən bizim üçün problem olar. Bizə
çox adam baxır. Nazirlərin, nazir müavinlərinin yaxınlarından,
qohumlarından bizə mesaj çatır ki, sizə baxır, fanatınızdır ha.
N.Ehlamqızı: Hansı nazirlər Sizin
fanatınızdır?
- Adlarını deyə bilmərəm. Fanat deməzdim, amma tamaşaçılarımız
çoxdur. Çox böyük səlahiyyəti olan nazirliklər və nazirlərdir.
N.Muradova: Ssenari yazmaq üçün gərək mütaliən olsun.
İşinizdə kömək edəcək hansı əsərlər oxuyursunuz?
- Mən oxuduğum kitabların “Bozbash pictures”ə heç bir aidiyyəti
yoxdur. Mən Den Braun qələminin vurğunuyam. Yumoristik nəsə
oxuduğum yadıma gəlmir. Detektiv janrında olan kitablar oxuyuram.
Gün ərzində gördüklərimiz və başımıza gələnlər bəs eləyir ki, biz
həmin hadisələri ssenariyə əlavə edək.
N.Orucov: Adamları güldürmək asandır?
- Yox, güldürmək, həqiqətən, çox çətindir. Bizim layihəmiz
təzə-təzə başlayanda, 1-2 ay keçmişdi, “o nədir eləmisiniz,
yığışdırın, ayıbdır, orada gülməli heç nə yoxdur” tipli mesajlar
gəlirdi. Hansısa xarici serial olanda gözəl, möhtəşəm deməyə
öyrəşmişik. Özümüzünkülər olanda “bu nədir edirsiniz, ayıb olsun,
düşüklər” tipli şərhlər yazırdılar. Fikirləşirdik ki, artıq
bağlayaq, mənasız şeydir. Amma başlayanda əlimizdən gələni edirdik
ki, alınsın, düzdür, maddi sıxıntılarımız vardı. Yavaş-yavaş
tamaşaçılar obrazları tanımağa və sevməyə başladılar.
"Azərbaycanın Cem Yılmazı yoxdur"
N.Orucov: Geyimsiz, rola girməməklə insanları güldürmək
olar?
- Türkiyədə Cem Yılmaz sübut elədi ki, güldürmək olar. Amma hələ ki
Azərbaycanın Cem Yılmazı yoxdur və yaxın gələcəkdə də görünmür.
N.Ehlamqızı: “Bu şəhərdə”ni, yaxud “Parni iz Baku”nu
özünüzə rəqib görürsünüz?
- Bizim hamımızın ayrı-ayrı formatımız var. Ola bilər ki, onların
formatı hansısa formata oxşardır. Türkiyədə dostum var, maraqlandı
nə çəkirsiniz, ona göstərdim, dedi ki, ikilik, üçlük olub, amma 5
nəfərlik belə format olmayıb. Türkiyədə də kimsə eləsə, tutar. İki
nəfərlə başlamışıq, beşliklə davam edirik.
"Fəlakətin adına Ağsuda "moyka"lar, çay evləri var"
N.Muradova: Fəlakət hamınızdan çox sevildi,
deyirlər...
- Fəlakət son 1 il ərzində bomba kimi partladı. Fəlakətin adına
Ağsuda “moyka”lar, Şamaxıda market, Lənkəranda telefon mağazası,
“Razin”də çay evi var. Şəkillərimizi də istifadə ediblər. Düzdür,
bizdən heç kəs icazə almayıb.
B.Məmmədli: Daşqınov Fəlakət Sunami oğlu haradan
ağlınıza gəldi?
- Onu mən fikirləşdim. Çünki hər dəfə gəlişində aləmi bir-birinə
qatırdı, vurub dağıdırdı, elə söhbətlər eləyirdi ki, insanı
cırnadırdı. Biz Qalaaltı seriyasını çəkirdik, guya bu itir,
xəbərlərdə göstərirlər, onda bu obrazın adı yox idi. Fikirləşdim
ki, buna nə ad qoyaq? Dedim, qoy Daşqınov Fəlakət Sunami oğlu
olsun. Elə xəbərlərdə də adı elə getdi və onunla da adı o cür
qaldı.
"Ev versələr qəbul edərəm"
N.Ehlamqızı: Tez-tez maşın, ev aldığınız barədə xəbərlər
yayılır. Düzdür, bunu dəfələrlə təkzib etmisiniz. Realda ümumilikdə
komandaya hədiyyələr veriblər?
- Yox, heç birimizə verməyiblər.
N.Ehlamqızı: Maşın, ya da ev versələr, qəbul
edərsiniz?
- Təbii ki, qəbul edərik. Hansısa bir məmur kiminsə fanatıdırsa və
pərəstişkarıdırsa, hədiyyələr edir.
N.Muradova: Onun bədəli olmur?
- Nə bilim, ordan-burdan eşitdiyimizə görə hələ ki olmayıb. Amma
bizə elə bir şey verilməyib. Çox adam deyir ki, verilib, amma
gizlin saxlayırsınız, vallah, Bakı elə balaca şəhərdir ki, olsa,
hamı bilər.
"ATV-də də bayağı sözlərdən istifadə edən aparıcılar var"
B.Məmmədli: Son dövrlər aparıcıların dil qüsurları
gündəmə gəlir. Xüsusilə də, çalışdığınız ATV kanalının aparıcıları
tənqid atəşinə tutulur. Bədii şuralar da yaranıb...
- Bədii şuraların işi o qüsurları tutmaqdır. Hər kanalda bütün
aparıcılar səlis və yaxşı danışsa, artıq onların da işi olmayacaq,
boş-bekar oturacaqlar. Qoy belə aparıcılar olsun ki, tamaşaçı seçim
eləsin. İncəsənət universitetində “səhnə danışığı” fənni vardı. O
fənni bizə Azad Şükürov keçirdi. Bilirdim ki, bu fənn mənə lazım
olacaq. Rejissorla aktyorun işi, səhnə danışığı, rəqsə önəm
verirdim, oxuyurdum, öz biliyimlə də imtahan verib keçmişəm. Azad
Şükürov qoz gətirirdi, deyirdi, ağzınıza nə qədər sığışır, oxuyun.
Qəzet verib deyirdi ki, mətn oxuyun, oxuya bilmirdik, çox çətin
idi. Üstündən 10 dəqiqə keçəndən sonra deyirdi ki, qozu çıxarın,
eyni mətni yenidən oxuyun, növbəti dəfə mətn su kimi gedirdi,
görürdük ki, diksiyamız yavaş-yavaş düzəlir. Bəzi aparıcılar var
ki, təzə-təzə çıxanda fikirləşirdin ki, düzələcək. Amma illər
keçib, görürsən ki, yenə həmin diksiyada qalır, bəzi bayağı
sözlərdən istifadə edir.
N.Muradova: Elə aparıcılar ATV-də də var?
- Təbii ki, hər kanalda, eləcə də ATV-də var.
N.Muradova: Sizdə bədii şura səhvləri
deyir?
- Bəli, iradlar tutulur və kanalımızda hər həftə aparıcılar,
texniki işçilər üçün iclaslar olur. Nöqsan da aparıcılara
deyilir.
N.Muradova: Sizin nöqsanınız nə olub?
- Belə pis çıxmasın da son illər ümumiyyətlə olmayıb.
B.Məmmədli: Son vaxtlar az aparıcılıq
edirsiniz...
- 1 il olar ki, bütün diqqətimi “Boşbash pictures”ə yönəltmişəm,
ona görə də yaddan çıxıb.
N.Muradova: Türkiyədə “Milyonçu” verilişində məşhur
videonuz yayılandan sonra təkliflər gəldi?
- Məşhur video sözü pis çıxdı bir az (gülür). Gecə saat 2.00
olardı, bir də gördüm dostum zəng edir ki, sənin səsin Türkiyənin
“Milyonçu” şousunda gedir. Dedim, sağ ol Tofiq, gecən xeyrə qalsın.
Təzədən yığdı ki, vallah, zarafat eləmirəm, tez televizoru yandır.
Mən kompüterin qabağında idim, həmin hissəni geri çevirdim, gördüm
deyir, “şu an dinlediyiniz ses hangi programa aiddir?” Fonda mənim
2005-2006-ci illərdə şüvən səsim gedirdi. “ATV maqazin”dəki
anonsdan götürmüşdülər. Yazıq yarışmada iştirak edən qadın da şüvən
səsin hansı proqramdan olduğunu tapa bilmirdi, qalmışdı belə ki,
şoudur, sportdur, yoxsa “kavga” proqramıdır? Türkiyədən elə bir
təklif gəlməyib. “Bozbash pictures”in İstanbul bölümünü çəkəndə
“Kurtlar Vadisi”ndəki rejissor köməkçisi bizə nəqliyyat, işıq və
avadanlıq baxımından köməklik elədi. O dedi ki, hamınız türkcə
mükəmməl bilsəniz, burada da tanınmanıza şərait yaradaram, “Bozbash
pictures”in türk variantı da tutar. Dedik, sonranın işidir. Biz
İstanbulda çəkiliş edəndə tıxacda camaat telefonlarını çıxarıb bizi
çəkirlər. Camaat üçün geyimlərimiz, bığımız maraqlı idi. “Sultan
Əhməd”in qabağında 4-5 türk yaxınlaşdı ki, şəkil çəkdirə bilərik?
Biz də soruşduq, bizi tanıyırsınız? Qayıdırdılar ki, geyimləriniz
superdir. Şəkil çəkdirib getdilər. Ramilə dedim ki, Türkiyədə
olsaq, populyarlıq baxımından layihə burda da tuta bilər.
N.Ehlamqızı: Gələcəkdə Türkiyədə işləməyi
fikirləşirsiniz?
- Yox, gərək burada hər şeyi, işimizi-gücümüzü atıb gedək. Seriya
kimi inanmıram. Məsələn, 1 film etmək olar, amma belə yox.
N.Muradova: Yəqin, film ATV-nin layihəsi
olmayacaq...
- Hə, ayrı iş olacaq.
N.Muradova: Kənan Mahmudovun rejissorluq edəcəyi film
barədə xəbərlər dolaşırdı.
- Bəli, filmimizin rejissoru Kənan olacaq, hazırda komandamız
hazırlanır.
N.Muradova: Orada müğənni də olacaq?
- Müğənni yox, istəyirik ki, hansısa türk aktyorunu və ya
məşhurlardan kimisə çəkək.
B.Məmmədli: Aktyor ancaq özünüz
olacaqsınız?
- Bu beşlik və əlavə olaraq aktyorlar da iştirak edəcək.
N.Ehlamqızı: Film sektorunda
çalışacaqsınız?
- Televiziya layihələrimiz olacaq, amma pul qazanmaq da lazımdır.
Ona görə istəyirik ki, ilə bir və ya iki film çəkək. Digər
yumoristlər necə konsert verirlərsə, biz də istərdik film çəkilişi
edək.
N.Muradova: Reytinqlərdə birinci olmaq gəlirlərə təsir
göstərirmi?
- Təbii ki. Artıq sponsorların marağındayıq. Elə sponsor olub ki,
deyir sizi dəstəkləyən sponsor çıxan kimi mənə de, startda dayanıb
gözləyirəm. Çünki qida sahəsində məhsullar istehsal edən şirkətlər
idi, deyib o, bizim rəqibimizdir, o çıxan kimi mən sponsor olmaq
istəyirəm. Son 1 il ərzində maraq artıb. Elə dövr olub ki, 4-5
sponsorumuz olub, 6-cısına demişik ki, yer yoxdur. Bilirəm ki,
efirdə sponsoru görəndə tamaşaçıda qıcıq yaranır, deyirlər reklam
bizi bezdirdi. Tamaşaçını nəzərə alırıq. Hətta bizim sponsor
tərifimiz səhnələşdirilmiş olur. İstəyirik həm tamaşaçı baxsın, həm
də desin ki, ay səni, yenə sponsoru tərifləyir. Məsələn, telefonu
əlimizlə qaldırıb demirik ki, bu əladır, elə edirik ki, heç kimin
ruhu incimir, sponsor da razı qalır.
N.Muradova: Çəkilişlərdən vaxt tapıb toylara tamada kimi
gedirsiniz...
- Aparıcı kimi.
N.Muradova: Tamadanın aparıcılıqdan nə fərqi
var?
- Tamada çıxıb ata, ana, bibi şeirini deyir. Aparıcı isə şoumenlik
edir, şou yaradır. Müğənniləri təqdim edir.
B.Məmmədli: Televiziyada da elə aparıcılar var ki, ana,
ata şeirini deyir...
- Elə aparıcılar var ki, onlar aparıcılıqdan toya inteqrasiya edir.
Elə aparıcılar da var ki, toydan efirə gəlir. Onlar toydan efirə
gələnlərdir.
N.Muradova: Siz neçənci ildən toylara təklif
aldınız?
- 2004-cü ildə “Yeni Ulduz” müsabiqəsi zamanı o qədər təklif
edirdilər ki, deyirdim, istəmirəm də, mənim maaşım qane edir. O
vaxt tələbə idim, maşınım yox idi, xərclərim elə də çox deyildi.
Deyirdim, heç vaxt toyda aparıcılıq eləməyəcəyəm. Elə olur ki, gün
ərzində 2-3 dəfə zəng edib dəvət edirdilər. Dostlar deyirdi, ağlın
olsun, get. Sonra elə məclis oldu ki, orada aparıcılıq etməyə
məcbur idim.
N.Muradova: Dəvət yuxarı dairələrdən idi?
- Böyük adam demişdi ki, mənim qızımın toyunda aparıcı İlkin
olacaq. Dedim, yox, mən aparmamışam, bacarmaram. Dedi, sən narahat
olma, orada bir şey yoxdur, bir qız aparıcı da taparsan, bir yerdə
apararsınız. Elə oldu ki, o toyda aparıcılıq elədim. Sonra gördüm
ki, elə də çətin bir şey deyil.
N.Ehlamqızı: Aparıclıq müqabilində nə qədər qonarar
alırsınız?
- Zəng eləyən adam birinci soruşur ki, həmin vaxt boşsunuz, yoxsa,
yox, sonra deyir, zəhmət olmazsa qonorarı deyərdiniz. Deyirəm,
qiymət budur, deyir yaxşı zəng edərik, sonra zəng eləmir
(gülür).
N.Ehlamqızı: Elə baha qiymətdir?
- Mənim aparıcılığım 2500 manatdır.
N.Muradova: Toy aparmağın ən pis məqamı
nədir?
- Sərxoş, yekəqarın bir day-day gəlir və sənin başını xarab eləyir
(gülür)
N.Muradova: Toylardakı iştirakınız, yəqin, Sizə mövzu
verir...
- Sentyabrda 40 min tamaşaçısı olan böyük tədbirə dəvət almışam.
Əvvəlcə, soruşdular ki, publika ilə işləmək təcrübən varmı? Dedim,
vallah, stadionda aparmışam, yarısı dolub, Heydər Əliyev sarayında
da konsert aparmışam. Mənə xeyri olan ən böyük təcrübə toylarda
olub. Orada cürbəcür tip adamlar var. Bilirəm ki, toyda ən azı başı
xarab edən adam tapılacaq. Ya bəyin əmisi, yaxud gəlinin qardaşının
əsgər yoldaşı olmalıdır.
N.Muradova: Bəs öz toyunuzda aparıcı kim
olacaq?
- Müğənni Abbas olacaq. Aparıcılığı da aparıcı dostlardan xahiş
edəcəyik hərəsi yarım saat, bir saat aparsın. Çünki konkret kiməsə
desəm, o birilər inciyəcək.
B.Məmmədli: Toylara gedəndə “Bozbash pictures” deyə lağa
qoyduğunuz müğənnilərlə işləyirsiniz?
- Olur. Əvvəl inciyirdilər, zəng edənlər, ATV-yə durub gələnlər də
olurdu. Ki, sizin üçün nəyəm məni lağa qoymusunuz. Sonra vaxt keçdi
özləri başladılar ki, bəlkə, mənə də nəsə söz atasınız, adımı
çəkəsiniz. Əvvəl qarşılaşanda sifət edirdilər, indi özləri deyir,
biz də çəkilmək istəyirik.
"Elə aparıcılar da var ki, toydan efirə gəlir"
B.Məmmədli: Toyda Siz aparıcılıq edəndə şeiri kim
deyir?
- Tamadalar.
N.Ehlamqızı: Toyda tamada ayrı, aparıcı ayrı
olur?
- Bəli. Bu gün restoranlarının bir çoxunun öz tamadası olur. Ev
sahibinin tələbi ilə o, konkret tamadalıq edir, arada şeir deyib
camaatı ağladır, güldürür. Mənə zəng edirlər ki, bizim toyumuza
tamada lazımdır. Deyirəm, yox, mən tamada getmirəm. Deyir, bəs
nətər olur filankəsin toyunu sən aparırdın? Qayıdıram ki, orda
aparıcılıq etmişəm, tamada başqa şeydir, aparıcı başqa. Elə adam
olur, deyir ki, valideynlərdən başqa heç kimə söz verilməsin, ancaq
müğənnilər oxusun. Əsas açılışdır, bəy, gəlin gəlir.
N.Muradova: Əsas toyda Sizi görmələridir?
- Elə toy olur, bəy deyir ki, mütləq aparıcı sən olmalısan, bütün
nəslimə demişəm ki, toyumda İlkin aparıcı olacaq.
N.Muradova: Toydan sonra qızlardan məktublar
alırsınız?
- Məktublar yox, Facebook-a yazanlar olur. Getdiyim toydan şəkil
qoyuramsa, kimsə şərh yazır ki, salam, məni tanıdınız, mən də o
toyda idim.
N.Muradova: Toyunuzun aparıcısının kim olduğunu
açıqladınız, bəs toy nə vaxt olacaq?
- Vallah, nə bilim. Yaralı yerimdir.
N.Ehlamqızı: Evdəkilərin basqısı olur?
- Evdəkilərin basqısı var, niyə yoxdur? Amma təzyiq formada deyil,
ailəmizdə tam demokratiyadır. Məsələn, hansısa iş yoldaşımın
toyundan qayıdıram, soruşurlar ki, bəyin neçə yaşı vardı. Deyirəm
28, o saat qayıdırlar ki, səndən balacadır da, bilirsən. Bir az
keçir, atam uşaqlardan söz salıb deyir İlkin yaşında olanda, sənin
4-5 yaşın vardı da, görürəm, söz atır mənə.
"Buruq saçlı, yanağı batıq qızları bəyənirəm"
N.Muradova: Necə qadını bəyənirsiniz?
- Buruq saçlı, yanağı batıq olmalıdır. Buruq saçlı qızlar daha çox
cəlb edir məni. Peşəmə görə məni başa düşməlidir. Çox adam deyir
ki, İlkin şou adamıdır. Mən şou adamı deyiləm, sadəcə olaraq şou
adamları ilə bir yerdə çalışıram deyə ümumi baxanda bu imic
yaranır.
N.Muradova: Televiziya sahəsində kiminləsə evlənə
bilərsiniz? Məsələn, aparıcı və ya müğənni ilə?
- Müğənni ilə qətiyyətlə inanmıram. Televiziyada işləyən də
marağımda deyil. Dost-tanışlardan müğənni ilə ailə qurub xoşbəxt
ailəsi olanlar var.
N.Muradova: Münasibətdə qısqanc birisiniz?
- Münasibətdə, hə.
N.Muradova: Hansı bürcdənsiniz?
- Tərəzi bürcündən.
Nərgiz Ehlamqızı
Foto: Elçin Murad
- See more at: http://teleqraf.com/news/14103#sthash.WNi63443.dpuf
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO
-
Rəsmi xronika09:12
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova
-
Kriminal04:14
Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: dəhşətli qətlin PƏRDƏARXASI - VİDEO
-
Cənubi Qafqaz03:13
İrəvanda yük maşını etirazçılara ÇIRPILDI
-
ABŞ02:42
Bayden Trampın debat təklifinə CAVAB VERDİ
-
Magazin202:10
“Avroviziya-2024”ün bütün finalçıları məlum oldu