• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Rokfellerlər ailəsinin varisini Asmat qəbiləsinin üzvləri yeyib

  • Maraqlı
  • 29 Dekabr 2014 09:15
  • 1 528 Baxış
Rokfellerlər ailəsinin varisini Asmat qəbiləsinin üzvləri yeyib

XX əsrin 60-cı illərində Yeni Qvineyada itkin düşmüş Rokfellerlər ailəsinin varisi Mayklın Asmat qəbiləsinin üzvləri tərəfindən yeyildiyi ehtimal olunur.

Maykl Rokfellerin itkin düşməsi ilə nəticələnən hadisələr zənciri 1957-ci ildən başlayıb. Həmin il onun atası, Nyu-York ştatının qubernatoru Nelson Oldriç Rokfeller primitiv sənətlər muzeyi açır. Nelson hazırda Rokfeller ailəsinin başçısı olan 99 yaşlı Devid Rokfellerin böyük qardaşıdır.

Muzeyin qəyyumlar şurasının üzvləri arasında 19 yaşlı Maykl da vardı. Harvard Universitetinin tarix üzrə bakalavr dərəcəsini fərqlənmə ilə bitirən və ABŞ ordusunda 6 ay xidmət edən Maykl atası tərəfindən təsis edilmiş muzeyin kolleksiyasına öz töhfəsini vermək qərarına gəlir. Bu məqsədlə 1961-ci ilin martında universitetin nəzdindəki Pibodi arxeologiya və etnoqrafiya muzeyinin təşkil etdiyi ekspedisiyaya qoşulur. Ekspedisiya Niderland Yeni Qvineyasında yaşayan Dani qəbiləsinin həyat tərzini öyrənmək üçün təşkil olunmuşdu.

Bir müddət sonra Maykl bu ekspedisiyadakı fəaliyyətini dayandırır və bütün diqqətini həmin ərazilərdə yaşayan Asmat qəbiləsinin tədqiqinə yönəltməyi qərara alır. 1961-ci ilin oktyabr ayında o, antropoloq Rene Vassinqlə birgə holland patrullarının birindən əldəqayırma katamaran alır və üç həftə ərzində aborigenlərin 13 kəndini dolaşır.

Belə səfərlərin birində, 1961-ci il noyabrın 17-də sahildən 5 kilometr aralıda güclü dalğalar qayığı aşırır və gənc Rokfeller itkin düşür. Onun tapılması üçün göstərilən böyük səylər heç bir nəticə vermir və 1964-cü ildə Maykl rəsmən həlak olmuş sayılır. Ölümə səbəb kimi suda boğulma göstərilsə də, versiyalar içərisində onun sahilə çıxdıqdan sonra Asmat qəbiləsi tərəfindən öldürülərək yeyilməsi də yer alır.

2014-cü ilin martında Amerika yazıçısı Karl Hoffman bu versiyanı öz kitabında detallarına qədər qələmə alır. Hoffmanın sözlərinə görə, o, bu versiyanı təsdiqləyən yüzlərlə müxtəlif sənəd - Niderland hökumətinin yerli missionerlərlə yazışmalarına dair teleqram və məktublar əldə edə bilib. Həmin dövrdə Niderland hakimiyyəti koloniya üzərində nəzarəti saxlamağa çalışdığından varisin ölümünün dəhşətli təfərrüatını gizlətməyə çalışıb.

ABŞ KİV-ləri 2015-ci il fevralın əvvəllərində ekranlara çıxacaq "Maykl Rokfellerin axtarışı" sənədli filminin keçən əsrin ən müəmmalı hadisələrindən birinə aydınlıq gətirəcəyi fikrindədirlər. NYPOST və FoxNews nəşrləri bu sənədli filmin təhqiqatçı Milt Meçlinin Rokfeller ailəsinin varisinin Yeni Qvineyada itməsi ilə bağlı 1969-cu ildə apardığı şəxsi təhqiqatının gedişində çəkdiyi kadrlar əsasında hazırlandığını yazırlar.

Qeyd edək ki, Nyu-Yorkdakı primitiv sənətlər muzeyi 1976-cı ildən fəaliyyətini dayandırıb. Maykl Rokfeller və Rene Vassinqin gətirdiyi Asmat qəbiləsinə məxsus sənət nümunələri isə Nelson Rokfeller tərəfindən 1979-cu ildə Nyu-Yorkdakı Metropoliten Muzeyinin kolleksiyasına bağışlanılıb. Hazırda onlar muzeydə Maykl Rokfellerin adı ilə nümayiş edilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR