• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Mif və marketinq arasında: Müqəddəs Valentin Günü haqqında həqiqət

  • Maraqlı
  • 14 Fevral 2015 08:54
  • 986 Baxış
Mif və marketinq arasında: Müqəddəs Valentin Günü haqqında həqiqət

Hər il fevralın 14-də qeyd olunan müqəddəs Valentin günü insanlara onların bir-birlərinə olan sevgi duyğularını açıqcalar, çiçəklər və ya şokolad qutuları və məhəbbət mesajları ilə bildirməsi üçün bir imkandır.

Doğrudanmı belədir? Biz bu bayramın kökləri haqqında, həqiqətən də, çox az bilirik. Bəziləri inanırlar ki, bütün dünyada sevgi və romantikanı qeyd edən bu yeganə günün müasir versiyası kommersiya qazancı götürmək istəyən marketinqiçilərin ixtirasıdır.

Beləliklə, biz ilin ən sevgili günü haqqında həqiqəti bilirikmi?

Xristianlığa qədərki köklər

Valentin günü Roma imperiyasında üç gün qeyd edilən Luperkaliya bayramından qaynaqlanan çox qədim ənənədir. Münbitlik və məhsuldarlıq allahına həsr olunmuş bu bayram fevralın ortalarına təsadüf edərdi və rəsmən baharın başlanğıcı sayılırdı.

Bu bayramda oğlanlar qutudan qızların adlarını çıxarardılar. Beləliklə, bayram günlərində oğlan və onun seçdiyi (adını qutudan çıxardığı) qızla sevgili olar və yəqin ki, hətta onlar sonradan evlənərdilər də. Sonrakı əsrlərdə kilsə bütpərəst bayramları ləğv etməyə başlayanda, bu günü müqəddəs Valentinin xatirəsinə həsr olunmuş xristian bayramına çevirib.

Rəqib şəhidlər

İlk rəsmi müqəddəs Valentin günü 496-cı ilin 14 fevralında Gelasius tərəfindən eyni adlı şəhid üçün elan edilib. Lakin söhbətin hansı şəhiddən getdiyi dəqiq bilinmir. Ən geniş yayılmış versiyaya görə, bu, üçüncü əsrdə edam olunmuş romalı keşiş olub. Lakin onun bu günlə əlaqələndirilən azı iki adaş rəqibi var.

Onlardan biri Roma yaxınlığında, hazırda Terni kimi tanınan şəhərdən bir yepiskopdur. İkincisi isə Afrikadan olan başqa bir şəhiddir.

İki müqəddəs Valentinlər barədə bilinən yalnız elə bunlardır və sözü gedən üç namizəddən ən geniş tanınanı, nəhayət, romalı keşiş olub.

Eramızın 269-cu ilində vəfat etmiş şəhid müqəddəs Valentin bir epileptiki müalicə edir (Hulton archive/Getty).

Qanlı Valentin

Belə rəvayət olunur ki, imperator 2-ci Klavdius nikahı qadağan edibmiş, çünki evli kişilərdən və qadınlardan yaxşı döyüşçü olmurdu. Valentin isə belə düşünürdü ki, nikah Allahın dünya üçün yaratdığı bir nemətdir. Buna görə də o, gizli nikahları təşkil edən təriqət yaratmışdı. Klavdius bundan xəbər tutanda, Valentin həbs edilərək ölümə məhkum olunur.

Zindanda o, onu məhbus edənin qızına aşiq olur və fevralın 14-ə təyin edilmiş edam günü ona üzərində "Sənin Valentinin" yazılmış açıqça göndərir. Müasir dövrümüzdə təbrik açıqçalarının göndərilməsi də məhz bu hadisədən sonra başlanıb.

Populyarlıq və kommersiyalaşma

Erkən xristianlar müqəddəs Valentin gününü qeyd etsələr də, orta əsrlərədək bu gün romantik sevgi və hədiyyələrlə bu qədər əlaqəli olmayıb. Belə görünür ki, bu bayramın Britaniyada, sonra isə Avropada və Yeni Dünyada belə populyarlaması üçün ingilis ədəbiyyatının iki nəhənginə - Çauser və Şekspirə minnətdar olmalıyıq.

Sevgililərin bir-birinə kağız açıqcalar göndərməsi adəti orta əsrlərdə bərqərar olsa da, bu adət yalnız 19-cu əsrdə açıqçaların fabriklərdə çapına imkan verən sənaye inqilabından sonra bərqərar olub. 1916-cı ildə az tanınan "Hallmark Cards of Kansas City, Missouri" şirkəti "Valentin açıqcalarının" kütləvi istehsalı ilə bütün dünyada bu bayramın təbiətini dəyişib. Hazırda bu şirkət Valentin günündə 132 milyon açıqça satan sənayenin bir parçasıdır.

Bu gün bütün dünyada, xüsusilə də Birləşmiş Ştatlarda bayramlar həm də böyük biznesdir. Milli Pərakəndə Satış Federasiyasının keçirdiyi Valentin Günü İstehlakçının Xərcləməsinə dair sorğuya görə bu il Birləşmiş Ştatlarda Valentin gününün hədiyyələrinə və təbrik açıqçalarına 18, 9 milyard dollar xərclənəcək.

Bu isə Valentin gününü qeyd edən hər bir amerikalının orta hesabla şirniyyata, gül-çiçəyə, pal-paltara və sairə 141, 31 dollar xərcləməsi deməkdir.

Beləliklə, bu gün bir az dini, biz az romantik və bir az da kommersiya elementlərini özündə ehtiva edib. Bəziləri deyə bilərlər ki, elə sevginin özü də belədir!

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR