• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

75 yaşlı xaç atası - Al Paçino doğum gününü qeyd edir - FOTOLAR

  • Maraqlı
  • 25 Aprel 2015 18:30
  • 1 338 Baxış
75 yaşlı xaç atası - Al Paçino doğum gününü qeyd edir - FOTOLAR

Bu gün məşhur Hollivud ulduzu Al Paçinonun 75 yaşı tamam olur. Alfredo Ceyms Paçino 1940-cı ildə Nyu-Yorkda dünyaya gəlib. 1969-cu ildə kinoda ilk debütünü edən aktyor həmin il bir neçə filmə çəkilib və tanınmış rejissorlarla işləyib.

Publika.az-ın məlumatına görə, kino tənqidçiləri aktyorun ən uğurlu rolunun "Xaç atası" filmində Maykl Karleone olduğunu bildirirlər.

İlk dəfə 1969-cu ildə "Mən, Natali" filmində qısa epizodik rol oynayan aktyor 1967-1969-cu illərdə "Nyu-York polisi" teleserialına çəkilib. Sonralar isə "Nidl Parkda təşviş" (1971) filmində gənc narkoman rolunu oynayıb. Məhz bu roluna görə Frensis Ford Kopollanın diqqətini özünə çəkib və 1972-ci ildə "Xaç atası" filmində Maykl Korleonenin rolunu canlandırıb. Bu roluna görə kino tənqidçiləri tərəfindən çox yüksək qiymətləndirilib.

1973-cü ildə o, "Serpiko", "Müqəvva" filmlərində, sonralar isə "Xaç atası 2" (1974), "İt günündə günorta" (1975), "Bobbi Derfild" (1977), "Ədalət hamı üçündür" (1979), "Qatili axtaran" (1980), "Müəllif! Müəllif!" (1982) filmlərinə çəkilib. 1983-cü ildə Al Paçino özünün əsas işlərindən saydığı Brayn De Palmanın "Çapıqlı üz" (1983) filmində "Toni Montana" rolunu oynayıb. Səksəninci illərdə güclü alkoqol aludəçisinə çevrilən aktyorun kino karyerasında dörd illik boşluq yaranıb. Bu illəri o, teatra həsr edib.

Paçino həm də uğurlu teatr aktyorudur. O, Şekspirin məşhur eyniadlı faciəsində III Riçardı oynayıb. "Venetsiya taciri" əsərində isə Şeylok rolunu həm teatrda, həm də filmdə canlandırıb. 1992-ci ildə "Qadın ətri" filmindəki roluna görə "Oskar" mükafatına layiq görülüb.

Şəxsi həyatını nümayiş etdirməyi sevməyən Al Paçino heç vaxt evli olmayıb. Buna baxmayaraq, onun övladları var. Aktyorun müxtəlif vaxtlarda yaşadığı eşq macəralarından 3 övladı dünyaya gəlib: bunlar aktrisa Cen Tarrantdan 25 yaşlı qızı Culi, aktrisa Beverli Dancelodan isə 14 yaşlı əkizləri – Anton Ceyms və Oliviya Rouzdur. O, sevimli yazıçısı Anton Çexovun şərəfinə övladına Anton adı verib. Al Paçinonun nənəsi və babası Siciliyadan olan Korleone nəslinə mənsubdurlar. Uşaq vaxtı Al Paçino özünü təmin etmək üçün ofisiant, kuryer, bilet yoxlayan kimi çalışıb. Onun həyatı o qədər ağır olub ki, bəzən gələcəyin ulduzu səsdinləmə studiyasına çatmaq üçün avtobus bileti almaqdan ötrü borca pul da götürürdü. 1997-ci ilin oktyabr ayında Britaniyanın "Empire" jurnalı Al Paçinonu bütün dövrlərin 100 ən böyük kino ulduzu siyahısında dördüncü yerdə qərarlaşdırıb. Aktyorluq fəaliyyətinə başlamazdan əvvəl Al Paçino italyan restoranlarından birində aşpaz işləyib. 1961-ci ildə 21 yaşındaykən Al Paçino sükan arxasında olarkən qəfildən polis tərəfindən yaxalanır. Qara maskada və əlcəklərdə olan aktyorun avtomobilindən silah tapıldığına görə, onu həbs edirlər. Lakin sonradan məlum olur ki, Al Paçino hansısa filmin çəkilişindən qayıdırmış. Silah isə çəkiliş meydançasından olan rekvizit imiş.

Zərərli vərdişlər ailənin yeganə övladı olan Al Paçinodan da yan keçməyib. Belə ki, o, əvvəllər alkoqol asılılığından əziyyət çəkib. 1994-cü ildə isə səsi xarab olmasın deyə, siqaret çəkməkdən imtina edib. O, aktyorluq sənətinə Robert de Niro, Marlon Brando, Dastin Hofman və Merilin Monronun təhsil aldığı məktəbdə yiyələnib. Maykl Korleone rolunu əldə etməklə Al Paçino Cek Nikolson və Uorren Bitti kimi aktyorları geridə qoyub. Kino aləminin ən yüksək məvacibli aktyorlarının ilk onluğuna daxildir. Al Paçino "Pretty Woman", "Apocalypse Now" , "Star Wars" və digər bir neçə filmdə çəkilməkdən imtina edib.

Kinodakı uğurlu karyerasından başqa, Al Paçino teatrda da uğurlar əldə edib. 1977-ci ildə o, teatr aləminin nüfuzlu mükafatı "Toni" ilə təltif edilib. Uşaq vaxtı peşəkar beysbolçu olmaq istəyən Al Paçino kino aləminə qədəm basdıqdan sonra demək olar ki, bütün mükafatları əldə edib. BAFTA, "Qızıl Şir", "Qızıl Qlobus", "Emmi" və digərləri. 1980-ci ildə Oskara nominasiya edilsə də Dastin Hofmana uduzub. Qəribə təsadüf nəticəsində Hofman ona , Al Paçinonun bir zamanlar imtina etdiyi "Kramer Kramerə qarşı" filmindəki yaratdığı obrazı ilə qalib gəlib.

Ötən il onun özündən 39 yaş kiçik olan argentinalı aktrisa Lyuçia Sol ilə evlənəcəyi barədə xəbərlər yayılsa da, nikah baş tutmayıb.

Gülnar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR