• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bizans, Səlcuq və Osmanlı mədəniyyətlərinin sintezi olan yerdə azərbaycanlı izləri

  • Maraqlı
  • 7 Mart 2014 17:37
  • 1 247 Baxış
Bizans, Səlcuq və Osmanlı mədəniyyətlərinin sintezi olan yerdə azərbaycanlı izləri

Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtım Müşavirliyinin təşkilatçılığı ilə ərsəyə gələn infotur çərçivəsində bir qrup media və turizm şirkətinin nümayəndəsi Bursada olduq.

Səfər proqramı çox rəngarəng idi.

Bursaya yolumuz İstanbulun “Yeni kapı” dəniz vağzalından başladı... ilk dəfə gəmilə yolçuluğa başlayan yoldaşlarımızın həyacanı artdı.... Dalğaların hündürlüyün xofu, gəminin ləngər vurmasına baxmayaraq bir saatlıq yolda hər kəs dənizin gözəlliyinə heyran kəsilərək gördüklərini kameranın yaddaşına köçürürdü. Yolboyu qağayılar bizə yoldaşlıq etdi.

Osmanlıya 130 il paytaxt olmuş şəhər

Osmanlı imperiyasının ilk paytaxtı Bursa əsrarəngiz gözəlliyi ilə insanı xəyalən nağıllar aləminə çəkib aparır. Mehriban, gülərüzlü sakinləri ilə söhbət etdikdə ikinci vətənimizə ayaq basdığımızı hiss etdik.

Azərbycandan gələn qonaqlara xüsusi önəm verilməsinə şahid olduq. Buna bariz nümunə şəhər valisinin bizi birinci gün qəbul etməsində gördük.

Qonaqlara xoş gəldin deyən şəhər valisi Münir Karaloğlu Bursa haqqında məlumat verdi. O dedi ki, “Bursa İstanbuldan sonra Türkiyənin ikinci böyük şəhəridir. Hansı istiqamətdən baxırsınız-baxın. Turizm potensialına görə ciddi üstünlükləri var. Yəni Bursa sadəcə, termal-isiti sualarla müalicə, tarixi abidələri, mədəniyyəti və ekoturizmi ilə tanınmır. İlboyu- 12 ay müddətində hər kəsin üz tuta biləcəyi turizm bölgəsidir. Türkiyədə çox önəmli mərkəzlər var. Məsələn, yay, qış turizm yerləri. Amma Bursa universaldır. Burada çox mühüm qış turizmi mövcuddur. Gözəl təbiətinə görə eko turizmi inkişaf edib. Bursanın təbii gözəllikləri turistləri cəlb edir. Bursa həm də önəmli tarixi şəhərdir. Türk tarixi üçün çox böyük əhəmiyyət daşıyır. Osmanlının bəylikdən dövlətə, dövlətdən imperiyaya keçdiyi yerdir Bursa. Yüz ildən çox Osmanlı dövlətinin paytaxtı olub. 6 padşahın məzarlığı Bursaya əmanətdir. Onların türbələri Bursadadır. Bursada Osmanlının ilk dövrünə aid çox əhəmiyyətli mədəni sərvətləri var. Tarixi bölgədə 40 tarixi karvansara və bazarımız var. Həmin bazarlarda alış-veriş edilir. Bu çarşıların hamısı bir-birinin içərisindədir və bir-birlərinə keçid vardır. Bu, dünyanın ən böyük bazarlarından biridir. Bunların hamısı Osmanlıdan bu günə qədər özəlliklərini davam etdirən yerlərdir. Bursa tarixi İpək yolunun üzərində - mərkəzidir. Bursa Çindən və Hindistandan gələn malların başqa ölkələrlə dəyişdirildiyi mərkəzdir. Bursa həm də çox mühüm termal şəhəridir. Ta Roma, Bizans dövründən bu günə qədər bu xüsusiyyətini qoruyub saxlayıb. Artıq məqsədimiz termalın əhəmiyyətini daha da önə çıxarmaqdır.

Beşulduzlu hotellərdə termal sularımız var.
Özəl sektorlarda yüksək keyfiyyətli tibbi turizm üzrə ixtisaslaşmış xəstəxanalarımız xidmət göstərir. Bu baxımdan Bursa 12 ay ərzində turizmin xidmət göstərdiyi mühüm bir mərkəzdir. Sonuncu dəfə 2006-cı ildə Bakıda olmuşam. İndi isə şəhərin çox dəyişdiyini söyləyirlər. Yenidən gəlmək istəyirəm. Bu gün Türkiyədən 30 milyon insan xarici ölkələrə səyahət edir. Bu insanların arasında Azərbaycana gedən çoxlu insan var. Eyni zamanda Azərbaycandan da bura gəlirlər. Bu qarşılıqlı münasibətlər davam edəcək”.

Valinin təşkil etdiyi görüşdən sora Bursanı yaxından tanımaq üçün proqram üzrə gəzintimiz başladı. Deylənlər doğru idi.

Avropa və Asiyanı birləşdirən şəhərdə hər iki qitənin mədəniyyətinin izləri var. Roma, Bizans, Səlcuq və Osmanlı mədəniyyətlərinin sintezi hər bir turistdə qəribə bir sevgi yaradır bu şəhərə qarşı...

Bir çox mədəniyyətlərə ev sahibliyi etməsi ilə, nəfis memarlıq nümunələri ilə Bursa açıq hava altında muzeyi xatırladır.Mübağiləsiz deyə bilərik ki, memarlıq anlamında Osmanlı dövlətinin mədəniyyətini və sənət tarixini özündə yaşadan təkrarsız şəhərdir.

Ulu camidə azərbaycanlı izləri...

Bursada duyduğumuz azan səsi ayrı bir ecazkarlığa məxsus idi. Onun sehrindən ayrılmaq olmurdu.

Səfər proqramında Ulu camiylə tanışlıq da yer alırdı. Bizə ayrılmış avtobusla şəhərin mərkəzinə yollandıq. Qışın soyuğu adamı “kəsirdi”. Tam Ulu caminin yanındaydıq. Məscidin ətrafı izdihamlıydı. Hər kəs fərqli niyyətlə Ulu camıyə üz tutur.

Əsrlərin sınağında çıxıb günümüzə kimi gəlib çatan Ulu cami İslam aləmində ilk beşlikdə yer alan müqəddəs ocaqlardandır. Ulu caminin biz azərbaycanlıar üçün ayrı dəyəri var. Çünki caminin minbərini bəzəyən kişi azərbaycanlıdır. Təbriz yaxınlığında anadan olmuş Əbdüləzizoğlu Məhəmməd və onun şagirdləri möhtəşəm bir iş ortaya qoyublar. Onların işlədikləri motivlər günümüzdə tədqiqatçıların diqqətini çəkib. Belə qənaətə gəliblər ki, bu mötivləri çəkən insanlar həm sənətkar kimi əvəzsiz olublar həm də astronomiya elminə dərində yiyələniblər.

Əbdüləzizoğlu 6666 ağac parçasında istifadə etmişdi. Bu rəqəm Qurandakı ayələrin sayına bərabərdi.

Məscidi ziyarət etdikdə eşitdik ki, rəvayətə görə Somunçu baba Ulu Cami tikildiyi zaman tez-tez gəlib xalqa sovqat paylayırmış. Bir gün insanlara çörək paylayanda Xızır peygəmbəri görür. Əlindən tutub deyir ki, səni tanıdım. Əgər söz versən ki, hər gün gəlib burda namaz qılacaqsan, sənin kim olduğunu kimsəyə demərəm.

Xızır peygəmbər razılaşır:

-Amma bir şərtim var- o zaman mən hansı vaxtlarda bura gələcəyimi söyləməyim, bu da qoy mənim sirrim olsun

O gün -bu gün insanlar inanır ki, Xızır peygəmbər hər gün gəlib Ulu camidə namaz qılır.

Atatürk Bursanı sevirmiş...

Bursada Atatürkə olan sevgi də fərqlidir. Binaların eyvanlarından asılmış Atatürkün rəsmi gəlib gedənləri müşahidə edir... Sakinlər Cumhuriyyətin qurucusunun Bursaya gəlişini- gedişini şövqlə nəql edirlər. İlk beş ulduzlu mehmanxana inşa ediləndə Atatürk Bursaya tez-tez gəlib. Hətta termalda müalicə olunub.

Atatürkün adına müzey və atanın adını daşıyan, ilk dəfə onun tərəfindən təməli qoyulan beş ulduzlu mehmanxana hələ də fəaliyyət göstərir. Mehmanxanada Mustafa Kamal Atatürkün tez-tez baş çəkdiyi kitabxana qorunub saxlanılır.

Onu da öyrəndik ki, “Atatürk palas”da hər kim istəsə qala bilməz. Orda mötəbər qonaqlar üçün yer ayrılır. Xarici dövlət rəsmiləri, millət vəkilləri, şahzadələr və başqaları bu mehmanxananı seçə bilərlər.

Məşhurlardan Elizabet Teylor və digərləri Bursaya gəldikdə həmin hoteldə qalıblar.

Termallardan istifadə həm gözəlləşdirir

Bursada olduğumuz müddətdə həm təbiətinin gözəlliyini seyr etdik, həm də əsas termallarla (müalicəvi sular) tanış olduq.

Bursa valiliyi və bələdiyyəsinin ən böyük hədəfi Bursanı dünyada termal şəhəri kimi tanıtmaqdır. Roma və Osmanlı zamanından qalan termal bulaqları daha çox üzə çıxarılır. Səfərimiz boyunca gəzdiyimiz hotellərdə, xəstəxanalarda isti su bulaqlarının möcüzəsi ilə tanış olduq...

Bursada maksimum çalışdıq ki, isti sudan yararlanaq. Səmimi etiraf edək ki, bunun xeyrini gördük. Səfər müddətində xanımlar saçlarının tökülmədiyini dilə aldılar.

Mütəxəssislərlə söhbətimiz zamanı öyrəndik ki, Bursada tibbi turizm son 10 ildə sürətlə inkişaf edib. Dünyanın hər yerindən insanlar müalicə və müayinə olunmaq, həmçinin istirahət etmək üçün Bursanı seçirlər. Termal suların möcüzəsinə inananlar əliboş qayıtmırlar.

Bursa Türkiyənin tibb üzrə xidmət bölgələrindən biri kimi tanınır.


İpək şəhəri...

Bursa həm də bir sənaye şəhəridir. Türkiyə iqtisadiyyatında önəmli bir yer tutur. Üç milyona yaxın əhalisi ilə Mərmərə bölgəsində İstanbuldan sora ikinci şəhərdir. İpək yolu üzərində yerləşməsi Bursanı dünyanın başlıca ticarət, sənaye və mədəniyyət şəhəri kimi tanıdıb. Ev toxuculuq məhsullarının böyük qismi bu şəhərdə istehsal olunur.
Bursa toxuculuq sektorunun tarixi 1500 illik bir dövrü əhatə edir. Osmanlı imperiyası zamanında da ipəkçilik, toxuculuq mərkəzi olmaqda davam edən şəhər ümumilikdə Türkiyənin toxuculuq paytaxtıdır. Şəhərin küçələrində, bazarlarda, mağazalarda toxuculuq fabriklərinin çeşidli məhsullarına rast gəlinir. Bursada qida sənayesi ilə bağlı fəaliyyət göstərən firmalar da çoxdur. Meyvə suyu, alkoqolsuz içkilər, konserv və s. də rəqabət qabiliyyətlidir. Dünyanın ən böyük 10 qida firmasından 3-ü Bursada istehsalla məşğuldur.

Başı qarlı Uludağ
Osmanlı zamanında “Keşiş Dağı” adlandırılan Uludağ günümüzdə Türkiyənin ən çox ziyarət edilən turizm məskənidir. Həmçinin qış idman növünün mərkəzi kimi tanınır.

«Qar cənnəti» adlandırılan Uludağda cürbəcür əyləncələr üçün şərait var. Qarlı ormanlar arasında gəzinti də mümkündür. Artık şəhərdən Uludağa gəlmək kanat yolu ilə mümkünləşəcək. Sadəcə 15 dəqiqə zamanda şəhərdən bura gəlmək imkanı yaranır.

Uludağ sadəcə, bir idman mərkəzi deyil, həmçinin insanların ailəlikcə istirahət edə biləcəkləri yerdir. Uludağ ilin hər mövsümündə ayrı bir gözəlliyə bürünür. Yaz aylarında burada insanlar piknikə gəlir və dağ yürüşləri edirlər. Buzlugöl, Kilimgöl, Karagöl və Aynalıgöl istirahətə gələnlərin ən çox sevdiyi yerlərdir. İnsanlar bu yerlərdə çadırlar qurub vaxt keçirirlər. Uludağ eyni zamanda, zəngin bir bitki məskənidir. Dağın ətəklərindən zirvəsinə qədər dəyişən iqlim üzündən ilk bahardan yaz aylarının sonlarına qədər dağın fərqli yüksəkliklərində mindən çox bitki və çiçəyi tapmaq mümkündür. Bunların arasında 26-ı sadəcə, Uludağa məxsus, 78-i isə Türkiyədən başqa heç yerdə insanların görə bilməyəcəyi bitkilərdir. Dağın ətəyində isə böyük milli parkın tikintisi davam edir.

Sevil Yusifova

Xəbər lenti

DAHA ÇOX XƏBƏR