Tarix
"Domsovet"in 20 illik tikintisində gizlənən MÜƏMMALAR - ARAŞDIRMA+ARXİV SƏNƏDLƏRİ
Bakının mərkəzində yerləşən məşhur Hökumət evinin qapı
və pəncərələrini qırmızı rəngdə təsəvvür edirsinizmi? Belə bir dövr
olub.
Sovet hökumətinin süqutundan az qala 30 il keçməsinə baxmayaraq, bu
binaya niyə çox adam indi də “Domsovet” deyir? Səbəbi
var.
Hökumət evinin tikintisi ilə əlaqədar müəmmalara arxiv sənədləri
əsasında aydınlıq gətirmək istəyirik. O sənədlər əsasında ki, uzun
illər üzərində məlum və məşhur bir tabu olub...
Tamamilə məxfi
Hətta Hökumət evinin tikintisinə başlamaq barədə qəbul edilmiş
qərar da məhz belə bir qrif altında saxlanılıb:
Tamamilə məxfi
Protokol № 3
11 fevral 1932-ci il.
Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi
bürosunun iclası
…6. Bakı şəhərində Hökumət evinin tikilməsi haqqında
Bakı şəhərində Hökumət evinin tikilməsi ilə əlaqədar əsas
məsələlərin işlənməsi üçün xüsusi komissiyanın təsdiq eüdilməsinə
dair Xalq Komissarları Şurasının təklifi bəyənilsin.
Komissiyanın qərarı Mərkəzi Komitənin təsdiqinə verilsin.
Bu qərar qəbul edilir, xüsusi komissiya yaradılır və ay yarım sonra
Xalq Komissarları Şurası Hökumət evinin layihələşdirilməsi üzərində
işə başlayır. Burada yerləşdirilməsi nəzərdə tutulan
komissarlıqlardan əməkdaşların ümumi sayı və lazım olan iş
otaqlarının sahəsi barədə məlumat təqdim olunması xahiş edilir.
Bəs Hökumət evi Bakının harasında tikilə bilər?
Bu sualın cavabı da xüsusi müzakirəyə çıxarılır. 1932-ci ilin 7
sentyabrında keçirilən müzakirələr zamanı ən münasib ərazi kimi iki
ünvan göstərilir: Pyotr meydanı və “Azlestrest”in (yəqin Azərbaycan
dilində adı “Azərbaycan meşəçilik tresti” olub) mebel fabrikinin
yerləşdiyi meydan.
“Azlestrest”in mebel fabrikinin yerləşdiyi meydan” deyəndə o vaxtkı
Bakının hansı ərazisinin nəzərdə tutulduğunu söyləmək çətindir.
Amma digər ünvan – Pyotr meydanı indiki İstiqlal muzeyinin (keçmiş
Lenin muzeyi) yerləşdiyi ərazi olub.
Hələ çar Rusiyası dövründən I Pyotrun şərəfinə “Petrovskaya ploşad”
adlanan bu meydanın adı ötən əsrin 50-ci illərinə qədər
dəyişdiriməyib. O vaxta qədər Bakıda bütün təntənəli parad və
nümayişlər burada – “Petrov meydanı”nda keçirilib.
Komissiyanın qərarında ikinci bənd kimi Hökumət evində
yerləşdiriləcək idarə və nazirliklərin adı da sadalanır: Xalq
Komissarları Şurası, Dövlət Plan Komitəsi, Torpaq Komissarlığı,
Maarif Komissarlığı və s. Cəmi 8 təşkilat.
Və daha bir mühüm bənd: “Hökumət evinin tikintisi Azərbaycan SSR
Dövlət Siyasi İdarəsinin Texniki şöbəsinə həvalə edilsin. Şöbə on
gün müddətində Hökumət evinin tikintisi üçün müsabiqə layihəsini
komissiyaya təqdim etsin”.
Dövlət Siyasi İdarəsi 30-cu illərdə sonralar “KQB” adlanacaq
nazirliyin funksiyasını yerinə yetirirdi. Deməli, Hökumət evinin
tikintisi barədə qərarın “Tamamilə məxfi” sözləri ilə qriflənməsi
təsadüfi deyilmiş...
Amma uzun müzakirələrdən sonra Hökumət evi üçün təklif edilən hər
iki ünvandan imtina edilir və binanı indiki yerində tikmək qərara
alınır.
1933-cü ilin dekabrında Xalq Komissarları Şurasının qərarı ilə
tikintinin maliyyə məsələsi də həll edilir: “Aznefttorq”a təklif
edilsin ki, 1933-cü ildə əldə olunmuş gəlirlərdən 2 milyon rubl
ayırıb Hökumət evinin fonduna köçürsün.
Hökumət evi yox, Sovetlər Sarayı
1934-cü il mayın 8-də Xalq Komissarları Şurası binanın tikintisi
ilə əlaqədar daha bir qərar qəbul edir: “Respublika hökumət
orqanlarının səmərəli yerləşdirilməsi məqsədilə və respublika
qurultaylarının keçirilməsi üçün müvafiq zalları olan hökumət
evinin - “Sovetlər Sarayı”nın tikilməsi məqsədəuyğun sayılsın”.
Həmin qərarla “Sovetlər Sarayı”nın tikintisinə rəhbərlik etmək üçün
hökumət komissiyası yaradılır. Qeyd olunur ki, komissiyanın
qərarları bütün idarə və müəssisələr üçün hökumət tapşırığı kimi
məcburi hesab edilir.
Bu, yeni tikintiyə dövlətin nə qədər ciddi əhəmiyyət verdiyinin
göstəricisidir.
Bundan başqa “Sovetlər Sarayı” və onun ətrafının
layihələşdirilməsinə SSRİ-nin ən böyük mütəxəssislərini cəlb
etməklə ümumittifaq müsabiqəsinin elan olunması” tapşırılır.
Tikinti işlərinin 1935-ci ildə başlanılması və onun 1937-ci ilin
əvvəllərində başa çatdırılması da qərara alınır.
Görünür, bu gün də işlədilən “Domsovet” sözü məhz həmin qərardan
sonra beyinlərə hopub. “Dvorets sovetov”, “Dom sovetov” kimi...
Bəs niyə Hökumət evi yox, “Sovetlər Sarayı” ?
Məsələ burasındadır ki, ilk vaxtlar, sadəcə, nazirlik və hökumət
idarələrinin yerləşdirilməsi nəzərdə tutulan bina təyinatı üzrə
Hökumət evi adlanırdı. Lakin artıq 30-cu illərin ortalarında fikir
dəyişir. Respublika əhəmiyyətli iri siyasi tədbirlərin – qurultay,
sessiya və toplantıların da gələcəkdə bu binada keçirilməsi qərara
alınır. Tanınmış memar Elbəy Qasımzadənin sözlərinə görə, bu
məqsədlə indiki Hökumət evinin həyətində böyük iclas zalının
tikilməsi də nəzərdə tutulurmuş...
Bütövlükdə binanın əzəmətli olmasına isə xüsusi diqqət ayrılır.
Elbəy Qasımzadənin qənaətinə görə, bu, Stalinin tələbi idi! “Dahi
rəhbər”in fikrincə, sovet dövründə yaradılan memarlıq abidələri
SSRİ-nin əzəmətini nümayiş etdirməli idi. 30-cu illərdə artıq
Moskvada SSRİ Ali Sovetinin sessiyalarını keçirmək üçün belə bir
sarayın tikintisi başlanmışdı. Maraqlıdır ki, həmin bina da
“Dvorets Sovetov” adlanırdı. Binanın hündürlüyü 420 metr nəzərdə
tutulmuşdu. Məqsəd dünyanın ən hündür (381 metr) binası olan 103
mərtəbəli “Empire State Building”dən hündür bina tikmək idi.
Doğrudur, bu binanın özülü qoyulsa da, sonralar müharibənin
başlaması ilə əlaqədar planlar dəyişib və bu ideya reallaşmayıb.
Amma həmin 30-cu illərdə monumental arxitekturaya xüsusi diqqət
yetirilib...
Başıbəlalı layihə
Tikintinin layihələndirilməsi üzrə elan olunan müsabiqədə
Azərbaycan, Gürcüstan və Rusiya memarları iştirak edir. Əsəmət və
monumentallıqla yanaşı, milli memarlıq ənənələrinə diqqət
yetirilməsi də müsabiqənin əsas şərtlərindən idi.
Müsabiqəyə təqdim olunan layihələrdə hər qrup öz fərdi yaradıcılıq
potensialını ortaya qoyur, hər memar öz şəxsi baxışını əks etdirir.
Məsələn, Elbəy Qasımzadənin dediyinə görə, bakılı memar Konstantin
Sençixin müsabiqəyə təqdim etdiyi layihədə klassik Avropa üslubuna
üstünlük vermişdi. Milli elementlər olmadığı üçün layihə heç
müsabiqəyə buraxılmamışdı. Digər layihələrdə isə Azərbaycan milli
memarlıq ənənələrindən bu və ya digər dərəcədə istifadə
edilmişdi...
Beləliklə, müsabiqə başa çatır və əslən Leninqraddan olan memarlar
- Lev Rudnev və Vladimir Muntsun hazırladıqları layihə qalib elan
olunur. Deyilənə görə, münsiflər heyəti bu layihəni bəyənsə də,
“yerli milli memarlıq formalarının azlığı” irad kimi bildirilir.
Lakin sonralar tikintinin uzanması və maliyyə problemləri ilə
əlaqədar üzərində müəyyən dəyişikliklər edilən layihə milli
memarlıq elementləri ilə zənginləşdirilir.
Layihənin ilkin variantında bu bina 2 min nəfərlik iclas zalı da
daxil olmaqla çoxsaylı adi xidmət otaqlarından ibarət
ictimai-inzibati bina kimi nəzərdə tutulurdu. Sonralar iclas zalı
maliyyə çatışmazlığı səbəbindən layihədən çıxarılır, bina isə
özünün ictimai əhəmiyyətini bir qədər itirir.
Nəhayət, 1935-ci ilin mayında Xalq Komissarları Şurası qərara alır
ki, “Sovetlər Sarayı”nın özülü avqustun 15-də qoyulsun və bu,
Azərbaycanın sovetləşməsinin 15-cü ildönümünə həsr edilsin”. Həmin
ilin dekabrında isə tikintinin, yəni yeni binanın adı da
dəyişdirilir. Bu barədə Xalq Komissarları Şurası yeni qərar qəbul
edir: “...Bakı şəhərində “Sovetlər Sarayının tikintisi” sözləri
“Azərbaycan SSR-in Hökumət evi” sözləri ilə əvəz edilsin”.
Bununla da yeni tikilən bina indiki adını alır.
Tikinti xərcləri azaldılsın!
1935-ci il dekabrın 14-də ölkə rəbəri İosif Stalin tikinti
məsələlərinə həsr edilmiş müşavirə keçirir. Müşavirə haqqında
qəzetlərdə dərc olunan hesabatın adını oxumaq kifayətdir:
“Tikintinin ucuzlaçdırılması – 1936-cı ilə dair tikinti proqramının
əsas həlqəsidir”.
Bu, artıq “partiya tapşırığı” idi – tikintilər ucuz başa gəlməli
idi...
Tikinti işlərinə sovet dövlətinin bu münasibəti nəinki 1936-cı il,
həm də 1937-ci il üçün proqrama çevrilir və Azərbaycanda Hökumət
evinin tikintisinə də tətbiq olunur. 1937-ci il dekabrın 23-də
məsələ Azərbaycan SSR Xalq Komissarları Şurası sədrinin yanında
müzakirə olunur. Həmin müşavirənin stenoqrafik hesabatı Dövlət
Arxivində saxlanılır.
Bu sənəddən görünür ki, tikinti işlərini 12 milyon rubla başa
çatdırmağın mümkünsüzlüyünü anlayan mütəxəssislər binanın
hündürlüyünü 3 mərtəbə azaltmağı təklif edir. Bu halda binanın
memarlıq forması və proporsiyası pozulsa belə...
Müzakirədən fraqmentlər:
Dövlət Plan Komitəsi Tikinti bölməsinin baş mühəndisi Moroxovets:
“Hündürlüyü 60 metr olan bu bina monumental binadır. Əgər siz onun
hündürlüyünü azaltsanız, onda bina epoxal görünüşünü itirəcək. Əgər
gələcəkdə istəsəniz ki, əlavə mərtəbələr artırasınız, bu da çox
baha başa gələcək”.
Baş mühəndis təklif edir ki, binanın xarici görünüşünə
toxunulmasın, içəridə görülən işlərdə qənaət edilsin. Məsələn,
döşəmə parket yox, adi taxta olsun, qapılar bahalı ağacdan yox, adi
şam ağacından hazırlansın və s. Müəyyən vaxtdan sonra bunları
dəyişmək mümkündür.
O, layihə xərclərinin birdən-birə 35 milyon rubldan 12 milyon rubla
endirilməsinə etiraz edir: “12 milyon rubl utopik rəqəmdir... Bizim
qarşımızda vəzifə qoyulub ki, bina tikək, amma bu binanı 12 milyona
necə tikmək barədə heç yerdə bir kəlmə yazılmır... Nə hündürlüyü üç
mərtəbə endirmək, nə də altı mərtəbə azaltmaq kömək edəcək. Kifir
bir bina alınacaq...”
Baş mühəndis bildirir ki, layihə müəlliflərini çağırıb demək
lazımdır ki, layihədə dəyişiklik etsinlər. Lakin o, bunun da çıxış
yolu olmadığını xatırladır: “Əgər 12 milyon söhbəti qüvvədə
qalırsa, professor Rudnevi çağırıb soruşmaq lazımdır ki, binanın 12
milyona başa gəlməsi üçün nə edə bilər. Mən əminəm, o deyəcək ki,
bina üçün başqa meydan tapmaq lazımdır, çünki bu meydan kiçik bina
üçün çox böyükdür”.
Müzakirələrdə başqa təkliflər də səslənir. İclasa sədrlik edən
Dövlət Plan Komitəsinin sədr müavini İslamzadə xatırlatmalı olur:
“Bağırov yoldaş 12 milyon rəqəmi əsasında konkret praktik təkliflər
verməyi tələb edir”.
Buna baxmayaraq, gərgin müzkakirələrdən sonra qərara alınır ki,
Moskvada SSRİ Nazirlər Sovetinin sədri Molotovla danışıqlar
aparılsın ki, tikintiyə ayrılan vəsaitin artırılmasına kömək
etsin.
Məlumat üçün bildirək ki, müzakirələrin getdiyi 1937-ci ildə
Hökumət evinin hələ cəmi 2 mərtəbəsi tikilmiş və ya ümumi işlərin
cəmi 16 faizi yerinə yetirilmişdi...
Bu binanın tikintisində işləyən alman hərbi əsirləri Mircəfər
Bağırova nədən şikayət etmişdilər?
Alman dəqiqliyi məsələsi...
Və daha hansı müəmmalar...
Müsəllim Həsənov
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal3 May 19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI