Vaqif Bayatlı Odər: “Hamı mənə “dəli” deyirdi” – Müsahibə
Bizi izləyin

Müsahibə

Vaqif Bayatlı Odər: “Hamı mənə “dəli” deyirdi” – Müsahibə

Publika.Az yeni bir layihəyə start verir: “25 yaşlı qoca”. Məşhurlarımızın öz diliylə onların gəncliyinə səyahət edəcəyik.

Vaqif Bayatlı Odərlə həmişəki kimi, Nazirlər Kabinetinin yaxınlığındakı parkda görüşdük. Hərdən bu adsız parkı özlüyümdə “Vaqif Bayatlı Odər parkı” adlandırıram. Çünki hər dəfə onunla orda görüşür, söhbətləşir, ruhən dincəlirəm. Bir növ bu park bizim ruhsal məkanımıza çevrilib...

Telefonda ona gənclik illərilə bağlı söhbət etmək istədiyimi deyəndə həmişəki səmimiyyətlə məni bağda gözləyəcəyini dedi.

Xeyli gəzişdik, söhbətləşdik, sonra “25 yaşlı qoca” lahiyəmizin suallarını cavablandırmağa başladı:

- Əslində mən əbədi gəncəm (gülür). Əbədi gənc olmayan adam heç nə yaza bilməz. Gərək həm də əbədi uşaq olasan. Yaş - fiziki anlayışdı. Məsələn, əvvəlki kimi qaça bilmirəm, az yeriyirəm, ürəyim əvvələr az ağrıyırdı, indi bir az artıq ağrıyır. Amma ruhi həyatım həminki kimi davam edir. Əksinə, qocaldıqca məndə qeyri-adi şeylər artır. Uçmaq artır, sevmək artır, bütün insanları bir-birinə sevdirmək ehtirası artır, dünyanı düzəltmək...

İnsanın əsas ehtirası nədir - dünyanı qaydaya salmaq, düzəltmək istəyi. Allah insanı həm də dünyanı düzəltmək üçün yaradıb.

- Siz gənc olanda dünya necə tənzimlənirdi?

- Elə indiki kimi. Mən o dövrün siyasi təhlinini yox, ruhi təhlinilini verə bilərəm. Mənim ruhi gəncliyimin bütün istiqamətləri yönəlmişdi Azərbaycanın istiqlalı uğrunda mübarizəyə - Onun ruhunun azad olmağına. İndi bu, məndə bir az rahatlaşıb, yəni Şimali Azərbaycan tam da olmasa, azaddır. Amma başımıza gələn məlum olaylardan sonra narahatlığım artdı. Hərdən dünyada da sevginin azaldığını hiss edirəm, bu da mənimçün ən ağrılı problemdi. İndi daha çox qəbilə instinktinin artdığını – yerlbazlığın çoxaldığını görürəm. Təəssüf ki, bizdə hələ dövlət instinkti ya yoxdu, ya da çox azdı.

Ölkədə yeni nəslin kütəvi ədəbiyyatı yaranır. Bəziləri bunu görmək istəmir. Hətta cavanların arasında da bunları görmək istəməyənlər var. İndi hamıda söymək həvəsi daha güclüdür. Amma gözəl kitablar da nəşr olunur, gözəl şeirlər də yazılır.

- Qayıdaq sizin gəncliyinizə. İlk dəfə sizi kim çap edib, harda çap olunmusuz?

- İlk dəfə yazımı rəhmətlik Yusif Səmədoğlu çap eləyib, “Ulduz” jurnalında. Ən maraqlısı odur ki, bu çap şifahi şəkildə baş verib. Təsəvvürünə gətir ki, məni heç yerdə çap eləmirdilər, heç yerdə yaxına buraxmırdılar. Onda Mövlud Süleymanlı götürdü şeirləri, Ramiz Rövşən də qoşuldu ona, getdilər Yusif Səmədoğlunun yanına. Onu da deyim ki, şeirlərimi hamı tərifləyirdi, amma heç kim çap eləmirdi.

Şeirlər Yusifin də çox xoşuna gəldi, götürdü çap eləməyə. Ancaq bundan sonra da o şeirlər düz 1 il ərzində çap olunmadı. Redaksiyaya kim gəlirdisə, Yusif çağırıb o şeirləri oxuyurdu. Sonra mənə deyirdi ki, bunlar gözəl şeirlərdi, amma çap olunandan sonra ləzzəti itəcək, yəni indiki ləzzəti verə bilməyəcək, ona görə onları tez-tez oxuyuram. Deyirdi, belə şeirləri gərək az-az dadasan...

- İlk dəfə çap olunanda neçə yaşınız vardı?

- İyirmi doqquz.

- Qonorar aldınız ilk şeirlərinizdən?

- Hə...

- Yadınızda deyil, nəyə xərclədiniz?

- Uşaqlarla yeyib-içməyə.

- Onda yəqin, yaxşı içirdiz...

- Yox, heç vaxt içkiyə meylli olmamışam. Düzdü, içmişəm, lap yerə yıxılana qədər. Bir şeirimdə də var, içəndən sonra üzümü torpağa o qədər sürtmüşəm, üz-gözüm yara olub. Başımı vurmuşdum torpağa. Təzə adam kimi qalxmışdım yerdən. İçib huşumu itirməyim də olub. Amma bu nadir hallarda. İçki dünyanın ən gözəl nemətlərindən biridi. Gərək onu mənim kimi hörmətdən salıb, yerə atmayasan (gülür). Düzdü, o hallarım yeni şeirlərin doğulmasıyla nəticələndi. Gərək içkiyə də şeirə hörmət elədiyin kimi hörmət qoyasan.

- Ən çox harda, hansı kafedə yığışırdız?

- “Nu poqadi” adlı bir kafe vardı, Bakısovet tərəfdə. Ora kafe deyildi əslində, çayxanaydı. Qəlyanaltı, sosiska-zad verirdilər. Oranı işlədən oğlan sonra dünyasını dəyişdi. Çox yaxşı oğlan idi. Mən ora gələn kimi çayxananı bağlayırdı. Bizə yeyib-içmək təşkil edirdi. Şairlərin, yazıçıların çoxu gəlirdi ora. O kafe 1988-90-ci illərdə inqilabın mərkəzinə çevrildi. Bütün inqilabçılar ora yığışırdılar. Axırda KQB onları dindirməyə başladı. Bir-bir aparırdılar, dindirirdilər. Sonra bezdilər, bir stol da onlar qoydu o kafeyə. Elə bu stoldan çağırıb o biri stolda dindirirdilər. Çox maraqlı bir çayxanaydı.

- Əsasən kimlərlə görüşürdüz orda?

- Rəhmətlik Aydın Məmmədovla, Zakir Fəxriylə. Bizim kompaniya ayrı idi. Kamil Vəli Nərimanoğlu da ora gəlirdi. Əlisəmid Kür, Tofiq Qaraqaya... Çoxunun adı artıq yadımdan şıxıb.

- Nədən daha çox söhbət edirdiz?

- Hər şeydən. Sovetlərin əleyhinə olan hər şeydən.

- Kiminləsə dalaşırdızmı?

- O qədər... Mən də dava salmışam, mənimlə də dalaşıblar.

- Nəyin üstündə düşürdü mübahisəniz?

- Tutaq, biri Azərbaycan xalqının əleyhinə nəsə deyirdi, durub dalaşırdım. Ya da türklərin əleyhinə bir şey eşidəndə cavablarını verirdim, baxırdım o adam getmirsə, onda özüm çıxıb gedirdim. Məni hər kəs türkçü kimi tanıyırdı. Həm də istiqlalçı kimi. Amma sonda təbii ki, hamı mənə dəli kimi baxırdı...

- O dövrdə sovet rejimindən başqa nəyə qarşıydız?

- O vaxt hamı azadlıq istəyirdi. Yazıçı olduğumuza görə biz azad mətbuat istəyirdik. Senzurasız çap istəyirdik. Təsəvvür elə, mənim ilk şeirim 30 yaşımda çap olunub.

- Bəs ilk kitabınız..?

- İlk kitabım çap olunanda 30-u çoxdan adlamışdım.

- Hansı kitab idi ilkiniz?

- “Tənha ulduz altında”. Kitab çıxandan sonra məni tez-tez çap etməyə başladılar. Amma yenə kitabımı buraxmırdılar. Yaşıdlarım arasında ən gec mən çap olunmuşam. Kitabı ən gec işıq üzü görən də mənəm. Qəribə də olsa, şeirlərimi Moskvaya göndərirdilər, orda tezcə çap olunurdu. Hətta Özbəkistanda da burdan çox çap edirdilər. Özbəkistandan və Qazaxistandan onlarla məktub alırdım, şeirlərimi demək olar, hər ay çap edirdilər. Gülməli də olsa, bir məqamı deyim. Özbəkistanda bir jurnal dünya ədəbiyyatından seçmələr vermişdi, orda Şekspiri, Füzulini, Rilkeni, bir də mənim şeirlərimi vermişdilər...

- Ən çox nəyi bəyənib dəstəkləyirdiniz?

- Azad düşüncəni. Gözəl şeiri, poetikanı. Əslində o vaxt da poeziya haqqında indiki kimi düşünürdüm. Yeni poetik tip yaratmaq istəyirdim. O vaxtlar “poetik insan tipi” nədi, mənə aydın deyildi. Sonralar bu məndə qanadlı insan tipinə çevrildi. Sonra daha da inkişaf elədi, Nitşenin fövqəlbəşər insanını da ötüb keçdi. Bu gün İlahiyə qovuşmağa can atan insan obrazıdı. Bu mənada Allahın özü maraqlı olmalıdı ki, insanlar ona çatmağa can atsınlar və çatsınlar. Bu, çox mürəkkəb düşüncə sistemidi. İlahi bizi ona görə yaradıb ki, onun özünün də dünyanı yaratdığına görə sevinməyinə nail olaq.

- Hansı yazarları bəyənib oxuyurdunuz?

- Mənim bineyi-qədimdən ən çox oxuyub, bəyəndiyim iki yazar var: Dostoyevski və Füzuli.

- Bəs öz dövrünüzdəkilər?

- Həm xoşbəxtlikdən, həm də bədbəxtlikdən mənim ədəbi təhsilim yoxdu. Politexnik İnstitutunu bitirmişəm. Ona görə də sistemsiz şəkildə mütaliə etmişəm. Bəlkə də bu səbəbdən ədəbiyyatda azad böyümüşəm. Ədəbiyyat nəzəriyyəsini, tarixini yaxşı bilmirəm.

- Bəs müasirlərinizi oxumurduz?

- Orta məktəbdə ən çox xoşaldığım yazarlar Ənvar Məmmədxanlı və İlyas Əfəndiyev idi. O vaxt bizim camaatın mütaliəsi yaxşıydı. Mənsə, ümumiyyətlə, şeirlə maraqlanmırdım. Şeirdən zəhləm gedirdi, nəzmə fikir vermirdim. Hətta deyirdilər, adın Vaqifdi, şeir yaz... Cavab verirdim, şeir nədi? Nəsri daha çox xoşlayırdım.

Hətta o vaxt iki povest yazdım, sonra cırıb tulladım. Ancaq sonralar anladım ki, poeziya heç bir boşluğu olmayan ədəbiyyat nümunəsidi. Ya da ruhun nümunəsidi. “Ədəbiyyat” sözü azaldır şeirin canını. Şeir ruha yaxın ən gözəl İlahi nümunədi. Əgər poeziya olmasaydı, dünyanın özü də yaranmazdı.

- Nəyə görə?

- Çünki dünya poetik ruhla yaranıb. Dünya yaranandan bütün şairlər həmin poetik ruhu tapmağa çalışır. Və buna ən yaxın gedən, mənə görə, Füzuli, nisbətən də Servantesdir. “Don Kixot” poetik əsərdi, amma Servantes onu nəsrlə yazıb. Poetik ruh nəsrə çevrildikcə heyvərələşir, adiləşir. Ona görə böyük nasirləri də şair adalandırılar. Dostoyevskiyə də şair deyirlər...

- İlk sevginizi necə xatırlayırsız?

- Mən həmişə sevirəm. Məndə həmişə İlahi sevgi olub. Amma elə bir yaxınlıq duyduğum biri olmayıb ki, dəli kimi sevim... Təbii ki, Tamam xanıma qədər... Ağlıma gətirə bilmirəm ki, sevmədən necə ailə qurmaq olar...

- Sevib ailə qurduğunuza görə özünüzü xoşbəxt hiss edirsiz?

- Mən özümü bütün insanlar xoşbəxt olanda tam xoşbəxt hiss edəcəm.

- Sizcə, bu, baş verəcək?

- Mütləq. Bu, baş verməsə, biz nə gəzirik bu dünyada? Gələnlər nə üçün gəlir, gedənlər nə üçün gedir? Allah bunları ona görə gətirir ki, yavaş-yavaş düzəltsinlər bu dünyanı. Heç nə elə-belə baş vermir. Əbədi prosesin içindəyik.

- Ata-anayla, bacı-qardaşla, qohum-əqrabayla münasibətləriniz necəydi?

- Mənim bu mənada münasibətlərim çox mürəkkəb idi. Çünki hamı məni dəli hesab edirdi. Atama da başa salırdılar, dəlidi, bunu dəlixanaya qoymaq lazımdı. Üç-dörd dəfə universiteti atmışam. Baxmayaraq ki, atam müdrik adam idi, bir-iki dəfə məni psixiatra aparıb göstərmişdi. Amma anam inanırdı mənə.

Elə atamın xətrinə getdim İnşaat İnstitutuna. Amma bir ildən sonra ordan zəhləm getdi. Təxminən 10 ilə bitirdim oranı. Ancaq heç vaxt heç kimdən asılı olmamışam, özüm çalışıb işləmişəm, hər işlə məşğul olmuşam. Fəhləlik, suvaqçılıq eləmişəm, fabrikdə, zavodda işləmişəm. Orda çalışan ermənilərə divan tuturdum. Dəfələrlə məni buna görə həbs etmək istəyiblər, amma KQB-də da millətçi, vicdanlı adamlar vardı, xilas edən tapılırdı. Həm də mənə elə gəlir, gərək özün hədsiz təmiz olasan ki, İlahi qüvvə səni qorusun...

- Bəs maddi imkanlar arzularla üst-üstə düşürdü?

- Həmişə aza qane olmuşam. Uşaqlıqdan özümü buna hazırlayırdım, çünki siyasi məsələlərə görə həbsə düşəcəyimi bilirdim. Həbsxanaya dəfələrlə düşmüşəm - burda da, Moskvada da. Bir-iki gündən çox qalmamışam içəridə. Azərbaycanda artıq bütün polislər tanıyırdı məni.

- Harada yaşayırdız?

- Ev alanda 38 yaşım vardı. Ona qədər həmişə kirayədə qalmışam. Damların üstündə, küçələrdə yatmışam. Yayda işim bir az yaxşıydı, kirayə pulu tapa bilməyəndə gedib bağlarda gecələyirdim. Bayılda, “8-ci kilometr” tərəfdə, şəhərdən kənarda bir çala-zad tapıb, uzanıb yatırdım.

- Qəribə həyat yaşamısız...

- Belə həyat yaşayanlar adətən qəzəbli olurlar, amma mən həmişə nikbinəm. Həyatdan zövq alıram. Sevgi mənim canımdadı. Yerə uzanıb gülə-gülə, sevgiylə ulduzlara baxırdım. Fikirləşirdim ki, yəqin kimsə də orda uzanıb mənə baxır. Heç vaxt pul qazanmaq ehtirasım olmayıb, buna həmişə pis baxmışam. Hə, ilk dəfə radiodan 200 manatdan çox qonarar almışdım. O pulu götürəndə özümü təhqir olunmuş saydım. Mənə elə gəldi ki, istedadımı satıb almışam bu pulları. O pulu elə həmin gün xərcləyib, paylayıb dağıtdım. Beləcə, çox rahat oldum və yenə davam etdim “köhnə həyatıma”...

Əsəd Qaraqaplan

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm