Bakının sanksiyalarsız İranla bağlı PLANLARI
Bizi izləyin

Nida.az

Bakının sanksiyalarsız İranla bağlı PLANLARI

“Azərbaycanla İranın münasibətləri siyasi planda olduqca mürəkkəbdir. Bakı Qərblə yaxşı münasibətlərə malikdir, həmçinin İsraillə əməkdaşlıq edir. Bu heç vaxt İranın xoşuna gəlməyib. Lakin Qafqazda və Xəzərdə qonşu olan hər iki ölkə münasibətlərinin yaxşı olmasında maraqlıdırlar”.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Şərqşünaslıq İnstitutunun əməkdaşı, siyasi ekspert Vladimir Sajin deyib.

Onun sözlərinə görə, İranın nüvə proqramı üzrə Qərblə sazişin bağlanmasından sonra ona qarşı sanksiyalar yumşalmağa başlayıb.

“Bu Azərbaycana İranla yeni iqtisadi əməkdaşlıqlar yaratmağa imkan verəcək. Əgər biz iqtisadiyyatdan danışsaq, hər iki ölkənin neft, qaz, kənd təsərrüfatı kimi sahələrdə əməkdaşlığa ehtiyacı var. Bu istiqamətdə iki ölkə üçün böyük perspektivlər görünür. Azərbaycan bu amildən istifadə edərək iqtisadi əlaqələrini genişləndirmək niyyətindədir. Həmçinin, Bakı ABŞ, Qərbi Avropa və İranla sakit formada əməkdaşlığını genişləndirəcək”, - deyə ekspert bildirib.

V. Sajin İranın Azərbaycanın enerji layihələrinə qoşulmasını da istisna etmir: “Bu, tamamilə mümkündür. Xüsusilə elektrik enerjisi mübadiləsi aparıla bilər”.

Qeyd edək ki, dünən Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İranda səfərdə olub. Rəsmi məlumata görə, səfər zamanı Azərbaycan İrana neft və qazını Avropa bazarlarına ixrac etmək üçün mövcud infrastrukturundan istifadə etməyi təklif edib. Həmçinin, iki ölkə arasındakı iqtisadi əməkdaşlığın perspektivləri müzakirə olunub.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm