Prezident İlham Əliyev: “Gələcəyimiz daha yaxşı olacaq” - YENİLƏNİB
Bizi izləyin

Nida.az

Prezident İlham Əliyev: “Gələcəyimiz daha yaxşı olacaq” - YENİLƏNİB

“Mən sizi görməyimə çox şadam. Yenidən Cəlilabad rayonunda olmağımdan da çox şadam. Bilirsiniz ki, mən Prezident kimi dəfələrlə Cəlilabad rayonunda olmuşam. Bu, mənim yeddinci səfərimdir və bütün səfərlərdə çox yaxşı tədbirlərdə iştirak etmişəm”.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Cəlilabad rayonuna səfəri çərçivəsində sakinlərlə görüşündə deyib.

İlham Əliyev bildirib ki, son illərdə Cəlilabadda həm iqtisadi, həm sosial sahədə çox böyük işlər görülür, gözəl obyektlər tikilir:

“Xatırlayıram ki, keçən dəfə burada olarkən Mərkəzi Rayon Xəstəxanasının açılışını etmişdik. Ondan əvvəl Müalicə-Diaqnostika Mərkəzinin, Olimpiya İdman Mərkəzinin, Gənclər Evinin, şahmat məktəbinin, yolların açılışında iştirak etmişəm, digər obyektlərdə olmuşam.

Cəlilabadda parklar, xiyabanlar salınır. Rayon sürətlə, uğurla inkişaf edir, həm sosial, həm iqtisadi məsələlər öz həllini tapır. İnsanların rahatlığı və iqtisadi inkişafın dərinləşməsi üçün bir sıra infrastruktur layihələri həyata keçirilir ki, bu layihələr böyük əhəmiyyət daşıyır. Cəlilabad rayonu əhalisinin böyük əksəriyyətinin qəsəbələrdə, kəndlərdə yaşadığına görə yolların, o cümlədən kənd yollarının yenidən qurulmasının xüsusi əhəmiyyəti var. Belə olan halda, əlbəttə ki, kənd yollarının tikintisi bəlkə də ən vacib məsələdir və bu gün açılan yol Cəlilabad rayonunda icra edilən dördüncü kənd yolu layihəsidir. Bu günə qədər üç layihə icra edilmişdir. Artıq 60-a yaxın yaşayış məntəqəsinə kənd yolları çəkilib və işlər yüksək səviyyədə icra edilmişdir. Bu qəsəbələrdə 100 minə yaxın əhali yaşayır”.

Dövlət başçısı vurğulayıb ki, Alar-Cəfərxanlı kənd yolunun açılışı da növbəti layihədir: “Əlbəttə ki, gələcəkdə kənd yollarının tikintisi davam etməlidir, çünki hələ ki buna ehtiyac var və Cəlilabad böyük rayondur. Bir çox yaşayış məntəqələri var, əhali də böyükdür. Ona görə Cəlilabada daim yüksək səviyyədə diqqət göstəriləcəkdir.

Bu gün, eyni zamanda, iri fermer təsərrüfatının açılışını qeyd etmişik. Bu da çox gözəl hadisədir. Bu gün artıq Azərbaycanda 20-yə yaxın iri fermer təsərrüfatı fəaliyyət göstərir və bu təsərrüfatlarda məhsuldarlıq ölkə üzrə orta məhsuldarlıqdan ən azı 2 dəfə yüksəkdir. Hektardan 50-60 sentner məhsul götürülür. Bax, budur yeni yanaşma və bizim siyasətimiz. Bir neçə il bundan əvvəl göstəriş verilmişdir ki, iri fermer təsərrüfatları yaradılsın və onlardan artıq 19-u yaradılmışdır. Biri də bu gün açılıbdır. Burada həm iş yerləri açılır, eyni zamanda, yeni bir kənd təsərrüfatı sistemi formalaşır.

Bu il Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilmişdir və şadam ki, bol məhsul götürülübdür. Bu il kənd təsərrüfatı 7 faizdən çox artmışdır. Hər bir ölkə üçün ərzaq təhlükəsizliyi ən vacib məsələlərdən biridir. Biz Azərbaycanda bu məsələləri həll edirik. Çalışırıq ki, Azərbaycan öz ərzaq tələbatını 100 faiz səviyyəsində özü təmin etsin. Buna nail olmaq üçün bütün imkanlar var - torpaqlar, texnika, ondan sonra dövlət tərəfindən ayrılan vəsait. Subsidiyalar, gübrələr, yanacaq verilir. Eyni zamanda, “Aqrolizinq” xətti ilə texnika təmin edilir. Yəni, dövlət öz üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Fermerlər də bu imkanlardan səmərəli şəkildə istifadə etsinlər ki, kənd təsərrüfatı daha da sürətlə inkişaf etsin.

Mən tam əminəm ki, biz öz ərzaq təhlükəsizliyimizi yüz faiz səviyyəsində təmin edə bilərik. Hesab edirəm, bu məqsədə çatmaq üçün bizə bir neçə il lazımdır. Çünki bizim düşündüyümüz siyasət, regionlara qoyulan investisiyalar, eyni zamanda, son vaxtlar aparılan islahatlar ərzaq təhlükəsizliyini tam şəkildə təmin edəcəkdir. Hesab edirəm ki, digər sahələrdə də eyni yanaşma olmalıdır, nəyi özümüz istehsal edə biliriksə istehsal etməliyik”.

İlham Əliyev deyib ki, tikinti materialları, ərzaq məhsulları və sənayenin inkişafı da əlbəttə ki, daim diqqət mərkəzində olmalıdır:

“Bir daha demək istəyirəm ki, Cəlilabad rayonunun inkişafı üçün əlavə tədbirlər görüləcək. Çox işlər görülüb, ancaq görüləsi işlər çoxdur. Hazırda içməli su və kanalizasiya layihəsi icra edilir və çalışacağıq ki, gələn ilin sonuna qədər Cəlilabad şəhərini tam şəkildə təmiz içməli su və kanalizasiya şəbəkəsi ilə təmin edək. Məktəb tikintisinə hələ ki, ehtiyac var. Düzdür son vaxtlar 30-a yaxın məktəb tikilib, təmir edilib, ancaq təmirsiz məktəblər əfsuslar olsun ki, var. Biz bunları bilirik, həll edəcəyik.

Cəlilabadda qazlaşdırma layihələri daha sürətlə getməlidir. Hələ ki, bu nə məni, nə də sizi qane edə bilməz. Çünki mənə verilən məlumata görə, Cəlilabadda qazlaşdırma orta hesabla təxminən 40 faiz səviyyəsindədir. Bu, çox aşağı səviyyədir və Dövlət Neft Şirkətinə, onun qurumu olan “Azəriqaz”a tapşırıq veriləcək ki, burada qazlaşdırmanın sürəti artırılsın. Çünki biz indi çalışırıq ki, ölkə üzrə qazlaşdırmanı 95 faizə çatdıraq, çatdıracağıq da. Şəbəkələr qurulur, Azərbaycanda qaz istehsalı artır. Biz xaricə də qaz ixrac edirik, amma ilk növbədə Azərbaycan əhalisini təmin etməliyik. Belə olan halda, 40 faiz qazlaşdırma Cəlilabad üçün çox aşağı səviyyədir və əminəm ki, mənim sözlərimdən sonra bu sahədə işlər daha da sürətlə başlayacaq. Bir sözlə, insanlara lazım olan bütün məsələlər, layihələr icra edilir - içməli su, qazlaşdırma, elektrik enerjisi, kənd yolları, iş yerləri, sosial obyektlər, tibbi xidmət, təhsil. Əlbəttə ki, bütün bunlara nail olmaq üçün gərək iqtisadiyyatımız daha da sürətlə inkişaf etsin.

Bu il bizim iqtisadiyyatımız hələ ki, birinci yarımildə təxminən 6 faiz artıb. Dünya miqyasında bu, bəlkə də indiki dövrdə ən yüksək göstəricidir. Qeyri-neft sektorumuz 9 faizdən çox artıb. Bu da ən yüksək göstəricidir. Baxmayaraq ki, bizim iqtisadiyyatımızın bir hissəsi neftlə, qazla bağlıdır və qiymətlər kəskin şəkildə aşağı düşüb və hələ düşməyə davam edir, biz heç bir sosial layihəni ixtisar etməmişik, əksinə sosial-iqtisadi infrastruktur layihələri icra edilir. Bax, bugünkü layihə bunun bariz nümunəsidir. Bu layihələr bütün ölkə üzrə aparılır. Kənd yollarının tikintisi ölkə üzrə geniş vüsət almışdır, çünki buna böyük ehtiyac var. Bu sosial məsələdir, ilk növbədə, insanların rahatlığıdır və iqtisadi məsələdir, çünki kənd yolu olanda iş yeri də açılar, müəssisə də yaradılar, eyni zamanda, biz bir çox məsələləri də həll etmiş olarıq. Misal üçün, əvvəllər hər bir yaşayış məntəqəsində, yaxud da ki bir neçə məntəqənin ətrafında mütləq bir tibb müəssisəsi olmalı idi. Çünki mərkəzə gediş-gəliş o qədər də rahat deyildi. Ancaq indi 20-22 kilometrlik rahat yolu bir neçə dəqiqəyə gəlmək olar və burada, Cəlilabad şəhərində həm Müalicə-Diaqnostika Mərkəzi, həm Mərkəzi Rayon Xəstəxanası var. Ona görə, iqtisadi sahədə, yəni sosial və iqtisadi məsələlərin həlli üçün də kənd yollarının çox böyük əhəmiyyəti var. Amma yenə də deyirəm, bu, ilk növbədə, insanların rahatlığı üçündür.

Bu yol üzərində 6 kənd yerləşir, 20 mindən çox əhali yoldan istifadə edəcək. Bax, biz bu yolla gedirik və bu yol inkişaf yoludur. Bizim əldə etdiyimiz uğurlar onu sübut edir ki, Azərbaycan sürətlə, inamla inkişaf edir, gələcəyimiz də daha yaxşı olacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm