• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Prezident Ağamusa Axundovun vəfatı ilə əlaqədar nekroloq imzaladı

  • Nida.az
  • 7 Sentyabr 2015 16:21
  • 425 Baxış
Prezident Ağamusa Axundovun vəfatı ilə əlaqədar nekroloq imzaladı

Azərbaycan elminə ağır itki üz vermişdir. Görkəmli dilçi alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, filologiya elmləri doktoru, professor Ağamusa Ağası oğlu Axundov 2015-ci il sentyabrın 5-də ömrünün 84-cü ilində vəfat etmişdir.

Ağamusa Axundov 1932-ci il fevral ayının 2-də Kürdəmir şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1950–1955-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil almış, 1955–1958-ci illərdə isə universitetin aspiranturasında oxumuşdur.

Əmək fəaliyyətinə 1958-ci ildən etibarən Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində başlayan Ağamusa Axundov 1990-cı ilədək burada müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri və dekan vəzifələrini tutmuşdur. Universitetdə çalışmaqla yanaşı o, 1959–1965-ci illərdə Azərbaycan Dövlət Dillər İnstitutunda ikinci ali təhsil almışdır.

Ağamusa Axundov 1990-cı ildən 2011-ci ilədək Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun direktoru və eyni zamanda 2001–2011-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi işləmişdir. O, 2011-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyasının müşaviri olmuşdur.

Ağamusa Axundov 1958-ci ildə filologiya elmləri üzrə namizədlik, 1964-cü ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1967-ci ildə professor elmi adını almışdır. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilmişdir.

Akademik Ağamusa Axundov uzun illər zəngin elmi və pedaqoji fəaliyyəti ilə respublikada elmin və təhsilin inkişafına sanballı töhfələr vermişdir. Dünya dilçilik və ədəbiyyatşünaslıq fikrinə dərindən bələd olan, geniş erudisiyaya malik nüfuzlu alimin Azərbaycan filologiyası sahəsində tədqiqatların bir çox istiqamətlərinin müəyyənləşdirilməsi və elmin müasir tələbləri səviyyəsinə yüksəldilməsində müstəsna xidmətləri vardır. Dilə xalqın özünüdərkinin atributu kimi yanaşan alim dövlət müstəqilliyinin bərpasından sonra yeni şəraitdə ölkədəki milli dil quruculuğu proseslərinin fəal iştirakçısı idi.

Azərbaycan dilinin fonemlər sisteminə dair ilk mükəmməl əsərin müəllifi Ağamusa Axundov elm aləmində dilçiliyin bütün sahələri üzrə fundamental araşdırmaları ilə tanınırdı. Onun qrammatika, nəzəri dilçilik, tarixi fonetika, etimologiya, dil tarixi, dialektologiya, üslubiyyat və nitq mədəniyyəti ilə bağlı ən müxtəlif aktual problemlərin yüksək nəzəri-metodoloji şərhini və dolğun həllini tapmış əsərləri elmi ictimaiyyət tərəfindən daim rəğbətlə qarşılanmışdır. Türk dillərinin səs quruluşu və təbiətindən irəli gələn bəzi səciyyəvi qanunauyğunluqların üzə çıxarılması Ağamusa Axundovun əsas elmi nailiyyətləri sırasındadır. Onun iyirmi ildən artıq baş redaktor olduğu dövrdə beynəlxalq “Türkologiya” jurnalı öz nüfuzunu daha da artırmışdır.

Ağamusa Axundovun ədəbiyyatşünaslıq sahəsində çoxsaylı tədqiqatları müasir ədəbi prosesin nəzəri məsələləri baxımından aktuallığı ilə səciyyələnir.

Öz elmi yaradıcılığını səmərəli pedaqoji fəaliyyəti ilə ahəngdar şəkildə uzlaşdırmaqla Ağamusa Axundov uzun bir dövr ərzində Bakı Dövlət Universitetində yüksəkixtisaslı kadrların hazırlanması üçün bilik və bacarığını əsirgəmədən böyük qüvvə sərf etmişdir. Alimin yetirmələri bu gün ölkənin elmi-mədəni həyatında uğurla çalışırlar.

Ağamusa Axundovun çoxillik axtarışlarının nəticələri ölkədə və onun hüdudlarından kənarda 500-dən çox elmi əsərdə, 30-dan artıq kitabda, monoqrafiya və dərsliklərdə əksini tapmışdır. Alimin rəhbərliyi ilə 40-dək fəlsəfə doktoru və elmlər doktoru hazırlanmışdır. İştirakçısı olduğu mötəbər beynəlxalq simpozium, konfrans və forumlarda konseptual xarakterli çıxışları ilə Ağamusa Axundov Azərbaycan elminə şöhrət qazandırmışdır. O, 1965–1966-cı illərdə Misirə ezam edilərək Qahirənin Eyn-Şəms Universitetində Azərbaycan dili və ədəbiyyatından mühazirələr oxumuşdur.

Akademik Ağamusa Axundovun Azərbaycan dilçiliyi sahəsində mühüm xidmətləri və səmərəli elmi-pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, 1986-cı ildə “Azərbaycan dilinin fonetikası” əsərinə görə Dövlət Mükafatına layiq görülmüş, 2000-ci ildə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Görkəmli elm xadimi, əsil ziyalı, mahir pedaqoq, bacarıqlı elm təşkilatçısı və səmimi insan Ağamusa Ağası oğlu Axundovun əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Artur Rasizadə

Oqtay Əsədov

Ramiz Mehdiyev

Elçin Əfəndiyev

Kamal Abdullayev

Hacıbala Abutalıbov

Fatma Abdullazadə

Akif Əlizadə

Mikayıl Cabbarov

İbrahim Quliyev

İsa Həbibbəyli

Tofiq Nağıyev

İsmayıl Hacıyev

Nizami Cəfərov

Abel Məhərrəmov

Vasim Məmmədəliyev

Teymur Kərimli

Nailə Vəlixanlı

Rafael Hüseynov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR