• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

İlham Əliyev “Fair Play” Hərəkatının təmsilçilərini qəbul edib

  • Nida.az
  • 8 Oktyabr 2015 15:47
  • 240 Baxış
İlham Əliyev “Fair Play” Hərəkatının təmsilçilərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Avropa “Fair Play” Hərəkatının prezidenti Kristian Hinterberqeri, Beynəlxalq “Fair Play” Komitəsinin prezidenti Jeno Kamyutini və Avropa “Fair Play” Hərəkatının vitse-prezidenti Erdoğan Arıpınarı qəbul edib.

Azərbaycanın artıq beynəlxalq idman yarışlarının yüksək səviyyəli təşkilatçısı kimi dünyada öz sözünü dediyini vurğulayan Avropa “Fair Play” Hərəkatının vitse-prezidenti Erdoğan Arıpınar Bakının ev sahibliyi etdiyi birinci Avropa Oyunlarını böyük hadisə kimi qiymətləndirdi. Erdoğan Arıpınar Beynəlxalq “Fair Play” Komitəsinin və Avropa “Fair Play” Hərəkatının ilk birgə konqresinin və Avropa “Fair Play” Hərəkatının 21-ci Baş Assambleyasının Bakıda təşkil olunmasına verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Beynəlxalq “Fair Play” Komitəsinin prezidenti Jeno Kamyuti də birinci Avropa Oyunlarını maraqla izlədiyini qeyd edərək Oyunların ölkəmizdə uğurla keçirilməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı. O, insanların yarışlarda böyük ruh yüksəkliyi ilə iştirakının və hər bir idmançıya səmimi dəstək nümayiş etdirmələrinin onda böyük təəssürat yaratdığını vurğuladı.

Birinci Avropa Oyunlarını Bakıda şəxsən izlədiyini məmnunluqla qeyd edən Avropa “Fair Play” Hərəkatının prezidenti Kristian Hinterberqer də Oyunların yüksək səviyyədə təşkili və Azərbaycan idmançılarının qazandığı nailiyyətlər münasibətilə dövlətimizin başçısını təbrik etdi. Ölkəmizdə idman sahəsinə, xüsusən ədalətli oyunlara göstərilən diqqəti yüksək qiymətləndirən Kristian Hinterberqer Beynəlxalq “Fair Play” Komitəsinin və Avropa “Fair Play” Hərəkatının Bakıda ilk birgə konqresinin təşkil edilməsinin qarşılıqlı əməkdaşlığın uğurlu rəmzi olduğunu bildirdi. Avropa “Fair Play” Hərəkatının prezidenti, təşkilatın tədbirlərinə ev sahibliyini öz üzərinə götürdüyünə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi, ölkəmizin müvafiq qurumları ilə əməkdaşlığı gələcəkdə də davam etdirmək arzusunda olduqlarını dedi.

Bakıda Beynəlxalq “Fair Play” Komitəsinin və Avropa “Fair Play” Hərəkatının birgə konqresinin və Avropa “Fair Play” Hərəkatının 21-ci Baş Assambleyasının keçirilməsindən məmnunluğunu ifadə edən dövlətimizin başçısı burada çoxlu sayda nümayəndə heyətlərinin iştirakını yüksək qiymətləndirdi. Prezident İlham Əliyev beynəlxalq idman qurumları ilə əməkdaşlığın önəminə toxunaraq, tədbir zamanı maraqlı müzakirələrin aparılacağına ümidvar olduğunu qeyd etdi. Birinci Avropa Oyunlarının ölkəmizdə böyük marağa səbəb olduğunu bildirən dövlətimizin başçısı Azərbaycan idmançılarının uğurlu çıxışlarını xatırladı.

Daha sonra Avropa “Fair Play” Hərəkatının prezidenti Kristian Hinterberqer Azərbaycanda idmanın inkişafı sahəsindəki xidmətlərinə, ədalətli oyunlar hərəkatına verdiyi dəstəyə və idmanda ədalət prinsiplərinə sadiqliyinə görə Prezident İlham Əliyevin Beynəlxalq “Fair Play” Hərəkatının xüsusi medalı ilə təltif olunduğunu dedi və mükafatı dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev Beynəlxalq “Fair Play” Hərəkatının xüsusi medalına layiq görüldüyünə görə təşəkkürünü bildirdi, dövlət başçısı, həmçinin Milli Olimpiya Komitəsinin prezidenti kimi gələcəkdə də idmanın inkişafına ardıcıl dəstəyi davam etdirəcəyini vurğuladı.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR