Əliağa Hüseynov: “Salyandakı balıq gölləri dövlətə qaytarılacaq” – MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

Əliağa Hüseynov: “Salyandakı balıq gölləri dövlətə qaytarılacaq” – MÜSAHİBƏ

Azərbaycanın sabiq hərbi komissarı, deputat Əliağa Hüseynovun Publika.az-a müsahibəsi:

– Referendum günü Salyanda səsvermə necə keçdi?

– Bilirsiz ki, ümumi olaraq ölkədə seçici fəallığı çox yüksək idi. O cümlədən Salyanda seçici fəallığı var idi. Cənab Prezidentə Salyanda böyük hörmət və inam var. Ona görə də Salyan sakinləri referendum günü gedib səs verdilər və təklif olunan əlavə və dəyişikliklərə "hə" dedilər. Salyanda 2 seçki dairəsi yerləşir ki, onların hər birində çox yüksək seçki fəallığı müşahidə olunurdu. Baxmayaraq ki, həmin günü rayonda yağış yağırdı, ancaq 59 saylı dairədə 72,3, 60 saylı dairədə isə 72,1 faiz seçici səs verdi. Referendum günü əhalinin hamısı saat 16:00-a qədər demək olar ki, gəlib səs vermişdi.

– Referenduma çıxarılaraq səs qazanan dəyişikliklərdən biri də torpaqlardan səmərəli istifadə ilə bağlıdır. Sizcə, sadə kəndli bu dəyişiklikdən necə yaralanacaq?

– Mən özüm də rayonda daha çox oluram, kəndləri gəzirəm. Görürəm ki, doğrudan da referenduma çıxarılan məsələlər xalqın ürəyincədir. Kəndli öz torpağını becərmək, ondan gəlir götürmək istəyir. Cənab Prezident də kəndlinin maraqlarından çıxış edir.

Əgər kimsə torpaqlardan təyinatı üzrə istifadə etməyəcəksə, yəni münbit torpaqları yenə balıq gölünə çevrirəcəksə, öz vəzifə və imkanlarından istifadə edərək becərilməyən torpaqları mənimsəyəcəksə, o zaman bunlara qarşı tədbir görüləcək. Yəqin ki, bununla bağlı mexanizm işlənib hazırlanacaq. Mən inanmıram ki, bu 20-30 sot pay torpaqlarına da şamil olunsun. Çünki bu cür pay torpaqlarının hamısı əkib-becərilir. Burada 10 faiz istifadəsiz qala-qalmaya. Ancaq bu, bəzi vəzifəli və imkanlı adamların zəbt etdiyi torpaqlara şamil olunacaq.

Cənab Prezident belə tədbirlərlə kəndlilərə şərait yaradır. İnanın ki, Prezidentin bu addımından sonra şəhərə işləməyə getmiş adamların 80-90 faizi rayona qayıdıb. Bu, ölkə başçısının Azərbaycanda kənd təsərrüfatının və qeyri-neft sektorunun inkişafına olan töhfəsidir. Əsas məqsəd odur ki, kəndli öz torpağını əkib-becərsin və bundan qazanc götürsün.

Referendumda məhz ona görə keçirildi ki, hansısa torpağı zəbt edən məmur "torpaq mənimdir, əkmərəm, özüm bilərəm" deməsin.

Əminəm ki, bütün bu dəyişikliklər Azərbaycanda kəndlinin sosial rifahını daha da yaxşılaşdıracaq, ölkədə ucuzluq yaradacaq, qeyri-neft sektorunu, kənd təsərrüfatını, Azərbaycan iqtisadiyyatını da inkişaf etdirəcək. bütün bunlar isə ölkədə manatın möhkəmlənməsinə səbəb olacaq.

– Bilirsiz ki, Salyanda hələ SSRİ dövründən pambıqçılıq geniş inkişaf edib. Ancaq ötən sərin 90-cı illərindən sonra həmin pambıq sahələri bir sıra məmurlar tərəfindən alınaraq, süni balıq gölləri ilə əvəz olunub. Bu isə hektarlarla münbit torpaq sahələrinin yararsız hala düşməsinə səbəb olub. Rayon deputat olaraq bu istiqamətdə hansısa çağırışlarınız və ya müraciətləriniz varmı?

– Əvvəla, bütün bunlarla bağlı cənab Prezident İlham Əliyevin qəti göstərişi var. Hətta, bununla bağlı monitorinq də aparılıb, həmin göllərin siyahısı tutulub. Yəqin ki, yaxın vaxtlarda bu torpaqların əksəriyyəti dövlətə qaytarılacaq. Yalnız şoranlaşmış sahələrdə balıqçılıq üçün müəyyən qədər torpaqlar saxlanıla bilər. Çünki balıqçılığı da tam ləğv etmək olmaz. Bu da gəlirli sahədir. Amma Salyanda yerləşən əksər süni balıq gölləri üçün ayrılan torpaq sahələri dövlətə qaytarılacaq. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi müvafiq işlər aparır və nəticələri barədə cənab Prezidentə məruzə olunacaq. Bu barədə mənim dəqiq məlumatım var. Odur ki, bu məsələlər yaxın vaxtlarda öz həllini tapacaq.

– Təbii ki, həmin torpaqları ayrı-ayrı imkanlı şəxslərə icra başçıları veriblər. Adətən belə hallarda qarşı tərəf əsas gətirir ki, torpağı icra başçısından almışam və bu qədər vəsait vermişəm. Bu cür problemlərin yaranma ehtimalı böyükdür...

– Bilirsiz, icra başçısı dövlətin başçısı deyil. Qanunu pozan şəxslər məcburən buna görə cavab verəcəklər. Əgər kimsə o torpaqlarla bağlı düzgün sənəd verməyibsə, Prezidentin sərəncamı olanadək gedib öz səhvini düzəltməlidir. Təbii ki, bu cür ola bilməz. Bu gün rayonlarda o qədər torpaqlar var ki, onlar ayrı-ayrı imkanlı şəxslər tərəfindən zəbt olunub. Bu torpaqlarda pambıqçılıq və digər sahələrin inkişaf etdirilməsi üçün dövlətə qaytarılması vacibdir. Əminəm ki, bu da ən yaxın zamanda mümkün olacaq.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm