Nida Təhlil
Qarabağdan Mosula qədər uzanan müharibə - TƏHLİL
İki onillikdən artıqdır davam edən Dağlıq Qarabağ
münaqişəsi Cənubi Qafqazın "dəstəyi" hesab oluna bilər. Bu "dəstək"
kimin əlindədirsə, bölgə onun istəyinə uyğun dizayn ediləcək. Bunu
iki düşmən cəbhə - Rusiya və ABŞ yaxşı anlayır. Amerika rusların
"Axilles dabanı" olaraq gördüyü Cənubi Qafqazda lövbər atmaq üçün
əlləşir, ruslar isə səbirlə "Amerika gəmisi"nin altına sal qayalar
düzürlər.
Aprel müharibəsinə qədər "poker" oyununu xatırladan bu səbirli
mübarizə davam edirdi. "Dördgünlük müharibə" isə təkcə münaqişə
ətrafında hörülən daşları yerindən oynatmadı. Bu, bölgənin
reallığının dəyişməsi demək idi. Buna qədər ABŞ münaqişəni
"tərəflərin öhdəsinə buraxmaq" prinsipindən çıxış edir, Rusiya
illərdir yeritdiyi "dondurulmuş münaqişələr" ssenarisini israrla
tətbiq edirdi. Tərəflər illər sonra Vyanada bir araya gəldilər. Bu,
müharibədən çıxan qalibin (Azərbaycan) və məğlubun (Ermənistan) da
masada son kozırlarını oynaması idi. Artıq lokal müharibə, xüsusilə
Azərbaycan Ordusunun irəliləməsi maraqlardan tutmuş siyasi
lobbilərə qədər hər şeyi alt-üst etmişdi. Yaxud ən azından maraqlar
və lobbilər kənara qoyulmağa məcbur edilmişdi.
16 may Vyana: Amerika sakitliyi təmin etmək və
Donetskdə olduğu kimi "sülhməramlı" missiyasını oynayacaq atəşkəsə
nəzarət mexanizmini tətbiq etmək istəyirdi. Bu, münaqişənin hərbi
yolla həll edilməməsi, yəni gücün tətbiq olunmaması baxımından
Ermənistanın maraqlarına uyğun idi.
Rusiya ABŞ-ın "Donetsk planını" pozmaq və Abxaziya və Dnestryanıda
olduğu kimi Qarabağa sülhməramlılarını yerləşdirmək istəyirdi. Bu,
Azərbaycanın maraqlarına zidd idi.
Yaranmış qarışıq siyasi mənzərədə Bakı daha çox ehtiyatlı və
gözləmə mövqeyini nümayiş etdirdi. Həmin görüşdə "sabitliyin
bərpası və atəşkəsə nəzarət mexanizminin yaradılması" kimi ümumi və
Bakının lehinə olmayan bəyanat qəbul edildi. Lakin hər şey qabaqda
idi. Çünki nə Bakı buna imkan verəcəkdi, nə də Rusiya illərdir
əlində tutduğu bölgənin "dəstəyini" buraxmaq istəyirdi.
20 iyun Sankt-Peterburq: Bu dəfə nə Amerika, nə də
Fransa var idi. Bu dəfə oyunda sadəcə Putinin kartları oynanılırdı.
Və Neva sahillərində masaya rusların planları qoyulmuşdu. Putinin
iştirakı ilə keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin
görüşündən sonra səslənən bəyanatda "atəşkəsə nəzarət mexanizminin
tətbiqi" məsələsinin, yəni ABŞ-ın istədiyinin yer alması fikirləri
qarışdırdı. "Putin Amerikanın əlinə oynayır?" sualının cavabı az
sonra bəlli oldu. Məlum oldu ki, bu bəyanat sadəcə görüntü
xarakteri daşıyır və görüşdə ciddi razılıqlar əldə olunub. Novruz
Məmmədovun "Münaqişənin həlli "mərhələli həll" planına
uyğun həyata keçiriləcək. Bu plana görə, əvvəlcə 5 rayon
qaytarılır, daha sonra iki rayonun taleyinə baxılır. Dəhliz
məsələsi həll olunur, ardınca Dağlıq Qarabağın müvəqqəti statusu
müəyyənləşdirilir. Qaçqınların geri qayıdışı təmin olunur. Ən sonda
statusla bağlı referendum keçirilir" deyə rəsmi Bakının
mövqeyini açıqlaması da bunu sübut etdi. Bu bəyanatdan sonra
İrəvanın bütün təkziblərinə rəğmən hər şey olmasa da, çox şey artıq
həll olunmuşdu.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Amerika susurdu. Və Vyanada görüşündən sonra bir ay müddətində
qurulmalı olan atəşkəsə nəzarət mexanizmi unuduldu. ATƏT-i
fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin "Təmas
xəttində atəşkəsə nəzarət mexanizminin quraşdırılması üçün lazım
olan vəsait yoxdur" açıqlaması da ABŞ və Rusiyanın münaqişənin
həllində Moskvanın hökmranlığı üzərində razılığa gəldiyi
versiyasını ortaya çıxartdı.
Vaşinqton və Moskva Suriya və Qarabağ məsələsində qarşılıqlı
güzəştə getmişdi. ABŞ Qarabağ məsələsinə müdaxilə etmir, Rusiya da
Suriyada ABŞ-ın maraqlarına toxunmur. Lakin bu razılaşma olduqca
"kövrək" idi. Nə Ağ Ev Cənubi Qafqazı Rusiyaya tamamilə tərk etmək,
nə də Kreml Suriyanı ABŞ-ın ağuşuna atmaq niyyətində idi. Razılaşma
sadəcə müvəqqəti idi və hər iki tərəf vaxt qazanmaq naminə buna
getmişdi. Bu vaxt xüsusilə Rusiyaya hava-su kimi vacib idi.
Çünki; Suriyada müharibəyə daxil olmuşdu və
Amerika hər-an ona qarşı ikinci cəbhəni açaraq qüvvələrini
parçalaya bilərdi. Rusların zəif ayağı olan Cənubi Qafqaz ən yaxşı
variant, Qarabağ kimi hər an partlamağa hazır münaqişə isə ən yaxşı
vasitədir.
Amerika da öz növbəsində Cənubi Qafqazda müvəqqəti güzəştə gedərək,
Suriyada itirdiyi xalları geri qaytarmağı düşünürdü.
Çünki; Suriya Vaşinqton üçün Qarabağdan daha
önəmlidir. (Bu Vyana görüşündən 4 ay sonra dövlət katibi Con
Kerrinin bəyanatında daha aydın şəkildə görünəcəkdi).
Sankt-Peterburq görüşündən sonra danışıqlara süstlük çökdü. 15 iyul
tarixində Türkiyədə dövlət çevrilişinə cəhd gündəmi də dəyişdirdi.
Lakin danışıqlara birbaşa təsir edən məsələ iyulun 17-də İrəvanda
başlanan qiyam oldu. İki həftə davam edən qiyam Ermənistana müəyyən
mənada vaxt da qazandırdı. Daha doğrusu, Sarkisyana daxili problemi
həll edərək masada əyləşməsi üçün vaxt verilmişdi. Nəhayət, bu
problem də geridə qaldı və avqustun ilk ongünlüyündə Qarabağ
probleminin həllini də özündə birləşdirəcək regional proseslər
müşahidə edilməyə başlandı.
8 avqust: Vladimir Putin Azərbaycan torpaqlarına
səfərə gəldi. Prezident İlham Əliyev və Bakıda səfərdə olan İran
prezidenti Həsən Ruhani ilə görüşlər keçirdi. Kifayət qədər maraqlı
keçən görüşün məqsədi iqtisadi sferada Şimal-Cənub nəqliyyat
dəhlizinin müzakirəsi idisə, siyasi spektirdə regionun mənzərəsinin
dəyişdirilməsinin ilk addımları atılırdı.
Kreml regionda Azərbaycan, Türkiyə və İranın da
olduğu yeni birliyin mümkünlüyünü müzakirə masasına yatırmışdı. Bu,
Qərblə mübarizədə Rusiyaya çox lazımlıdır. Xüsusilə 15 iyul dövlət
çevrilişinə cəhdlə qarşılaşan Türkiyənin də dəstəyini almaqla Putin
yüzilliyin qələbəsinə imza ata bilərdi.
Tehran üçün Suriya məsələsində müttəfiq olduğu
Rusiya ilə bir yerdə olmaq mümkün görünür. Tehran ABŞ-la nüvə
məsələsində anlaşan liberalların hakimiyyəti altında olsa da, bu
ölkədə ali dini liderin çətiri altındakı mühafizəkarların hələ də
söz sahibi olması Rusiyanın əlini gücləndirir. Lakin İran bu
məsələdə bir qədər gözləmə mövqeyində dayanır və qapıdan ən sonuncu
daxil olmaq istəyir.
Bakı strateji müttəfiqi olan Türkiyə ilə Rusiyanın
əl tutuşmasından sonra bölgədəki geosiyasi dəyişikliklərdən
yanadır. Xüsusilə bu dəyişiklik ərazi bütövlüyü məsələsində onun
xeyrinədirsə...
9 avqust: Bakıdan ümidlə qayıdan Putin Neva
sahillərində bu dəfə köhnə və incimiş olduğu dostunu – Ərdoğanı
qəbul etdi. Hansı ki, bu görüş hələ iyun ayından planlaşdırılırdı.
Türkiyə Rusiya və İsraillə problemlərini kənara qoyaraq, Yaxın
Şərqdə, xüsusilə Suriyada ona qarşı tələlər quran "müttəfiqlərinə"
qarşı revanşa başlayırdı.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
15 iyul çevriliş cəhdi də bu revanşa qarşı revanş idi, lakin
planlar baş tutmadı və Rusiya təyyarəsinin vurulmasından sonra
Ərdoğanla Putin ilk təması Sankt-Peterburqda qurdular. Rus
torpaqlarında "Azərbaycan-Türkiyə-Rusiya" formatı
gündəmə gəldi və bununla bir gün öncə Bakı görüşünün konturları
göründü. Qeyd etdiyimiz kimi, İran "suların durulmasını" və region
siyasətindəki bu kəskin dəyişiklikdə daşların yerinə oturmasını
görmək üçün gözləmə mövqeyindədir.
10 avqust: Kremldəki iş otağını tərk edən Putin
yenidən qalın divarlar arxasına qayıtdı və Serj Sarkisyanı qəbul
etdi. Çoxlarına görə, bu, baş verən qiyamın aydınlaşdırılması
məqsədi daşıyırdı. Lakin Ermənistanda rus agentura şəbəkəsinin
yetərincə güclü olduğunu nəzərə alsaq, Kreml sahibinin yaxşı
bildiyi məlumatları yenidən dinləməyə nə həvəsi, nə də vaxtı var
idi. Qarşıda daha vacib məsələ - yeni formatın inşa edilməsi
dayanırdı. Və burada Qarabağ münaqişəsinin həlli məsələsi aydın
şəkildə görünürdü.
Rusiya: yeni formatda Ermənistanı da görmək istəyir;
Ermənistanın giriş biletini almaq üçün Azərbaycanın razılığı
lazımdır; Bakı ərazilərin işğaldan azad olunması müqabilində
razıdır və bircə Ermənistanın "hə" deməsi qalıb.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun
"Ermənistanla münasibətlərimizi normallaşdırmaq üçün
müxtəlif vasitələrlə təmaslar qurulurdu. Bu məsələdə Bakı ilə də
intensiv məsləhətləşmələr aparılırdı. Lakin 15 iyulda ortaya çıxan
xain planlar bu prosesi bir qədər ləngitdi" deyə
bildirməsi də proseslərin görünməyən tərəfində Ankaranın da
iştirakı ilə müəyyən addımların atıldığını ortaya çıxartdı.
***
"Avqust trafiki"ndən sonra siyasi atmosfer sakit mərhələyə keçdi və
gündəlik diplomatiya Qarabağ məsələsini geridə qoydu. Burada əsas
səbəb Suriyada döyüşlərin yenidən intensiv mərhələyə keçməsi
idi.
Türkiyə "Fərat qalxanı" əməliyyatına başladı və Amerikanın planları
qarşısına sədd çəkdi. ABŞ Suriya məsələsinə diqqəti artıraraq həm
Türkiyənin bölgədə möhkəmlənməsinin qarşısını almaq, həm də daxili
siyasətə hesablanmış planların yolunu açmaq üçün ruslarla atəşkəs
sazişinə getdilər. Demokratların rəhbərlik etdiyi Vaşinqtonun
burada Amerikada prezident seçkilərinə hesablanmış hədəfləri də
olmamış deyildi. Obama Suriya məsələsində irəliləyişə nail olmaqla
xələfi Klintonun seçilməsinə dəstək vermək istəyir.
- Suriyada irəliləyişə nail olmaqla Klintonun opponentinin
"demokratlar 5 ildir problemi həll edə bilməyiblər" ittihamlarının
qarşısını müəyyən qədər almaq.
- Demokratların mümkün xanım prezidentinin zərif çiyinlərinə
Suriyanı daha yüngülləşdirilmiş formada buraxmaq.
Kerrinin Lavrovla saatlarla çəkən görüşünün hədəfi bu idi. Lakin
Pentaqonun bu məsələyə qarşı çıxması ilə yanaşı, Kremlin sevmədiyi
Klintonun xeyrinə olacaq ən kiçik addıma getməyəcəyi də Obama
administrasiyasını uğursuzluğa düçar etdi və atəşkəs başlamamış
bitdi.
Bütün bunların fonunda Dağlıq Qarabağ məsələsi yada düşmürmüş kimi
görünürdü. Lakin Prezident İlham Əliyevin MDB dövlət başçılarının
Bişkekdə keçirilən iclasında Sarkisyanı susdurarkən, "bu
məsələ ilə bağlı beynəlxalq səviyyədə ciddi iş aparıldığı üçün mən
burada çox danışmaq istəmirəm" deyərək, Qarabağ probleminə
toxunması arxa planda işin dayandırılmadığı ehtimalını
gücləndirdi.
Arxa planda baş verənlər
Ermənistan daxilində baş verən kadr dəyişikliyi arxa plandakı işin
bir parçası ola bilər. Sentyabrın 8-də Sarkisyan baş nazir Ovik
Abramyanı istefaya göndərdi. Onun yerinə Karen Karapetyan təyin
edildi. Karapetyan "Qazprom"da işləyib və Kremlin sınanmış adamı
hesab olunur.
Bu dəyişikliyin arxasında Rusiyanın iki planı ola bilər.
İrəvandakı boşluqları doldurmaq: Ovik Abramyan
biznesmen Qaqik Sarukyanın kürəkənidir. Sarukyan hazırki
hakimiyyətdən fərqli olaraq, Qərb və Rusiyaya eyni məsafədə
yanaşır. Həmçinin, o, vaxtilə Sarkisyan hakimiyyətinə (məhz Kremlin
dəstəklədiyi iqtidara) qarşı müxalif olan "dördlər ittifaqı"nın
əsas banisidir. Hesab etmək olar ki, Kreml Karapetyanı baş nazir
postuna gətirməklə Sarukyanın Sarkisyan kabinetindəki "Troya atı"nı
zərərsizlədirmək və İrəvandakı mövqelərini möhkəmləndirmək gedişi
etdi. Bu, həm də aprel müharibəsindən sonra "mərkəzdənqaçma"
siyasəti yürüdərək Moskvaya "kiçik buynuzlar" göstərən Sarkisyana
nəzarətin gücləndirilməsi, uzaq perspektivdə isə Sarkisyanın yerinə
alternativin hazırlanması gedişi idi.
Qarabağ faktoru: Karapetyanın gəlişində bu amil də
görünür.
Birincisi, Sarkisyanın komandası ilə Moskva arasında fikir ayrılığı
məhz Qarabağ məsələsində yaranır. Yəni Sarkisyanın gedişi də məhz
bu amilə görə ola bilər.
İkincisi, nə qədər kiçik ehtimal kimi görünsə də, Karapetyanın
erməni ictimaiyyətini münaqişənin Rusiya planı çərçivəsində həllinə
hazırlaşdırmaq missiyasını daşıdığını deyə bilərik. Xüsusilə onun
erməni ictimaiyyəti arasında hətta Sarkisyandan da çox nüfuza sahib
olduğu haqda deyilənləri nəzərə alsaq, bu ehtimal özünü biruzə
verir.
Sentyanrın 16-da İrəvan küçələrində "İsgəndər" raket
komplekslərinin görünməsinə də bu iki plan kontekstində baxa
bilərik. Ermənistan müstəqilliyinin 25 illiyi münasibətilə
keçirdiyi paradda Rusiya istehsalı olan "İsgəndər"ləri nümayiş
etdirdi. Bu, Bakıya doğru böyük "əzələ nümayişi" idi və Rusiyanın
bu kompleksi ermənilərə verməsi də suallar yaradırdı.
- Müharibəni rəfə qaldır.
- Sən də kifayət qədər bahalı olan silahdan sifariş
ver.
Moskva ermənilərə raket kompleksini verməklə Azərbaycana bu iki
mesajı verə bilərdi. (Əslində vermiş oldu da).
Lakin "İsgəndər"in bahalı silah olması, həmçinin, Rusiya
hərbi-sənaye kompleksinin siyasəti fonunda onun ermənilərə
verilməsi qeyri-real görünürdü. Ortaya çıxan informasiyalar da bu
raket komplekslərinin Gümrüdəki Rusiya bazasına məxsus olduğuna
işarə edirdi.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Rusiyanın özünə məxsus raketləri İrəvan küçələrinə çıxarması daha
çox erməni ictimaiyyətindəki anti-Rusiya əhval-ruhiyyəsinin aradan
qaldırılmasına hesablanmışdı. Moskvaya simpatiyanın yenidən
qaytarılması Qarabağ məsələsində Rusiyanın planlarının
reallaşmasındakı əngəli aradan götürməyə yardım edə bilər, bununla
da Kreml Türkiyə ilə birlikdə regiona dair hədəflərinə doğru addım
ata bilər. "İsgəndər"lər həmçinin, rusların inanılmış adamı –
Karapetyanın da yeni daxil olduğu hakimiyyətin aprel hadisələrindən
sonra ictimaiyyət üzərində nüfuzunu yenidən bərpa etməsinə
hesablanmış addım idi.
Bu raket komplekslərinin Ermənistana verilmədiyi, sadəcə olaraq,
rusların planlarına xidmət etdiyi ehtimalını İrəvandakı paraddan
dörd gün sonra keçirilən Bişkek sammiti də artırır.
Sentyabrın 20-də Prezident İlham Əliyev uzun müddət qatılmadığı MDB
sammitində iştirak etmək üçün Bişkekə getdi. Görünür, Bakı əsas
prinsipi olan "ərazi bütövlüyünün bərpası" məsələsində Moskvada
işartılar hiss etdiyi üçün bu gedişi edib. Əgər "İsgəndər" faktoru
tamamilə Bakının əleyhinə atılmış addım olsaydı, Azərbaycan
liderinin Bişkekə getməyəcəyi şübhəsiz idi. Vaxtilə məhz Qarabağ
məsələsinə görə Barak Obamanın görüşündən imtina edən İlham Əliyev
üçün bunu etmək o qədər də çətin deyil.
Bişkek sammitindən 10 gün sonra ABŞ dövlət katibi Con Kerrinin
qəfil "Liderlər güzəştə hazır deyil. Bu, hətta Fələstin-İsrail
münaqişəsindən də mürəkkəbdir" deyə Qarabağdan bəhs etməsi də nə
dərəcədə təsadüf ola bilərdi?!
Amerika Rusiyanın Qarabağ münaqişəsində təşəbbüslərini sıradan
çıxarmaq və regionda Azərbaycan-Türkiyə-Rusiya (daha sonra
Ermənistan) formatının yaradılması planını pozmaq istəyir.
***
Oktyabrın 10-da bu formatın liderləri İstanbulda görüşdü. 23-cü
Dünya Enerji Konqresi çərçivəsində baş tutan görüşü regionun yeni
mənzərəsinin nümayişi hesab etmək olardı.
Üç liderin İstanbul görüşündə iki mühüm məsələnin olması ehtimal
olunandır.
1. Azərbaycan-Türkiyə-Rusiya formatının
yaradılması istiqamətində addımları intensivləşdirmək.
2. Dağlıq Qarabağ münaqişəsinin həllinə nail
olaraq, Ermənistanı bu format daxilinə salmaq.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Vladimir Putinin İstanbuldan sonra İrəvana səfəri də bu kontekstdə
diqqət çəkdi. Bu, avqustun 8-də Bakıya səfər, 9-da Ərdoğanla görüş,
10-da isə Sarkisyanı qəbul etmək gedişinə çox bənzəyir. Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvanda keçirilən
sammitində iki mühüm məqam xüsusi diqqət çəkdi.
Birinci: Sergey Lavrov İrəvanda "Dağlıq
Qarabağ münaqişəsinin nizama salınmasında irəliləyiş
Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün əsas
olacaq" deyə açıqlama verməklə Ermənistanın qarşısına şərt
qoydu. Rusiyanın baş diplomatı "Ermənistan Qarabağ münaqişəsinin
hazırki plana uyğun, yəni ərazilərin qaytarılması çərçivəsində
həllinə razı olacaqsa, o zaman, Türkiyə ilə münasibətlərin
normallaşması mümkün olacaq" deyirdi.
İkinci: "İrəvanda Dağlıq Qarabağla bağlı
kompromislər müzakirə olunub". Vladimir Putin səfərdən sonra bu
açıqlamanı verdi. Söhbət hansı kompromislərdən gedir? Putin bunu
dilə gətirməsə də ehtimal ki, məhz münaqişənin həlli ilə
Ermənistanın Bakı-Ankara-Moskva üçbucağına yan alması planı
ermənilərə diktə edilib.
Bu proseslərin ardından Azərbaycan prezidenti İlham Əliyev Rusiya
mediasına geniş müsahibə verdi. Müsahibədəki fikirlərdən öncə,
Rusiya mediasının məhz Azərbaycan liderindən müsahibə alması və bu
vəzifəni Kremlə yaxın olan Dmitri Kiselyovun üzərinə qoyması diqqət
çəkdi.
- Azərbaycanın gələcəkdə Avrasiya İqtisadi İttifaqına daxil
olmasını istisna etmək olmaz.
Azərbaycan liderinin müsahibədə birinci mesajı belə idi. Bu, hər
şeydən öncə Rusiyaya ünvanlanmışdı. Yəni Moskvanın müəllifi olduğu
ittifaqla əməkdaşlıq istisna edilmir, lakin...
"Avrasiya İqtisadi İttifaqına daxil olmaq üçün həm
iqtisadi, həm də siyasi motivasiya olmalıdır", - Prezident
İlham Əliyev bununla şərtlərini açıqlayır.
Xüsusilə siyasi motivasiya Bakı üçün vacibdir və dövlət başçısı çox
güman ki, bununla birbaşa Dağlıq Qarabağ münaqişəsinin həllini
nəzərdə tutur.
- Əlverişli güzəşt mümkündür: Dağlıq Qarabağ əhalisinin
təhlükəsizliyinin, onların həyat fəaliyyətinin, özünüidarəetmənin,
Azərbaycan tərəfindən müxtəlif investisiya layihələrinin həyata
keçirilməsinin təmin edilməsi, Dağlıq Qarabağ muxtar vilayətinin
ətrafındakı ərazilərin azad edilməsi şərti ilə iki xalq arasında
sülh şəraitində qarşılıqlı əlaqə - münaqişənin həlli bizə belə
görünür. Azərbaycanın ərazi bütövlüyünə dair məsələlərdə güzəşt
mümkün deyil. Lakin yerli özünüidarəetmə məsələləri üzrə güzəşt ola
bilər. Gələcəkdə isə, razılığa gələ bilsək, bu, muxtar respublika
ola bilər.
Azərbaycan lideri son şərtini açıqladı və ən yaxşı halda
muxtariyyət statusu verilə biləcəyini bəyan etdi.
Bu, həm də Ermənistanı Qarabağın müstəqilliyi haqda xəyallar qurmaq
əziyyətindən qurtarmaqdır.
***
Bütün daşlar yerinə oturur. Yalnız Rusiyanın planlarında
sülhməramlı məsələsi açıq qalır. Hesab etmək olar ki, rəsmi Bakı
sülhməramlıların tərkibində türk əsgərlərinin olması şərti ilə buna
razıdır. Əslində bunun mümkün olması, uzun zamandır davam edən
status-kvonu yerindən oynadacaq və Azərbaycanın zərərinə işləyən
zamanın axını dəyişdiriləcək.
İşğal altındakı rayonlar qaytarılacaq; Qarabağa rus və türk
hərbiçilərindən ibarət sülhməramlılar yerləşdiriləcək; qaçqınları
qayıdışı təmin olunacaq; Qarabağa Azərbaycanın tərkibində yüksək
statusa malik muxtariyyət hüququ veriləcək; Ermənistanın təcrid
olunmasına son qoyulacaq; Azərbaycan-Türkiyə-Rusiya birliyində
ermənilərə də müəyyən yer veriləcək.
Hədəfdə son nəticə belədir. İllərdir "Rusiya niyə Qarabağ
münaqişəsini həll etsin ki?" sualı burada da haqlı olaraq
önə çıxır. Laki proseslərin analizi və Moskvanın gələcək hədəfləri
bunu mümkün edir. Digər tərəfdən, Rusiya onsuz da münaqişəni öz
planları çərçivəsində - sülhməramlıları bölgəyə daxil etmək – həll
etmək niyyətindədir. Bu, bölgədə daha da möhkəmlənmək və Cənubi
Qafqazdan onun sərhədlərinə doğru irəliləyən NATO-ya qarşı qalxan
yaratmaq üçün vacibdir. Münaqişənin həll olunmaması isə Rusiyanın
cənub sərhədlərində daim təhlükə mənbəyi olaraq qalır. Qlobal
güclərin açıq müstəvidə üz-üzə gəldiyi məqamda bu, ruslara lazım
deyil.
Plan içində planlar quran Amerika: Okeanın o
tayından boylananların nə edəcəyi də maraqlıdır. Hər-halda indi
sadə amerikalılardan fərqli olaraq, Vaşinqtonu təkcə Ağ Evdə
Klintonun, yoxsa Trampın oturacağı maraqlandırmır. Böyük ehtimalla
Vaşinqton regiondakı planları pozacaq addımlar atacaq.
a) Vaşinqton Ankara və Moskvanın planını poza biləcəyi ilk zəif
nöqtə Ermənistan ola bilər. Oktyabrın 10-da İlham Əliyev, Putin və
Ərdoğan İstanbulda görüşərkən, Serj Sarkisyanın ABŞ-a səfəri də
təsadüfi deyildi. Qeyri-rəsmi, işgüzar səfər zamanı Sarkisyanın
vitse-prezident Co Baydenlə fotokameraların obyektinə tuş gəlməsi
də təsadüfi deyildi. Bayden Sarkisyanla yəqin ki, təkcə
investisiyalardan yox, böyük ehtimalla məhz regiondakı planlardan
danışıb. Sarkisyanın bundan sonra atacağı addımlar onun Amerikada
nələri müzakirə etdiyinə də işıq tutacaq.
Hesab etmək olar ki, Amerika Sarkisyana lazımi anda müharibə
başlamağı tövsiyə edib. Lakin İrəvanda silahların Rusiyanın icazəsi
olmadan qınından çıxmayacağını nəzərə alsaq, bu, mümkünsüz görünür.
Bunu Amerika da yaxşı anlayır. Deməli Sarkisyan razılaşmamaq üçün
əlindən gələni edəcək, yaxud danışıqlar prosesini uzatmaqla vaxt
qazanacaq. Onun qazanacağı vaxt Vaşinqtona da lazımdır.
b) Amerika bu planları pozmaq üçün Rusiyaya qarşı ikinci cəbhəni
aça bilər. Ən real görünən cəbhə Ukraynadır. Avqustun 10-da Putin
Sarkisyanı Moskvada qəbul edərkən, Ukrayna xüsusi təyinatlılarının
Krıma hücumu da bu variantın mümkünlüyünü, hətta sınaqdan
çıxarıldığını deməyə əsas verir.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Ukrayna cəbhəsində yeni müharibə ilə Rusiyanın qüvvələrini
parçalamaq ssenarisi gündəmdən düşməyib.
c) Lakin Ukrayna cəbhəsi təkcə Rusiyanı zəiflədəcək, bəs Türkiyə?
Amerika bunu düşünməmiş deyil. Və oktyabrın 17-də qəfil Mosul
əməliyyatına start verildi. Bu əməliyyatın Yaxın Şərq
planında yeri və hədəfi ayrıdır. Lakin bu əməliyyatda
Türkiyə və Rusiyaya qarşı yeni cəbhənin açılması detalı da son 6
ayda müşahidə olunan geosiyasi proseslər fonunda diqqətdən qaçmır.
Faktiki olaraq, Türkiyə hazırda bütün diqqətini Mosula yönəldib.
Lakin bu planın başlanğıcıdır.
Mosuldan çıxarılan İŞİD döyüşçülərinin Suriyaya getməsi üçün lazım
olan dəhliz açıq saxlanılır. Bu, əsas məqsədin İŞİD-i məhv etmək
yox, Suriyaya yönləndirmək olduğunu göstərir. Hazırda Suriya
Rusiyanın nəzarəti altındadır və Türkiyə "Fərat qalxanı"
əməliyyatını uğurla yerinə yetirir.
Mosuldakı İŞİD qüvvələri Suriyaya gedərsə: "Fərat qalxanı"
əməliyyatına təhlükə yaranır; Suriyada əlavə qüvvə ilə güclənən
terror qruplaşması Rusiya üçün yeni problemlər yaradır;
Bu planın birinci hissəsidir.
Rusiya baş diplomatı Sergey Lavrov İraqdakı İŞİD qüvvələrinin
Suriyaya gələcəyi təqdirdə, Moskvanın Mosul əməliyyatına müdaxilə
edəcəyini açıqlayıb.
Belə olarsa, planın birinci hissəsi baş tutmur və avtomatik olaraq,
B planı işə düşür. Amerika B planında Rusiyanın Suriya ilə yanaşı,
Mosulda da müharibəyə cəlb edilməsidir. Bu müharibə əvvəlcə şiə
gücləri ilə olacaqsa, sonrada İranın oyuna daxil olması, alovu daha
da böyüdə bilər. Bununla yanaşı, Türkiyə də Mosulda Rusiya ilə eyni
cəbhəni paylaşacaq.
Beləliklə; Türkiyə-Rusiya və İran-İraq qarşıdurması
başlayır; İranın Azərbaycan-Türkiyə-Rusiya-İran-Ermənistan
formatında təmsil olunması perspektivi sıradan çıxır; İran Rusiya
və Türkiyəyə qarşı Cənubi Qafqazda Ermənistanı dəstəkləyir;
Tehrandan güc alan İrəvan Putinin Qarabağ üzərindən başlanan
regional planına qarşı çıxır; regionda yaranan siyasi xaos
Amerikaya ən azından vaxt qazandır; Bu, mümkün olmasa belə, Rusiya
və Türkiyə Mosulda vaxt itirir və regional plan təxirə
salınır.
Bütün bunlar, böyük geosiyasi prosesin tərkib hissəsi olan Dağlıq
Qarabağ münaqişəsinin həllinə aparan ssenarini alt-üst edir.
İndi Qarabağdan Mosula qədər uzanan müharibənin nəticəsinin necə
olacağı Mosul əməliyyatına bağlıdır. Mosulda həm də Cənubi Qafqaz
daxil olmaqla bütöv regionun gələcəyi həll olunur.
Asif Nərimanlı
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR