Komitə üzvü: “Qarabağ ermənilərinə vətəndaşlıq verməyin vaxtı çatıb”
Bizi izləyin

Nida.az

Komitə üzvü: “Qarabağ ermənilərinə vətəndaşlıq verməyin vaxtı çatıb”

Komitə üzvü: “Qarabağ ermənilərinə vətəndaşlıq verməyin vaxtı çatıb”

“Azərbaycan Qarabağ ermənilərinə vətəndaşlıq vermək istiqamətində addımlara başlamalıdır. Bunun vaxtı çatıb”.

Bu barədə Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc Publika.Az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, hansısa bir erməni ölkəmizin konstitusiyanı tanıyaraq vətəndaşlıq hüququnu əldə etmək istəyəcəksə və bu qanunlara hörmətlə yanaşmağa çalışacaqsa, onun Azərbaycan pasportunu daşıması, bu ölkənin üzərindən viza alaraq hansısa xarici məkanlara getməsini biz stimullaşdırmalıyıq: “Mən Qarabağ ermənilərinin Azərbaycan vətəndaşlığını alması hüquqlarının bərpasının tərəfindəyəm. Bu, qəti şəkildə ərazilərimizin işğalını unutmaq, şəhidlərimizin ruhuna hörmətsizlik göstərmək anlamına gəlməməlidir. Əksinə ermənilərin içində uzun müddət xunta rejiminin aləti olan, sadə əhali kimi siyasi avantüristlərin mövqeyini bölüşməyən, həddindən artıq millətçi faşist baxışlarına malik düşmən tərəfinin siyasətindən kənarda olan insanların öz tərəfimizə cəlb olunmasına imkan tanımalıyıq. Biz bu qapını açıq saxlamalıyıq. Çünki əgər istəyiriksə donuq vəziyyət dəyişsin və bunun hərbi addımlarla reallaşdırılması mümkün deyilsə, ondan başqa vasitələr işə düşməlidir. Onlardan biri də bundan ibarətdir”.

Millət vəkili hesab edir ki, ermənilərin bir-biri ilə üz-üzə qoyulması Azərbaycanın xeyrinədir.

“Biz Dağlıq Qarabağdakı ermənilərə vətəndaşlıq verməklə onları Ermənistana qarşı qaldırmalı və bundan istifadə etməliyik, yaxud edə bilərik. Amma dediyim kimi bunu indidən ortaya qoymaq da ziyanımıza olar. Bəzən Azərbaycan və Ermənistandan kənarda üz-üzə gələn hər iki ölkənin təmsilçiləri deyirlər ki, kənar amillər olmasa bu problemi çözmək mümkündür. Biz müəyyən bir tarixdə qonşu olaraq yaşamışıq. Nə bütövlükdə erməniləri burdan köçürüb qurtarmaq mümkün olacaq, nə də Azərbaycan xalqı illər keçsə də itkiləri ilə barışmayacaq.

Biz onu da nəzərə almalıyıq ki, bu təşəbbüs, təklif əslində mahiyyətcə ondan ibarətdir ki, biz konstitusiyamızı tanıyan, Azərbaycan qanunları ilə yaşamaq istəyən, bizim dövlətimizin imkanlarından yararlanmaq istəyən ermənilərə bir qapı tanıyırıq. Bunu xarici aləmə təqdim edirik. Bizim hər bir ermənini öldürmək məqsədini qarşıya qoyan, qana susamış Azərbaycan xalqı obrazını da tamamilə sındırırıq”-deyə komitə üzvü qeyd edib.

Z. Oruc qeyd edib ki, bu gün Dağlıq Qarabağın erməni əhalisi Ermənistan pasportu ilə xarici məkanlara çıxır: “Biz buna etiraz edirik ki, yanlışdır. Çünki ora Azərbaycan ərazisidir, o əhali də keçmişdə vahid bir ölkənin, Azərbaycan Sovet Sosialist Respublikasının vətəndaşları olublar. Sadəcə Ermənistanın avantürasına uyaraq separatimzə gediblər, lakin ayrılıqda hərəkət etməyiblər. Xüsusi olaraq da onların xarici himayədarları olubdur. Lakin biz hazırki siyasi məsələlərdə bunları bölüşmürük və nəticə etibarilə onların bu gün hansı cinayəti, hansı anti-konstitusion hərəkəti həyata keçirməyindən asılı olmayaraq bizim vətəndaşlarımız olaraq qalmaqdadır”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm