“Yəhudi diasporu bu məsələdə əhəmiyyətli rol oynaya bilər”
Bizi izləyin

Nida.az

“Yəhudi diasporu bu məsələdə əhəmiyyətli rol oynaya bilər”

“Yəhudi diasporu bu məsələdə əhəmiyyətli rol oynaya bilər”

Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan İsrailin xarici işlər naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Milli Məclisin mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, sədr müstəqil Azərbaycanın İsrail dövləti ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib: “Dövlət başçılarının görüşləri və yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri zamanı aparılan danışıqlar əməkdaşlığımızın daha da dərinləşməsi üçün yaxşı zəmin yaradıb. Bu günədək ölkələrimiz arasında 7 sənəd imzalanıb, 6-sı isə baxılmaq üzrədir”.

O. Əsədov yüksək səviyyəli siyasi dialoqun iqtisadi münasibətlərimizə də müsbət təsir göstərdiyini söyləyib. Bildirib ki, ötən il dövlətlərimiz arasında ticarət dövriyyəsi 1 milyard 300 milyon ABŞ dolları həcmində olub: “Biz gələcəkdə bu göstəricini yüksəltmək niyyətindəyik”.

Spiker münasibətlərimizin dərinləşməsində parlamentlərin roluna diqqət çəkərək, deputatların qarşılıqlı səfərlərini və görüşlərini önəmli hesab etdiyini deyib.

“Bu gün sürətlə inkişaf edən Azərbaycanın ən ağrılı problemi Dağlıq Qarabağ münaqişəsidir. Bu məsələdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə İsrail xalqına və dövlətinə təşəkkür edirik. Xarici ölkələrdə fəaliyyət göstərən yəhudi diasporları da bu məsələdə əhəmiyyətli rol oynaya bilərlər. Hər iki ölkə diasporunun əlaqələrinin güclənməsi ümumi işin xeyrinə olardı”-deyə spiker bildirib.

Aviqdor Liberman siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrimizin inkişafından məmnun qaldığını söyləyib. Bildirib ki, parlamentlərarası əlaqələrimizin dərinləşdirilməsi günün tələbidir. Bu baxımdan parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb.

A. Liberman Azərbaycanda mövcud olan tolerantlığı digər dünya dövlətləri üçün nümunə kimi dəyərləndirib: “Ölkədə müxtəlif millətlərin və dini məzhəblərə məxsus xalqların dostluq və qarşılıqlı anlaşma şəraitində uzun illərdən bəri davam edən birgə yaşayışı həqiqətən heyrətamizdir”.

Qəbulda parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları, diasporların qarşılıqlı fəaliyyəti və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, İsrail Dövlətinin ölkəmizdəki səfiri Rafael Harpaz və digər rəsmi şəxslər iştirak ediblər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm