• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Georgi lenti” yenə ortaya çıxdı: Qusarda - Fotolar

  • Nida.az
  • 14 May 2014 10:49
  • 1 703 Baxış
“Georgi lenti” yenə ortaya çıxdı: Qusarda - Fotolar

Rusiya ilə sərhəddə yerləşən Qusarda camaat arasında “Georgi lenti” lenti yayılıb.

Publika.Az-a özəl mənbələrdən daxil olan məlumata görə, mayın 11-də rayonda xüsusilə çayxanalarda əllərində “Georgi lenti” olan adamlar peyda olub.

“Həmin adamların Dağıstandan gəldiyi deyilir. Qrup halında camaatla söhbətlər etməyə başlayıblar. Sonra da əllərindəki lentlə maraqlanan insanlara “Georgi lenti”nin tarixi, əhəmiyyəti barədə məlumatlar veriblər. Camaata da həmin lentdən paylanılıb. Qrupa rəhbərlik edən şəxs Dərbənd ləzgilərindəndir. Adı dəqiq məlum deyil, amma onların arasında Qusar sakinləri də olub”-deyə bildirilir.

İnformasiyanı Qusar Rayon İcra Hakimiyyətindən dəqiqləşdirməyə çalışdıq. RİH əməkdaşları rayonda bunun baş verməsindən xəbərsiz olduqlarını deyib.

Qeyd edək ki, mayın 9-u Qələbə günündə Bakıda “Georgi lent”inin paylandığı haqda məlumat yayılmışdı. Məlumat təsdiqini tapmasa da, Rusiyanın Azərbaycandakı səfirliyinə gedib-gələnlərə bu lentin hədiyyə verdiyi xəbərləri də bunun ardınca gündəmə düşdü.

“Georgi lent”inin tarixinə baxdıqda isə bunun əsasən rus imperializminin simvolikası olduğu görünür. Belə ki, bu lentin tarixi 18-ci əsrə gedib çıxır. 1769-cu ildə təsis olunub, adətən “Müqəddəs Georgi” ordeninə taxılırmış. Qraf Littinin yazdığına görə, lentin sarı və qara rənglərdən ibarət olması təklifini çariça Yekaterina irəli sürüb. Burda qara barıtın, sarı rəng isə alovun rəmzi idi. Sovetlər zamanı ləğv edildi, lakin buna qədər lent Krım müharibəsindən sonra rus ordusunun simvollarından biri idi.

1943-cü ildə Stalinin əmri ilə müxtəlif sovet medallarına taxılması üçün “Georgi lenti” müvəqqəti bərpa edilib.

1992-ci ildə martında isə Rusiya Federasiyasının Ali Rəyasət heyətinin “RF Dövlət mükafatları haqqında” Fərmanı ilə “Müqəddəs Georgi” ordeninin və “Georgi xaçı” fərqlənmə nişanının bərpası barədə qərar qəbul edilib. “Georgi lenti”nin 9 may Qələbə Günü ilə əlaqələndirilməsinin isə bircə səbəbi var. Söhbət ondan gedir ki, “Georgi lenti” taxılmış “Almaniya üzərində qələbəyə görə” medalını rekord dərəcədə çox, 15 milyon sovet əsgəri, sonradan isə müharibə veteranı alıb. Məhz bu kütləvilik ordenini 9 mayla əlaqəsinə səbəb olub.

Məlumat üçün bildirək ki, “Georgi ordeni” və lentinə Azərbaycanın çar Rusiyası tərəfindən işğalında böyük rol oynamış Sisianov və Yermolov kimi generallar da layiq görülüb.

Ukraynada son böhran və Rusiyanın Krımı işğal etməsindən sonra bir çox post-sovet ölkəsi “Georgi lenti”ni rəsmən qadağan edib.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR