• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Azərbaycan istənilən an müharibəyə başlaya bilər” - MÜSAHİBƏ

  • Nida.az
  • 8 Avqust 2014 18:25
  • 705 Baxış
“Azərbaycan istənilən an müharibəyə başlaya bilər” - MÜSAHİBƏ

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət gərgin olaraq qalır. Hər iki ölkədə diqqətlər isə prezidentlərin sabah Rusiyanın Soçi şəhərində baş tuta biləcək görüşünə yönəlib.

Publika.az-a müsahibəsində Yeni Azərbaycan Partiyasının (YAP) beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Asəf Hacıyev cəbhə xəttində baş verən son hadisələri, həmçinin prezidentlərin Soçi görüşündən gözləntiləri dəyərləndirib.

Prezident İlham Əliyev avqustun 6-da cəbhə xəttinə səfər edərək Ermənistana önəmli mesajlar verdi. İndiki halda müharibənin başlanması ehtimalı nə qədərdir?

– Cənab prezidentin cəbhə xəttinə səfər etməsi və orada hərbçilərimizlə görüşməsi bir daha göstərdi ki, başda ölkə prezidenti, Ali Baş Komandan olmaqla Azərbaycan xalqı hər zaman müharibəyə hazırdır. Təbii ki, bütün bunlar insanlarımızda olan ruh yüksəkliyini daha da artırır. Bu səfər eyni zamanda onu göstərdi ki, Azərbaycan artıq güclü və inkişaf etmiş, formalaşmış müstəqil dövlətdir. Azərbaycan heç bir dövlətin təsiri altında deyil. Azərbaycan müstəqil siyasət yürüdən və qərar qəbul edən güclü dövlətdir. Azərbaycan müharibəyə də tam hazırdır. İstənilən an öz torpaqlarımızın işğaldan azad olunması üçün müharibə etməyə hazırıq. Cənab prezident burada çıxışı zamanı bir daha qeyd etdi ki, müharibənin birinci mərhələsi başa çatıb, ola bilsin ki, ikinci mərhələsi də başlasın. Müharibənin ikinci mərhələsi isə birinci mərhələdən fərqli olacaq. Çünki Azərbaycan Ermənistandan fərqli olaraq həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan müstəqil və güclü dövlətdir. Bu gün Azərbaycanda dövlət başçısı tərəfindən müstəqil və uğurlu siyasət həyata keçirilir. Bu siyasət isə dünyada birmənalı olaraq müsbət qəbul olunur. Ermənistana gəldikdə isə, bu ölkə nə siyasi, nə iqtisadi, nə də hərbi baxımdan müstəqildir. Müstəqil olmayan ölkədən isə heç zaman normal dövlət ola bilməz. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün istənilən an müharibəyə başlaya bilər. Cənab prezidentin də ön cəbhəyə səfəri həm Ermənistana, həm də dünya birliyinə bir siqnal idi. Yəni, Azərbaycan dövləti heç nəyə baxmayaraq müharibəyə istənilən an başlaya bilər. Digər tərəfdən isə, bu, ATƏT-in Minsk qrupunun üzv ölkələri üçün bir siqnal olmalıdır. Çünki Azərbaycana qarşı ikili standartlar hələ də davam edir. Ən azı bu gün Ermənistana qarşı sanksiyalar olmalıdır. Ermənistan beynəlxalq qurumlarda əməkdaşlıqdan məhrum edilməlidir. Əgər bu da nəticə verməsə, o zaman Ermənistana qarşı iqtisadi sanksiyalar qəbul edilməlidir. Bununla da artıq Ermənistan rəhbərliyi anlamalıdır ki, iyirminci əsrdə işğala yer yoxdur.

Cəbhə xəttində baş verən son hadisələrlə bağlı nə deyə bilərsiniz?

– Ermənistan hərbçilərinin son günlər atəşkəsi rejimini mütəmadi olaraq pozması, təxribat-pozuculuq hərəkətlərinə cəhd etməsi və bunun cavabı olaraq qarşılarında Azərbaycan hərbçilərinin layiqli addımlarını görməsi bir daha göstərdi ki, düşmən bizimlə müqayisədə həddindən çox zəifdir. Son hadisələr həm də onu göstərdi ki, bu gün Azərbaycanın ərazi bütövlüyünü gecə-gündüz qoruyan qəhrəman övladlarımız var. Artıq Ermənistan 20 il əvvəlki vəziyyəti tam unutmalıdır. Ermənistan anlamalıdır ki, artıq dünya dəyişib və Azərbaycan da çox dəyişib. Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordusudur. Bu gün Ermənistanda da əhali təşviş içindədir. Hətta son günlər Ermənistan rəhbərliyi belə fikirlər səsləndirir ki, əgər müharibə başlasa, o zaman Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Azərbaycana mane olmalıdır. Bu cür fikirlər olduqca cəfəngiyyatdır və gülüş doğurur. Çünki Azərbaycan Ermənistan torpaqlarına iddia etmir. Azərbaycan Ermənistan işğalı altında olan tarixi torpaqları uğrunda müharibəyə başlayacaq. Ona görə də heç bir beynəlxalq təşkilat bu məsələdə Azərbaycanın işinə qarışa bilməz. Bu gün Dağlıq Qarabağda mövcud olan separatçı rejim hətta Ermənistanın özü tərəfindən tanınmır. Azərbaycanın üzv olduğu BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar da Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi göstərir. Dağlıq Qarabağ bu gün də Azərbaycanın ayrılmaz hissəsidir. Ona görə də Ermənistanın KİV-lərində bu kimi təxribat xarakterli məlumatlar Azərbaycanı qəti narahat etmir.

Sabah Soçidə Rusiya prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir. Bu görüşdən gözləntiləriniz necədir?

– Düşünmürəm ki, bu görüşdə hər hansı böyük irəliləyiş əldə olunacaq. Amma müsbət tərəfi odur ki, quldur erməni dövlətinin rəhbəri artıq Azərbaycan dövlətinin gücünü yaxından hiss edəcək. Bu güc isə cənab Prezidentin güclü siyasi iradəsi, intellekti və yürütdüyü siyasətdir. Hesab edirəm ki, artıq Ermənistan prezidenti bu gücü görür və dərk edir.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR