Qərbin cavab “atəşi” olacaqmı, yoxsa Cənubi Qafqaz təslim ediləcək?
Bizi izləyin

Nida.az

Qərbin cavab “atəşi” olacaqmı, yoxsa Cənubi Qafqaz təslim ediləcək?

Soçi görüşü Putinə Qərbə “burada mənim sözüm keçir” mesajını vermək üçün lazım idi. Bu fikri rus və erməni politoloqları açıq şəkildə ifadə edirlər. Onlar hesab edirlər ki, Soçi görüşü Putinə həm də Ukrayna böhranı fonunda lazım idi. Görüşdə ciddi bir sənədin qəbul edilməməsi də əsas yaratdı ki, Kreml Qərbə regiondakı təsirini nümayiş etdirir.

Rusiyalı siyasi ekspert Vadim Dubanov görüşlə bağlı bildirib ki, Rusiya Qərbə Qafqazın onun təsir zonasında olduğunu göstərdi.

Ermənistanda Azad Demokratlar partiyasının sədri, parlamentin deputatı Xaçatur Kokobelyan da görüşü bu şəkildə şərh edib: “Putin dünyaya göstərməyə çalışır ki, Azərbaycan və Ermənistan üzərində böyük təsirə malikdir. Fransa prezidentlərin görüşünə cəhd etsə də, bu alınmadı. Amma Putin buna nail oldu. O, bununla da Qafqaza hakim olduğunu göstərmək istəyir”.

Rusiyanın nüfuzlu “Nezavisimaya qazeta” nəşri Soçi görüşünün nəticələri ilə bağlı hazırladığı materialda bildirilir ki, Rusiya Qarabağın Ukrayna kimi olmayacağı və Qərbin regionla bağlı yanaşmalarının səhv olduğunu göstərdi. “Rusiya postsovet məkanında baş verən hadisələri diqqətlə izləyir, Cənubi Qafqazı öz geosiyasi maraqları zonası hesab edir və regiona diqqət ayırmağa hazırdır. Rusiya lazım gələrsə, regionda sülhməramlı qüvvələrini yerləşdirəcək”, - deyə nəşr bildirir.

Rusiya Soçi görüşü ilə Qərbə öz “dişini” göstərdi və faktiki olaraq Qarabağ münaqişəsində əsas aparıcı qüvvə rolunu özünə qaytara bildi. Bundan sonrakı mərhələdə Qərbin cavabı maraqlıdır. Qərb Moskvanın güc nümayişinə hansı cavabı verəcək, münaqişənin həllilə bağlı sürətli hərəkətə keçəcəkmi? Yoxsa Moskvanın Cənubi Qafqazla bağlı maraqlarını qəbul edəcək?

Publika.az-a açıqlamasında politoloq Fərhad Mehdiyev bildirib ki, Qərbin hazırda nəsə etməsi çətin görünür.

Politoloq bunu Qərbin Ermənistana təsirinin sıfır olması ilə izah edib: “Qərb bununla bağlı Azərbaycana təzyiq edə bilər, lakin təktərəfli heç nə alınmayacaq. Digər tərəfdən, Qərb Rusiyanın nəyə qadir olduğunu və Qafqazdakı təsirini bilir. Putin istəsə, hətta bu gün Avropa paytaxtlarından birini yer üzündən silər. Amma burada maraqlı bir məqam var: Rusiya uzunmüddətli strategiyalarda həmişə Qərbə məğlub olur”.

Politoloq hazırda Qərbin cavabının necə olacağı barədə danışmağın tez olduğunu bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm