Dağlıq Qarabağ üçün yeni presedent: Bakı hərəkətə keçməlidirmi?
Bizi izləyin

Nida.az

Dağlıq Qarabağ üçün yeni presedent: Bakı hərəkətə keçməlidirmi?

Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Sabina Freyzer bu günlərdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqalə dərc etdi.

S.Freyzer məqaləsində yazırdı: “Rusiyanın Krımı qısa müddətdə ilhaq etməsi və Ukraynanın şərqindəki qarşıdurmalar Azərbaycan və Ermənistanın hərbi yoldan imtina edərək münaqişəni həll edəcəklərinə inamı zəiflətmiş oldu. Azərbaycanda belə bir əminlik yaranıb ki, qısa müddətdə qətiyyətli hərbi əməliyyatlar yolu ilə getdikcə uzanan və heç bir həlli görünməyən münaqişəni daha tez bitirmək olar. BMT-nin qətnamələrinə görə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və münaqişənin həllinin bu istiqamətdə aparılması nəzərdə tutulur. Rəsmi Bakı da danışıqlarda ərazi bütövlüyünün dəyişilməz qalmasını tələb edir və bu prinsipin əsas tutulmasını vacib sayır. Həmçinin Ermənistan tərəfdə də belə bir fikir formalaşıb ki, heç bir beynəlxalq təzyiqlərə məhəl qoymadan referendum keçirmək və hərbi güc nümayişi yolu ilə, münaqişəni həll etmək olar”.

Söhbət beynəlxalq hüquqda üç əsas prinsipdən, ərazi bütövlüyünün toxunulmazlığı, xalqların öz müqəddəratını həll etmə və güc tətbiq etməməkdən gedir. Üçüncü prinsip Ermənistan tərəfindən atəşkəsin pozulması ilə zaman-zaman qüvvədən düşür. Ərazi bütövlüyünün toxunulmazlığı prinsipi də erməni işğalı ilə 20 ildən artıqdır ki pozulmaqdadır. Burada ermənilərin istinad etdiyi nöqtə xalqların öz müqəddəratını təyinetmə hüququdur. İrəvan iddia edir ki, Dağlıq Qarabağ erməniləri öz müqəddəratını təyin edə bilərlər. Əslində, Bakı bunun əksini tələb etmir. Rəsmi Bakının mövqeyi belədir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilir, ardınca xalqların öz müqəddəratı məsələsi gündəmə gəlir. Yəni, öz müqəddəratını təyinetmə prinsipi Azərbaycanın ərazi bütövlüyü prinsipini üstələyə bilməz.

Bu məsələ münaqişənin həll olunmasında əsas prinsip hesab olunan Madrid prinsiplərində öz əksini tapır. Bu prinsiplərə görə, Ermənistan ilk mərhələdə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 6 rayonu geri qaytarılmalıdır. Bundan sonra regionda bütün kommunikasiyalar açılacaq, azad edilmiş torpaqların reabilitasiyası üzrə donor konfransı keçiriləcək. Regionda sülhməramlı müşahidəçilər yerləşdiriləcək, evlərinə qayıdan köçkünlərin təhlükəsizliyi təmin ediləcək. Növbəti mərhələdə Laçın və Kəlbəcər rayonları tamamilə azad edilir, azərbaycanlı icma Dağlıq Qarabağa qayıdır, bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın hüquqi statusu müəyyən edilir. Bu zaman Dağlıq Qarabağa Rusiya Federasiyası tərkibində Tatarıstan və Başqırdıstan modeli üzrə yüksək muxtariyyət statusu verilir.

Uzun illər bu prinsiplər ətrafında müzakirələr aparılsa da, ortada heç bir nəticə yoxdur. Buna səbəbsə erməni tərəfinin qeyri-konstruktiv mövqeyidir. Belə ki, İrəvan hər dəfə hansısa bəhanə ilə prosesdən yayınır.

Ukrayna böhranı isə Dağlıq Qarabağ münaqişəsində yeni situasiya yaratdı. Krımın ilhaqı ilə başlanan böhranda istinad olunan iki əsas prinsip var: ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə. Rusiya öz müqəddəratını təyin etmə prinsipini əsas götürərək Krımın ilhaqına haqq qazandırır. Amma ortada Ukraynanın ərazi bütövlüyünün pozulması var. Krımın ilhaqı Ermənistan üçün əsas yaradır ki, Dağlıq Qarabağın müstəqilliyini elan etsinlər. Lakin dünya birliyi Ukraynanın ərazi bütövlüyü tanıyır ki, bu İrəvan üçün əsas maneədir. Azərbaycanın mövqeyi isə bununla güclənir. Digər tərəfdən Ukraynanın şərqində baş verən separat bölünməyə Kiyevin müdaxiləsi öz ərazisində antiterror əməliyyatlarının keçirilməsi kimi qəbul edilir. Halbuki buna Ukraynadan əvvəl Azərbaycanın da haqqı var idi. Çünki BMT qətnamələrində işğal olunan ərazilər Azərbaycanın torpaqları kimi qəbul edilir və Bakı antiterror əməliyyatlarına başlamaq üçün hüquqi bazaya malikdir.

Beləliklə, Ukrayna böhranı Dağlıq Qarabağ münaqişəsi üçün yeni nümunələri ortaya çıxardı.

Publika.az-a açıqlamasında Qafqaz Universitetinin professoru, politoloq Fikrət Sadıqov bildirib ki, ortada oxşarlıq olsa da, hər bir münaqişənin öz tarixi kökləri var.

“Azərbaycan və Ukraynanın ərazi bütövlüyü pozulub. Ukrayna haqlı olaraq öz ərazi bütövlüyünü bərpa edir və bu məsələdə Qərb ona kömək edir. Lakin Azərbaycan eyni şeyi tələb edəndə yanaşmalar ikiləşir və bizi sülhə çağırırlar. Minsk qrupu aktivləşir, tərəfləri masalara dəvət edirlər, aparıcı dövlətlər Ermənistanın nazı ilə oynayırlar”, - o bildirib.

Politoloq qeyd edib ki, Ukrayna hadisələrindən çıxış edəndə Dağlıq Qarabağın qaytarılması aktuallaşır:
“Hansı ki, müqəddəratını təyin etmə məsələsi Krımda tətbiq edildi və bu yarIdımadanın ilhaqı ilə nəticələndi. Çətin ki, Rusiya Krımı bir daha geri qaytarsın. Qərb bunu qəbul etmir, amma onlar bilməlidir ki, Ermənistanın Dağlıq Qarabağda istədiyi də budur. Ukrayna isə ərazi bütövlüyü pozulmuş ölkədir. Yəni Azərbaycan da eyni vəziyyətdədir. Ukraynaya dəstək verən dünya eyni dəstəyi Azərbaycana da verməlidir”, - deyə o bildirib.

Qeyd edək ki, S.Freyzer Qərbin Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsinin Azərbaycanın mövqelərinə müsbət təsir edəcəyini bildirib.

F. Sadıqov da hesab edir ki, bu Bakının xeyrinədir: “Bakının Krımın işğalını tanımaması da bizim mövqeyimizi gücləndirdi. Lakin ortada real addımlar olmalıdır. Qətnamələr artıq saralmış kağıza dönüb. Qərb isə məsələ bizə aid olanda Ermənistanı dəstəkləyir. Azərbaycan heç vaxt bunu qəbul edə bilməz”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm