Partiyalar büdcənin pullarını hara xərcləyir?
Bizi izləyin

Nida.az

Partiyalar büdcənin pullarını hara xərcləyir?

“Siyasi partiyalar haqqında” qanuna yenidən dəyişiklik edilə bilər.

Hakim partiyanın icra katibinin müavini Siyavuş Novruzov mediaya açıqlamasında bildirib ki, Milli Məclisin payız sessiyasında bu məsələyə baxılacaq.

Söhbət ayrılan maliyyə vəsaitinin büdcədə qalan 10 faizindən gedir. Sözügedən qanuna sonuncu dəyişikliyə görə, parlamentdə təmsil olunan partiyaların maliyyələşməsinə dövlət büdcəsindən 2,5 milyon vəsait ayrılıb. Bu vəsaitin bölünməsi partiyaların seçkidə əldə etdikləri nəticələrə əsasən aparılır. Beləliklə, 2,5 milyonluq vəsaitin 40 faizi parlamentdəki partiyalar arasında, 50 faizi isə deputatların sayına uyğun olaraq proporsional bölünür. Bu vəsaitdən Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi, BAXCP, Ümid, Böyük Quruluş, Sosial Rifah, Ədalət, Milli Dirçəliş Hərəkatı, Vətəndaş Birliyi və Demokratik İslahatlar partiyaları qanunverici orqanda təmsilçilik formasına görə yararlanırlar.

“Lakin bu gün 3 faizlik səddi aşa bilən partiyalar olmadığına görə bir boşluq yaranıb. Parlamentdə təmsil olunan siyasi partiyalar təklif edirlər ki, əgər 3 faizlik səddi aşan partiya yoxdursa, qalan 10 faiz vəsait proporsional şəkildə parlamentdə təmsil olunan partiyalar arasında bölünsün. Bunun üçün isə qanuna mütləq düzəliş edilməlidir”, - deyə hakim partiya təmsilçisi yaranmış vəziyyətə aydınlıq gətirib.



İzvestiya.az məsələ ilə bağlı siyasi partiyaların yanaşmalarını araşdırıb.


Siyasi partiyalar 10 faizə də göz dikdi

Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə hesab edir ki, büdcədə qalan 10 faiz vəsait partiyalara ayrılmalıdır: “Bu vəsait birbaşa partiyaların maliyyələşməsinə ayrılıbsa, həmin vəsaitin hamısı bərabər şəkildə partiyalar arasında bölünməlidir”.


Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa hesab edir ki, bu boşluq qanun qəbul olunarkən aradan qalxmalıdır. Onun sözlərinə görə, gecikmiş də olsa bu problem həllini tapmalıdır.


“10 faiz qalan vəsait 3 faiz baryeri keçməyən partiyalar arasında proporsional şəkildə bölünməlidir. Çünki bu vəsait birbaşa partiyaların maliyyələşməsinə ayrılıb. Berlə olan halda qalan vəsaitin yenidən büdcəyə qaytarınması məntiqsiz olar. Hansısa boşluğa görə, partiyaların maliyyələşməsində kəsintilər olmamalıdır. Gələcəkdə 3 faizlik baryer keçirilərsə, o zaman bu 10 faizlik vəsaitə yenidən baxmaq olar”, - deyə BQP sədri qeyd edib.


Vətəndaş Həmrəyliyi Partiyasının sədri (VHP) Sabir Rüstəmxanlı da hesab edir ki, 10 faiz vəsait partiyalar arasında bölünməlidir.


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bildirib ki, bu vəsaitin partiyalar arasında bölüşdürülməsi onların fəaliyyətinə əlavə stimul olar: “Bu, iki vur ikidir. Çünki istənilən qanunun hüquqi məntiqi bunu tələb edir. Parlamentin ötən iclaslarında bu, gündəmə gətirilib. Amma həlli qalırdı. Payız sessiyasında həll olunarsa, yaxşı olar.


Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli hesab edir ki, bu, çoxdan həll edilməsi lazım olan məsələdir. Onun sözlərinə görə, partiyalara ayrılan vəsait ümumi siyasi fəaliyyətin qurulmasına azlıq edir: “Siyasi partiyaların fəaliyyəti nə qədər geniş olursa, cəmiyyətin formalaşmasına da müsbət təsir göstərir. Bunun üçünsə kifayət qədər maliyyə vəsaiti tələb olunur. Halbuki bu gün ayrılan vəsaitlər kifayət qədər deyil. Hesab edirəm ki, qalan 10 faizlik vəsaitin partiyalar arasında bölünməsi ümumi işin xeyrinə olar”.


Hesabatı verməyənlər, bəhanə gətirənlər və ya büdcənin pulları hara xərclənir?

Maraqlıdır ki, dövlət büdcəsindən maliyyə tələb edən partiyalar hesabatların verilməsində nə qədər maraqlıdır? Siyasi partiyaların dövlətdən maliyyələşməsi gündəmə gələndən bəri zaman-zaman hesabatların verilməsində problemlər yaşanır. Bəzi partiyalar bunu gecikdirir, bəziləri isə ümumiyyətlə hesabat verməkdən imtina edirlər. Adətən, maliyyə hesabatı verməyənlər ayrılan vəsaitlərin hara xərcləndiyini gizlətmək məqsədi ilə bu addımı atırlar.


Qanunvericiliyə görə, siyasi partiyalar birillik fəaliyyətə dair maliyyə hesabatlarını hər il aprelin 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

İllik maliyyə hesabatı müəyyən edilmiş müddətdə təqdim edilmədikdə, Maliyyə Nazirliyi həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın 30 (otuz) gün müddətində təqdim edilməsinə dair göstəriş verir.


Əks təqdirdə, İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsinə əsasən, mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının qanunvericiliyə müvafiq olaraq hazırlanması, təqdim olunması, o cümlədən hesabatlarda və qanunvericiliyə əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin tam və ya düzgün əks etdirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilib. Müəyyən olunmuş vaxt ərzində sözügedən hesabatı təqdim etməyən vəzifəli şəxslər 300 manatdan 400 manatadək, hüquqi şəxslər isə 1500 manatdan 2000 manatadək miqdarda cərimə edilirlər.


Ədalət Partiyası sədrinin maliyyə məsələləri üzrə müavini Ayaz Əfəndiyev indiyə qədər cərimə olunmadıqlarını deyib. Onun sözlərinə görə, hesabatı vaxtında verir və bu vəsaitlərin hara xərcləndiyini mətbuatda dərc edirlər.

“Partiyaya ayrılan vəsait texniki bazanın möhkəmləndirilməsi, Mərkəzi Aparatda səhərdən axşama kimi işləyən şəxslərə əməkhaqqının verilməsi və digər məsələlərə sərf edilir”- deyə o bildirib.


Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da bildirib ki, hesabatı vaxtında verirlər: “Bu barədə mətbuatda məlumatları yerləşdiririk. Hər şey şəffaf şəkildə həyata keçirilir. Hesabat da auditorun rəyi ilə birgə təqdim olunur. Vəsaitlərin xərclənməsi isə əməkhaqlarının ödənilməsi, təşkilatçılıq və siyasi fəaliyyətin qurulmasına sərf edilir”.

BAXCP sədrinin müavini Elçin Mirzəbəyli də daim maliyyə hesabatı verdiklərini və həm yerli mətbuatda, həm də partiyaya yaxın mediada dərc etdiklərini bildirib.


“Bu məsələdə hakim partiya həmişə nümunə olur. Biz də çalışırıq ki, geridə qalmayaq. Sərf olunan bütün vəsaitlər hesabatda real olaraq öz əksini tapır. 2012-ci ilin hesabatını auditor rəyi ilə birlikdə təqdim etmişik. 2013-cü ilin hesabatı isə 2014-cü ilin aprel ayının 1-də qədər təqdim olunmalıdır. Yenə də auditor rəyi ilə birlikdə. Qanuna uyğun şəkildə də hesabatlarımızı mətbuatda dərc etdiririk”, - deyə o bildirib.


E. Mirzəbəyli büdcədən BAXCP-yə ayrılan vəsaitin hansı istiqamətlərə xərclənədiyini də açıqlayıb: “Bu vəsait əməkhaqlarının verilməsi, müvafiq avadanlığın alınması, tədbirlərin keçirilməsi, partiyanın texniki bazasının möhkəmləndirilməsi, ümumiyyətlə partiyanın fəaliyyətinin qurulmasına müvafiq qaydada sərf olunur. Bütün xərclər də real qaydada həyata keçirilir”.


VHP sədri Sabir Rüstəmxanlı hesabatı vaxtında verdiklərini deyib və qeyd edib ki, vəsaitin xərclənməsi ilə bağlı hər şey hesabatda öz əksini tapıb: “Mətbuatda dərc olunub. İstənilən şəxs tapıb baxa bilər”.


DİP sədri Asim Mollazadə də hesabatı vaxtında verdiklərini və mətbuatda dərc etdiklərini açıqlayıb.

Qeyd edək ki, Maliyyə Nazirliyinin ötən il açıqladığı hesabatda maliyyə hesabatı verməyən siyasi partiyaların siyahısında parlamentdə təmsil olunan partiyalar yer almamışdı. Siyahıya görə, əsasən Milli Məclisdən kənarda qalan siyasi partiyalar maliyyə hesabatı vermirlər.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm