Nida.az
“Efiopiyadakı qəbilələrdən qorxmuram” – MÜSAHİBƏ (FOTOLAR)
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri,
Azərbaycanın Efiopiya Federal Demokratik Respublikasına yeni təyin
olunan səfiri Elman Abdullayevin Publika.az-a
müsahibəsi:
– Səfir təyin olunmağınızla bağlı
xəbəri ilk eşidən zaman hansı hissləri keçirdiniz?
– Təbii ki, belə bir xəbəri eşidəndə insan
böyük bir qürur hissi keçirir. Çünki cənab Prezident başda olmaqla,
Azərbaycan dövlətini təmsil etmək hər bir diplomat üçün böyük
şərəfdir. Biz diplomatlar da daim çalışırıq ki, ölkəmiz və xalqımız
haqqında aydın təsəvvür yaradaq. Təbii ki, bu da bizim üçün olduqca
böyük qürur, etimad və məsuliyyət sayılır. Cənab Prezident bu böyük
etimadı göstərməklə mənə qürur hissi yaşatdı. Keçirdiyim sevinc və
təəssürat hissi o qədər böyük və güclüdür ki, bunu ifadə etməkdə
çətinlik çəkirəm.
Mən 15 ildir ki, diplomatik fəaliyyətlə məşğulam. Bundan öncə,
2000-2004-cü illərdə Azərbaycanın Avropa Birliyi yanındakı
nümayəndəliyində işləmişəm, 2006-2010-cu illərdə isə Azərbaycanın
Los-Ancelesdəki Baş Konsulluğunda çalışmışam. Amma bu təyinat mənim
üçün çox fərqlidir. Çünki burada artıq yeni bir məkana komanda ilə
gedirsən. Təyin olunduğum ölkə isə elə bir yerdir ki, burada
Azərbaycanı tanıtmaq üçün daha çox səy göstərməli olacağam. Səfir
təyin olunduğum Efiopiya bizim üçün yeni bir coğrafi məkandır.
Cənab Prezident də hər zaman öz çıxışlarında bəyan edir ki,
Azərbaycan diplomatiyasının coğrafiyası ildən-ilə genişlənir. Təbii
ki, Efiopiyada Azərbaycan səfirliyinin açılması bunun bariz
nümunəsidir. Artıq Azərbaycan diplomatiyası Afrika qitəsində də
genişlənməyə başlayır. İndiyədək bizim Afrika ölkələrində cəmi 3
səfirliyimiz mövcud idi. Bunlar Cənubi Afrika Respublikasında,
Misirdə və Liviyadadır. Hazırda Liviyada baş verən proseslərlə
bağlı səfirliyimiz də öz fəaliyyətini tam şəkildə həyata keçirə
bilmir. Ona görə də hazırda real olaraq Afrika İttifaqının üzvü
olan 54 ölkə arasında cəmi 2 ölkədə səfirliyimiz tam şəkildə
fəaliyyət göstərir. Ancaq cənab Prezident belə bir etimadı
göstərməklə bizə böyük və məsuliyyətli işi həvalə edib. Bununla da
Azərbaycanın bu coğrafi məkanla ikitərəfli və beynəlxalq
münasibətləri daha da genişlənəcək.
– Niyə məhz Efiopiya?
– Bu gün bir çox adamlar da sual edir ki, niyə Efiopiya? Hətta
cənab Prezident məni səfir təyin edəndən sonra sosial şəbəkələrdə
bununla bağlı müzakirələr gedirdi və şərhlər yazılırdı.
Onu deyim ki, əksər beynəlxalq və regional təşkilatların
nümayəndəliklərinin qərargahı Efiopiyada yerləşir. 1963-cü ildə
yaradılmış Afrika Birliyi Təşkilatının (indiki adı Afrika İttifaqı
–red.) mərkəzi qərargahı da Efiopiyanın paytaxtı Əddis-Əbəbə
şəhərindədir. Hətta Əddis-Əbəbə şəhərinə “Afrikanın Brüsseli” də
deyilir.
Son illər isə beynəlxalq ictimaiyyətin - ABŞ, Qərbi Avropa
ölkələri, Rusiya, qardaş ölkə olan Türkiyə, Çin və digər böyük
dövlətlərin Afrikaya diqqət və marağı son illər daha da artıb.
Bundan əlavə, Afrika ölkələrinin ümumi ticarət dövriyyələrinin
həcmi də genişlənir. Yəni, son vaxtlar dünyanın aparıcı və güclü
dövlətləri ilə Afrika ölkələri arasında əməkdaşlığın genişlənməsi
tendensiyası müşahidə olunur. Təbii ki, bu məqam Azərbaycanın
xarici siyasətində də özünü göstərməkdədir. Hazırda biz bu
istiqamətdə də böyük yolun başlanğıcındayıq. Onsuz da Azərbaycan və
Afrika İttifaqı ölkələri arasında əməkdaşlıq üçün böyük potensial
mövcuddur. Azərbaycanın dünyada və beynəlxalq aləmdə qazandığı
nüfuzu bu istiqamətdə də əməkdaşlığına yeni imkanlar açır. Açığını
deyim ki, bu gün Azərbaycanın sürətli inkişafı dünyanın bir çox
ölkələrində böyük maraqla qarşılanır. Azərbaycanın qısa müddət
ərzində bu qədər sürətlə inkişaf etməsi ilə bağlı xeyli suallar,
yəni ciddi maraq yaranıb. Təbii ki, bütün bunlara görə də Afrikanın
bir çox ölkələri Azərbaycanın bu təcrübəsini öyrənmək istəyəcək.
Çünki Afrika ölkələrinin əksəriyyəti inkişafın başlanğıcındadır.
Azərbaycan da vaxtilə belə ölkələrdən biri olub. Amma bu gün
dövlətimiz sürətlə inkişaf edir, böyük nailiyyətlərə imza atıb.
Vaxtilə Azərbaycan dövləti borc alan ölkə idi, amma bu gün ölkəmiz
borc verən dövlətə çevrilib. İndi Azərbaycan dövləti bir çox
ölkələrə yardımlar edir. Dövlətimiz bu gün regionun lider
ölkəsidir.
Təbii ki, bütün bunlar da xarici ölkələr üçün böyük maraq kəsb
edir. Yəqin ki, həmin dövlətlər bütün bunlarla bağlı araşdırmalar
da aparacaqlar. Çünki həmin ölkələr də Azərbaycanın qısa müddətdə
əldə etdiyi uğurları qazanmaq istərdi. Azərbaycanın Efiopiyada
səfirlik açmasının da əsas səbəbindən biri məhz budur. Bundan belə
Azərbaycan Efiopiya ilə daha sıx əməkdaşlıq quracaq. Bu əməkdaşlıq
bütün sahələri əhatə edəcək.
Bizim iki əsas məqsədimiz və missiyamız var. Bunlardan biri
Azərbaycanın Afrika İttifaqı ilə münasibətlərini daha da inkişaf
etdirib yeni səviyyəyə çatdırmaqdır.
Digəri isə Afrikanın müxtəlif ölkələri, o cümlədən Efiopiya ilə
ikitərəfli və beynəlxalq münasibətlərin inkişaf etdirilməsidir.
Bizim də əsas məqsədimiz həm Azərbaycanı Afrika qitəsində tanıtmaq,
həm də Afrika haqqında Azərbaycanda aydın təsəvvür yaratmaqdır.
Efiopiya Şərqi Afrika regionunda yerləşir. Bu region isə Afrikanın
ən çox inkişaf edən bölgələrindən biridir. Şərqi Afrika ölkələri
son 10 ildə təqribən 10 faiz iqtisadi inkişaf tempini saxlayırlar.
Bu isə olduqca yüksək göstəricidir. Bundan əlavə, bu regiona dünya
ölkələri tərəfindən böyük sərmayələr də cəlb olunur. Bu bölgənin
araşdırılması məsələsi aparıcı dünya ölkələri üçün aktuallaşır. Ona
görə Azərbaycan dövləti də öz növbəsində Şərqi Afrika regionunu özü
üçün kəşf edəcək.
– Vəzifənizin icrasına nə zaman
başlayacaqsınız?
– Ümumiyyətlə, adətən, mövcud funksionallığı olan səfirliklərdə
səfir səlahiyyətlərinin icrasına qısa müddət ərzində başlayır.
Ancaq yeni yaradılan səfirliklərdə məsələ bir qədər fərqlidir. Yeni
yaradılan səfirliklər üçün işin və fəaliyyətin tam təmin olunmasına
müəyyən vaxt lazım olur. Bu vaxt isə əsasən texniki işlərə -
məsələn, komandanın yığılmasına, səfir təyin olunduğun ölkədəki
iqtisadi durumun, yaşayış səviyyəsinin, mövcud vəziyyətin
öyrənilməsinə və məlumatların təhlil olunmasına və s. sərf olunur.
Bütün bunların hamısı öyrəniləndən sonra Azərbaycan səfirliyinin
funksionallığı təmin olunur. Mənim də öz səlahiyyətlərimin icrasına
başlamağım üçün təqribən 2 aya yaxın vaxt lazım olacaq. İnşallah,
bu ilin sonunadək Efiopiyada səfir fəaliyyətimə başlayacağam.
Doğrudan da, görüləsi işlər çoxdur. Ona görə də dərhal
fəaliyyətə başlamaq lazımdır.
– Səfirliyin iqamətgahı hazırdır?
– Xeyr, hələ hazır deyil. Uyğun yeri özümüz araşdırıb tapacağıq.
Bilirsiniz, Efiopiyanın paytaxtı Əddis-Əbəbə bir qədər fərqli
şəhərdir, diplomatik mərkəzdir. Yəni bəzən Əddis-Əbəbəni Afrikanın
diplomatik paytaxtı da adlandırırlar. Bütün şəhər isə
səfirliklərdən və diplomatik nümayəndəliklərdən ibarətdir. Yəni
burada səfirliklər hər hansı coğrafi ərazidə deyil. Əddis-Əbəbədə
səfirliklərin sayı çoxdur. Burada 110-dan çox ölkənin və bir çox
beynəlxalq təşkilatların nümayəndəlikləri fəaliyyət göstərir.
Şəhərdə keçmiş Sovet İttifaqı ölkələrindən isə cəmi 5 ölkənin –
Rusiyanın, Belarusun, Ukraynanın, Qazaxıstanın və Gürcüstanın
diplomatik nümayəndəlikləri mövcuddur. Azərbaycan isə 6-cı MDB
ölkəsi olacaq. Qardaş Türkiyənin də paytaxt Əddis-Əbəbədə
diplomatik nümayəndəliyi var. Ermənistanın isə Efiopiyada hər hansı
diplomatik nümayəndəliyi mövcud deyil.
– Yəqin ki, ailə üzvlərinizi də özünüzlə aparacaqsınız.
Onların Efiopiyada yaşaması çətin olmayacaq ki?
– Bəli, ailəvi gedəcəyik. Biz diplomatları
daim ailəmiz müşayiət edir. Ona görə də buna məcburuq. Baxaq görək
necə olacaq. Hər halda, bizim üçün yeni bir yerdir. Övladım da
təhsillərini Efiopiyada davam etdirəcək. Maraqlanmışam, burada bir
neçə təhsil müəssisəsi var. Diplomatik korpus üçün çox geniş şərait
yaradılıb. Dünyanın bir çox diplomatlarının övladları Efiopiyada
təhsil alıb. İnşallah, mənim də övladım burada təhsil alacaq.
Xaricdə təhsil əsasən ingilis dilində olur. Mənim də övladım
ingilis və rus dillərini bilir.
Ancaq bir müddət yaxın qohumlar və dostlar üçün darıxacağıq, onları
gec-gec görəcəyik. Buna da tədricən alışmaq lazımdır. Çünki bu,
bizim artıq həyat tərzimizdir.
– Nəslinizdə sizdən başqa diplomat var?
– Xeyr, yeganə diplomat mənəm. Mən 1993-cü ildə ulu öndər Heydər
Əliyevin təşəbbüsü ilə və Azərbaycanın Təhsil Nazirliyinin xətti
ilə təhsil almaq üçün xaricə göndərilən ilk gənclərdən biriyəm.
Misirin Qahirə Universitetinin İqtisadiyyat və Siyasi Elmlər
Fakültəsində təhsil almışam. Yeri gəlmişkən, qeyd edim ki, bu
fakültənin bir vaxtlar dekanı olmuş Butros Butros Qali 1992-1996-cı
illərdə BMT-nin baş katibi olub. O da diplomat idi...
Daha sonra isə mən ABŞ-ın Kaliforniya Universitetində magistr
təhsili almışam. Hər zaman siyasi elmlərə, xüsusilə də beynəlxalq
münasibətlərə böyük maraq göstərmişəm.
– Övladınızın da sizin yolunuzu davam etdirməsini
istərdinizmi?
– Açığı, mən bu barədə oğlumla söhbət etməmişəm. Çünki onun hələ 10
yaşı var. Təbii ki, bu, onun öz seçimi olacaq. Amma Azərbaycan kimi
müstəqil bir dövlətin diplomatı olmaq hər bir adam üçün şərəfdir.
Ona görə də oğlum diplomat olarsa, mən çox sevinərəm. Çox istərdim
ki, oğlum da yaxşı Azərbaycan diplomatı olsun və ölkəmizi yüksək
səviyyədə təmsil etsin.
– Özünüzlə aparacağınız səfirlik heyəti
formalaşıb?
– Yox, komanda hələ formalaşmayıb. Amma artıq müəyyən işlər görülür
və yaxın zamanlarda komanda heyəti məlum olacaq.
– Səfirlik heyətini sırf özünüz seçirsiniz?
– Təbii ki, bu elə bir prosesdir ki, komanda üzvlərinin adları
Xarici İşlər Nazirliyinin (XİN) rəhbərliyinə təqdim olunur.
Təsdiqləndiyi təqdirdə isə heyət bəlli olur. Yəni, normalda bu iş
belə aparılır.
– Komanda üzvləri arasında biz jurnalistlərin də tanıdığı
şəxslərdən var?
– Bəli, var. XİN-in mətbuat xidmətinin əməkdaşlarından da komandada
yer alan var. Həmin şəxsin adını isə hələ açıqlamaq istəmirəm.
– Hazırda Azərbaycanın Cənubi Afrika Respublikasında (CAR)
səfiri olan xələfiniz Elxan Poluxov da Afrikada çalışır. Yəqin ki,
tez-tez görüşmək imkanınız olacaq...
– Hə, elədir. Elxan müəllim Cənubi Afrika Respublikasında səfirdir. Eyni zamanda, diplomatik fəaliyyəti ətraf ölkələri də əhatə edir. Azərbaycanda normalda da belədir ki, əgər çalışdığın ölkənin ətrafında hər hansı diplomatik nümayəndəlik yoxdursa, o zaman sən ətraf ölkələri də əhatə edə bilərsən.
Mən də həm Efiopiyanı, həm də bir neçə ətraf ölkəni çalışacağam ki,
əhatə edim. Təbii ki, hazırda səfirlik ancaq Efiopiyada olacaq.
Yəqin ki, gələcəkdə bu coğrafiya daha da genişlənəcək.
– Deyilənə görə, Efiopiyada “adamyeyən” qəbilə üzvləri
olur. Bu, sizi bir qədər qorxutmur ki?
– Bilirsiniz, insanlarda Afrika haqqında müəyyən fikirlər
formalaşıb və insanlar da buna uyğun fikirlər danışırlar. Təbii ki,
bütün Afrika ölkələrində qəbilələr mövcuddur. Bu qəbilələr isə
onların tarixinin və mədəniyyətinin ayrılmaz hissəsidir. Amma bu
qəbilələr şəhərlərdə yaşamırlar. Şəhərlilərin həyat tərzi tamam
fərqlidir.
– Yeri gəlmişkən, siz səfir təyin olunandan bir qədər
sonra sosial şəbəkələrdə həmin qəbilələrlə necə iş aparacağınız
barədə müzakirələr getdi. Bu müzakirələrə münasibətiniz necə
oldu?
– Normal qarşıladım. Çünki insanlar o şəkilləri paylaşırsa, deməli,
onların Afrika və ya Efiopiya ilə bağlı daha çox məlumat toplamağa
ehtiyacları var. Bu barədə daha ətraflı və dəqiq məlumatların
toplanması üçün isə Efiopiya tarixinə nəzər salmaq lazımdır. Bu gün
bir çoxları da soruşur ki, nə üçün Afrika İttifaqının mərkəzi
qərargahı məhz Efiopiyada yerləşir? Bunun da cavabı ondan ibarətdir
ki, Efiopiya heç zaman koloniya olmayıb. Digər tərəfdən, Efiopiya
dünyanın ən qədim xristian sivilizasiya mərkəzlərindən biridir. Bu
ölkədə xristian dininin və mədəniyyətinin çox qədim kökləri
mövcuddur. Hazırda Efiopiyada qədim xristian kilsələri də qorunub
saxlanılır. Hətta ölkə əhalisinin yarıdan çoxunu xristianlar təşkil
edir. Digər önəmli fakt ondan ibarətdir ki, Efiopiya Afrika
ölkələri arasında, bəlkə də, yeganə dövlətdir ki, özünün tarixi
əlifbası və dili mövcuddur. Efiopiyanın tarixi dili isə amhar dili
adlanır. Bundan əlavə, Efiopiyada 82 dildə danışan müxtəlif xalqlar
və tayfalar yaşayır. Ölkədə ən çox istifadə olunan dil isə ingilis
dilidir.
– Efiopiya həm də qəhvə ağacının
vətəni hesab olunur. Qəhvə ilə aranız necədir?
– Efiopiya qəhvənin əsas vətənlərindən biridir. Efiopiyada qəhvənin
içilməsi həm də bir adət-ənənədir. Amma onlardan fərqli olaraq, biz
daha çox çay içən millətik. Ölkədə olmayanda da daha çox çaydan
ötrü darıxırıq. Ona görə də biz diplomatlar xaricə ezam olunanda
özümüzlə daha çox çay aparırıq. Doğrudan da, Azərbaycan çayının
yerini heç nə verə bilməz. Harada olmağımızdan asılı olmayaraq, çay
içmək mədəniyyətini də heç zaman unutmuruq. Çay insanın
yorğunluğunu da aradan qaldırır... Doğrudur, mən qəhvə də içirəm.
Amma qəhvə çayın yerini vermir. Bəlkə də, bu, bizim genetikamızdan
və mədəniyyətimizdən irəli gəlir.
Afrikada çay ixrac edən bir sıra ölkələr var. Bunlardan biri də
Keniyadır. Keniya dünyada ən çox çay ixrac edən ölkələrdən
biridir.
Vasif Həsənli
Fotolar: Elnur Muxtar
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə10 May 21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə10 May 20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA