Ermənistan üçün Xəzərdə dəhliz açılır: Moskva və Tehranın ikili oyunu - Təhlil
Bizi izləyin

Nida.az

Ermənistan üçün Xəzərdə dəhliz açılır: Moskva və Tehranın ikili oyunu - Təhlil

Xəzər sammiti öz işini yekunlaşdırdı. Sammitin əsas işi Xəzərin statusunun həll olunması idi.

Qeyd edək ki, sonuncu dəfə bu məsələyə Bakı sammitində baxılmışdı.

Xəzərin statusu ətrafında müzakirələrdə diqqətçəkən məqam Ermənistana çıxış imkanlarını tanımaq üçün Rusiya və İranın yanaşmasıdır. Bu, birbaşa İrəvana aid olmasa da, dolayısı yolla Bakının blokadaya saldığı Ermənistana öz mallarını İran gəmiləri vasitəsilə Ənzəliyə çıxarmaq və blokadadan çıxmaq imkanı verir.

Publika.az xəbər verir ki, Moskva dəniz səthinin milli bölgələrə bölünməsi təklifi ilə çıxış edir. Rusiya Xəzərin sahildən 25 dəniz mili məsafədə milli zonalara bölünməsi, qalan sahənin isə beş ölkə tərəfindən ortaq istifadə edilməsini təklif edir. Moskva gəmilərinin sərbəst hərəkətinin məhdudlaşdırılacağı və İranla dəniz qonşusu olmaq xüsusiyyətini itirəcəyi üçün Xəzərin beş milli əraziyə bölünməsinə qarşı çıxır.

Rusiyanın çıxışındakı məntiqə görə, kənar qüvvələri, konkret olaraq, Qərbin Xəzərə girişi yasaqlanır. Rusiyanın “Nezavisimaya Qazeta” nəşri belə iddia ilə çıxış etmişdi ki, Bakı Qərb qüvvələrini Xəzərə daxil edəcək.

Halbuki Bakı hələ 2010-cu il sammitində bunun baş verməyəcəyinə dair söz verib.

Ümumilikdə Rusiyanın Xəzərin bölünməsindəki prinsipini bu kontekstdə anlamaq mümkündür. Lakin bu digər tərəfdən, Ermənistana imkanlar yaradır. Belə ki, Rusiyanın həmin nəşri onu da yazmışdı ki, İran və Ermənistan iqtisadi əlaqələri yaxınlaşdırmaq üçün dəfələrlə cəhdlər edib. Tərəflər əvvəllər də bir sıra böyük layihələrin həyata keçirilməsi barədə niyyət protokollarını imzalayıb. Belə ki, Ermənistandan İrana yeni yüksəkgərginlikli elektrikötürmə xətti çəkilməli idi. Əks istiqamətdə neft kəmərinin çəkilməsi, həmçinin İran-Ermənistan sərhədində neft emal edən zavodu tikmək planlaşdırılırdı. İki ölkənin dəmiryol şəbəkələrinin birləşdirilməsindən söhbət gedirdi. Və nəhayət, İran Ermənistana özünün avtomobil yollarından, həmçinin Xəzər dənizindəki Ənzəli və Fars körfəzindəki Bəndərabas limanından sıfır tranzit haqqı ilə istifadə barədə təklif verib.

Bu iki variant Ermənistan üçün olduqca vacib yoldur. Azərbaycan torpaqlarının işğal etdiyi üçün bölgədəki enerji layihələrindən kənarda qalan Yerevanın üzünə Türkiyə qapıları da bağlıdır. Buna rəğmən, Rusiyaya da birbaşa çıxış yoxdur.

Moskva ilə yeganə quru əlaqə Gürcüstan ərazisindəndir. Lakin 2008-ci il müharibəsindən sonra Tiflis öz yollarından istifadəni məhdudlaşdırdı. Son Avrasiya İttifaqı-Avropa Birliyi sərhədləri isə bunu ümumiyyətlə mümkünsüz edəcək. Belə ki, Gürcüstan Avropa Birliyi ilə Assosiativ Sazişi imzaladı, beləliklə, Tiflis öz torpaqlarını yalnız bu birliyə üzv, yaxud sazişi imzalayan ölkələrə açacaq.

Avrasiya İttifaqının sərhədlərinə daxil olmaq istəyən Ermənistan üçün də asılı olduğu Rusiyaya çıxış bağlanır və yeganə yol İran qalır, bu da quru deyil, yalnız Xəzərlə.

Rusiyanın bu gedişi də onu göstərir ki, İrəvan üçün gələcəkdə Xəzər dəhlizi yaradılır. Əgər Xəzərin statusu Rusiyanın dediyi prinsiplərlə həll olunsa, o zaman ümumi dəhliz yaradılacaq və erməni malları İran vasitəsilə Ənzəli limanına qədər daşınaraq, ordan da İran gəmiləri ilə Rusiya və digər Xəzəryanı ölkələrə çıxarılacaq. Həmçinin, eyni marşrutla Rusiyadan Ermənistana mallar daşına biləcək. İranla Ermənistanı birləşdirəcək dəmir yolları layihələrinin gündəmdə olması da buna şərait yaradır.

Politoloq Qabil Hüseynli Publika.az-a açıqlamasında bildirib ki, Rusiya bir güllə ilə iki yox, ikidən çox hədəf vurmaq istəyir: “Bununla Rusiya Xəzərdəki ağalığını möhkəmləndirəcək, həmçinin, Qərb qüvvələrinin bura girişini yasaqlayacaq. Digər tərəfdən də, uzun zamandır problemlə çevrilən Ermənistanla marşrut problemi həll oluna bilər. Ermənistan da düşdüyü blokadadan çıxmaqla iqtisadi inkişafını dirçəldə bilər ki, bu İrəvana Qarabağ üzərindəki işğalını davam etdirməyə imkan verir”.

Q. Hüseynli qeyd edib ki, İran və Rusiya Qarabağın işğalında maraqlıdır.

“Onların hər birinin burda öz marağı var. Lakin bu, bizim üçün yaxşı şeylər vəd etmir”,- deyə politoloq qeyd edib.


İran üzrə ekspert Sədrəddin Soltan isə İranın təklifindən çıxış edərək bildirib ki, Fars körfəzi Ermənistan üçün sərfəli deyil: “Bura həm uzaqdır, həm də Ermənistan bu körfəzlə Orta Şərqə və Çinə gedə bilər. Amma Ermənistanın əsas əməkdaşlığı Rusiya ilədir. Deməli, hər şey Yerevana Moskvaya maneəsiz çıxışını təmin etməkdir. İran Azərbaycanla münasibətlərdə Ermənistan faktorunu kənara qoymaq istəmir. Son vaxtlar Azərbaycan-İran arasında münasibətlər yaxşılaşmağa doğru gedir. Azərbaycan prezidenti Tehrana səfər etdi, Həsən Ruhaninin də Bakıya səfəri gözlənilir. Amma Tehran buna paralel olaraq Yerevandan dəstək əlini çəkmək istəmir. Bunun da bir çox səbəbləri var. Son proseslər fonunda əsas səbəb İranın Avrasiya İttifaqına daxil olmaq niyyətində olması və tərəfdaş olduğu Rusiyanın Ermənistan siyasətini dəstəkləməsidir”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm