• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Müharibə olacağı təqdirdə türklər də..”- Ehtiyatda olan polkovnik Əzizağa Qənizadə

  • Nida.az
  • 6 Fevral 2014 15:51
  • 3 618 Baxış
“Müharibə olacağı təqdirdə türklər də..”-   Ehtiyatda olan polkovnik Əzizağa Qənizadə

Ehtiyatda olan polkovnik Əzizağa Qənizadə Publika.Az –a müsahibəsində türk vətəndaşlarının Qarabağda döyüşmək üçün müraciət etməsi, cəbhədəki vəziyyət və müharibə ehtimallar barədə danışıb.

“Onların ixtiyarları var ki, müharibədə yanımızda olsunlar”

-Azərbaycanın Silahlı Qüvvələrinə Qarabağda könüllü döyüşmək üçün müraciətlər edilib. Müraciət edənlər arasında Türkiyə vətəndaşları var. Onların dəstəyini qəbul etmək olarmı?

-Biz türk qardaşlarımızın bizim haqq müharibəmizə dəstək verməyinə müsbət baxırıq, lakin bu qeyri-rəsmi mövqedir. Rəsmi olaraq gəlin bizimlə vuruşun demək doğru olmaz. Misal üçün bu gün azərbaycanlılar Suriyaya vuruşmağa gedir, ölkəmiz isə buna qaşı çıxır. Təbii ki, onlar düz etmirlər. Əgər müharibə olacaqlarsa onlar Azərbaycan üçün vuruşmalıdırlar. Bu da müəyyən mənada belədir. Türk vətəndaşların bizimlə müharibədə vuruşmağına qanun icazə verir, ya yox, bu da əsas məsələdir. Həmçinin onları ordumuza nə dərəcədə rəsmi qaydada qəbul edə bilərik, yaxud hərbi dəstələr yarada bilərlərmi, ya yox, bunu mübahisəlidir. Bunlar dövlət səviyyəsində həll olunan məsələlərdir. Əgər dövlət səviyyəsində prezidentimiz Türkiyədən kömək istəsə qanun çərçivəsində Türkiyə vətəndaşları bizimlə çiyin-çiyinə vuruşa bilərlər. Amma qeyri-rəsmi olaraq, yəni ictimai rəyə görə, biz bunu normal qarşılayırıq. Onlar bizim qardaşlarımızdır və ixtiyarları var ki, ədalətli mübarizəmizdə yanımızda olsunlar. Ümumiyyətlə yer kürəsinin bütün insanları haqq-ədalət mübarizəsində vuruşa bilər, bu insani yanaşmadır.

“Belə bir informasiyanın yayılması Ermənistana mesajdır”

-Cəbhədə gərginliyin artması ərəfəsində Müdafiə Nazirliyinin yaydığı məlumatda belə bir ifadə getmişdi: “Erməni tərəfdə qeyri-erməni dilində komandalar eşidilir”. Bu kənar, üçüncü bir qüvvənin bu müharibəyə müdaxiləsi idi. İndi Türkiyə vətəndaşlarının da bunu bəyan etməsi bir növ Azərbaycanın da tək olmadığı mesajını verir. Bunu informasiya hücumu olaraq da qəbul etmək olar?

-İlk növbədə onu deyim ki, mən hansısa xaricdən gələn dəstəyin müharibəni udmaqda bizə əhəmiyyətli kömək edəcəyinə inanmıram. O cümlədən hesab etmirəm ki, müharibəni türk qardaşlarımızın hesabına udaq. Azərbaycan əsgərlərinin özləri o qədər güclü, vətənpərvər, hazır insanlardır ki, öz gücümüzlə bu müharibəni apara bilərik. Sözsüz ki, Azərbaycan xalqından savayı bu müharibəni heç kim uda bilməz. Oğullarımız müharibədə şəhid də olacaq, qələbə də çalacaq. Bizim oğullarımız var ki, müharibə ilə nəfəs alırlar.

Əgər biz kimlərinsə köməyi ilə müharibəni udduq desək, yaxud onlar olmasaydı, qələbə qazana bilməzdik desək yanlış olardı. Bu bizim Ermənistan Azərbaycan torpaqlarını Rusiyanın dəstəyi ilə işğal etdi deməyimizə bənzəyir. Bunu rəsmi qaydada demək doğru deyil. Lakin müharibə olacağı təqdirdə türklər də gəlib vuruşsa, bunu qəbul etməliyik, sadəcə rəsmi olaraq bəyan etmək bizim xeyrimizə olmaz. Deyə bilərik ki, sağ olsunlar, türk qardaşlarımız da bizim haqq mübarizəmizdə az da olsa dəstək verdilər.
Digər tərəfdən belə bir informasiyanın yayılması həm də Ermənistana mesajdır. Bu onu göstərir ki, Türkiyə, türk ictimaiyyəti də bizim tərəfimizdədir.

“Müharibə başlaya bilər”

-Ümumiyyətlə, cəbhədəki durumlara görə müharibənin başlanmasını görürsünüz?

-Bilirsiniz, bəzən deyirlər ki, Soçi olimpiadasına görə indi heç bir şey olmayacaq, yaxud olimpiadadan sonra nələrsə olacaq və ya neft-qaz proyektlərinə görə müharibə başlamayacaq. Lakin bunlara tam əmin olmaq lazım deyil. Proseslər elə gedə bilər ki, heç Soçi olimpiadası olmasın. Hər zaman müharibə elə başlaya bilər. Misal üçün güclü dövlətlər, ABŞ, Rusiya müharibəni başlatsa həmin dəqiqə Soçi olimpiadası da əhəmiyyətini itirəcək. Hər şeyə rəğmən hesab edirəm ki, müharibə başlaya bilər.

-Yəni bu ehtimal güclüdür?

-Bəli ehtimal var. Bütün proqnozlardan asılı olmayaraq hər zaman müharibə gözləniləndir.


-Bəs, Azərbaycan ordusu belə bir vəziyyətə necə hazırdır?

-Heç bir ordunun ən yüksək səviyyədə olduğunu demək olmaz. Professionallıq həmişə gündəmdə olan aktual məsələdir. Əgər səviyyə bu gün belədirsə, sabah bundan da yüksək səviyyəyə qaldırmaq lazımdır. Demək olmaz ki, bizim ordumuz tam şəkildə professionaldır. Deyə bilərəm ki, bizim ordumuz döyüşə tam hazırdır. Ordumuz
bu gün üçün nə əldə etmişiksə, ondan istifadə edərək müharibəni aparacaq.

“Müharibə olacaqsa, bizim şəhərdə nə işimiz var”

Azərbaycan ordusu hər gün hazırdır. Biz veteranlar da tam hazırıq. Sağlamlığımızı itirməmişik. Mən özüm də sabah müharibəyə gedəcəyəm. Müharibə olacaqsa bizim şəhərdə nə işimiz var. Biz səngərlərdə olacağıq. Müharibə bizim peşəmizdir. Müharibə olmayanda biz zəifləyirik. Əsgərlərimiz sülhməramlı missiyalarda təmsil olunursa, bu da peşəkarlığı, təcrübəni artırır. Əsgərlərimiz belə missiyalarda nə qədər iştirak etsələr, bu bizim ordumuzun təcrübəsini qaldıracaq.

Azərbaycan da güclü dövlətdir. Məhəllə deyil, ordunun bir əldə olmadığı vaxtlar keçib. Bu gün ordu bir mərkəzdən idarə olunur. Ali Baş Komandamız var. Vətəni sevən İlham Əliyev kimi prezidentimiz var. Biz də hamımız vətənpərvər insanlarıq. Nöqsanlar təkcə Azərbaycanda deyil, hər yerdə var. Müharibə isə bütün nöqsanları aradan qaldırır.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR