Tural Abbaslı Qubad İbadoğlu və Əhliman Abbasa cavab verdi
Bizi izləyin

Nida.az

Tural Abbaslı Qubad İbadoğlu və Əhliman Abbasa cavab verdi

Müsavat başqanlığına keçmiş namizəd Tural Abbaslı seçkinin nəticələrini qəbul etməyən və hazırda qarşılıqlı ittihamların mərkəzində dayanan Qubad İbadoğlu və onun tərəfdarı kimi tanınan, partiyadan istefa verən Gənclər Təşkilatının sədri Əhliman Abbasın davranışlarına münasibət bildirib.


T. Abbaslı Publika.az-a açıqlamasında deyib ki, o, seçkiyə münasibətini açıqlayıb: “Mən öz tərəfimdən seçkilərdə hər-hansı problem görməmişəm. Əgər görsəydim, yaxud Say, Seçki və mandat komissiyalarına bizi təmsil edənlər hansısa problemin olduğunu desəydilər, biz də bu məsələləri qaldırardıq. Lakin biz belə problemlərlə rastlaşmamışıq və mövqeyimi ortaya qoymuşuq. Əgər kimlərsə seçkidə problemlər görübsə, hansı addımı atacaqlarını özləri bilər. Əsaslandıra bilirlərsə, istədiklərini etsinlər. Onların da fikrinə hörmət edirəm, amma mən öz mövqeyimdə qalıram ki, seçkidə problem olmayıb”.


Gənclərin istefasına münasibət bildirən T. Abbaslı qeyd edib ki, belə olmasını arzulamazdı.

“Çünki istənilən təşkilatda nəinki gənc, orta, yaxud yaşlı nəsilin nümayəndəsi də istefa verirsə, bu təşkilat üçün ağır itkidir. İndi müxalifət sıralarına qatılanların sayı onsuz da azdır. Belə şəraitdə kimlərinsə getməsi üzücü haldır. Amma gedənlərin addımına da hörmətlə yanaşırıq. Hesab edirik ki, gedənlərin arxasından xoş olmayan ifadələr işlətmək doğru deyil”, - deyə o vurğulayıb.


T. Abbaslı istefa verən MGT sədri Əhliman Abbasın ittihamları ilə razılaşmadığını bildirib.

Qeyd edək ki, Ə. Abbaslı istefa səbəblərini belə açıqlayıb: “Partiya içində siyasi səviyyəsiz, qaragüruh qanadın hegemonluq qazanması nəticəsində Müsavatda hər-hansı normal siyasi fəaliyyətin davam etdirilməsi praktik olaraq mümkünsüz vəziyyətə düşüb. Bu qanadın böhtançı, mədəniyyətdən, insanlıqdan kənar, intriqaya, səmərəsiz gərginliklərə meylli davranışlarının nəticəsi olaraq vaxtilə nəhəng bir partiya olan Müsavat bir xeyli ziyalı, nüfuzlu insanın partiyadan ayrılması ilə siyasi ömrünün qaranlıq vaxtlarını yaşayır. Bu qanadın əxlaq və insani dəyərləri unutmasının pik nöqtəsi partiyanın 8-ci qurultayı ərəfəsində baş verdi. Mətbuatdan ictimaiyyətin xəbərdar olduğu kimi açıq ya da gizli şəkildə sosial şəbəkələrdə rəhbərləri və ilham mənbələri olduğu şəxslər tərəfindən böhtanla, təhqirlərlə, hikkə ilə silahlandırılmış bu şəxslər özlərindən fərqli olan hər kəsə qarşı linç kampaniyası qurmağa çalışırlar. Qeyri-demokratik seçkilər (əslində təyinat) sonrası bu adamların partiya rəhbərliyini ələ keçirməsi ilə sıraladığım siyasi xəttin partiyanın rəsmi xətti olması mənim qərarıma təsir edən faktorlardan biridir. Çoxlarınızın müşahidə etdiyi kimi bu gün Müsavatın idarəçiliyini aparan şəxslərin partiyanın müxtəlif səviyyələrində açıq və gizli şəkildə olan narahatçılıqlara baxmayaraq prinsipial müxalifətçilik mövqeyindən sapdığı aydındır. Bu gün Müsavat Partiyasını Əli Əliyevin, Əhməd Orucun və sairə hökumətin oyuncağı olan siyasi partiyaların tərəfinə dartılıb aparılır və artıq bizim buna qarşı durmaq imkanımız yoxdur. Əgər bir neçə il bundan öncə İqbal Ağazadə ilə müttəfiqlik onun hökumətə bağlı olması səbəbi irəli sürülərək etiraz edilirdisə, bu gün müsavatçılara onun çıxışını dinlətmək siyasi riyakarlıqdır”.


T. Abbaslı isə qeyd edib ki, mübarizənin uğurlu vaxtı da, uğursuz vaxtı da belə düşünmək yanlışdır. Onun sözlərinə görə, 14 illik Müsavatdakı fəaliyyəti zamanı heç vaxt partiyada despotizm və iddia edilən bu məsələləri görməyib.


“Mən 2000, 2003, 2005-ci il də sonrakı seçkilərdə iştirak etmişəm. Ən çətin vaxtlarımız olub. Uğurlar da qazanmışıq, mübarizənin ağrılı günləri ilə də üz-üzə qalmışıq. Amma heç vaxt Müsavatda belə aşınmalar, deqradasiyalar müşahidə etməmişəm. Əgər bunu iddia edənlər hesab edirlərsə ki, belə hallar var, o zaman getmək səhv yoldur. Əgər doğrudan da bunlar varsa, hansı ki, mən bunun əksini düşünürəm, getməkdənsə, qalıb mübarizə aparmaları daha doğru yol olardı. Mən heç vaxt getməyin tərəfdarı olmamışam”, - deyə T. Abbaslı vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm