Baş konsuldan sərt bəyanat: “Uğursuzluğun səbəbi real təzyiqlərin olmamasıdır”
Bizi izləyin

Nida.az

Baş konsuldan sərt bəyanat: “Uğursuzluğun səbəbi real təzyiqlərin olmamasıdır”

Azərbaycanın ABŞ-dakı Baş konsulu Nəsimi Ağayev Birləşmiş Ştatların Kaliforniya ştatının bu yaxınlarda qondarma “Dağlıq Qarabağ Respublikası” haqqında qərarını tənqid edən məqalə ilə çıxış edib.


Publika.az xəbər verir ki, Baş konsul ABŞ-ın “The Hill” nəşrində dərc olunan məqaləsində siyasətdə xüsusi maraqların yaratdığı korroziya effektlərinin həmişə narahatlığa səbəb olduğunu bildirib. Onun sözlərinə görə, ümumi strategiya xüsusilə o vaxt zədələnir ki, milli xarici siyasətə xüsusi maraq qruplarının təsiri baş verir: “Bu günlərdə Kaliforniya ştatında erməni lobbisinin təsiri altında ABŞ-ın müəyyən edilmiş xarici siyasətinə və milli maraqlarına zidd qərar qəbul edildi. ABŞ-ın Azərbaycandakı səfirliyinin bu qərarın hüquqi xarakter daşımadığını və Vaşinqtonun xarici siyasətini əks etdirmədiyini bəyan etməsi təəccüblü deyil”.


Baş konsul “DQR”-in tanınması haqqında qərara toxunaraq qeyd edib ki, 1990-cı illərdə Ermənistan tərəfindən qurulan bu qondarma rejimi nə ABŞ, nə də başqa ölkə tanımır: “Onların təzyiqi ilə 800 min azərbaycanlı öz evindən qaçqın və məcburi köçkün düşdü. Erməni qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasına dair beynəlxalq etiraza və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, hazırda Azərbaycanın 20 faiz ərazisi işğal altında qalmaqda davam edir. Bu gün erməni lobbisi Amerika siyasətinə qarışmaq əvəzinə müdafiə etdikləri ölkəni narahat edən ciddi problemlər haqqında düşünsə, daha yaxşı olar. Məşhur deyimdəki kimi: “Roma yanar, bu isə oynayır”. Bu gün Ermənistan iqtisadi və siyasi baxımdan demoqrafik böhrandadır. On minlərlə gənc yaşamaq üçün heç bir imkanın olmadığını görərək, daha yaxşı yaşamaq üçün xaricə üz tutur. BMT-nin Əhali Fondunun ötənilki hesabatına görə, erməni gənclərinin təxminən 80 faizi ölkəni tərk edib. Müstəqillik əldə edəndən sonra 1 milyondan çox erməninin ölkəni tərk etdiyi deyilir.

Ölkədə sosial infrastruktur tədricən dağılır, iqtisadiyyat xarici yardımlardan, pul köçürmələrindən asılıdır. Hakimiyyətdə korrupsiyaçı rejim var. Bu ölkədə etnik qrup və dinlərin azadlığı getdikcə daralır. Anti Böhran Liqasının bu yaxınlardakı hesabatına görə, Ermənistanda antisemitizm 58 faizdir, keçmiş sovet ölkələri və Şərqi Avropada ən yüksək həddədir”.


N. Ağayev bununla müqayisədə Azərbaycandakı vəziyyətə diqqət çəkir. Qeyd edir ki, Azərbaycan keçmiş Sovet ölkələri üçün nümunəyə çevrilib. Onun sözlərinə görə, Azərbaycan bütün diqqətini iqtisadi inkişaf üzərində cəmləşdirib və hazırda regionda əsas oyunçuya çevrilib: “2011-ci ildə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. Ölkənin iqtisadiyyatı müvəffəqiyyətlə inkişaf edir. 75 milyard dollar dəyərində olan bu iqtisadiyyat Cənubi Qafqaz iqtisadiyyatının 80 faizini təşkil edir. Azərbaycan neft və qazdan əldə etdiyi gəlirləri ağıllı və dinamik şəkildə istifadə edir, “qara qızılı insan qızılına” çevirərək gələcək nəsillərin tərəqqisi üçün çalışır. Kasıblıq 6 faizə qədər endirilib. Paytaxt Bakı dünyanın ən görkəmli şəhərlərindən biridir. Ölkənin inkişafına öz töhfəsini vermək üçün can atan gənc professionalların yeni nəsli yetişir. Bundan başqa, dünyada dini dözümsüzlüyün ən yüksək həddə olduğu dövrlərdə belə Azərbaycan öz tolerantlığı ilə həmişə nümunə göstərilib. Azərbaycan 19180-20-ci illərdə müsəlman Şərqində ilk demokratim ölkə idi və o vaxtdan bu günə qədər ölkədə müxtəlif millətlər bir yerdə sülh içində yaşayırlar”.


N. Ağayev əlavə edir ki, Azərbaycan bu gün ABŞ ilə güclü əlaqələrə malikdir və Birləşmiş Ştatların ən etibarlı tərəfdaşlarındandır.


“Azərbaycan ABŞ hərbi qüvvələri və texnikasının Əfqanıstandan çıxarılması prosesində aparıcı dəhliz olub. O, beynəlxalq terrorizmə qarşı mübarizə cəbhəsində vacib qüvvələrdəndir. Bundan başqa, Avropaya enerji dəhlizi açmaqla ABŞ-ın müttəfiqlərinə yaxından kömək edir” - deyə, vurğulayır.

Baş konsul qeyd edir ki, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalına baxmayaraq müvəffəqiyyətlə inkişaf edir. ATƏT Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində işini xatırladan N. Ağayev qrupun 20 illik fəaliyyəti dövründə heç bir nəticə əldə etmədiyini xatırladıb: “Bu müvəffəqiyyətsizliyin arxasında beynəlxalq hüquq normalarına uyğun olaraq ərazi bütövlüyünün bərpası və məcburi köçkünlərin öz evlərinə qayıtması üçün Ermənistana heç bir real təzyiq edilməməsi durur. Kifayət qədər öhdəliyin olmaması Ermənistanı və onun lobbiçilərini ruhlandırır, onları Qarabağda qeyri-qanuni cinayətlər törətməyə sövq edir. Hazırki durum Minsk Qrupunda vasitəçilik edən ABŞ-ın da sülh prosesindəki addımlarını zədələyir, onun maraqlarını təqib edir. Bunu unutmamalıyıq”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm