Qarabağı güllə atmadan azad etmək mümkündürmü?
Bizi izləyin

Nida.az

Qarabağı güllə atmadan azad etmək mümkündürmü?

Bakıda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşən Böyük Britaniyanın Devid Lidinqton Dağlıq Qarabağ münaqişəsinin bütün region üçün təhlükə olduğunu bildirib: “Britaniya vəziyyətdən çıxış yolları üzərində düşünür. Biz diktə edə, yaxud tərəflərə problemi necə həll etmək lazım olduğunu deyə bilmərik. Lakin müxtəlif təklif və təşəbbüslərin köməyi ilə münaqişənin həllinə kömək edə bilərik”.


Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşü isə dialoqun aktuallığını bir daha gündəmə gətirdi. Bir çox ekspertlər də dialoq olmadan münaqişənin həllinin mümkünsüz olduğunu deyir. Yəni, münaqişə tərəfləri üçün siyasi oyunlarda iştirakdan çox dialoqa getmək daha sərfəli görünür. Amma İrəvan bu sərfəli gedişlərdən sona qədər bəhrələnmək istəmir, yaxud bacarmır. Beləliklə, qeyri-konstruktiv mövqe İrəvan üçün adi hala çevrilib.


“Tərəflər münaqişənin həllində heç bir irəliləyişə nail ola bilmirlər. Lakin hər iki tərəf dialoqun tərəfdarı kimi çıxış edir. Bu, böyük qələbədir”.


Publika.az xəbər verir ki, bunu Rusiya prezidenti yanında millətlərarası münasibətlər şurasının üzvü, politoloq Maksim Şevçenko deyib.


Onun sözlərinə görə, Rusiyanın Ermənistanın Avrasiya İqtisadi İttifaqa üzvlüyünün Azərbaycan üçün təhlükə yaratmadığını Bakıya “başa salması” müsbət haldır.


“Ermənistanın Gömrük Şurasına daxil olması Qarabağ münaqişəsinin nizama salınmasında əhəmiyyətli rol oynayacaq. Bakının təkidi ilə Ermənistan ittifaqa Qarabağ olmadan, BMT tərəfindən tanınmış sərhədlər çərçivəsində daxil olur. Deməli, Qarabağla Ermənistan arasında gömrük sərhədləri olacaq. Bu sərhədlər erməni gömrük xidmətinin deyil, Gömrük Şurasının birləşmiş gömrük şurası tərəfindən qorunacaq. Beləliklə, Dağlıq Qarabağ ayrıca bölgə olaraq qalır və bu, münaqişənin həllini sürətləndirə bilər. Bunun necə olacağını indidən demək çətindir. Çünki olduqca mürəkkəb prosedurdur. Amma bunun daha konstruktiv yanaşmalar ortaya çıxaracağına inanıram”, - deyə rusiyalı politoloq bildirib.


M. Şevçenko Ermənistanın Avrasiya İttifaqına girməsini Azərbaycan üçün sərfəli hesab edir: “Bəli, bu, qəribə səslənir. Uzaq gələcəyin fonunda hələlik bu haqda danışmaq təəccüblə qarşılanır. Bakının mövqeyi çox müsbətdir. Qarabağ probleminin Azərbaycan əhalisi və hakimiyyəti üçün ağrılı olaraq qalmasına baxmayaraq, bu mövqe qalır”.


Qeyd edək ki, Ermənistanın Qarabağsız Avrasiya İttifaqına getməsi Azərbaycan üçün torpaqlarını azad etmək imkanını artırıb. Xüsusilə, İrəvanın 2015-ci ilin yanvar ayının 1-dən başlayacaq üzvlüyü iki əsas məqamı ortaya çıxarır.


Birincisi, Gürcüstan Avropa İttifaqı ilə Assosiativ sazişi imzaladı. Bu Ermənistanın öz sərhədləri daxilində gömülməsi deməkdir. Gürcüstan sərhədlərindən istifadə əvvəlkindən daha çox sərtləşəcək və gömrük xidmətləri bahalaşacaq. Həmçinin, Avropa İttifaqı ailəsinə daxil olan Gürcüstan bu məsələdə tək qərar verməyəcək. Digər tərəfdən, Qarabağı işğal etdiyi üçün Azərbaycan və Türkiyə ilə sərhədləri bağlı olan Ermənistanın yeganə çıxış yolu İrandır. Lakin ittifaqın üzvü kimi Ermənistan İran sərhədlərindən də kifayət qədər bəhrələnə bilməyəcək. Bunun üçün İranın da ittifaqa üzv olması lazımdır ki, bu bir qədər çətin görünür.


İkincisi, Ermənistan Avrasiya İttifaqının üzvlüyü Dağlıq Qarabağa yardımı azaltmalıdır. Bu günə qədər İrəvanın maliyyə yardımı ilə ayaq üstə qalmağa çalışan qondarma “DQR”-nin separatçı rejimi bu yardımdan məhrum olacaq. Çünki birliyin sərhədlərini ora daxil olan ölkələrin birgə yaratdıqları gömrük xidməti qoruyacaq. Yəni, ittifaqa üzv olan digər dövlətlər ortaya qəti mövqe qoysalar, ermənilərin burada sui-istifadəyə yol vermələri çətinləşəcək. Beləliklə, onsuz da böhranda olan DQR rejimi zəifləyəcək. Bu isə Azərbaycanın işğal edilmiş əraziləri geri qaytarmaq şansını artırır. Rəsmi Bakı ya müharibə yolu ilə, ya da sosial böhranda olan Qarabağın erməni icmasını öz qanadı altına almaqla buna nail ola bilər.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm